Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-444/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin (“Azəriqaz” İB) Cavabdeh qarşı 22 avqust 2022-ci il tarixə kimi istehlak etdiyi 163 manat 28 qəpik məbləğdə debitor borc, 1136 manat 72 qəpik məbləğdə təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyan, ödənilmiş 41 manat 76 qəpik məbləğdə dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1178 manat 88 qəpik məbləğdə pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(050)-2667/2022 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(050)-2667/2022 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia qismən təmin edilərək Cavabdeh 163.28 manat debitor borc, 172,80 manat dəymiş ziyan, 41.76 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 378,24 manat məbləğdə pul vəsaitinin alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı “Azəriqaz” İB tərəfindən Masallı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(050)-2667/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı “Azəriqaz” İB-nin tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Azəriqaz” İBnin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********02090 olmaqla, 22 fevral 2016-cı il tarixli 16871 saylı müqavilə əsasında fasiləsiz olaraq təbii qazdan istifadə etmişdir. Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə 22 avqust 2022-ci il tarixə 1136.72 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi 163.28 manat təbii qazın dəyərinin və 973.44 manat isə təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyanın ödənilməməsi olmuşdur. Lənkəran RQİİ-nin mütəxəsisləri tərəfindən Lənkəran RQİİ-nin balans və istismarda olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar dərhal araşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn faktlar və hallar Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” qaydalarına əsasən Lənkəran Regional Qaz İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində cavabdeh tərəfindən “Azəriqaz” İB-yə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 973.44 manat dəyərində maddi zərər dəymişdir. “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi tərəfindən 1136.72 manat borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmiş, tərəflər arasında bağlanmış 22 fevral 2016-cı tarixli 16871 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Mülki Məcəllənin tələblərini pozmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı xx.xx.2022-ci il tarixə kimi istehlak etdiyi 163.28 manat debitor borc, 1136,72 manat təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyan, ödənilmiş 41,76 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 1178,88 manat məbləğdə pul vəsaitinin tutulması tələbi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Çünki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin **********02090 saylı abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən cavabdeh tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı Akt tərtib edilmişdir. Həmin akta görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın saatlıq sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın qazın bərpası üçün hesabat aparılmış və cəmi 8640 m3 olmaqla iddiaçının abonent hesabına daxil edilmişdir. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə iddiaçıya maddi ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, 1-ci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, yəni cavabdeh tərəfindən qaz borusuna özbaşına qoşulma faktı aşkar edilmiş və bu əsasla da, həmin akt tərtib edilmişdir. Həmçinin “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə istinad etməmiş, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində iddiaçıya dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Məhkəmə cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş izahatlara səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair Saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər Saldoya nəzər salınsa, görünər ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfıyyatı çox azdır. Göründüyü kimi, iş materiallarında yer alan, mübahisələndirilən qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın tam təmin edilməsinə əsasdir. Göründüyü kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər qiymətləndirilərək, cavabdehə aid olan **********02090 abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini qismən təmin edərək, səhv qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3cü bəndinə əsasən əsasən Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənibfərqlənməməsinə dair məlumatları araşdırmamış və digər sübutlarla birlikdə qiymətləndirməmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(050)-2667/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan 22 fevral 2016-cı il tarixli 16871 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə müqavilədən görünür ki, “Azəriqaz” İB-nin Lənkəran Regional Qaz İstismarı İdarəsi ilə Masallı rayonu Çaxırlı kənd sakini Cavabdeh arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin əməkdaşları Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə baxış keçirən zamanı sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və təbii qazdan istifadə edilməsinə görə dəymiş ziyan məbləğinin hesablanması barədə akt tərtib edilmişdir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə qeyd olunmuşdur ki, Cavabdeh aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 27 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Masallı rayonu, Çaxırlı kəndində yaşayan istehlakçı Cavabdeh məxsus fərdi yaşayış evinin qaz sayğacdan kənar qeyri-qanuni xətt olduğu üçün 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın saatlıq sərfi 4 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan Smart sayğaclı abonentin saldosundan görünür ki, Masallı rayonu Çaxırlı kənd sakini Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 973 manat 44 qəpik məbləğində borc yazılmışdır. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, 27 dekabr 2021-ci il tarixli ******* nömrəli akta əsasən cavabdehin qanunsuz qaz xəttinə qoşulması aşkar olunsa da, hansı əsasla 90 gün ərzində 24 saat maksimal qaz sərf olunması üzrə ziyanın 973.44 manat hesablanması müəyyən deyildir. İddiaçı “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də hesablama qaydasını qeyd etsə də, məhkəmə akt üzrə ziyanın real olmasını həqiqətə uyğun hesab etmir. Habelə, “Azərqaz” İB-nin aidiyyəti sahəyə nəzarət edən işçiləri hər ay sayğaca baxış keçirməklə, istehlak edilmiş qazın dəyəri barədə vətəndaşlara bildiriş verir. Əgər daha əvvəl qanunsuz qoşulma olmuşdursa, bu həmin vaxt müyyən edilməli idi. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz hallarına görə Cavabdeh tərəfindən sayğacdankənar təbii qazdan istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə isə “Azəriqaz” İB hesabat müddəti 90 gün ərzində 24 saat maksimal qaz sərf olunması üzrə itirilmiş qazın bərpası üçün hesabat aparmış və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsinə uyğun olaraq itirilmiş qazın həcmi 8640 m3 hesablanmışdır. Bununla da, vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməsi tələb edilmişdir. Eyni zamanda, sayğacdankənar istifadə günlərinin 90 gün olub-olmaması bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərarının 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Beləcə, normadan göründüyü kimi abonentə - Cavabdeh verilən təbii qaz sərfiyyatını qeydə alan sayğac qaz paylayıcısı tərəfindən oxunmuş və istehlakçı Cavabdeh verilmiş qazın dəyəri yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Şəbəkəyə qanunsuz qoşulma hallarının qazın dəyərinin hesablanması zamanı aşkar edilməməsi isə heç də həmin faktın həmin vaxt mövcud olmaması demək deyildir. Kollegiya bununla yanaşı, diqqətə çatdırır ki, işdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 dekabr 2021-ci il tarixli ******* saylı akta əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarının 1 saylı əlavəsinə uyğun olaraq 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın saatlıq sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş təbii qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 8640 m3 hesablanmaqla Cavabdeh abonent hesabına daxil edilmişdir. Ancaq birinci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta ümumiyyətlə istinad etməmişdir. Belə ki, adıçəkilən aktda cavabdeh tərəfindən qaz borusuna özbaşına qoşulma faktının aşkar edilməsi təsdiqini tapmışdır. Bundan əlavə, Cavabdeh tərəfindən dəymiş ziyanın həcminin hesablanma qaydasını özündə ehtiva edən “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lər də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Habelə, birinci instansiya məhkəməsi yuxarıda göstərilən akt üzrə ziyanın real olmasının həqiqətə uyğun olub-olmamasını qiymətləndirərkən abonent Cavabdeh məxsus Saldoda əksini tapmış abonentin əvvəlki aylar və illər üzrə təbii qaz sərfiyyatına diqqət yetirməmiş və orada olan məlumatları araşdırmamışdır. Belə ki, Saldoya baxıdıqda əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı nəzərəçarpacaq dərəcədə cüzidir. Halbuki, Cavabdeh tərəfindən təbii qazdan istifadənin fasiləsiz olması işin mübahisəsiz hallarındandır. MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-in 1097.1-ci maddəsinin tələbi baxımından cavabdehin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilməlidir ki, “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərarın 2.2.5-ci bəndinə görə istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək qaz paylayıcının hüququdur. Qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4-cü bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Adıçəkilən Qaydaların 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyrimetal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Habelə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 21.2ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(050)-2667/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh 163 manat 28 qəpik məbləğdə debitor borc, 973 manat 44 qəpik məbləğdə dəymiş ziyan, 41 manat 76 qəpik dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1178 manat 88 qəpik məbləğdə pul vəsaiti alınaraq iddiaçı “Azəriqaz” İB-nin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməyən digər hissəsi ilə əlaqədar diqqətə çatdırır ki, iddiaçı nə iddia ərizəsi ilə müraciət edərkən, nə də ondan sonrakı müddətdə məhkəməyə bu barədə hər hansı mötəbər sübutunu təqdim etməmişdir. Habelə, iddia ərizəsinin əsaslandırmasından görünür ki, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə dəyən zərərin miqdarı məhz 973 manat 44 qəpik məbləğ təşkil edir. Bununla yanaşı, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən də dəymiş zərərin dəyərinin cəmi 973 manat 44 qəpik məbləğdə olması m üəyyən edilir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(050)-2667/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 163 manat 28 qəpik məbləğdə debitor borc, 973 manat 44 qəpik məbləğdə dəymiş ziyan, 41 manat 76 qəpik dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1178 manat 88 qəpik məbləğdə pul vəsaiti alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-444/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-444/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver