Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-441/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(056)-1128/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7800 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2015-ci ildən tanıyır və iş yoldaşı olmuşlar. İddiaçı cavabdehə Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi əsasında xx.xx.2019-cu il tarixində 24 aya qaytarmaq şərtilə, yəni xx.xx.2021-ci il tarixinə tam qaytarmaq şərtilə şəxsi işi ilə əlaqədar və tanışlıq xatirinə 7800 manat borc pul vermişdir. İddiaçı cavabdehin səmimiliyinə və maddi çətinliyinə inanaraq qaytarmaq şərtilə ona pul versə də, qeyd edilən məbləğin qaytarılma vaxtından bir ildən çox vaxt keçmiş, lakin cavabdeh aldığı borc pul vəsaitini qaytarmamış və ödənişdən yayınmışdır. Borcun qaytarılma vaxtı xx.xx.2021-ci il tarixi müəyyən olunsa da, cavabdeh aldığı borcu qaytarmamışdır. Sabirabad Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(056)-1128/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən yaranmış 7800 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub (alınıb) İddiaçı ödənilməsi (verilməsi) qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(056)-1128/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında həqiqətən də borc müqaviləsi olsa da, borcun məbləği 3800 manat olmuş, cavabdeh həmin 3800 manat borcu və ona hesablanmış faiz borcunu 6 ay ərzində valideynlərinin köməkliyi ilə hissə-hissə qaytarmışdır. Cavabdeh kasıbdır və avtoyuma məntəqəsində işləyir. İddiaçı qeyd etdiyi 7800 manat pulu cavabdehə heç vaxt verməzdi. Lakin faizlə 3800 manat pul vermiş, cavabdeh də həmin pulu qaytarmışdır. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur. Cavabdeh iddiaçı tərəfindən təqdim edilən notariat qaydasında bağlanmış sənəddə qeyd olunan 7800 manat borcu qəbul etmir. Həmin vaxt cavabdeh notariat ofisində olsa da, o, borc olaraq 3800 manat almasına dair müqavilə bağlamış və 7800 manatla bağlı heç bir yerdə imza atmamışdır. Birinci instansiya məhkəməsi bu məsələni aydınlaşdırmadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Odur ki, iş üzrə ekspertiza keçirilməli və müqavilədə cavabdehin iddiaçının qeyd etdiyi məbləğə dair imzası olub-olmaması araşdırılmalıdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək, düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdehə məhkəmə iclasları barədə heç bir məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən borc müqaviləsinin kim tərəfindən yazılmasını və imzalanmasını müəyyən etmədən ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh 7800 manat məbləğində borcdan heç bir məbləğ ödəməmiş, hər hansı qəbz və ya ödəniş çeki təqdim etməmişdir. Apellyasiya məhkəməsinin 05 aprel 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, o, iddiaçı ilə su filtrlərinin satışı ilə məşğul olarkən maşın almaq üçün iddiaçıdan ayrı-ayrı vaxtlarda cəmi 3800 manat məbləğində borc almış, lakin həmin borcu qaytarmışdır. Hal-hazırda onun iddiaçıya hər hansı borcu yoxdur. Sonradan iddiaçının təkidi ilə onlar notariusa getmiş, orada ona bəzi sənədləri imzalatmışlar. İş materiallarında olan kredit müqaviləsində öz xətti ilə ad, soyad, ata adını və telefon nömrəsini yazsa da, müqaviləyə imza etməmişdir. Müqavilədə imza olmadığına görə o hesab edir ki, müqavilə etibarsız hesab olunmalıdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, MPM-in 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının 3-cü vərəqində olan Bakı şəhəri 53 saylı Notariat ofisində təsdiq edilmiş 26 aprel 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 7800 manat məbləğində pulu Cavabdeh borc vermiş, Cavabdeh krediti 26 aprel 2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin aşağı hissəsində borc alan qrafasında “Cavabdeh; 055 916 11 90” yazıları icra edilsə də, müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdeh apellyasiya məhkəməsinin iclasında qeyd edilən yazıların özü tərəfindən yazıldığını qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarının 3-cü vərəqində olan kredit müqaviləsinin cavabdeh tərəfindən imzalanmamış olmasına əhəmiyyət verməmiş, həmin halın araşdırılmasını həyata keçirməmişdir. Cavabdeh isə apellyasiya şikayətində hər hansı bir müqavilənin onun tərəfindən imzalanmadığını bildirmişdir. Bu halın aydınlaşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən ünvan ünvanlanaraq, İddiaçı ilə Cavabdeh arasında 26 aprel 2019-cu il tarixli kredit müqaviləsinin bağlanması zamanı notariat ofisində toplanmış və hazırda saxlanılan sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Bakı şəhəri 53 saylı Notariat ofisinin sorğuya cavab məktubu 18 aprel 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktuba əlavə edilmiş İddiaçı və Cavabdeh arasında bağlanmış 26 aprel 2019-cu il tarixli kredit müqaviləsinin notariat ofisində saxlanılan nüsxəsindən məlum olmuşdur ki, kredit müqaviləsi “borc alan” qrafasında Cavabdeh tərəfindən “Cavabdeh; ***-***-**-**; ***-***-**-**” yazıları icra edilməklə imzalanmışdır. Həmin kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh 7800 manat məbləğində pulu borc vermiş, Cavabdeh krediti xx.xx.2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iş materiallarında olan notariat qaydasında bağlanmış 26 aprel 2019-cu il tarixli kredit müqaviləsi ilə cavabdehin iddiaçıya 7800 manat kredit borcunun yaranması tam təsdiq olunur. Cavabdeh apellyasiya şikayətində iddiaçıya olan borcunun 3800 manat olduğunu və həmin borcu qaytardığını, 7800 manat borc alınması ilə bağlı heç bir sənədə imza atmadığını bildirmişdir. İş materiallarının 3-cü vərəqində olan notariat ofisi tərəfindən təsdiq edilmiş kredit müqaviləsində “borc alan” qrafasında cavabdehin imzası olmasa da, kredit müqaviləsinin notariat ofisində saxlanılan nüsxəsindən cavabdehin “borc alan” qrafasında olmaqla, müqaviləni imzaladığı görünür. Cavabdeh tərəfindən imzalanmış müqavilədə isə kredit borcunun məbləği 7800 manat olaraq göstərilmişdir. Cavabdeh isə 7800 manat məbləğində kredit borcunun qaytarılması öhdəliyini üzərinə götürdüyü müqaviləni imzalamaqla, öz iradəsini bəyan etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya hər hansı borcu olmadığını bildirsə də, kredit müqaviləsi üzrə borcun iddiaçıya qaytarılması halını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə iddiaçının cavabdehə 7800 manat pulu borc verməsi təsdiq olunduğundan, cavabdehin iddiaçıya olan borcundan hər hansı ödəniş etməsi iş materialları ilə müəyyən edilmədiyindən və cavabdeh buna dair hər hansı sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(056)-1128/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Sabirabad Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(056)-1128/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(056)-1128/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-441/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-441/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver