Məhkəmə qərarları › İş №2(106)-392/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-392/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-392/2025 10.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və ya onların dəyərinin alınması” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1188/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı kiçik iddialara dair işlər üzrə icraat qaydasında qızıl-zinət əşyaları və ya onların dəyərinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 ədəd 585 əyarlı çəkisi 3.34 qram olan qızıl qolbağın, həmin qızıl-zinət əşyası olmadıqda dəyəri olan 340 (üç yüz qırx) manat məbləğində pulun alınıb ona verilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki , o, Qazax şəhəri H.Əliyev prospektində yerləşən “Mərkəzi Kolxoz” bazarının ətrafında , özünə məxsus mağazasında “Qiymətli metalların və qiymətli daşların alqı-satqısı , dövriyyəsi ilə məşğul olur. Onun adına Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının (035694) nömrəli lisenziyası var. Onun Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınmağı haqqında ( VÖVN ********** ) şəhadətnaməsi var. O, iş üzrə Cavabdeh bir neçə ildir ki, tanıyır. Cavabdeh əvvəllər də ondan bir neçə dəfə nisyə olaraq qızıl-zinət əşyaları alıb və ona olan borcunu vaxtı-vaxtında qaytarıb. Ona görə də Cavabdeh onun yanında öz etibarını qazanmışdır . Cavabdeh xx.xx.2022-cü il tarixində onun yanına gəlmişdir və ondan nisyə olaraq 3 ay müddətinə qızıl-zinət əşyası almaq istədiyini bildirmişdir. Onun cavabdehə etibarı olduğuna görə ona nisyə olaraq qızıl-zinət əşyası verməyə razılaşmış və ona üç ay müddətinə 340 (üç yüz qırx) manat məbləğində, 1 ədəd, 585 əyyarlı, çəkisi 3.34 qram olan “qolbağı”nı nisyə olaraq satmışdır. Həmin vaxtı onlar öz aralarında müqavilə (əqd) yazmışlar və müqavilənin doğruluğunu, Cavabdeh və o öz imzaları ilə təsdiqləmişlər. Həmin tarixdən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh ona olan 340 (üç yüz qırx) manat məbləğində olan pul borcunu ödəməmişdir. O, dəfələrlə ona bildirmişdir ki, ona olan pul borcunu versin və ya ondan aldığı qızıl-zinət əşyasını qaytarsın. Amma cavabdeh hər dəfə onu aldadır, beləliklə də ona olan pul borcunu qaytarmaqdan yayınır. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Şirvan şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərardadı ilə təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi almasına baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və məhkəməyə təqdim etdiyi müqaviləyə əsas tutmaqla qətnamə çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdeh həmin ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1188/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Aydan Məmmədli), İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyərinin alınması tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi Nümayəndə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1188/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apelyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1188/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iclasda iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1188/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş əşyanın alıcıya verilməsini təsdiq edən sübutların tədqiq etməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdırarkən aşağıdakı müəyyən etmişdir. İş materiallarında olan yazılı formada tərtib edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə dəyəri 340 manat olan 585 əyyar , 3.34 qram qızıl qolbağı ilkin ödəniş 0 manat olmaqla, xx.xx.2022-ci il tarixə 115 manat, xx.xx.2022-ci il tarixə 115 manat və xx.xx.2022-ci il tarixə 110 manat olmaqla 3 aya ödəməyi öhdəsinə götürmüşdür.. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qızıl məmulatlarının nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. Belə ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə dəyəri 340 manat olan 585 əyyar , 3.34 qram qızıl qolbağı ilkin ödəniş 0 manat olmaqla, xx.xx.2022-ci il tarixə 115 manat, xx.xx.2022-ci il tarixə 115 manat və xx.xx.2022-ci il tarixə 110 manat olmaqla 3 aya ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddiaçının alqı-satqı müqaviləsində nəzərdə tutulmuş əşyanın cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli, məsələn, pul ödəməli, əmlak vermli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-satıcı öhdəliyə uyğun olaraq dəyəri 340 manat olan 585 əyyar , 3.34 qram qızıl qolbağı cavabdehə-alıcıya təhvil vermiş, cavabdeh isə həmin pulun hissə-hissə qaytaracağını vəd etmiş və bu barədə müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsi əşyanın alıcıya təhvil verilməsinin sübut edilə bilməməsini qeyd etsə də, əks yanaşma ilə çıxış edən kollegiya bildirir ki, əvvəla iddiaçı tərəflər arasında nisyə alqı-satqı münasibətlərinin mövcud olmasına dair Cavabdeh tərəfindən də imzalanmış müqavilə təqdim etmişdir. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibətini bildirməmiş, müqavilənin onun tərəfindən imzalanıb-imzalanmamasını, ümumiyyətlə onunla iddiaçı arasında alqı-satqının olub-olmamasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən və cavabdeh tərəfindən imzalanan nisyə alqı-satqı müqaviləsi iddianın sübuta yetirilməsi, cavabdehin götürdüyü öhdəliyi icra etməməsinin sübuta yetirilməsi üçün kifayətdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Göründüyün kimi birinci instansiya məhkəməsi iddiaçının əşyanın alıcıya, yəni cavabdehə təhvil verilməsini təsdiq edən sübutların təqdim edilməməsi əsası ilə iddianı rədd etsə də, iş materiallarından görünür ki, iddiaçı nisyə alqı-satqıya dair sübut kimi müqavilə təqdim etmiş, həmin müqavilədə Cavabdeh alıcı qismində xx.xx.2022-ci il tarixdə dəyəri 340 manat olan 585 əyyar , 3.34 qram qızıl qolbağı ilkin ödəniş 0 manat olmaqla aldığını və xx.xx.2022-ci il tarixə 115 manat, xx.xx.2022-ci il tarixə 115 manat və xx.xx.2022-ci il tarixə 110 manat olmaqla 3 aya ödəməyi öhdəsinə götürdüyünü imzası ilə təsdiq etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1188/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh nisyə alqı-satqı müqaviləsinə görə 1 ədəd 585 əyarlı çəkisi 3.34 qram olan qızıl qolbaq, həmin qızıl-zinət əşyası olmadıqda dəyəri olan 340 (üç yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1188/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsinə görə 1 ədəd 585 əyarlı çəkisi 3.34 qram olan qızıl qolbaq, həmin qızıl-zinət əşyası olmadıqda dəyəri olan 340 (üç yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar