Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-425/2025 17.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1123/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 Əfladdin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 dekabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən 2017 (iki min on yeddi) manat 94 (doxsan dörd) qəpik əsas borc, 16 (on altı) manat 43 (qırx üç) qəpik faiz borcu olmaqla, cəmi 2034 (iki min otuz dörd) manat 37 (otuz yeddi) qəpik borcun və 40 (qırx) manat 35 (otuz beş) qəpik məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 Əfladdin oğlu iddialarını müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdi ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən borcalan X3 aldığı 2017.94 AZN krediti 5 il ərzində illik 1 % ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab edilmişdir. Güzəşt müddəti ərizində bu müqavilənin imzalandığı tarixdən 30 gündən gec olmayaraq (bu şərt qeyd edilən müddət nəzərə alınmaqla hər növbəti ay üçün tətbiq edilir) hər ay 1.68 manat məbləğində banka ödəniş etməli, güzəşt müddəti bitdikdən sonra isə aylıq ödəniş müddətinə riayət edilməklə hər ay 42.9 manat məbləğində banka ödəniş edilməlidir. Borcalan öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. O, vəfat etmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 460 saylı məktubundan müəyyən edilir ki, mərhum X1 vəfatından sonra kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq 0.11 ha, həyətyanı torpaq sahəsi 0.13 ha və məhrumun ata evi arvadı Cavabdeh tərəfindən istifadə edilir. Gördünüyü kimi mərhum borcalanın arvadı Cavabdeh vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Cavabdeh dəfələrlə şifahi və rəsmi (Pretenziya qaydasında) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə olan maliyyə arayışına İddiaçı ASC-yə 2017.94 manat məbləğində əsas kredit borcu, 16.43 manat məbləğində faiz borcu olmaqla, cəmi 2034.37 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh 2017.94 manat məbləğində əsas kredit borcu, 16.43 manat məbləğində faiz borcu olmaqla cəmi 2034.37 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 40.35 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat; Astara Rayon Məhkəməsinin 2(018)-1123/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi (Hakim: İlqar Məmmədov) ilə, iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC apelyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, kollegiyadan Astara Rayon Məhkəməsinin 2(018)-1123/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 2(018)-1123/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh keçirilən iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)-1123/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikas Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən hesab etmişdir ki, iddiaçı tərəfindən Bəhramov Rövşən Asifağa oğlunun ölümünü və vərəsəliyin Cavabdeh tərəfindən qəbulunu təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı ASC apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-1123/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 012CASA200080019 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Bəhramov Rövşən Asifağa oğlu arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Bəhramov Rövşən Asifağa oğluna kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 01 il güzəşt müddəti olmaqla illik 01% olmaqla 05 il müddətinə, 2017 (iki min on yeddi) manat 94 (doxsan dörd) qəpik kredit verilmişdir. İş materiallarında olan Astara RİH-nin Şahağacı kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 460 saylı arayışından görünür ki, mərhum Bəhramov Rövşən Asifağa oğlunun vəfatından sonra təsərrüfata məxsus bölgü əsasında hər ailə üzvlərinə düşmüş kənt təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpağ adam başına 0,11 ha, həyətyanı torpaq sahəsi 0,13 ha və mərhumun ata evi arvadı Cavabdeh sahəsi tərəfindən istifadə olunur. İş materialında xx.xx.2024-ci il tarixli vəkil sorğusunun cavablandırılması barədə məktubdan görünür ki, Astara rayonu Şahağacı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,6705 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsı xx.xx.2011-ci il tarixli, ********** nömrəli Reyestrdən çıxarışa əsasən, Astara rayonu, Şahağacı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,0170 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2012-ci il tarixli, ********** nömrəli Reyestrdən çıxarışa əsasən və Astara rayonu, Şahağacı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,15 ha həyətyanı torpaq sahəsi xx.xx.2006-ci il tarixli, JN-889A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən xx.xx.1981-ci il təvəllüdlü X2 adına dövlət qeydiyyatına alınmışdır. İş materialında olan xx.xx.2023-cü il tarixli etibarnamə sənədindən görünür ki, etibarnamədə göstərilən hüquqlarının həyata keçirilməsi xx.xx.2024-cü il tarixədək Nümayəndə1 etibar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********56 nömrəli məxadil qəbzindən görünür ki, İddiaçı ASC iddia verilməsi üçün 40 (qırx) manat 35 (otuz beş) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının iddia tələbindən müəyyən edilir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən borcalan X3 aldığı 2017.94 AZN krediti 5 il ərzində illik 1 % ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab edilmişdir. Güzəşt müddəti ərzində bu müqavilənin imzalandığı tarixdən 30 gündən gec olmayaraq (bu şərt qeyd edilən müddət nəzərə alınmaqla hər növbəti ay üçün tətbiq edilir) hər ay 1.68 manat məbləğində banka ödəniş etməli, güzəşt müddəti bitdikdən sonra isə aylıq ödəniş müddətinə riayət edilməklə hər ay 42.9 manat məbləğində banka ödəniş edilməlidir. Borcalan öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. O, vəfat etmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 460 saylı məktubundan müəyyən edilir ki, mərhum X1 vəfatından sonra kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq 0.11 ha, həyətyanı torpaq sahəsi 0.13 ha və məhrumun ata evi arvadı Cavabdeh tərəfindən istifadə edilir. Göründüyü kimi mərhum borcalanın arvadı Cavabdeh vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Cavabdeh dəfələrlə şifahi və rəsmi (Pretenziya qaydasında) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə olan maliyyə arayışına İddiaçı ASC-yə 2017.94 manat məbləğində əsas kredit borcu, 16.43 manat məbləğində faiz borcu olmaqla, cəmi 2034.37 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh 2017.94 manat məbləğində əsas kredit borcu, 16.43 manat məbləğində faiz borcu olmaqla cəmi 2034.37 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 40.35 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1304, 1146, 1255-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsələri tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Lakin birinci instansiya məhkəməsi vərəsəliyin Cavabdeh tərəfindən qəbulunu təsdiq edən mötəbər sübutlar təqdim edilməməsi əsası ilə iddianı rədd etmişdir. Aydındır ki, mövcud qanunvericiliyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bəs miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi dedikdə nə başa düşülür? Əvvəla qeyd etmək lazımdır ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətninə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Hazırki işin mübahisəsiz halından da görünür ki, cavabdeh vərəsə Cavabdeh birinci növbə vərəsə kimi əri vəfat etdikdən sonra mirasda payından imtina etməsi ilə bağlı hər hansı iradə ifadəsini göstərməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnudigər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçünalınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur və birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumiəmlakını təşkil edir. Aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinin məqsədinə görə əldə etmə dedikdə, aktivlər üzərində əmlak hüquqlarının qazanılması başa düşülür. Göründüyü kimi birinci instansiya məhkəməsi sübutetmə yükü ilə əlaqədar iddiaçı tərəfindən vərəsəliyin qəbul edilməsi faktının sübut edilməməsi əsası ilə iddianı rədd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hazırki işdə də Astara RİH-nin Şahağacı kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 460 saylı arayışından görünür ki, mərhum Bəhramov Rövşən Asifağa oğlunun vəfatından sonra təsərrüfata məxsus bölgü əsasında hər ailə üzvlərinə düşmüş kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq adam başına 0,11 ha, həyətyanı torpaq sahəsi 0,13 ha və mərhumun ata evi arvadı Cavabdeh sahəsi tərəfindən istifadə olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 Əfladdin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)-1123/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 2034.37 manat, yəni 5000 manatdan az təşkil etdiyindən tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 Əfladdin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-1123/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 30 dekabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən 2017.94 manat əsas borc, 16.43 manat faiz borcu olmaqla, cəmi 2034.37 manat borc və 40.35 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-425/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-425/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver