Məhkəmə qərarları › İş №2(106)-435/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-435/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-435/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh vəkili və nümayəındəsi Quliyev Vəkil Yelmar oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki iş Füzuli Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(049)-1323/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə 2.084 manat 20 qəpik əsas borc, 1000 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3.114 manat 20 qəpik pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh 5 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə, 10 ton xam pambıq məhsulu istehsal edib idiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 2.084,20 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh xam pambıq təhvil verməmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuş və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan geri qaytarmamışdır. Belə olan halda cavabdehin avans vəsaitə görə iddiaçıya 2.084,20 manat borcu qalmışdır. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 500 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1000 manat təşkil edir. Füzuli Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(049)-1323/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2.084,20 manat əsas borc, 100 manat cərimə borcu olmaqla ümumilikdə 2.184,20 manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçı-"xxxx" MMC-nin arasında bağlanılması güman edilən xx.xx.2016-cı il tarixli müqavilənin həqiqətən də olubolmaması məsələsi araşdırılmalıdır. Çünki onunla 2016-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair hər hansı bir müqavilə bağlanılmamışdır. O, heç bir öhdəlik qəbul etməmişdir. Ona hər hansı bir məbləğdə avans pul verilməmişdir. Onun adının qarşısındakı imzanın da kimə məxsius olmasını bilmir. Onun pambıq əkməyi, becərməyi ilə bağlı məsələ ümumiyyətlə araşdırılmalı məsələdir. Çünki pambığın əkilməsi, becərilməsi, dərman preparatlarının verilib-verilməməsi, iddiaçı-"xxxx" MMC tərəfindən bağlanılması güman edilən bu müqavilə üzrə hansı hərəkətləri etməsi məsələsi məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Əvvəlcə belə bir iddia qardaşım X3 qarşı verilibdir. Füzuli rayon məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən həmin iddia rədd olunubdur. Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin internet portalından əldə edilmiş çıxarışa əsasən Cavabdeh xx.xx.2015-ci ildən vergi ödəyicisi olan fiziki şəxsdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir, 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir, 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Hazırki mübahisənin subyekt tərkibi ilə yanaşı mübahisənin predmeti də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq fəaliyyətinin subyektləridir, iddiaçının fəaliyyət istiqaməti pambıq məhsullarının alışından, cavabdehin fəaliyyət istiqaməti isə pambığın əkilməsi, becərilməsi və onun iddiaçıya satmasından ibarət öhdəlikdən irəli gəlir. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırki mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Füzuli Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(049)-1323/2021 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar