Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-399/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-001/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı Bank "xxxx" ASC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin (Hakim: Tərlan Nüsrətov) 2(072)-011/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə “ipoteka predmetinin ilkin satış qiyməti”nin yenidən müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin (mütəxəssis) prosesdə iştirak etməyə cəlb edilməsi və müstəqil qiymətləndiricinin (mütəxəssis) müvafiq rəyi məhkəməyə təqdim edilənədək, iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı Bank "xxxx" ASC Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-001/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, göstərmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ipteka qoyanla ipoteka saxlayan arasında razılaşma və müstəqil qiymətləndirici rəyi olmasına baxmayaraq məhkəmə tərəfindən ümumilikdə 4 dəfə olmaqla ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı qərardad qəbul edilərək iş üzrə icraat dayandırılmışdır. Bununla da İpoteka haqqında AR Qanununun tələbi pozulmuşdur. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. İddia ərizəsi ilə 2021-ci ilin noyabr ayında müraciət edilmişdir. İşin məhkəməyə daxil olmasından 3 ildən artıq vaxt keçməsinə baxmayarq hələ də iş üzrə icraat yekunlaşmamışdır. Məhkəmə 4 müxtəlif rəy və ipoteka müqaviləsinin 1.3-cü bəndində razılaşdırılmış qiymət olmasına baxmayaraq mülki iş üzrə icraatı lüzumsuz olaraq uzatmışdır. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay;. "xxxx" MMC-nin 01/234 saylı, 26 iyul 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evinin 26 iyul 2019-cil tarixə bazar dəyəri 230000 (iki yüz otuz min) AZN məbləği və likvid dəyəri 200000 (iki yüz min) AZN məbləği təşkil edir. "xxxx" MMCnin Ç-095 saylı, 24 may 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) fərdi yaşayış evinin bazar dəyəri 270000 (iki yüz yetmiş min) AZN məbləği və likvid dəyəri 230000 (iki yüz otuz min) AZN məbləği təşkil edir. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/8598- 9/9295 saylı, 17 mart 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evinin bazar dəyəri 400000 (dörd yüz min) AZN məbləği və likvid dəyəri 380000 (üç yüz səksən min) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. AzərbaycanQiymətləndiricilər Cəmiyyətinin ("xxxx" MMC) 71/FYE/23 saylı, 16 iyun 2023-cü il tarixli qiymətləndirilmə hesabatından (mütəxəssis rəyi) görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) çıxarış üzrə ümumi sahəsi 122.5 kv.m., olan fərdi yaşayış evinin 16 iyun 2023-cü il üzrə bazar dəyəri 195000 (yüz doxsan beş min) AZN məbləği və likvid dəyəri 180000 (yüz səksən min) AZN məbləği, faktiki ümumi 188.2 kv.m., olan fərdi yaşayış evinin 16 iyun 2023-cü il üzrə bazar dəyəri 245000 (iki yüz qırx beş min) AZN məbləği və likvid dəyəri 230000 (iki yüz otuz min) AZN məbləği təşkil edir. Həmçinin 26 iyul 2019-cu il tarixində Cavabdeh2 məxsus ünvan 3 ünvanlı fərdi yaşayış evini "xxxx" MMC tərəfindən qiymətləndirilməsinin aparılması həyata keçirilmişdir və real bazar dəyəri 230 000 manat, likvid dəyəri 200 000 manat müəyyən edilmişdir. Göründüyü kimi iş üzrə ipoteka predmeti olan əmlakın dəyərini müəyyən edən 4 müxtəlif rəy və ipoteka müqaviləsinin 1.3-cü bəndində razılaşdırılmış qiymət olmasına baxmayaraq uzun müddətdir ki, məhkəmə tərəfindən iş üzrə icraat yekunlaşdırılmamışdır. İşə qanunvericilikdə nəzərdə tutulmuş ağlabatan müddət ərzində mahiyyəti üzrə baxılmaması iddiaçı tərəf olaraq hüquqları əhəmiyyətli dərəcədə pozmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(072)- 1/2024 saylı qərardadı ləğv edilməli və mülki iş üzrə icraat təzələnməlidir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-001/2024 saylı, 25 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və həmin qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı,Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 001/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qərardadı iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməli və mülki iş üzrə icraatın təzələnməsi məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Bank "xxxx" ASC şikayət ərizəsində mütəxəssis təyin edilməsi hissəsində də qərardadın ləğv edilməsini xahiş etmişdir. Halbuki, bu hissədə qərardaddan şikayət verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: - bu Məcəllədə göstərilən hallarda; - məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mülki prosessual qanunvericiliyin sadalanan normalarının mənasından göründüyü kimi, məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 258.2-ci maddəsinə uyğun olaraq iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər, lakin mütəxəssis rəyin edilməsi barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Ona görə də şikayət bu hissədə açıq-aşkar əsassız olmuşdur. Bununla yanaşı, mütəxəssis cəlb edilməsi zamanı icraat dayandırılmışdırsa məhkəmənin bununla bağlı qəbul etdiyi qərardaddan şikayət verilə bilər; iddiaçının şikayətinin məzmunundan görünür ki, iddiaçı həm də icraatın dayandırılmasından şikayət vermişdır. Mülki prosessual qanunvericilik məhkəmənin üzərinə icraatın dayandırılmış vəziyyətdə qalması üçün əsasların olub-olmadığını araşdırmaq vəzifəsi qoyur. Nəzərə alınmalıdır ki, iş üzrə mütəxəssis cəlb edilməsi halında mülki iş dayandırılmış qala bilməz və belə vəziyyət hər kəsin onun işinə ağlabatan müddətlərdə baxılmalı olduğu prinsipi baxımından yolverilməzdir. Qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. Yuxarıda qeyd olunduğu kimi, iddia tələbi kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir və birinci instansiya məhkəməsi MPM-in 255.0.5-ci maddəsinə istinad etməklə qanunun analogiyasını tətbiq etməsi əsassızdır. Belə ki, qeyd olunan məsələ qanunvericilikdə boşluq olduğu zaman tətbiq edilməklə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 255-ci maddəsində iş üzrə icraatın dayandırmasına hüququ verən hallar konkret göstərilmişdir. Bu halların geniş təfsir edilməsi və digər halların da işin icraatının dayandırlmasına əsas olan hal kimi tətbiq edilməsi işin baxılma müddətinin əsassız uzadılmasına və ədalət mühakiməsinin səmərəliliyinə təsir edən amildir. Belə ki, prosessual qanunvericilikdə işlərə baxılması üçün ağlabatan müddətin müəyyən edilməsində məqsəd - mülki prosesdəki tərəflərin məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmamış,ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən olan “işlərə ağlabatan müddətdə baxılması” prinsipini pozaraq icraatı əsassız olaraq dayandırmışdır. Xüsusilə ona görə ki, iş üzrə mütəxəssis cəlb edilməsi və ya mütəxəssis rəyinin alınması zamanı icraatının davam etdirilməsinə mane olan hallar mövcud deyil. İş üzrə icraatın dayandırılması ilə bağlı Bank "xxxx" ASC-nin şikayətində göstərdiyi dəlillər əsaslıdır. Odur ki, şikayət qismən təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-001/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qərardadında iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməli və mülki iş sonrakı prodessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bank "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-001/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qərardadı iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilsin. Mülki iş sonrakı prodessual hərəkətlərin edilməsi üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-399/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-399/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver