Məhkəmə qərarları › İş №2(106)-447/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-447/2025

13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-447/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- vurulmuş ziyanın ödənilməsi tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli, 2(047)-893/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli 653 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli, 109 saylı əmrlə isə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin OBA Ağcabədi 20 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 1399,98 manat məbləğində olması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1362,07 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1362,07 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən də, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X2 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, Cavabdeh 1362,07 manat dəymiş ziyan, mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Laçın Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli, 2(047)-893/2024 saylı qətnaməsi ilə (hakim C.İbrahimov) iddia tələbi təmin edilməmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı 1362,07 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi və ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci iddiaçının hesabına aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, o, satıc-kassir vəzifəsinə işə qəbul edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 653 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla X2 daşıması barədə müqavilə bağlanmışdır. “Oba- Ağcabədi 20” mağazasında komissiya üzvləri tərəfindən yoxlama aparılaraq 1399,98 manat əksikgəlmə müəyyən edilmiş, Cavabdeh maddi məsul şəxs kimi qeyd edilmiş, lakin cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, sənədlərə heç bir imza etməmiş və izahat verməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 1399,98 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1362,07 manat borcu qalmışdır. Cavabdeh əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəmə baxışı zamanı “Oba- Ağcabədi 20” mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmazlıqlara dair izahatı alınmadığından, ümumiyyətlə həmin akt cavabdehin iştirakı ilə tərtib olunsa da, çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən iddiaçı tərəfindən “Oba- Ağcabədi 20” mağazasına dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. İddiaçı bir tərəfdən cavabdehin maddi-məsul şəxs olaraq xx.xx.2022-ci il tarixdə aparılan inventarizasiyanın nəticəsi olaraq cəmiyyətə böyük məbləğdə, yəni 1362,07 manat məbləğində zərər vurduğunu bildirmiş, digər tərəfdən isə cavabdehin onun əmlakına maddi zərər vurduğunu bilə-bilə cavabdehi həmin inventarizasiya aktının tərtib edildiyi tarixdən sonra, yəni 09 mart 2022-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası) ilə deyil, 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndi (əmək müqaviləsi müddətinin bitməsi əsası) ilə işdən azad etmişdir. Qeyd olunan hal isə iddiaçının iddia tələbinin cavabdehdən 1362,07 manat məbləğində zərərin tutulması hissəsində əsassız olmasının əlavə sübutudur. Göstərilənlərə əsasən də məhkəmə belə hesab etmişdir ki, iddia tələbinin təmin olunmaması tam qanuni və əsaslıdır. Həmçinin, iddia tələbi rədd edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən də iddiaçının ödədiyi 55 manat mediasiya xərci isə iddiaçının hesabına aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29,13-cü maddələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç, 72-ci maddəsinin c bəndi, 198-ci, 199-cu maddəsinin 1-ci hissəsinin a və ç bəndləri, 203-cü maddəsinin 1-ci bəndi, 205.2-ci maddələri ilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3, 14.1, 14.2.1, 386.1, 1096.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 88, 119.1, 14.2, 77.1, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tam maddi məsul şəxs kimi "xxxx" MMC-də çalışdığı müddət ərzində “X2 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “X2 haqqında” müqavilədə deyilir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi X2 daşıyır. Cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində xx.xx.2022-ci il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1399 (bir min üç yüz doxsan doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 1399 (bir min üç yüz doxsan doqquz) manat 98 (doxsan səkkiz) qəpik çatışmamazlıqdan, müvafiq güzəştlər tətbiq edildikdən sonra yekun olaraq cavabdehin şirkət qarşısında 1362 (bir min üç yüz altmış iki) manat 07 (yeddi) qəpik qəpik borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırki vəziyyətdə Cavabdehnın barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Odur ki, Laçın Rayon Məhkəməsinin 2(047)- 893/2024 saylı 05 dekabr 2024-cü il tarixli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, CavabdehXıdır oğlu tərəfindən ödənilməmiş 1362 (bir min üç yüz altmış iki) manat 07 (yeddi) qəpik, mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat, və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 28 (iyirmi səkkiz) manatın dövlət rüsumu kimi cavabdehdən alınaraq İddiaçıMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə, tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 202.2-ci maddəsinə əsasən, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır.Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Həmin Məcəllənin 203cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Laçın Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli, 2(047)-893/2024 saylı qətnaməsinin qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Laçın Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli, 2(047)-893/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli, 2(047)- 893/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, o, satıc-kassir vəzifəsinə işə qəbul edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 653 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla X2 daşıması barədə müqavilə bağlanmışdır. Cavabdeh əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. “Oba-Ağcabədi 20” mağazasında komissiya üzvləri tərəfindən yoxlama aparılaraq 1399,98 manat əksikgəlmə müəyyən edilmiş, Cavabdeh maddi məsul şəxs kimi qeyd edilmiş, lakin cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, sənədlərə heç bir imza etməmiş və izahat verməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.20223-ciü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 1399,98 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1362,07 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). İşin bu halı xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 1399,98 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1362,07 manat borcu qalmışdır. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmazlıqlara dair izahatı alınmadığından, ümumiyyətlə həmin akt cavabdehin iştirakı ilə tərtib olunsa da, çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən iddiaçı tərəfindən “Oba-Ağcabədi 20” mağazasına dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətində bildirmişdir ki, cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində xx.xx.2022-ci il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1399 (bir min üç yüz doxsan doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 1399 (bir min üç yüz doxsan doqquz) manat 98 (doxsan səkkiz) qəpik çatışmamazlıqdan, müvafiq güzəştlər tətbiq edildikdən sonra yekun olaraq cavabdehin şirkət qarşısında 1362 (bir min üç yüz altmış iki) manat 07 (yeddi) qəpik qəpik borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı tərəfindən “Oba-Ağcabədi 20” mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmazlıqlara dair izahatı alınmadığından, ümumiyyətlə həmin akt cavabdehin iştirakı ilə tərtib olunsa da, çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən iddiaçı tərəfindən “Oba-Ağcabədi 20” mağazasına dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. Eyni zamanda apellyator apellyasiya şikayətində bildirmişdir ki, cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini rədd etmişdir. Məhkəmə tərkibi bununla bağlı qeyd edir ki, iddiaçı bir tərəfdən cavabdehin maddi-məsul şəxs olaraq xx.xx.2022-ci il tarixdə aparılan inventarizasiyanın nəticəsi olaraq 1362,07 manat məbləğində zərər vurduğunu bildrisə də cavabdehi həmin inventarizasiya aktının tərtib edildiyi tarixdən sonra, yəni 09 mart 2022-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası) ilə deyil, 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndi (əmək müqaviləsi müddətinin bitməsi əsası) ilə işdən azad edir. Qeyd olunan hal isə iddiaçının iddia tələbinin cavabdehdən 1362,07 manat məbləğində zərərin tutulması hissəsində əsassız olmasını sübut edir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Laçın Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli, 2(047)-893/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli, 2(047)-893/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar