Məhkəmə qərarları › İş №2(106)-436/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-436/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-436/2023 17.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(017)1425/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı 7000 manat məbləğində borc, iddia qaldırılarkən ödənilmiş 92 manat dövlət rüsumu və 200 manat xidmət haqqı tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə həmkəndli olmaqla qohumluq münasibəti vardır. Təxminən bir il bundan əvvəl Cavabdeh ondan 3000 manat borc pul istəmişdir. Həmin vaxt o, pulunun olmamasını bildirərkən Röyal başqa şəxslərdən pul alıb ona verməsini və bir ay müddətinə qaytaracağını xahiş etmiş və o da həmkəndlisi X4 3000 manat pul alaraq yaşadıqları Avşar kəndində Röyala vermişdir. Zaurdan pul alarkən pulu qaytaranda əlavə olaraq ona 150 manat pul verəcəyini demiş və Zaur da onunla razılaşmışdır. Zaur onun pulu Röyala vermək üçün aldığını bilməmişdir. Bundan 15- 20 gün sonra Röyal onunla yaşadıqları kənddə görüşüb qumar borcunun olmasını və ona təcili olaraq 4000 manat pul tapmasını xahiş etmişdir. O, Röyala yenə də pulunun olmamasını, əvvəlcə aldığı 3000 manat pulu hələ də qaytarmamasını bildirsə də, Röyal qumar borcuna görə onu sıxdıqlarını və təcili olaraq əmisi oğlu Alqayıd kimi tanıdıqları Rəhbər Əkbərovdan 4000 manat pul alıb ona verməsini xahiş etmişdir. Həmin vaxt Röyala Alqayıdın, yəni Rəhbərin onun kürəkəni olmasını və özünün Rəhbərdən pul almasını bildirərkən Röyal Rəhbərin kürəkəni olsa da ona inanmadığını və ona pul verməyəcəyini demişdir. Bundan sonra, o Rəhbərlə telefon əlaqəsi saxlayaraq ona 4000 manat pul lazım olmasını bildirmiş, Rəhbər də həmin pulu ona verə biləcəyini demişdir. Həmin vaxt Röyal Rəhbərdən pulu ona vermək üçün almasını deməməsi üçün ona and içdirmiş və o, da Röyala “sən öl deməyəcəyəm” sözünü demişdir. Bundan sonra, Rəhbərdən 4000 manat pul almış, pulu alarkən Rəhbər “birdən pulu Röyala vermək üçün alarsan” sözlərini ona deyərkən o, pulu başqa məqsədlə aldığını bildirib pulu Röyal üçün aldığını Rəhbərə deməmişdir. Həmin pulu gətirib Röyala vermiş, Röyalla birlikdə Kamal adlı şəxslə görüşmüşlər və Röyal ondan aldığı 4000 manat pulu Kamala vermişdir. Kamal da həmin pulun üstündən qumar pulu olmasını bildirib 500 manat Röyala qaytarmışdır. Hazırda Kamal vəfat etmişdir. Təxminən bundan 5-10 gün sonra Röyal yenə də onunla əlaqə saxlayıb ona təcili 5000 manat pul lazım olmasını demiş və o Röyala pulunun olmamasını, heç kimdən pul ala bilməyəcəyini bildirmişdir. Röyal pis vəziyyətdə olmasını bildirərkən o, həmkəndliləri Qizbəst adlı xanımla əlaqə saxlayıb 5000 manat pul lazım olmasını bildirmiş, Qizbəst də girov olarsa pul verə biləcəyini demişdir. O, bu barədə Röyala demiş, Röyal özünə məxsus avtomaşını girov qoya biləcəyini bildirərək onlar birlikdə Qizbəstin evinə getmişlər və Röyalın avtomaşınını girov qoyaraq Qizbəstdən 5000 manat pul alıb Röyala vermişdir. Bundan sonra, dəfələrlə Röyala verdiyi pulları tələb etmiş, Röyal imkanının olmamasını bildirərək aldığı pulları qaytarmamışdır. Bu barədə onların dəfələrlə telefon danışıqları olmuş və həmin telefon danışıqlarının səs yazısını da məhkəməyə təqdim etmişdir. Həmin səs yazılarında Röyala Zaurla, Rəhbərdən aldığı pulu hissə-hissə də olsa qaytarmalı olsada, Qizbəstdən aldığı pulu isə təcili olaraq qaytarmasını bildirmişdir. Bundan bir neçə gün sonra Rəhbər və Röyalın qardaşı Elçin ona 5000 manat pul vermiş, onlar birlikdə Qizbəstin evinə gedərək həmin pulu Qizbəstə verib Röyalın avtomaşınını geri almışlar. Həmin vaxt X9 başqa nə qədər borcunun olmasını ondan soruşmuşlar və o Röyala “sən öl deməyəcəyəm” sözünü dediyi üçün onlara Rəhbərdən aldığı 4000 manat pulu Röyala verdiyini Elçinlə Rəhbərə deməmiş və Röyalın 3000 manat borcunun qalmasını bildirmişdir. Bir müddət sonra Rəhbər ondan 4000 manat pulu tələb etdiyindən və Röyal da həmin pulu ona qaytarmadığından o, Rəhbərə və Elçinə Rəhbərdən aldığı 4000 manat pulu da Röyala verdiyini demişdir. Bundan sonra, dəfələrlə Röyalla görüşmüş, telefon danışıqları olmuş və ona olan 7000 manat pulu tələb etsə də, Röyal imkanının olmamasını bildirib ona olan borcu qaytarmamışdır. Məhkəməyə təqdim etdiyi səs yazısında da Röyal ona olan borcunu etiraf etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 7000 manat məbləğində borcun, iddia qaldırarkən ödəmiş olduğu 92 manat dövlət rüsumunun və 200 manat xidmət haqqının, cəmi 7292 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə həmkəndli olmaqla qohumluq münasibəti vardır. Əvvəllər bir neçə dəfə İddiaçı faizlə pul alıb qaytarmışdır. Təxminən bir il bundan əvvəl pula ehtiyacı olduğu üçün İddiaçı 3000 manat pul istəmişdir. Həmin vaxt İddiaçı pulunun olmamasını bildirsə də, sonradan ona 3000 manat faizlə pul vermiş və həmin pulu da kimdən aldığını bilməmişdir. Həmin 3000 manat pulu maddi imkanı olmadığı üçün hal-hazıra kimi İddiaçı qaytara bilməmişdir. Ona görə də iddianı həmin hissədə qəbul edir. Bundan bir neçə gün sonra yenə də pula ehtiyacı olmuş, bu barədə Ramilə demiş, Ramil də pulunun olmamasını bildirib yaşadıqları kənddə faizə pul verən Qizbəstlə əlaqə saxlayaraq 5000 manat pul lazım olmasını demişdir. Qizbəst girov istəmiş və o, Ramilin vasitəsi ilə öz avtomaşınını girov qoyaraq Qizbəstdən 5000 manat faizlə pul götürmüşdür. Bir müddət sonra Qizbəst pulunu tələb etmiş, Ramil bu barədə ona demiş, qardaşı Elçinlə kürəkəni Rəhbər pul düzəldərək Ramilə vermişlər və Ramillə birlikdə Qizbəstin evinə gedib pulu verərək onun avtomaşınını geri almışlar. Həmin vaxt qardaşı Elçin və kürəkəni Rəhbər onun nə qədər borcunun olmasını Ramildən soruşmuşlar və Ramil də onun 3000 manat borcunun olmasını bildirmişdir. O, Ramildən 4000 manat pul almamış və hazırda da onun Ramilə 3000 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktı. Ağcabədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(017)1425/2022 saylı qətnaməsi ilə (hakim Rəşad Nuriyev) iddia təmin edilmiş, Cavabdeh 7000 manat məbləğində borc, iddia qaldırılarkən ödənilmiş 92 manat dövlət rüsumu və 200 manat xidmət haqqı, cəmi 7292 (yeddi min iki yüz doxsan iki) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ağcabədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(017)1425/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə iddianı təmin edərkən əsasən düzgün olmayan nəticəyə gəlmiş, iddiaçının əsassız və dediklərini sübut edən mötəbər sənədlərdən istifadə etməyərək formal xarakter daşıyan və əgər iddiaçıdan başqa kimdənsə borc almışdırsa iddiaçının onun adından tələbi sırf məhkəmə mövqeyinin qeyri obyektiv şəkildə ortalığa qoyulması birmənalı şəkildə mülki qanunvericiliyin tələblərinə zidd olaraq konstitutsion hüquqları məhdudlaşdırılmış, iddiaçı və əvvəlcədən öyrədilmiş yalançı şahidlərin məhkəmə izahatlarına don geyindirib istinad etməsi ədalətsiz qərar çıxarması ilə nəticələnmişdir. Eyni zamanda məhkəmə qanunsuz olaraq əldə edilmiş səs yazısından istifadə etməklə və ya həmin səslərin kimə məxsus olmasını müəyyən etmədən mövcud qətnamə qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi onun kimdən nə qədər borc alıb-almadığını müəyyyən etmədən əslində digər şəxslərdən götürdüyü pula görə iddiaçı sifətinin hansı şəxslər tərəfindən həyata keçirilməsinə qeyri düzgün prizmadan yanaşmayaraq ədalətsiz mövcud qətnamə qəbul etmişdir. Qanunsuz faiz-sələmlə məşğul olan İddiaçı cəmi üç min manat sələmə pul götürmüş və hər gün üçün 3 minə qarşı 30 manat faiz olmaqla hər aya 900 manat sələm ödəmişdir. Bir il müddətində üç minə qarşı 10800 manat iddiaçıya pul ödəmişdir. Üç min manat əsas pulu isə bir dəfəyə maddi imkanının olmaması üzündən bütöv şəkildə iddiaçıya qaytara bilməmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iddiaçının gizli şəkildə səs yazılarını montaj edərək məhkəməyə təqdim etməsi və məhkəmə isə həmin səs yazısından sübut kimi istifadə edərək onun ziyanına qətnamə qəbul etməsi onun konstitusiyon hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh əlavə ərizə təqdim edərək Ağcabədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(017)1425/2022 saylı qətnaməsinin qismən ləğv edilərək, iddianın 3000 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Ağcabədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(017)1425/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin 3000 (üç min) manat hissədə təmin edilməsini, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ağcabədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(017)1425/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı оğlu və Cavabdeh оğlu ilə həmkəndlidir və hər ikisi ilə də qohumluq münasibətləri vardır. El arasında onu Alqayıd kimi tanıyırlar. Bir müddət bundan əvvəl Ramil ondan 4000 manat pul istəmiş və o, da həmin pulu Ramilə vermişdir. Lakin, Ramil həmin pulu kimə verəcəyini ona deməmişdir. Qaynı Röyalın da Ramilə borcu olması barədə məlumatı olmuşdur. Röyal Ramilin vasitəsi ilə özünə məxsus avtomaşını həmkəndliləri Qizbəstə girov qoyaraq pul götürmüşlər. Onlar 5000 manat pul düzəldib Ramil, Röyalın qardaşı Elçin və o, birlikdə Qizbəstin evinə gedərək pulu Qizbəstə verib Röyalın avtomaşınını geri almışlar. Həmin vaxt o, Röyalın nə qədər borcunun qalmasını Ramildən soruşarkən, Ramil Röyalın 3000 manat borcunun olmasını bildirmişdir. X6 7000 manat borcunun olmasını və ondan aldığı 4000 manat pulu da Röyala verdiyini demişdir. Həmin vaxt o, Ramildə bunları daha əvvəl nə üçün deməməsinin səbəbini soruşarkən Ramil Röyalla aralarında bu məsələnin heç kimin bilməməsi barədə söz olduğunu (and içdiyini) demişdir. O, 4000 manat pulu Ramilə vermiş və Ramildən də tələb edəcəkdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Cavabdeh оğlu onun qardaşıdır. İddiaçı isə həmkəndlisidir. X11 borcu olması barədə məlumatı olmuşdur. Röyal Ramilin vasitəsi ilə özünə məxsus avtomaşını həmkəndliləri Qizbəstə girov qoyaraq pul götürmüşdür. Onlar 5000 manat pul düzəldib Ramilə vermişlər və Ramil, Rəhbər və o, birlikdə Qizbəstin evinə gedərək Ramil pulu Qizbəstə verib Röyalın avtomaşınını geri almışlar. Həmin vaxt o, Röyalın nə qədər borcunun qalmasını Ramildən soruşarkən, Ramil Röyalın 3000 manat borcunun olmasını demişdir. X8 7000 manat borcunun olmasını eşitmiş, lakin Ramillə münasibəti olmadığından bu barədə Ramidən soruşmamışdır. Cavabdeh apellyasiya şikayətində göstərir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən montaj edilərək məhkəməyə təqdim edilmiş səs yazılarından istifadə etməklə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş 08 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Həmin qərarda Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir və həmçinin qərarda araşdırma zamanı Cavabdeh həmkəndlisi İddiaçı 7000 manat pul alması və qaytarmamasının müəyyən olunması qeyd olunmuşdur. İş materiallarında olan və birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında dinlənilmiş iddiaçı tərəfindən təqdim olunan CD disklə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 3000 manat, 4000 manat və 5000 manat pulun qaytarılması ilə bağlı danışıqlar olmuş, İddiaçı 3000 manat və 4000 manat pulun hissə-hissə qaytarılmasının mümkün olmasını, 5000 manat pulun isə təcili qaytarılmalı olmasını Cavabdeh bildirmiş, Cavabdeh da maddi imkanının olmamasını və yaxın günlərdə bütün borcu ödəyəcəyini bildirmişdir. Məhkəmə baxışı zamanı da İddiaçı və Cavabdeh həmin səs yazısının onlara məxsus olmasını təsdiq etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısı İddiaçı ilə Cavabdeh aid olduğundan, həmin danışıqlar tərəflər üçün sirr olmadığından, mahiyyət etibarı ilə iddiaçı ilə cavabdehin arasındakı pul münasibəti ilə bağlı olduğundan birinci instansiya məhkəməsi həmin səs yazısını sübut növü kimi qəbul etməkdə haqlı olmuşdur. Bununla yanaşı, 08 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla da Cavabdeh həmkəndlisi İddiaçı 7000 manat pul alması və qaytarmaması müəyyən olunmuşdur ki, həmin qərar da sübut növü kimi qəbul edilmişdir. Belə ki, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəlliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442- ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşin bu cür halında, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticəni qanuni hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh X2 üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları arardırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstinad edilən Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 15 noyabr 2022ci il tarixli, 2(017)1425/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh iddiaçıdan həqiqətən 3000 manat məbləğində pul vəsaitini aldığı və geri qaytarmadığını bildirmişdir. Buna görə də tərəflər arasında bağlamış şifahi borc müqaviləsinə əsasən cavabdehin iddiaçıya ödənilməmiş 3000 manat məbləğində borcunun olması işin mübahisələndirilməyən halıdır. Lakin Cavabdeh iddia tələbini İddiaçı 4000 manat məbləğində pul vəsaiti almasına dair hissədə qəbul etməmiş və qətnaməni həmin hissədə, yəni 4000 (dörd min) manat pulun ondan alınıb iddiaçıya verilməsi hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məbləğ Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(017)1425/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar