Məhkəmə qərarları › İş №2(106)-396/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-396/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-396/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(071)- 1108/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(056)-730/2013 saylı qətnaməsi ilə 17 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 70 manatdan az olmamaq şərti ilə qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilərək 17 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci ildə faktiki nikaha, 03 fevral 2010-cu ildə isə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və onların birgə nikahından 17 iyul 2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(056)-730/2013 saylı qətnaməsinə əsasən iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddiası təmin edilərək, tərəflər arasında bağlanmış nikahın pozulması, 17 iyul 2009-cu il təvəllüdlü X2 ananın himayəsində saxlanılması və 17 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manatdan az olmamaq şərti ilə qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 17 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Hazırkı iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə edilmişdir. İddiaçı öz tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci və 75.4-cü maddələrinə və “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(071)-1108/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zaur Hüseynov) iddia qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(056)-730/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 17 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 33,20 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(071)- 1108/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun maddi vəziyyətində heç bir müsbətə doğru dəyişiklik olmamışdır. Ailə vəziyyətində dəyişiklik olmuş və yeni nikahından 2 övladı doğulmuşdur. Bununla bağlı, sənədləri məhkəməyə təqdim edir və əlavə olaraq bildirmək istəyir ki, o, hal-hazırda rəsmi olaraq işləyir və 316 manat əmək haqqı alır. İddiaçı da rəsmi işləyir və 500 manat civarında əmək haqqı alır. Cavabdeh Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad edərək bildirir ki, qanunvericilik hansı hallarda alimentin müəyyən edilmiş miqdarında dəyişiklik edilməsini konkret olaraq göstərmişdir. Bir daha qeyd etmək istəyir ki, onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Onun yeni nikahından iki övladı doğulmuşdur. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni cavabdehin maddi vəziyyətində müsbətə doğru heç bir dəyişiklik olmamasını, yeni nikahından övladlarının doğulmasını nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh 2019-2022-ci ilədək aliment ödəməmiş, sonradan aliment borcuna görə təxminən 2000 manat vermiş, qalan aliment borcu isə onun razılığı ilə silinmişdir. Lakin hazırkı aliment məbləği 2013-cü ildə müəyyən edilmiş, ondan sonra isə yaşayış minimumu keçən 10 il ərzində bir xeyli artmışdır. Həmin aliment məbləği ilə övladına baxmaqda çətinlik çəkir. Bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin, bildirdi ki, hazırda rəsmi olaraq 478 manat əmək haqqı olsa da, vergilər və digər tutulmalar çıxıldıqdan sonra 398 manat maaşı qalır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZ-İİ 386747 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 iyul 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İşdə surəti olan Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(056)-730/2013 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında 03 fevral 2010-cu ildə Sabirabad RİHB-nin Qaragüney KİN-də 07 nömrə ilə qeydə alınmış nikah pozulmuş, Asiman adlı uşağın yetkinlik yaşına çatana qədər anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh Asiman adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 70 manatdan az olmamaq şərti ilə qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İşdəki AZ-İV 934770 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 oktyabr 2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X1r. İşdəki AZ-İV 934709 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 fevral 2012-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası X1r. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehin nikahı 03 fevral 2010-cu ildə Sabirabad RİHB-nin Qaragüney KİN-də 07 nömrə ilə qeydə alınmış, Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(056)-730/2013 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflərin bu nikahdan 17 iyul 2009-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(056)-730/2013 saylı qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatana qədər iddiaçının himayəsində saxlanılması, cavabdehdən Asiman adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 70 manatdan az olmamaq şərti ilə qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Lakin hazırda iddiaçı həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək 220 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmiş, öz tələbini həmin alimentin 10 il əvvəl müəyyən edilməsi və Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsinin yüksəlməsi ilə əsaslandırmışdır. Hacıqabul Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(071)-1108/2023 saylı qətnaməsi ilə isə iddia qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(056)-730/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 17 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, öz şikayətini əsaslandırarkən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq onun maddi vəziyyətində hər hansı müsbət dəyişikliyin baş verməməsinə və başqa nikahdan 2 uşağının doğulmasına istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. Bundan başqa, cavabdeh Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad edərək, onun maddi vəziyyətində hər hansı müsbət dəyişikliyin baş vermədiyini vurğulamışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunverici alimentin miqdarının dəyişdirilməsini yalnız aliment ödəməli olan şəxsin maddi vəziyyətində dəyişikliyin olub-olmaması halından asılı etməmiş, tərəflərdən birinin (hazırkı halda iddiaçının) maddi vəziyyətində dəyişikliyin olmasını onun tələbi ilə aliment miqdarının dəyişdirilməsi üçün əsas kimi müəyyən etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, hazırda Asiman adlı uşağın saxlanılması üçün alimentin məbləği 2013-cü ildə müəyyən edilmiş və bundan 10 ildən artıq müddət keçmişdir. Belə olan halda uşağın saxlanması xərclərinin artması, eləcə də, Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində 2013-cü ilə nisbətdə artımın baş verməsi iddiaçının maddi vəziyyətində dəyişikliyin baş verməsi və onun himayəsində olan uşağın saxlanması üçün daha artıq xərclərə məruz qalması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz. Cavabdeh apellyasiya şikayətində özünün 316 manat, iddiaçının isə 500 manat civarında əmək haqqı aldığını qeyd etmişdir. İş materialları ilə isə iddiaçının 478 manat, cavabdehin 345 manat əmək haqqı aldığı müəyyən olunur. Belə ki, işdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində sorğulanmış elektron məlumata dair çıxarışdan görünür ki, o, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və X3 sosial işçi olaraq işləyir və 478 manat əmək haqqı alır. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində sorğulanmış elektron məlumata dair çıxarışdan görünür ki, o "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü (yük avtomobili) işləyir və 345 manat əmək haqqı alır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda sərgilədiyi hüquqi mövqeyə uyğun olaraq bildirir ki, cavabdehin rəsmi gəlirinin nisbətən aşağı olması onu uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bu zaman həm də nəzərə alınmalıdır ki, uşaq iddiaçının himayəsində saxlanıldığından uşağın saxlanılması ilə bağlı iddiaçının üzərinə daha çox yük düşür. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. Həmçinin, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi aliment məbləğini dəyişdirərək 180 manat müəyyən etməklə Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyinə də riayət etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır və yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(071)-1108/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehdən 33,20 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsini də qət etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd edilən normanın məzmunundan da aydın olur ki, aliment tələbinə dair iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğuna görə, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsinə mütənasib məbləğdə dövlət rüsumunu cavabdehdən tutmaqda da haqlı olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(071)-1108/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar