Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-406/2025 17.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun saxlanılmasına görə hər ay hər uşaq üçün 235 manat alimentin, cavabdehdən onun himayəsində qalan xəstə olan uşağı Babaşov Mirzəkişi Baris oğlunun müalicə və müayinəsi üçün 100 manat məbləğində əlavə xərcin, cəmi 570 manat məbləğində alimentin və ödənilmiş mediasiya ilə bağlı 50 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Sabirabad Rayon Məhkəməsinin 2(056)-1028/2021 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Sonra xx.xx.2024-cü il tarixli Sabirabad Rayon Məhkəməsinin 2(056)- 158/2024 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş Babaşova Elmira Baris qızı və Babaşov Mirzəkişi Baris oğlu onun himayəsində saxlanmışdır. Hazırda cavabdehlə nikahlarından doğulmuş hər iki uşaq onun himayəsindədir. Uşaqlar artıq böyüyüblər və onların xərclərini tam qarşılaya bilmir. Ailə Məcəlləsində birmənalı bildirilir ki, hər iki valideyn uşaqları saxlamaqa borcludurlar. Babaşov Mirzəkişi Baris oğlunda anadangəlmə epeleptiq qırc olmalar var. Bununla bağlı daim müaliclər alır. Məcburiyyət qarşısında qalaraq uşaqlara aliment təyin edilməsi üçün cavabdehə məktub göndərilmiş, amma buna baxmayaraq mediasiya sessiyasında alimentin ödənişləri ilə bağlı imtina etmişdir. Bir sözlə cavabdeh qəsdən valideyn vəzifələrini icra etməkdən yayınır. Halbuki qanunvericiliyin tələbinə əsasən valideynlər uşaqlarının tərbiyyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edib, cavabdehin işləməyərək, hər hansı gəlirlərinin olmamasını qeyd edərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında eyni aliment tələbi və əsaslar üzrə Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 2(056)- 158/2024 saylı Qətnaməsi mövcuddur. Həmin qətnamə ilə İddiaçı iddiası qismən təmin edilərək, iddianın tərəflərin övladları xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atasının (iddiaçının) yanında saxlanılması hissəsi təmin edilmiş, iddianın aliment tələbi hissəsi isə Cavabdeh işləməyərək, hər hansı gəlirlərinin olmaması əsası ilə təmin edilməmiş, tərəflər apellyasiya şikayəti vermədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır. Hazırda da Cavabdeh maddi vəziyyətində dəyişiklik olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Nurəddin Bağırov), İddiaçı Cavabdeh qarşı «alimentin tələbi» barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməklə, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsini ləğv etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini Sabirabad Rayon Məhkəməsinin 2(056)-2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsini ləğv etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Sabirabad Rayon Məhkəməsinin 2(056)-2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Babaşov Mirzəkişi Baris oğlunun müalicə və müayinəsi üçün 100 manat məbləğində əlavə xərcin tələb edilməsinin təmin edilməməsi ilə bağlı hissədə düzgün nəticəyə gəlsə də, alimentin təyin edilməməsi hissəsində düzgün nəticəyə gəlməyərək, həmin hissədə qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək qismən ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 2(056)-158/2024 saylı Qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı - Cavabdeh qarşı «uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və aliment tələbi» barədə iddiası qismən təmin edilərək, iddia tələblərinin tərəflərin övladları xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atasının (iddiaçının) yanında saxlanılması hissəsi təmin edilmiş, həmçinin iddianın aliment tələbi hissəsi Cavabdeh işləməyərək, hər hansı gəlirlərinin olmaması əsası ilə təmin edilməmiş, tərəflər apellyasiya şikayəti vermədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarından görünür ki, tərəflərin xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızı və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlu adlı uşaqları vardır Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, iddianın tam edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi 2 hissədən ibarətdir:
1. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun saxlanılmasına görə hər ay hər uşaq üçün 235 manat alimentin tutulması;
2. cavabdehdən iddiaçının himayəsində qalan xəstə olan uşağı Babaşov Mirzəkişi Baris oğlunun müalicə və müayinəsi üçün 100 manat məbləğində əlavə xərcin tutulması Kollegiya, azyaşlı uşaqların mənafeləri ilə bağlı bütün diqqətəlayiq halları araşdıraraq aşağıdakları qeyd etməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh heç bir yerdə işləməməsi, onun hər hansı gəlirinin olmaması əsası ilə iddianı alimetlə bağlı hissədə rədd edərkən gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da görünür ki, valideynlərin öz uşaqları qarşısında olan hüquq və vəzifələri uşaqların üstün mənafeyini qorunmağa yönəldiyindən, məhkəmə uşaqların saxlanması üçün alimentin təyin edilməsi ilə bağlı halları araşdırarkən ilk növbədə uşaqların zəruri həyat şəraitini, onların ehtiyacını nəzərə almalı, daha sonra valideynin alimenti ödəmək iqtidarında olub-olmaması məsələsinə hüquqi qiymət verməlidir. Apellyasiya icraatı zamanı işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-1028/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atalarından alınıb ananın himayəsinə verilməsi və uşaqların ananın yanında saxlanılması müəyyən edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbi ilə bağlı iddia irəli sürmüş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-158/2024 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atasının (iddiaçının) yanında saxlanılması müəyyən edilmiş, alimentlə bağlı hissədə iddia təmin edilməmişdir. İddiaçı hazırda yenidən aliment tələbi ilə bağlı iddia qaldırmışdır. Kollegiya qeyd edir ki, cavabdeh Babaşova Elmira Baris qızının hal-hazırda heç bir yerdə işləməməsi onu uşaqlara aliment ödənilməsi ilə bağlı öhdəlikdən azad edə bilməz. Ümumiyyətlə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada aliment miqdarının müəyyən edilməməsi, uşağın hüquq və mənafeyinin təmin edilməsi üçün kifayət hesab edilmir. Çünki alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməlidir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməməklə uşaqların mənafeyini nəzərə almamışdır. Düzdür aliment təyin olunarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı aliment ödəmək öhdəliyi daşıyan valideynin də maddi və sair gəlirləri, həmçinin qət olunan alimenti ödəmək imkanı nəzərə alınmalıdır. Bununla əlaqədar kollegiya aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən Cnin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun saxlanılmasına görə hər ay hər uşaq üçün 235 manat aliment ödənilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq hesab edir ki, iddia alimentlə bağlı hissədə əsaslı olduğundan, qətnamə alimentlə bağlı hissədə ləğv edilərək, iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Kollegiya iddia tələbinin əlavə xərclərlə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriyakurort müalicəsi və s.) olsun. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun anadangəlmə epeleptiq qırc olmalar olduğunu və bununla bağlı daim müaliclər aldığını iddia edərək, cavabdehdən Babaşov Mirzəkişi Baris oğlunun müalicə və müayinəsi üçün 100 manat məbləğində əlavə xərc tələb edir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından görünür ki, zəruri xərcləri qanunverici müstəsna hallarla, yəni məsələn uşağın ağır xəstəliyi, əlilliyi, habelə yetkinlik yaşına çatmış uşaqlara münasibətdə belə onların əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyaclarının olması halları ilə əlaqələndirmişdir. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun anadangəlmə epeleptiq qırç olmasını bildirsə də, bununla bağlı müvafiq həkim rəyi, həmçinin müalicə xərcləri ilə bağlı sübutları təqdim etməmişdir. Kollegiya hesab edir ki, həmin hissədə iddiaçı iddia tələbini sübut edə bilmədiyindən qətnamə həmin hissədə qanuni və əsaslıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni alimentlə bağlı hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması 16 iyul 2024-cü il tarixdən hesablanmalı, iddia alimentlə bağlı qalan hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni alimentlə bağlı hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 16 iyul 2024-cü il tarixdən hesablansın. İddia alimentlə bağlı qalan hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.