Məhkəmə qərarları › İş №2(106)-419/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-419/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-419/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, müddətə görə zaminliyə xitam verilməsi X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(071)-795/2017 saylı qətnaməsindən (hakim Həmid Əzizov) Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı BOKT ASC-dən, indiki İddiaçı BOKT ASC-nin Şirvan filialından 15 aprel 2014-cü il tarixdə PB/0xx/xx/204948 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 38 faiz olmaqla, 12 ay müddətinə, 3000 manat məbləğində kredit götürmüşdür. 15 aprel 2014-cü il tarixli, PB/0xx/xx/204947 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 2.9ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilmiş hər gün üçün borclu kreditora 0,2 faiz həcmində dəbbə pulu, kredit müqaviləsinin 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqdan habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb, borcludan tələb edir. Belə ki, 2017-ci ilin mart ayının 15-dək Cavabdeh1 banka 15 aprel 2014-cü il tarixdə PB/0xx/xx/204948 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1644,03 manat, faiz üzrə 3412,17 manat, cərimə üzrə 3461,86 manat, cəmi 8518,06 manat məbləğində borcu yaranmışdır. Cavabdehlər yazılı və çoxsaylı şifahi müraciətlərə baxmayaraq, borcu ödəməkdən imtina etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1644,03 manat, faiz üzrə 3412,17 manat, cərimə üzrə 3461,86 manat, cəmi 8518,06 manat məvləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(071)-795/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1644,03 manat, faiz borcu üzrə 3412,17 manat, cərimə üzrə 3461,86 manat, cəmi 8518,06 manat məbləğində borcun alınaraq, İddiaçı BOKT ASC-yə verilməsi, məhkəməyə ərizə ilə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı BOKT ASC-yə verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermiş, Hacıqabul Rayon Məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilməmiş, çəkişmə prinsipi pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2014-cü il tarixli kredit müqaviləsinin müddəti 1 il olduğu üçün, bu vaxt bitdikdən sonra Bank zamin olaraq ondan borcun ödənilməsini 1 il ərzində tələb edə bilərdi. Lakin Bank tərəfindən 15 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia tələbi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Zaminliyə xitam verilməsi ilə bağlı müddət kəsici müddətdir və bu müddətin ötürülməsini birinci instansiya məhkəməsi tətbiq edərək, iddianı rədd etməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Cavabdeh2 atası X7 İ Qarabağ müharibəsi şəhididir. Apellyasiya baxışında iddiaçının nümayəndəsi X2 müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Cavabdeh1 apellyasiya baxışında iştirak etməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmədə iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən yalnız Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirərək, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ona dair hissədə ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni özünə aid hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız Cavabdeh2 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh2 münasibətdə ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 15 aprel 2014-cü il tarixli İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış PB/0xx/xx/204948 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 38 faiz olmaqla, 12 ay müddətinə, 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 15 aprel 2014-cü il tarixli İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış PB/0xx/xx/204947 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh1 kredit müqaviləsi üzrə Bank qarşısında olan öhdəlikləri üçün zamin durmuşdur. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, cavabdehlər Banka olan kredit borcunun ödənilməsi zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişlər. MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsaslarını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh (borc alan) iddiaçı (kreditor) ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, kreditorun həmin şəxsə qarşı öhdəliklərin icrasının təmin olunmasından ibarət tələbi qanuni və əsaslı olmuşdur. Borc alan həmçinin zaminliklə təmin olunmuş kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin müəyyən olunan hallarına əsasən tərəflər arasında kredit müqaviləsinin müddəti 15 aprel 2015-ci il tarixdə başa çatmış, kreditor borcluya, eyni zamanda zaminə qarşı iddianı 09 iyun 2017-ci il tarixdə məhkəməyə vermişdir. Beləliklə kreditor zaminə qarşı kredit müqaviləsinin bitdiyi tarixdən 1 il ərzində iddia sürməli olduğu halda, 2 il 1 aydan çox müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmiş və bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, iddiaçı zaminə qarşı tələb hüququnu itirdiyindən, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə Cavabdeh2 aid hissədə ləğv olunaraq, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli, Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 15 (on beş) manat məbləğində pul vəsaiti İddiaçı BOKT ASC-dən tutularaq, Cavabdeh2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti 5000 manatdan çoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(071)-795/2017 saylı qətnaməsi Cavabdeh2 aid hissədə ləğv olunsun və iddia tələbi ona aid hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 15 (on beş) manat məbləğində pul vəsaiti İddiaçı BOKT ASC-dən tutularaq, Cavabdeh2 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar