Məhkəmə qərarları › İş №2(106)-427/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-427/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-427/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 199974,18 manat əsas, 53243,37 manat faiz, 98810,04 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2526,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 354553,84 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 3 otaqlı, 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 3 otaqlı 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 3 otaqlı, 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 3 otaqlı, 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-də 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 7 faizlə 60 ay müddətinə 200000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 3 otaqlı, 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzili 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzili 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışlar. 2021-ci ilin martın 29-dək Cavabdeh1 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 199974,18 manat əsas, 53243,37 manat faiz, 98810,04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 352027,59 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirməmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 29 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 199974,18 manat əsas, 53243,37 manat faiz, 98810,04 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2526,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 354553,84 manat borcu vardır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Sulduz Ləzimov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 199976,79 manat məbləğində əsas kredit borcu, 49643,91 manat məbləğində faiz borcu, 10000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 259620,70 manat məbləğində borc pulun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 60 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, üç otaqlı, 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin likvid dəyərinin 212643 manat olmaqla, açıq hərracda satılması və satışdan əldə olunan puldan borcun ödənilməsi üçün İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin likvid dəyərinin 106328 manat olmaqla, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunan puldan borcun ödənilməsi üçün İddiaçı ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, üç otaqlı, 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan bir ay sonra Cavabdeh1 və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan bir ay sonra Cavabdeh2 və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının istinad etdiyi kredit müqaviləsi üzrə xeyli miqdarda vəsait ödənilmişdir. Lakin onlar müəyyən üzrlü səbəblərdən müqavilə öhdəliklərini yetirə bilməmiş, bu barədə iddiaçını məlumatlandırmışlar. Lakin iddiaçı mövcud vəziyyəti nəzərə almadan götürülmüş məbləğə uyğun olmayan faiz, dəbbə pulu və cərimələr hesablayaraq, məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, bankın iddia ərizəsində göstərdikləri həqiqəti tam əks etdirmir və bankın birtərəfli hesablamalarına əsaslanır. Götürülən pulun bir hissəsinin ödənilməsinə baxmayaraq, yenidən yüksək məbləğ tələb edilməsi ədalətsizlikdir. İddiaçı yüksək faiz hesablayıb tələb etməklə qanunvericiliyin tələbini pozmuşdur. Hazırkı iş üzrə müqavilələr bankın mənafeyinə uyğun hazırlanmışdır. Cavabdehlər ağır şərtli əqdə istinad etməklə, bankın cavabdehlərin çətin vəziyyətə düşməsindən istifadə edərək onlara qarşı qərəzli mövqe tutduğunu bildirmişlər. Birinci instansiya məhkəməsi isə bu xüsusata hüquqi qiymət verməmişdir. Mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması düzgün həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan müqavilənin bağlanılması ilə bağlı faktiki hallar, aldatma və faizlərlə bağlı xüsusatlar obyektiv aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən müqavilənin kredit borcunun restrukturizasiyası məqsədilə razılaşdırıldığını, güzəştli kredit müqaviləsi olduğunu və standart şərtlərə uyğun gəlməsi xüsusatları üzrə araşdırma aparmamış, iddiaçının təqdim etdiyi yolverilməz sənədlərdən istifadə etmişdir. İş materiallarında kifayət qədər sübutlar olsa da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamış, hətta məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə iddiaçının xeyrinə əhəmiyyət vermişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdehlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnaməni faiz və cərimə borcu məbləğinə dair hissədə mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli, 25-KTKDX-1-0-242-15 nömrəli əsas kredit müqaviləsindən görünür ki, Bank hər birinin məqsədi, məbləği və müddəti hazırkı müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən olunacaq, ümumilikdə 300000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində 120 ay müddətinə, yəni 28 dekabr 2025-ci il tarixədək borc alana kredit limitinin ayrılmasını öhdəsinə götürür. Kredit öhdəliklərinin icrasının təminat üsulu 25-KTKDX-1-0-242-15 saylı, 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsində göstərilən (Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 158,89 kv.m ümumi sahədən ibarət yaşayış binası və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 79,45 kv.m ümumi sahədən ibarət yaşayış binası) əmlakdır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli, 25-KTKDX-1-0-242-15 (Ə1) nömrəli əlavə kredit müqaviləsindən görünür ki, X5 Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına kənd təsərrüfatının inkişafı məqsədi üçün Cavabdeh1 60 ay müddətinə (24 ay güzəşt müddəti olmaqla) 200000 manat məbləğində kredit vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 200.000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi Cavabdeh1 məxsus əmlak – Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən üç otaqlı, ümumi sahəsi 158.89 kv.m-dən ibarət olan 143b nömrəli evin 146 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ilə bank arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 200.000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi Cavabdeh2 məxsus əmlak – Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən ümumi sahəsi 79.45 kv.m-dən ibarət olan 143b nömrəli evin 222 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş 30 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən ev 143b, 146 nömrəli mənzil 30 dekabr 2015-ci il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi ipoteka ilə yüklü edilərək qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş 30 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən ev 143b, mənzil 222 nömrəli mənzil 30 dekabr 2015-ci il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi ipoteka ilə yüklü edilərək qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə göndərmiş bildirişlərdən görünür ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlər xəbərdar olunmuşlar. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 29 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 199.974 manat 18 qəpik məbləğində əsas kredit borcu, 53.243 manat 37 qəpik məbləğində faiz borcu, 98.810 manat 04 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 352.027 manat 59 qəpik məbləğində borcu vardır. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli, 9/8508 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 28 dekabr 2020-ci il tarixli, 25-KTKDX-1-0-242-15 (Ə1) saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 "xxxx" ASC-yə olan əsas kredit borcü 199.976 manat 79 qəpik və faiz borcu üzrə 49.643 manat 91 qəpik məbləğində təşkil edir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli, 03 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən üç otaqlı, yaşayış sahəsi 72.31 kv.m, yardımçı sahəsi 86.58 kv.m, ümumi sahəsi 158.89 kv.m-dən ibarət olan 143b saylı evin 146 nömrəli mənzilin orta bazar qiyməti ilə təqribi dəyəri 236270 manat, likvid dəyəri isə 212643 manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən ümumi sahəsi 79.45 kv.m-dən ibarət olan 143b saylı evin 222 nömrəli mənzilin orta bazar qiyməti ilə təqribi dəyəri 118142.00 manat, likvid dəyəri isə 106328.00 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş Ağcabədi RİHB-nin Aşağı Avşar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 88 saylı arayışdan görünür ki, Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Cavabdeh1 həqiqətən 17 avqust 2021-ci il tarixdə Ukraynaya getmiş və 09 mart 2022-ci il tarixdə Azərbaycana gəlmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehlər apellyasiya şikayətində tələb edilən faiz və cərimə borcu məbləğinin şişirdildiyini və düzgün hesablanmadığını bildirmişlər. İş materiallarından görünür ki, cavabdehlər öz etirazlarının əsası kimi istinad etdikləri faiz və cərimə borcunun artıq hesablanması mülahizələrinə dair hər hansı mötəbər sübut təqdim etməmiş, həmin mülahizənin həqiqiliyini sübut edə bilməmişlər. Birinci instansiya məhkəməsi isə faiz borcunun məbləğini xx.xx.2021-ci il tarixli, 9/8508 nömrəli ekspert rəyinə istinad etməklə müəyyən etmiş, cərimə borcunun məbləğini isə Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətinə əsasən azaltmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinin də tələblərinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. 34.1.3-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir Məhkəmə kollegiyası onu da nəzərdən qaçırmır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli, 25-KTKDX-1-0-242-15 (Ə1) nömrəli əlavə kredit müqaviləsindən görünür ki, X5 Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına kənd təsərrüfatının inkişafı məqsədi üçün Cavabdeh1 60 ay müddətinə (24 ay güzəşt müddəti olmaqla) 200000 manat məbləğində kredit vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi ilə ayrılmış kreditin təyinatı Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına kənd təsərrüfatının inkişafı məqsədi üçün qeyd olunsa da, müqaviləni Cavabdeh1 fiziki şəxs kimi imzalamış və onun adına fiziki şəxs kimi bank hesab müqaviləsi açılmış, həmçinin kredit müqaviləsi üzrə borclu Cavabdeh1 bank qarşısında öhdəliyin təminatı olaraq həm özünə, həm də Cavabdeh2 məxsus olan fərdi yaşayış evlərini ipoteka müqaviləsi bağlayaraq ipoteka ilə yüklü edilmişdir. Düzdür, məhkəmələr tərəfindən İddiaçı ASC tərəfindən kredit müqaviləsində cavabdehə verilmiş kreditin heyvandarlığın inkişafı məqsədilə ayrılmasının qeyd olunmasına baxmayaraq, həmin müqaviləni cavabdehin fiziki şəxs kimi imzalaması, müqavilədə vergi ödəyicisi olması barədə qeydin olmaması, həmçinin onun adına açılmış cari hesabın vergi ödəyicisi qismində cari hesab olması kifayət qədər araşdırılmamışdır. Halbuki məhkəmənin kredit müqaviləsində irəli gələn tələbə baxması onu vadar edirdi ki, o, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratsın, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etsin, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etsin, onların hüquq və vəzifələrinin həyata keçirilməsinə kömək göstərsin, habelə müvafiq sorğular verməklə tələb olunan kredit müqaviləsi ilə bağlı yaranan mübahisənin mülki, yaxud kommersiya mübahisəsi olmasına aydınlıq gətirilməsi üçün kredit müqaviləsinin bağlanması ilə əlaqədar toplanmış sənədlərin təsdiq olunmuş surətlərini tələb etsin və ayrılmış kreditin məqsədi müəyyən edilsin. Bu halın aydınlaşdırılması ilə müəyyən edilə bilərdi ki, iddia tələbi mübahisənin predmetinə, mübahisənin xarakterinə və subyektiv tərkibə görə mübahisənin aidiyyəti hansı məhkəmənin səlahiyyətinə aiddir. Çünki bank hesablarının açılmasından əvvəl əldə olunan ilkin məlumatlarda kredit tələb edən şəxsin, fiziki şəxs, hüquqi şəxs, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması və müvafiq olaraq fərdi sahibkarlar üçün vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Yalnız apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinə ünvanlanmış suala cavab olaraq göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında fiziki şəxs olaraq kredit müqaviləsi bağlanmış, müqaviləni fiziki şəxs olaraq imzalamış və onun adına fiziki şəxs kimi cari hesab açılmışdır. O, həmçinin qeyd etmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, ipoteka ilə yüklü edilmiş əmlaklar hərrac vasitəsi ilə satışa çıxarılmış, təkrar hərracdan sonra əmlak satılmadığından banka təklif edilmiş və bank fərqi ödəyərək əmlakı satın almış, hazırda İddiaçı qeyd olunan əmlakın müılkiyyətçisidir. İddia tələbinə gəldikdə isə hesab edir ki, onların tələbi cavabdeh tərəfindən kredit öhdəliyini yerinə yetirilməsi təşkil etməklə ümumi məhkəmənin səlahiyyətinə aid olan sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan mülki mübahisəyə aiddir. Bank hesablarının açılması, aparılması və bağlanması qaydasının 2.7-ci bəndinə əsasən bank tərəfindən müştərilərə kreditlərin verilməsi müştərinin həmin bankdakı mövcud və ya bu məqsədlə açdığı cari hesabı vasitəsilə həyata keçirilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmiş kreditlər müştərilərin yalnız vergi ödəyicisi qismində açılmış cari hesablarına köçürülür. Göründüyü kimi cavabdehə verilmiş kreditin təyinatı heyvandarlığın inkişafı üçün göstərilsə də, ona açılmış bank hesab müqaviləsi sahibkarlığın fəaliyyəti üçün müəyyən edilmiş vergi ödəyicisi qismində cari hesab deyil, fiziki şəxs kimi cari hesab açılmışdır. Bu isə ona dəlalət edir ki, iddiaçının cavabdehə qarşı aralarında olan kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən qaldırılmış iddia (mübahisə) tələbi Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə aid olmaqla ümumi məhkəmənin səalhiyyətinə aid edilmiş işlərə aiddir . Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qətnamə qəbul etmiş, düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar