Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-433/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Kəmaləddin qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Kəmaləddin qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3032/2024 saylı qətnaməsindən Cavabdeh (vəkili və nümayəndəsi Vəkil Ağababa oğlu) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Kəmaləddin qızı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin həcminin artırılaraq hər ay bir uşağa görə 200 manat olmaqla sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(073)-136/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmışdır. Bu gün bir uşağın saxlanılması üçün 100 manat pulu çatdırmaq və həmin pula uşaqların ehtiyacının nəinki hamısını, heç bir uşağın ehtiyacının yarı hissəsini ödəmək mümkün deyildir. İki azyaşlı uşağın saxlanılması üçün ataları yəni cavabdehdən hər ay 100 manat pul alınır. Halbuki, Ailə Məcəlləsinin tələblərinə əsasən hər iki valideynin borcudur ki, uşaqlarını saxlasın. Yuxarıda qeyd etdiyi qanuna əsasən bir uşağın saxlanılması üçün minimum 200 manat pul tələb olunur. Aliment həcminin artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehin aliment öhdəliyinə dəyişiklik edilərək ondan sabit pul məbləöindən 200 manat aliment hesabına alınması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3032/2024 saylı qətnaməsi ilə (hakim O.Vəliyev) iddia təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-136/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Kəmaləddin qızına verilməsi, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-136/2020 saylı icra vərəqəsi üzrə icraata xitam verilərkən həmin vaxta qədər cavabdehin həmin qətnamə üzrə ödəmiş olduğu aliment məbləğinin hazırki qətnamənin icrası zamanı nəzərə alınması hüququnun olması cavabdehə izah edilməsi, Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında müəyyən edilmişdir ki,Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(073)-136/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100 manat alimetin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qətnaməyə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tərəflər arasında davam edən münasibətlər mövcuddur, cavabdeh uşağı saxlamaq vəzifəsini daşıyır və icra sənədi üzrə icraata xitam verilməsi cavabdehi uşağı saxlamaq vəzifəsindən azad edə bilməz, digər tərəfdən isə uşağın mənafeyinin üstünlüyü prezumpsiyası rəhbər tutulmalıdır. İş materiallarında olan xəstəlik sənədlərini nəzərdən keçirərək məhkəmə, həmçinin iddiaçının uşağın artan xərclərinin olması ilə bağlı iddialarını da əsaslı hesab edir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(073)-136/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. İddiaçının hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi təmin edilməlidir. Bununla yanaşı cavabdehə icra sənədinə xitam verilərkən iddiaçıya ödəmiş olduğu aliment məbləğinin hazırki qətnamənin icrası zamanı nəzərə alınması hüququn olması da izah edilməlidir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci maddələri, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, 2022-ci ildə iddiaçı ilə aralarında razılaşma olmuş və o, Səid adlı uşağın 18 yaşınadək alimentlə bağlı bütün öhdəliklərini icra etmişdir. İddiaçı Biləsuvar rayon İcra və Probasiya şöbəsinə ərizə vermişdir ki, Səid adlı uşağının 18 yaşına kimi bütün aliment öhdəlikləri onun tərəfindən icra ediləcək və alimentlə bağlı heç bir tələbi olmayacaq və işin icraatına xitam verilməsini xahiş etmişdir. Biləsuvar İcra və Probasiya şöbəsində xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(073)-136/2020 saylı alimentlə bağlı qətnaməsinin icraatına xitam verilməsinə dair Qərar qəbul edilmişdir. Göründüyü kimi artıq alimentlə bağlı onun barəsində heç bir iş yoxdur.Məhkəmə isə qətnamədə göstərmişdir ki, olmayan, yəni icraatına xitam verilmiş qətnamə üzrə alimentin miqdarı artırılsın. Qanunvericilikdə belə bir norma yoxdur. Halbuki məhkəmə qətnamənin 2-ci səhifəsinin 6cı abzasında göstərmişdir ki, artıq Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(073)-136/2020 saylı qətnaməsinin icraatına xitam verilmişdir. Onda belə nəticəyə gəlinir ki, məhkəmə ləğv olunmuş qətnaməni bərpa edib, həmin qətnamə üzrə alimentin məbləğini artırır. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. İddiaçının icra mərhələsində təqdim etdiyi ərizə var və həmin ərizə əsasında icraata xitam verilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3032/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı tam mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3032/2024 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3032/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rəd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibinin iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X3 doğulmuşdur, hal-hazırda iddiaçının himayəsindədir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-136/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100 manat alimetin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı Biləsuvar rayon İcra və Probasiya şöbəsinə ərizə vermiş,Səid adlı uşağının 18 yaşına kimi bütün aliment öhdəlikləri onun tərəfindən icra ediləcəyini və alimentlə bağlı heç bir tələbi olmayacağını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Biləsuvar İcra və Probasiya şöbəsində xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(073)-136/2020 saylı alimentlə bağlı qətnaməsinin icraatına xitam verilməsinə dair Qərar qəbul edilmişdir. Göründüyü kimi artıq alimentlə bağlı onun barəsində heç bir iş yoxdur. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə tərkibi işin həlli ilə bağlı qeyd edir, qətnamə ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. Belə ki, aliment tutulması barədə əvvəlki məhkəmə qətnaməsinə - Cəlilabad Rayon Məhkəməsinin 2(073)-3032/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə icraata xitam verilib. Bu barədə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nicat Bəhmənovun qərarı mövcuddur (səhifə 21). Buna əsas iddiaçının özünün yazdığı xx.xx.2022-ci il tarixli ərizə olub (səhifə 20). Belə ki, iddia ərizə ilə icra məmuruna müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş edib, xahişini onunla izah edib ki, Cavabdeh ilə razılığa gəliblər. Ailə Məcəlləsinin 112.1-ci maddəsindən görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, bu maddədə “alimentin miqdarı müəyyən olunduqdan sonra” ifadəsindən istifadə olunub. Lakin alimentin miqdarını müəyyən edən qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilib. Ona görə də belə hesab olunur “alimentin miqdarı müəyyən olunduqdan sonra” əlaməti hazırkı işdə mövcud deyil. İddiaçı alimentin miqdarının artırılmasını tələb edə bilməz, o, aliment tutulması üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3032/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rəd edilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3032/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-433/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-433/2025
13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver