Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-411/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı– Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan, pul tələbi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 15 noyabr 2024-ci il tarixli, 2(073)-1472/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3213 manat və ödənilmiş dövlət rüsumuna görə 52,13 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Fərhad Cəfərli ona məxsus “Audi A5” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili 27 noyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində “Bağ” adlanan ərazidən “Sil-silə” adlanan ərazi istiqamətində idarə edərkən, Cavabdeh “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünə məxsus olan avtomobili sağ tərəfdən vurmuşdur. Nəticədə onun idarəçiliyində olan avtomobilə 3213 manat dəyərində maddi ziyan dəymişdir. Bu barədə ziyan aktı da vardır. Baş verən hadisə Cəlilabad RPŞ-nin TB-də araşdırılaraq toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətməkdə təqsirli bilinərək AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tədbirlərin görülməsindən ötrü qərarın surəti Cəlilabad RPŞ-nin DYP bölməsinə göndərilmişdir.. O, dəymiş ziyanı ödəməsini cavabdehə bir neçə dəfə xəbərdarlıq etsə də, cavabdeh ziyanı ödəməkdən yayınmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin 15 noyabr 2024-ci il tarixli, 2(073)-1472/2024 saylı qətnaməsi ilə (hakim E.Əmirəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş zərərə görə 2825 (iki min səkkiz yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52,13 (əlli iki manat on üç qəpik) manatın alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “Audi A5” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Fərhad Cəfərli 27 noyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində “Bağ” adlanan ərazidən “Sil-silə” adlanan ərazi istiqamətində idarə edərkən, Cavabdeh “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus olan avtomobili sağ tərəfdən vurmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobilə 3213 manat dəyərində maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024cü il tarixli, 3(073)-305/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İddiaçı dəymiş ziyanın ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6956-8/2388 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Fiziki şəxs X1” tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli, 272 nömrəli hesablama aktında “Audi A5” markalı, 10- BS-210 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2825,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 2000,00 manat, təmir-bərpa işlərinin qiyməti 825,00 manat təşkil etmişdir. Məhkəmə ekspert rəyinə əsasən belə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı borca görə 3213 manat məbləğində pulun alınıb ona verilməsi tələbində qismən, yəni 2825 manat tələbində haqlıdır. Odur ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı vurulmuş zərərin miqdarı 2825 manat təşkil etmişdir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 52,13 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.8, 1096.1, 1108.1 və 1115-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən fiziki şəxs tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli ziyan aktına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli ekspert rəyinə istinad etmişdir. Bununla bağlı qeyd edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi ziyan aktı və məhkəmənin istinad etdiyi ekspert rəyi tam və obyektiv olmamışdır. Belə ki, ekspert rəyi tərtib edən zaman fiziki şəxs X1 tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli, 272 nömrəli ziyan aktına istinad etmişdir. İddiaçı tərəfindən verilən ziyan aktı iddiaçı tərəfin xahişi və istəyinə uyğun olaraq həmin fiziki şəxs tərəfindən tərtib edilmişdir. Belə olan halda həmin ziyan aktı və onun əsasında verilən ekspert rəyi obyektiv ola bilməz. Çünki maddi ziyan dəymiş «Audi A-5» minik markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı sağ tərəfdən onun qapı tərəfinə yüngül formada toxunmuş və nəticədə həmin avtomobilin yalnız sağ qanadı (kreli) əzilmişdir. Belə olan halda avtomobilə dəymiş ziyanın məbləği qat-qat artıq hesablanmışdır. Yəni, avtomobilə dəymiş ziyana görə onun sıradan çıxmış detallarının qiyməti real bazar qiymətinə uyğun deyil, ondan iki-üç dəfə artıq qiymətə hesablanmışdır. Bundan başqa Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli rəyində məhkəmə tərəfindən qoyulmuş suallara tam və obyektiv deyil, nəzəri hesablama yolu ilə cavab verilmişdir. Ekspert hansısa bir ehtimal üzərinə, hansısa bir ziyan aktına və hansısa bir görüntüyə baxmaqla deyil, birbaşa tədqiqat obyektini müayinə etməklə rəy verməli idi. Yəni, ekspert «Audi A5» minik markalı avtomobili əzilən zaman müayinə etməmiş, onun hadisə vaxtı çəkilmiş fotoşəkillərinə baxmamış nəzəri hesablama yolu əsasında rəy vermişdir. Hazırki iş üzrə məhkəmə ekspert rəyini elan edən zaman özü də həmin rəyin obyektiv deyil nəzəri hesablama yolu ilə verildiyini bildiyi halda təkrar ekspertiza təyin etməmişdir. Bundan başqa məhkəmə tərəfindən həmin ekspert rəyi ona rəsmi qaydada təqdim edilmədiyi üçün həmin rəyin mübahisələndirə və onun əsassızlığı barədə məhkəməyə etirazını bildirə bilməmişdir. Sonradan təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verəsə də, hakim tərəfindən vəsatəti əsassız olaraq təmin edilməmişdir. Ona görə də, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli və yenidən rəy alınmalıdır. Ekspertin ədalətli və obyektiv rəy verilməsi üçün onun qarşısında əlavə suallar qoyulmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, ekspert rəyi ilə razıdır. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, dəymiş ziyan şişirdilmişdir. Ekspert rəyi ilə razı deyil. İş üzrə təkrar ekspertiza keçirilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya Məhkəmə tərkibilarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya Məhkəmə tərkibilarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Cəlilabad Rayon Məhkəməsinin 15 noyabr 2024-ci il tarixli, 2(073)-1472/2024 saylı qətnaməsinin ləğv edilərək maddi ziyanın dəqiq müəyyən edilməsindən ötrü təkrar ekspertiza təyin edliməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin 15 noyabr 2024-ci il tarixli, 2(073)-1472/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 15 noyabr 2024-ci il tarixli, 2(073)-1472/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan avtomobili oğlu Fərhad Cəfərli 27 noyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində “Bağ” adlanan ərazidən “Sil-silə” adlanan ərazi istiqamətində idarə edərkən, cavabdeh “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus olan avtomobili sağ tərəfdən vurmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 3(073)-305/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İddiaçı dəymiş ziyanın ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır Şikayətin dəlili ondan ibarətdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ziyan aktı və məhkəmənin istinad etdiyi ekspert rəyi tam və obyektiv olmamışdır. Avtomobilə dəymiş ziyanın məbləği qat-qat artıq hesablanmış və ekspert rəyi nəzəri hesablama yolu ilə verilmişdir. Ona görə də, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli və yenidən rəy alınmalıdır. Məhkəmə tərkibi şikayətin bu dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Onu hüquq kimi tanımışdır. Hazırkı işdə isə təkrar ekspertiza təyin edilməsinə hər hansı bir əsas olmamışdır. Apelyator isə təkrar ekspertiza keçirilməsinin zəruri olmasına dair hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6956-8/2388 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə “Fiziki şəxs X1” tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli, 272 nömrəli hesablama aktında “Audi A5” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2825 manat təşkil edir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Bundan başqa Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində avtomobilə dəymiş ziyanın az olduğunu bildirsə də, etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə tərkibi apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillər ilə razılaşmır və hesab edir ki, əsassızdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Cəlilabad Rayon Məhkəməsinin 15 noyabr 2024-ci il tarixli, 2(073)-1472/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 15 noyabr 2024-ci il tarixli, 2(073)-1472/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-411/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-411/2025
13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver