Məhkəmə qərarları › İş №2(106)-414/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-414/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-414/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları L.P.O İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 12558.06 manat borc olmaqla – bundan 7374.39 manat əsas, 4744.05 manat faiz, AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 439.62 manat faiz borcunun və iş üzrə ödənilmiş 127.68 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0640/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/0640/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********445 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 12558.06 AZN təşkil edir. Bundan 7374.39 AZN əsas, 4744.05 AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 439.62 AZN faiz borcu təşkil edir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsi ilə (C.Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 7374.39 manat əsas, 4744.05 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43.9 manat faiz borcu, cəmi 12162.34 manat pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 127.68 manat məbləğində pul vəsaitinin 126.49 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0640/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36(otuz altı) ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3 zamin kimi xx.xx.2019-cu il tarixli 08/0640/KBK saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən borcu - 7374.39 manat əsas, 4744.05 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 439.62 manat faiz, cəmi 12558.06 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşdə olan sübutlarla Cavabdeh1 İddiaçı ASC-nin ilə bağladığı xx.xx.2019-cu il tarixli 08/0640/KBK saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 7374.39 manat əsas, 4744.05 manat faiz, AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 439.62 manat faiz, cəmi 12558.06 manat məbləğində borcunun yaranması təsdiq olunur. Məhkəmə 12558.06 manat məbləğində əsas borca tənasübsüz olaraq hesablanmış AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 439.62 manat faiz borcunun hesablanmasını əsaslı hesab etməmişdir. Məhkəmə hesab etmişdir ki, hesablanmış AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 439.62 manat məbləğində pulu azaldılaraq 43.9 manat müəyyən edilməlidir. Məhkəmə zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qeyd etmişdir ki, onların öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə çatmış, lakin kreditor icra edilməmiş öhdəlik üzrə zaminlərə qarşı 1 illik iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixədək iddia irəli sürməmişdir. Belə olan halda Mülki Məcəllənin 477.0.4.cü maddəsinə görə kreditor zaminlərə qarşı bir il ərzində iddia irəli sürmədiyi üçün (kəsici müddət) zaminlik müqaviləsinə xitam verildiyindən iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissədə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə müqavilə üzrə ödənilməmiş 7374.39 manat əsas, 4744.05 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43.9 manat faiz borcu, cəmi 12162.34 manat məbləğində pul vəsaitini Ləğv prosesində olan İddiaçı ASC-yə ödəməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 127.68 manat dövlət rüsumunun 126.49 manatı cavabdehdən tutulmalı, 1.19 manatı isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 373.2 , 443.1, 448.2, 462.1, 465.2, 472.1, 472.2, 467, 445.7-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3 və 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını tələblərini pozmuşdur. Tələb olunan borc şişirdilmiş və artıq tələb olunmuşdur. Həmin məbləğdə borcun tutulması mümkün deyildir. Əsas borc və faiz borcu real deyildir, faiz borcu şişirdilmişdir. Məhkəmə ekspertiza keçirməlidir, çünki borcun hesablanması xüsusi bilik tələb edir. Əsas borc 7374,39 manat, faiz borcu 4744.05 manat hesablanmışdır, buda göstərir ki, borc düzgün hesablanmamışdır. Həmçinin, iddia müddəti ötmüş, lakin məhkəmə nəzərə almamış və tətbiq etməmişdir. Onun ödənişləri nəzərə alınmamışdır. Masallı Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas borca münasibətdə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Lakin iddia tələbinin faiz borcuna münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməli, Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 4744.05 manat məbləğində faiz borcu dəyişdirilərək 4616,26 manat məbləğində müəyyən edilməli, Cavabdeh1 7374.39 manat məbləğində əsas borc, 4616,26 manat məbləğində faiz borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43.9 manat faiz borcu, cəmi 12034.55 manat pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qətnamə mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 3016/2024 saylı qətnaməsinin nəticəsi ilə razılaşmış, apellyasiya şikayəti verməmişdir. Ona görə də məhkəmə tərkibi qeyd edir ki, hazırki halda Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlillərinə münasibətdə araşdırılmalıdır. İddiaçı L.P.O İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 12558.06 manat borc olmaqla – bundan 7374.39 manat əsas, 4744.05 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 439.62 manat faiz borcunun və iş üzrə ödənilmiş 127.68 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, NBC Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0640/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı L.p.o İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi barədə iddia ərizəsiylə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə yuxarıda qeyd edildiyi kimi hüquqi qiymət verilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, tələb olunan borc şişirdilmiş və artıq tələb olunmuşdur. Həmin məbləğdə borcun tutulması mümkün deyildir. Əsas borc və faiz borcu real deyildir, faiz borcu şişirdilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası keçirnəli olduğu halda keçirməmişdir. Çünki borcun hesablanması xüsusi bilik tələb edir. Əsas borc 7374,39 manat, faiz borcu 4744.05 manat hesablanmışdır, buda göstərir ki, borc düzgün hesablanmamışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti iddia tələbinin faiz borcuna aid hissədə qismən əsaslı olsa da, əsas borca aid hissədə əsassızdır. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə tərkibinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 12 mart 2025-ci il tarixli 9/1667 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 08/0640/KBK sayıə kredit müqaviləsi və həmin müqavilə əsasında imzalanmış sazişlərin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas borcu 7374.39 manat və faiz borcu 4616,26 manat müəyyən olunmuşdur. Ekspert rəyindəndə göründüyü kimi birinci instansiya məhkəməsi əsas borc olaraq 7374,39 manat pulun Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qərarında haqlı olmuşdur. Lakin 4744.05 manat faiz borcunun Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qənaətinə gələrkən səhvə yol vermişdir. Belə ki, ekspert rəyinə əsasən müəyyən olunur ki, faiz borcunun məbləği 4616,26 manatdır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Nəticə etibarilə iş materiallarına əlavə edilmiş müqavilə şərtlərinə və ekspert rəyinə uyğun olaraq, cavabdeh tərəfindən ödəniş vaxtında yerinə yetirilmədiyindən,iddiaçının tələbi ilə qanuni faizlərin hesablanması qanunauyğun hesab edilmişdir və bu məbləğin cavabdehdən tutulması zəruridir. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, lakin məhkəmə işin bu halını nəzərə almamış və iddia müddətini tətbiq etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili də qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0640/KBK saylı kredit müqaviləsi üzrə kreditin müqaviləsinin son icra müddəti xx.xx.2022-ci il tarixədək təyin olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərara almışdır ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən 3 illik iddia müddəti keçməmişdir. Göründüyü kimi, iddiaçı L.p.o "xxxx" ASC iddia ərizəsini 02.09. 2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinə təqdim etməklə iddia müddətini ötürməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi göstərilən 3 illik müddət daxilində verildiyindən, iddia müddətinin keçməsi halı mövcud deyildir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas borca münasibətdə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Lakin iddia tələbinin faiz borcuna münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsi dəyişdirilməli, Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 4744.05 manat məbləğində faiz borcu dəyişdirilərək 4616,26 manat məbləğində müəyyən edilməli, Cavabdeh1 7374.39 manat məbləğində əsas borc, 4616,26 manat məbləğində faiz borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43.9 manat faiz borcu, cəmi 12034.55 manat pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qətnamə mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsi dəyişdirilsin. Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3016/2024 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 4744.05 manat məbləğində faiz borcu dəyişdirilərək 4616,26 manat məbləğində müəyyən edilsin. Cavabdeh1 7374.39 manat məbləğində əsas borc, 4616,26 manat məbləğində faiz borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43.9 manat faiz borcu, cəmi 12034.55 manat pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın 50 manatı Ləğv prosesində olan İddiaçı ASC-dən, 50 manatı isə Cavabdeh1 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar