Məhkəmə qərarları › İş №2(106)-414/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-414/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-414/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(049)3574/2023 saylı qərardadından iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “BOKT "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(049)3574/2023 saylı qərardadı (hakim Muradağa Qasımov) ilə, iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMCnin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, Cavabdeh vəfat etməsi ilə bağlı onlarda heç bir məlumat olmamışdır. Onun vəfat etməsi məhkəmənin qərardadından sonra məlum olmuşdur. Bundan əlavə Mülki Prosessual Məcəllənin 254.1.1-və 256.0.1-ci maddələrinə əsasən işdə olan tərəf öldükdə iş üzrə icraat ölmüş şəxsin hüquqi varisi müəyyən olunanadək dayandırılır. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə icraata yalnız mübahisə edilən hüquq münasibətinin hüququ varisliyinə yol verilmədikdə xitam verilə bilər. Lənkəran Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(049)3574/2023 saylı qərardadı (hakim Muradağa Qasımov) ilə, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-3574/2023 nömrəli qərardadından iddiaçı tərəfindən şikayət verilmə müddəti buraxılmamış hesab edilərək iddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(049)3574/2023 saylı qərardadı (hakim Muradağa Qasımov) ilə, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-3574/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılaraq həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instasniya məhkəməsi tərəfində şikayətin təmin edilməməsi barədə gəlinən nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Mülki Məcəllənin 28.1-ci maddəsinə əsasən Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. İddiaçı “BOKT "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və portaldan edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə, yəni Cavabdeh vəfatından 02 ildən də artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, iddiaçı onun hüquq varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəli sürmüşdür. Eyni zamanda, iddiaçı işin məhkəmə araşdırması dövründə də ölmüş şəxsin hüquq varisləri ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət verməmişdir. Halbuki iddiaçı "xxxx" ASC borclunun öldüyü halda onun hüququ varisini (vərəsəsini) müəyyən etməli, daha sonra isə borclunun MMC qarşısında öhdəliyin icrasını ölmüş şəxsin vərəsələrinə qarşı qaldırmalı idi. Odur ki, kollegiya şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilərkən prosessual normaları düzgün tətbiq və təfsir edildiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 360, 365, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(049)3574/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar