Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-420/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlu oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)-3484/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-3484/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddianın təmin edilməsi, Cavabdeh 4000 manat məbləğində pul və 60 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4060 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Odur ki, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi xahiş edilməklə, qətnamə tam mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3484/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2445/2023 saylı 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 4000 manat məbləğində pul və 51 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4051 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda İddiaçı Cavabdeh qarşı eyni tələb üzrə, eyni əsasla yəni «pul» tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Lənkəran Rayon məhkəməsi eyni tələb üzrə yenidən qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı həmin tələb üzrə təkrar məhkəməyə müraciət etməsi üçün yeni əsaslar yaranmalıdır. Yeni əsas dedikdə, tərəflər arasında yaranmış digər borc müqaviləsindən irəli gələn yeni borc öhdəliyi başa düşülə bilər. Lakin Lənkəran Rayon Məhkəməsinin 2(049)-2445/2023 saylı 22 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın əsası 17 may 2022-ci il tarixli və 08 fevral 2022-ci il tarixli borc müqavilələrindən irəli gələn pul tələbi olmuş və iddia təmin edilmişdir. Həmçinin Lənkəran Rayon Məhkəməsinin 2(049)-3484/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia təmin edilmişdir. Beləliklə, kollegiya iddia tələbinə münasibətdə qeyd edir ki, həmin tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçının eyni tələb və eyni əsaslar üzrə, yenidən eyni tərəfə qarşı məhkəməyə müraciət etməsi prosessual baxımdan mümkün ola bilməz. Halbuki məhkəmə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qeyd edilən faktlara və hüquq normalarına əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3484/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 391-ci və 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası” QƏRARA ALDİ: Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3484/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-420/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-420/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver