Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-442/2023 09.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, Lənkəran Rayon Məhkəməsinin 2(049)2976/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5.602,22 manat əsas, 1.084,49 manat faiz, cəmi 6.686,71 manat borcun və 86,87 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 50nkLKN/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24.5% ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə vəsatətlə müraciət edərək Unibank KB ASC-nin ona qarşı kredit müqaviləsi üzrə maliyyə mühasibatlıq ekspertiziyasının keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, istər əsas borc, istərsə də faiz borcunun məbləğləri ilə razı deyildir. İddia tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsi heç bir sübuta söykənməmişdir. Məhkəmə cavabdehin vəsatətini işin lüzumsuz uzadılmasına yönəlmiş hərəkət kimi qəbul edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdeh vəsatətində iddia ərizəsində qeyd edilmiş məbləğdə borcunun olmadığını bildirsə də, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, yalnız xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına teleqramla müraciət edərək mülki işin hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə cavabdehin müraciətini nəzərə alaraq hazırlıq iclasını xx.xx.2022-ci il tarixə təxirə salmışdır. Lakin cavabdeh qeyd olunan məhkəmə iclasında da iştirak etməmiş, iddiaya qarşı nə yazılı, nə dəki şifahi qaydada etirazını bildirməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə qeyd olunan vəsatətlə müraciət etmişdir. Halbuki mülki işin məhkəməyə təqdim edilməsindən artıq 4 aya yaxın müddət keçmişdir. Bundan başqa cavabdeh qeyd olunan məbləğdə borcunun olmadığını bildirsə də edilmiş ödənişləri təsdiq edən hər hansı ödəniş qəbzlərini vəsatətinə əlavə etməmişdir. Məhz buna görə də məhkəmə cavabdehin vəsatətini işin lüzumsuz uzadılmasına yönəlmiş hərəkətlər kimi qəbul edir və işə mahiyyətini üzrə baxılmalı olması qənaətinə gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)2976/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: R.Məmmədov), iddianın təmin edilməsi, 50nkLKN/20 saylı, xx.xx.2020ci il tarixli kredit müqaviləsi üzrə 5.602,22 manat əsas, 1.084,49 manat faiz, cəmi 6.686,71 manat məbləğində pul və iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 86,87 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 739.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, “Mən 10 fevral 2020-ci il tarixdə "xxxx" KB ASC ilə 50nkLKN/20 nömrəli kredit müqaviləsi bağlayaraq 60 ay müddətinə illik 24.5 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit götürmüşəm. Mənə təqdim olunmuş ödəniş cədvəli üzrə vaxtlıvaxtında əsas məbləğ və faizləri ödəmişəm və mənim bankın iddia ərizəsində qeyd etdiyi məbləğdə kredit borcum yoxdur. Belə ki, mən bu barədə məhkəməyə vəsatət də göndərmişəm və iddia tələbində qeyd edilən məbləğdə kredit borcunun olmadığını qeyd etmişəm. Buna baxmayaraq məhkəmə mənim vəsatətimə hüquqi qiymət verməmiş və bununla bağlı heç bir araşdırma aparmadan mənim bankın məhkəməyə təqdim etdiyi maliyyə arayışda qeyd olunan məbləğdə kredit borcumun olmağı qənaətinə gələrək bankın maraqlarına xidmət edən əsassız və qanunsuz bir qətnamə qəbul etmişdir”. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 2(049)2976/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, keçirilən iclasda tərəflər və müstəqil tələb irəli sürən üçüncü şəxsin “X2” MMC-nin nümayəndəsi iştirak etməmişdir. Tərəflər iştirak etməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Lakin üçüncü şəxsin nümayəndəsi telefonoqramla bildirmişdir ki, iş üzrə onun iştirakı olmadan məhkəmə iclası keçirilsin. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)2976/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin əsas və faiz borcu hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)2976/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşə əlavə edilmiş maliyyə arayışlarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 50nkLKN/20 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh verilmiş və ödənilməmiş olan 7000 manat kredit borcu 60 ay müddətinə illik 24.5% ödəmək şərtilə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 04 avqust 2022-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 50nkLKN/20 saylı kredit müqaviləsi 5.602,22 manat əsas, 1.084,49 manat faiz, cəmi 6.686,71 manat borcu vardır. İş materiallarına əlavə edilmiş hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 86,87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 50nkLKN/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24.5% ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən 7000 manat məbləğində və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilərində qeyd edir ki, o, iddiaçı ilə kredit müqaviləsi bağlayaraq 7000 manat məbləğində kredit götürmüş və ödəniş cədvəli üzrə vaxtı-vaxtında əsas məbləğ və faizlə ödəmişdir. Cavabdeh əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışını sübut qismində qəbul edərək pozuntuya yol vermişdir. Ona təqdim olunmuş ödəniş cədvəli üzrə vaxtlı-vaxtında əsas məbləğ və faizləri ödəmiş, onun bankın iddia ərizəsində qeyd etdiyi məbləğdə kredit borcunun olması düzgün deyil. Həmçinin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən göndərilmiş vəsatətə hüquqi qiymət verməmiş və bu barədə heç bir araşdırma aparmamışdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişlərini vaxtı-vaxtında etdiyini bildirsədə bu halın təsdiqini tapan hər hansı bir sübut nə birinci instansiya məhkəməsi nədə apellyasiya icraatı zamanı məhkəməyə təqdim etməmişdir. Kollegiya apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbini rəhbər tutaraq, kredit müqaviləsi üzrə ödəniş cədvəlini sübut qismində qəbul edərək heç bir pozuntuya yol verməmişdir. Kollegiya apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı qeyd edir ki, cavabdeh qeyd etdiyi vəsatəti mülki iş məhkəmə baxışına təyin edildikdən sonra təqdim etmişdir halbuki sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 78-1ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. İş materiallarından göründüyü kimi, cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, yalnız xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına teleqramla müraciət edərək mülki işin hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi cavabdehin müraciətini nəzərə alaraq hazırlıq iclasını xx.xx.2022-ci il tarixə təxirə salmışdır. Göründüyü kimi, cavabdehin sübutları təqdim etməsi üçün kifayət qədər imkanı olmuş lakin o bu imkanlardan istifadə etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)2976/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)2976/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-442/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-442/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver