Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-401/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Hacıyev Dadaş Balakişi oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması, öhdəliyin qoyulması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1268/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Hacıyev Dadaş Balakişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1268/2022 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması, öhdəliyin qoyulması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı nümayəndəsi Hacıyev Dadaş Balakişi oğlu Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1268/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1268/2022 saylı qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması və öhdəliyin qoyulması tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə 2007-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar və nikahlarını 09 iyul 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Astara Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Astara Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun mənzilə köçürülməsinə dair iddiası təmin edilmiş, həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və 01 iyul 2020-ci il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra olunmuşdur. Lakin cavabdehlər ona qarşı nalayiq ifadələr işlədərək sonuncunun həmin mənzildən istifadə edilməsinə maneçilik törətdiyindən o, həmin evin mətbəxtindən, sanitar qovşağından, hamamından, su quyusundan, elektrik və qaz sayğacından istifadə edilməsi məhdudlaşdırılmışdır. Layihə sənədləri əsasında onun üçün inşa edilmiş yaşayış evinin naturada olan yeyinti məhsullarının saxlanılması üçün nəzərdə tutulmuş saxlanc yeri cavabdehlər tərəfindən sökülmüş, onun üçün inşa edilmiş yaşayış evinin naturada olan mətbəxi isə cavabdehlər özləri üçün yataq otağı kimi istifadə edərək açarla bağlamışlar. Bununla əlaqədar, iddiaçı qaz və işıqdan istifadə edilməsi üçün “Asan Xidmət”də müqavilə bağlasa da, cavabdehlər qaz və işıq xəttinin quraşdırılmasına maneçilik törətmişlər. İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün heç bir yerdə işləmədiyindən və heç bir gəliri olmadığından müraciəti əsasında iki il Ünvanlı Dövlət Sosial yardımı almışdır. Ünvanlı dövlət sosial yardımının vaxtı 2022-ci il tarixin may ayında bitdiyindən İddiaçı yenidən müvafiq dövlət orqanına müraciət etmişdir. Maddiməişət müayinəsinə baxış keçirilməkdən ötrü müvafiq dövlət orqanı təməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvana üç dəfə gəlmişlər, lakin cavabdehlər mənzilə baxış keçirilməsinə icazə verməmişlər. Nəticədə iddiaçı müəyyən edilmiş 190 manat məbləğindəki ünvanlı dövlət sosial yardımının alınmasından məhrum olunmuşdur. Bundan başqa cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan dəydiyini bildirmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus və dəyəri 1000 manat dəyərində olan mətbəxt mebelini və dəyəri 1000 manat məbləğində olan soyuducunu yararsız hala gətirərək həyətə atmışlar. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun nümayəndəsi Hacıyev Dadaş Balakişi oğlu apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. İddiaçı və onun nümayəndəsi Hacıyev Dadaş Balakişi oğlu izahatlarında bildirmişdir ki, Astara Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh3 arasında olan nikah pozulmuşdur. Habelə, Astara Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı mənzilə köçürülməsinə dair iddiası təmin edilmişdir. Həmin qətnamə Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 01 iyul 2020-ci il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra olunmuşdur. Buna baxmayaraq, cavabdehlər iddiaçıya qarşı nalayiq ifadələr işlədərək sonuncunun həmin mənzildən istifadə edilməsinə maneçilik törətdiyi üçün İddiaçı həmin evdən və onun hissələrindən istifadəsinə imkan vermirlər. Ona verilən ünvanlı dövlət sosial yardımın vaxtı 2022-ci ilin may ayında bitdiyindən İddiaçı yenidən müvafiq dövlət orqanına müraciət edilmiş, lakin dövlət orqanının əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvana üç dəfə gəlsələr də, mənzilə baxış keçirilməsinə icazə verilməmişdir. Nəticədə iddiaçı müəyyən edilmiş 190 manat məbləğindəki yardımın alınmasından mərhum olmuş, habelə cavabdehlər tərəfindən iddiaçıya ümumilikdə 2000 manat dəyərində maddi ziyan dəymişdir. Ona görə də, Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1268/2022 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında bildirmişlər ki, tərəflərindən iddiaçının mənzildə yaşamasına, həmçinin ünvanlı dövlət sosial yardımın ayrılması ilə əlaqədar ora gələn şəxslərə heç bir maneçilik törədilməmişdir. İddiaçıya məxsus olan mətbəxt mebeli və soyuducunu o və digər cavabdehlər yararsız hala salmamışlar. İddiaçının maddi-məişət müayinəsinə baxış keçirilməkdən ötrü müvafiq dövlət orqanının əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvana mənzilə baxış keçirilməsinə heç vaxt maneçilik törədilməmişdir. Cavabdehlər apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya şikayətinin təmin edilmədən, Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1268/2022 saylı qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Astara Rayon İcra Hakimiyyəti Başçısının Siyəkü kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 26 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Astara rayon Siyəkü kəndində yaşayır. İşdə olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı Cavabdeh3 ilə olan nikahlarından 2008-ci ildə Əliyev Elcan Elxan oğlu adlı bir uşaqları doğulmuşdur. İşdə olan Astara rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(018)-910/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbi barədə iddiası təmin edilmiş, İddiaçı və 29 sentyabr 2008-ci il təvəllüdlü Əliyev Elcan Elxan oğlu adlı uşağının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 istifadəsində olan və Astara rayonunun Rinə kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(106)-497/2020 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Astara rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(018)-910/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (apelyasiya şikayətinə) münasibətdə dəyişdirilməmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət və prosessual qənaət prinsiplərinə istinadən iddiaçı birinci instansiya məhkəməsində olan proses zamanı, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən cavabdehlərin qanunsuz hərəkətləri yaxud hərəkətsizliyi nəticəsində dəymiş ziyan və onun dəqiq məbləği barədə məhkəməyə mötəbər sübutlarını təqdim etməmiş, habelə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı mötəbər sübutun əldə edilməsi barədə vəsatət verməmiş və ya belə bir halın müəyyən edilməsi onun izahatından aşkar edilməmişdir. Eyni zamanda, diqqətə çatdırılmalıdır ki, iş materiallarına əlavə edilmiş ərizə, bildiriş və aktlar iş üzrə hər hansı sübut əhəmiyyətinə malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1268/2022 saylı qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-401/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-401/2023
18.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver