Məhkəmə qərarları › İş №2(106)-422/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-422/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-422/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadının ləğv olunması barədə İddiaçı ərizəsinə apellyasiya qaydasında baxılmasının mümkünlüyü məsələsini yazılı icraat qaydasında yoxlayaraq müəyyənetdi: İddiaçı Əliyev X2 şəhəri S.Qasımov adına 4 saylı orta məktəbə, üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Lənkəran- Astara Şöbəsinə və Lənkəran rayon İcra və Probasiya Şöbəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət etmişdir. Astara rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadı ilə İddiaçı Astara şəhəri S.Qasımov adına 4 saylı orta məktəbə üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Lənkəran-Astara Şöbəsinə və Lənkəran rayon İcra və Probasiya Şöbəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. İş üzrə İddiaçı ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanması barədə Astara rayon məhkəməsinin 2(018)-1271/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxışın davam etdirilməsini xahiş etmişdir. Astara rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadı ilə İddiaçı Astara rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)- 1271/2024 nömrəli qərardadının ləğvi barədə ərizəsi təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət 7 gün müddətində 2(018)-1271/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Astara rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadının ləğv olunması barədə İddiaçı ərizəsinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli 03 nömrəli Qərarının 17-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Qərarın 21-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Lakin iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən Astara rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadının ləğv olunması barədə İddiaçı ərizəsinə şikayət kimi qiymət verilərək apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki iddiaçı tərəfin bu vəsatəti şikayət sayılmır. Astara rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadının ləğv olunması barədə İddiaçı ərizəsinə şikayət kimi qiymət verən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Həmin ərizənin şikayət kimi qəbul edilməsi qüvvədə olan MPM-nin normalarının tələbləri baxımından yolverilən deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İddiaçı izah olunur ki, ərizənin baxılmamış saxlanılması haqqında qərardadını qanunvericiliyə uyğun qaydada şikayət verməklə mübahisələndirə bilər. Odur ki, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar mövcud olmadığından Astara rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadının ləğv olunması barədə İddiaçı ərizəsinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli, iş materialları Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 269, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qəraraaldı: Astara rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadının ləğv olunması barədə İddiaçı ərizəsinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Mülki iş Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar