Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-391/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Açar sözlər: sabit pul məbləğində alimentin artırılması tələbi X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(049)-3689/2023 saylı qətnaməsindən (hakim Nicat Ağabəyov) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 saylı qətnaməsi ilə onunla cavabdehin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə təyin olunan 90 manat, cəmi 2 uşağa görə təyin olunan 180 manat aliment məbləğinin artırılmaqla, Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşağın saxlanılması üçün hər bir uşağa görə 250 manat olmaqla, cəmi 500 manat aliment məbləğinin Cavabdeh tutularaq ona verilməsi və ilkin mediasiya sessiyasında iştirakı ilə əlaqədar olaraq ödədiyi 55 manat mediasiya xərcinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün bir uşağa görə 90 manat, iki uşağa görə cəmi 180 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehin də təyin olunan aliment məbləğini heç bir yerdə işləməməsi və yaxud rəsmi gəlir yerinin olmaması səbəbindən ödəməmək kimi bir hüququ yoxdur və onu aliment öhdəliyindən azad etmir. Cavabdeh rəsmi olaraq Bəlləbur kənd orta məktəbində gözətçi vəzifəsində işləməklə minimum əmək haqqı almasına baxmayaraq o, şəxsi təsərrüfatla da məşğul olmaqla 150- yə yaxın tam meyvə verən sitrus ağacı bəsləməklə həmin ağaclardan əldə olunmuş meyvələrin satışından gəlir əldə edir, şəxsi təsərrüfatında bir neçə iribuynuzlu heyvan, eləcə də 200-dən artıq satış üçün toyuq-cücə saxlayır. Hazırda onun istifadəsində real bazar dəyəri 30-40 min manat olan “Hyundai Santafe” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir (həmin avtomobil onun özünə məxsus olsa da anasının adına sənədləşdirmiş və avtomobili faktiki sahibi özü olmaqla etibarnamə üzrə idarə edir), bundan başqa iki mərtəbəli yeni tikilmiş evi də mövcuddur. Bütün bu sadalanan əmlakların əldə edilməsi üçün aylıq 345 manat maaşla əldə edilməsi mümkün olmadığından cavabdehin qeyri-rəsmi gəlirlərinin yüksək olması realdır və heç bir şübhə doğura bilməz. Cavabdehin isə gəlirlərində müsbət dəyişiklik olmaqla gəlirləri artmış, həmin gəlirlər cavabdeh tərəfindən mənbə gizlədildiyi üçün həmin gəlirlərin mənbəyi və məbləği barədə məlumat tərəfimdən məhkəmə təqdim edilməsi onun imkanı xaricindədir. Lakin, iddia ərizəsinə əlavə olunmuş və cavabdehin özü tərəfindən təqdim edilmiş videogörüntüdə olan evin tikilməsi, kifayət qədər dəyəri yüksək olan avtomobilinin olması, sitrus ağaclarından əldə edilmiş məhsullar əsasında əldə etdiyi və mənbəyini gizlətdiyi digər gəlirləri hesabına həmin həyat şəraitinin özünə qurması onun rəsmi olaraq əmək haqqında dəfələrlə yüksək gəlir əldə etməsinin sübutudur. Hazırda məhkəmə qətnaməsinin qəbul olunmasından 2 ildən artıq vaxt keçmiş və həmin müddət ərzində uşaqların həyati vacib tələbatları olan ərzaq və geyim əşyalarının qiymətlərində iki dəfədən artıq bahalaşma baş vermişdir. Ona münasibətdə isə aliment təyin olunarkən aldığı əmək haqqında heç bir dəyişiklik olmamış və həmin əməkhaqqı üzrə vergi və digər ödənişlər tutulduqdan sonra 440 manat təşkil edir. Həmin 440 manat əmək haqqı ilə özünün və uşaqların ərzaq, kommunal, geyim və digər tələbatlarının qarşılanması mümükün deyildir və belə olan halda uşaqların əvvəlki maddi təminatının saxlanılması mümkün deyildir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında iddia tələbini qəbul etmədiyini, ünvan 1bində gözlətçi vəzifəsində işləməklə hər ay 302 manat əmək haqqı aldığını, onun maddi imkanının yüksək olması, ayrıca təsərrüfatının olması, əlavə gəlirlər əldə etməsi, mülkiyyətində bahalı avtomobilinin olması barədə iddiaçı tərəfində iddia ərizəsində göstərdiyi xüsusatların həqiqəti əks etdirmədiyini, avtomobilin atası tərəfindən nikaha daxil olmamışdan özü üçün alındığını və atasının mülkiyyətində olduğunu, özünün isə kirayədə yaşadığını, iddiaçıya ünvanlı dövlət sosial yardımı təyin edildiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etirazın dəlillərinə uyğun çıxış edərək, iddia tələbini qismən qəbul etdiyini, aliment məbləğinin bir uşağa münasibətdə 10 manat məbləğində, iki uşağa görə 20 manat məbləğində artırılmasına razı olduğunu bildirərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(049)-3689/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin 2(049)-3758/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, mediasiya xidməti üçün ödənilmiş 55 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 34,40 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin dəyişdirilməsini, uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin hər uşaq üçün 250 manat, iki uşağa görə cəmi 500 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən tərəflərdən hansının maddi vəziyyətində dəyişikliyin olmasını göstərməmiş, məhkəməyə tərəfindən təqdim edilmiş video görüntülərin həqiqətən də cavabdehin yaşadığı evə, onun toyuq fermasının olması, həmin fermada hər 2-3 aydan bir 200 toyuğu bazarda satmaqla gəlir əldə satmaqla gəlir əldə etməsinin, sitrus bağında olan meyvə ağaclarının olduğu bağların və sürdüyü avtomobilin yerində müayinəsi aparılmamış və beləliklə cavabdehin real gəlirləri məhkəmə tərəfindən araşdırılmamışdır. Qətnamənin əsaslandırıcı hissəsində də həmin halların nəzərə alınmamasına dair hansı əsasların olması barədə heç bir əsaslandırma etməmiş və bu barədə heç bir araşdırma aparmamışdır. İş üzrə təqdim edilmiş sübutların araşdırılmaqla barəsində aliment təyin edilmiş uşaqların real xərclərini müəyyən etməməklə iki azyaşlı uşağın hazırda bağça, yemək, gəzinti, istirahət hüquqları üzrə xərclərinin müəyyən edilmiş aliment məbləğindən qat-qat çox olması halları araşdırılmaqla alimentin məbləği müəyyən edilməli olduğu halda edilməmişdir. Eyni zamanda qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və aliment məbləğinin hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ünvan 1bində gözətçi vəzifəsində çalışmasını, maddi vəziyyətinin çox yaxşı olmasını, sitrus meyvələrindən ibarət bağının və dəyəri 30-40 min manat olan avtomobilimin olmasını göstərmişdir. Lakin iddiaçı bu faktları təsdiq edən heç bir mötəbər sübutu iddia ərizəsinə əlavə edə bilməmişdir. Eyni zamanda onuda qeyd edir ki, iş üzrə cavabdeh olaraq Lənkəran Rayon Məhkəməsinin icraatında olan “alimentin artırılması” tələbinə dair iddiaya etirazını bildirərək qeyd etmişdir ki, ünvan 1bində gözətçi vəzifəsində çalışır. Minimum əməkhaqqı ilə təmin olunsa da aylıq əməkhaqqından DSMF, İcbari Tibbi Sığorta və sair ödəmələr çıxılmaqla, cəmi aylıq 302 manat əməkhaqqı alır .Eyni zamanda iş yerindən və əməkhaqqından çıxarışı etirazıma əlavə etmişdir. İddiaçının, sitrus meyvələrin satışından gəlir əldə etməsi və dəyəri yüksək olan avtomobil idarə etməsi hissəsində olan iddiasına qarşılıq olaraq qeyd etmişdir ki, sözügedən mənzil və 5-10 ağacdan ibarət bağ və avtomobil rəsmi və faktiki olaraq valideyinlərinə məxsusdur. O, isə artıq 3 ildən çoxdur ki, valideynlərindən ayrı yaşayır. Eyni zamanda onuda qeyd edir ki, özünə məxsus mənzili olmadığı üçün kirayə münasibətləri əsasında Lənkəran rayonu,Yuxarı Nüvədi kəndində X4 məxsus mənzildə yaşayır və aylıq 70 (yetmiş) manat kirayə haqqı ödəyir. Lakin təqdim etdiyi sübutlar məhkəmənin ədalətli qərar qəbul etməsi üçün əsaslı olmamışdır. Görünən odur ki,məhkəmə bu işdə qərəzli olmuş əsaslı faktları işə tətbiq etməmişdir. Hansı ki, iddiaçı özüdə iddia ərizəsində qeyd etmişdir ki,rəsmi olaraq çalışır və aylıq 440 manat əməkhaqı alır. Eyni zamanda cavabdeh tərəfindən sübut olaraq məhkəməyə təqdim olunmuş müvafiq portaldan çıxarışdan məlum olur ki, iddiaçı aylıq olaraq 284.64 manat ünvanlı sosial yardım alır. Rəsmi olaraq gəliri 724 (yeddi yüz iyirmi dörd) manat olan iddiaçıya əlavə olaraq hər ay cavabdeh tərəfindən birgə nikahdan olan uşaqlarına görə 180 (bir yüz səksən) manat aliment ödənilir. Bu isə onun ümumi gəlirlərinin 1000 (bir min) manata yaxınlaşmasına əsas olur. İndiki zamanda alimentin miqdarının artırılması gələcəkdə aliment ödənişlərində müəyyən problemlər yaratmaqla yanaşı maddi vəziyyətimin pisləşməsinə və yaşayış yerini itirməsinə əsas olacaq. Belə ki, məhkəmə qətnamə qəbul edən zaman aliment ödəyən şəxsin maddi vəziyyətini nəzərə almamışdır. 2023-cü il üçün uşaqların yaşayış minimumu 220 manat müəyyən olunsa da bu rəqəm ədalətli olaraq tərəflər arasında iki hissəyə bölünməlidir. Belə ki, həftə ərzində uşaqlarla iki dəfə gecəni qalmaq şərti ilə görüşür. Bu müddət ərzindədə də uşaqların müvafiq xərclərini qarşılamalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh vermiş olduğu apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə öz etirazını bildirmiş, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, aliment məbləğinin hər uşaq üçün 110 manat müəyyən olunaraq, cəmi 220 manat sabit pul məbləğində alimentin ondan iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, vermiş olduğu apellyasiya şikayətini müdafiə etdiyini, himayəsində iki azyaşlı uşağının olmasını, həmin uşaqların hazırda qızılca xəstəliyindən əziyyət çəkdikləri üçün onları özü ilə Lənkərandan Şirvana gətirmək və ya kiminsə yanında saxlamaq imkanı olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ona görə də məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətimin təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və aliment məbləğinin hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının və cavabdehin şikayətlərinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından müəyyən edilir ki: Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2011 №li arayışdan görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2128 №li arayışdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. 12 sentyabr 2023-cü il tarixli, MŞL-02286 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. 12 sentyabr 2023-cü il tarixli müvafiq ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2021 -ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat olmaqla, iki uşaq üçün cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Lənkəran ŞİHB-nin Şağlaküçə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 658 №-li arayışdan görünür ki, Rzayev X2 rayonu Bəlləbur kəndində qeydiyyatda olmaqla yaşayır. Vətəndaş 15 №-li təsərrüfatbaşına kitabın 1146 şəxsi hesab nömrəsi ilə təsərrüfat başçısıdır. Təsərrüfatında ondan başqa heç kim yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 230 №-li arayışından görünür ki, Rzayev X2 rayon Bəlləbur kənd orta məktəbində gözlətçi vəzifəsində işləyir və 2022-2023-cü illər üzrə aylıq hesablanmış əmək haqqı 302 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş Lənkəran rayonu Səpnəkəran bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh rayonun Yuxarı Nüvədi kəndində X4 məxsus evdə kirayə yaşayır. Cavabdeh tərəfindən təqdim edilmiş müvafiq portaldan çıxarışdan görünür ki, İddiaçı hər ay 284.64 manat ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Göründüyü kimi adı çəkilən qərarlarla və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Göründüyü kimi sonuncu aliment məbləği Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və həmin tarixdən iddia verilən tarixə qədər 1 il 9 aydan çox müddət keçmişdir. Qeyd edilən müddət ərzində isə ərzaq, paltar, dərs vəsaitlərinin və uşaqlar üçün lazım olan və.sairələrin qiymətində əsaslı artım müşahidə edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası, cavabdehin və iddiaçının mənafeyini də, nəzərə almış, ötən illər ərzində onun maddi durumunda hər hansı dəyişikliyin olmadığını, həmçinin uşaqların tələbatlarının artdığını nəzərə alaraq, iddianı qismən təmin etmişdir. Buna görə də kollegiya alimentin artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşır. İddiaçı apellyasiya şikayətində cavabdehin əlavə gəlirlərinin olduğunu bildirsə də, buna dair zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində əmək haqqının az olduğunu, alimenti ödədiyi halda onun əlavə vəsaitinin qalmadığını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, uşaqları saxlamaq valideynlərin borcudur. Onun əmək haqqının az olması, alimentin azaldılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 5000 manatdan çox deyil, buna görə də hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(049)-3689/2023 saylı qətnaməsi iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-391/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-391/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver