Məhkəmə qərarları › İş №2(106)-450/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-450/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-450/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçı X1, nümayəndəsi Nümayəndə3, vəkili və eyni zamanda nümayəndəsi Qanuni nümayəndə, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsindən (hakim E.İsmayılov) hər iki tərəfin verdiyi apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək 50000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 27 mart 2020-ci il tarixdə kürəkəni olan Cavabdeh ona ev alması məqsədilə 25000 (iyirmi beş min) manat məbləğində pul vermişdir. Həmin ilin aprel ayından başlayaraq 2022-ci ilin mart ayının sonunadək hər ay hissə-hissə əlavə 25000 (iyirmi beş min) manat da olmaqla, ümumilikdə 50000 (əlli min) manat pul vermişdir. Cavabdeh evi ala bilməyəcəyi təqdirdə pulu geri qaytaracağını bildirmişdir. Hər dəfə cavabdehdən evi alıb verməsini və ya ona verdiyi pulu qaytarmasını tələb edəndə, cavabdeh müxtəlif bəhanələr gətirərək ancaq vaxtı uzatmışdır. Bu barədə cavabdehin səs yazıları da vardır. Hazırda səhhəti ilə əlaqədar olaraq müalicə alır və öhdəliyində xəstə nəvəsi var. Bu səbəbdən də pula daha çox ehtiyacı var. Cavabdeh ondan aldığı pulu qaytarmadığına görə pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirib rədd olunmasını xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddianı qəbul etmir. İddiaçı tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Təqdim olunan səs yazıları isə sübut kimi qiymətləndirilə bilməz. Çünki onlar qanunsuz yolla əldə olunub. Həmin səs yazılarında isə iddiaçının şəxsən ona hər hansı məbləğdə pul verməsi təsdiq olunmur. İddiaçının qeyd etdiyi guya bir dəfəyə verdiyi 25000 manat pul məbləğini ona deyil, saxlamaq üçün qızı Nümayəndə3 vermişdir. Bu hal səs yazısında müəyyən olunur. Nümayəndə3 isə həmin pulu ona vermişdirsə, bu barədə sübut təqdim etsin. Bundan başqa iddiada qeyd olunan ikinci 25000 manat pulu da iddiaçı ona verməyib, kimə verməsini də bilmir. Sonradan iddiaçıdan eşitmişdir ki, o, Nümayəndə3 hansısa məbləğdə pul verib. Əgər qeyd olunan pul ona verilmişdirsə, bu barədə məhkəməyə sübut təqdim etsin. Ona görə də iddia olunan pullara görə cavabdehlik daşıya bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək rədd olunmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 25000 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək ləğv olunması, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tam və hərtərəfli araşdırılmadan çıxarılmış, maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur. Cavabdeh tərəfin məhkəmədə verdiyi yanlış və qərəzli izahahatları həqiqəti əks etdirmir və məhkəmə düzgün araşdırma aparmamışdır. Sözügedən pulu alması ilə bağlı iddiaçının əlində sübutlar və səsyazmalar olduğu halda, məhkəmə işə qərəzli yanaşmışdır. İddiaçı məhkəmədə verdiyi izahatlardada cavabdehin ona 50000 manat verəcəyinin olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutları hal hazırda yoxdur. Qətnamədən həmçinin cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, iddianın təmin olunan hissəsində qətnamənin ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş səs yazısına dair diskdəki məlumatlara istinad etmişdir. Lakin, məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatın səs yazısında olan məlumatlar ilə ziddiyyətlərini nəzərə almamışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, məhkəmənin iddianın təmin edilən hissədə gəldiyi nəticə əsassızdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunan səs yazıları sübut kimi qiymətləndirilə bilməz. Çünki, bu səs yazıları qanunsuz yolla əldə olunub. Həmin səs yazılarında isə iddiaçının şəxsən cavabdehə hər hansı məbləğdə pul verməsi təsdiq olunmur. İddiaçının qeyd etdiyi guya bir dəfəyə verdiyi 25000 manat pul məbləğini cavabdehə deyil, saxlamaq üçün qızı Nümayəndə3 vermişdir. Bu hal səs yazısında da müəyyən olunmaqla yanaşı, iddiaçının özünün məhkəmədə verdiyi izahatı və məhkəmə zalında iştirak etmiş Nümayəndə3 ifadəsi ilə təsdiq olunur. Nümayəndə3 isə həmin pulu cavabdehə verməyib, nəyə xərcləməsi və ya kimə verməsi məlum deyil. Əgər Nümayəndə3 həmin 25000 manatı cavabdehə vermişdisə, iddiaçı və ya Nümayəndə3 bu barədə məhkəməyə sübut təqdim etməli idi. Bundan başqa, iddia tələbində qeyd olunan ikinci 25000 manat pulu da iddiaçı cavabdehə verməyib və kimə verməsini cavabdeh bilməmişdir. Sonradan cavabdeh iddiaçıdan eşitmişdir ki, o, Nümayəndə3 hansısa məbləğdə pul verib. Əgər qeyd olunan pulu da cavabdehə vermişdisə, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də iddia olunan pullara görə Cavabdehlik daşıya bilməz. Səs yazılarından o da müəyyən olunur ki, ümumiyyətlə iddia olunan pul iddiaçıya deyil, onun qızı Nümayəndə2 məxsusdur. Ona görə də iddiaçının həmin pulu tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə işin bu halını da nəzərə almamışdır. Məhkəmə iddianı təmin edərkən cavabdehin qanunun hansı normasının tələblərini pozmasını qətnamədə əsaslandırmamışdır. Belə ki, cavabdeh iddiaçı qarşısında üzərinə heç bir öhdəlik götürməmiş və həmin öhdəliyin tələblərini pozmamışdır. Məhkəmə isə qətnamə qəbul edərkən məhkəmə iclasında müəyyən olunmayan hallara istinad etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən iddianın hər hansısa halının hansı faktlarla təsdiq olunmasını heç nə ilə əsaslandırmamışdır. Tərəfindən fatiki hallar məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə onları nəzərə almadan iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin əsassız olmasından dolayı təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh birinci dəfə verilən 25000 manat pulu şəxsən öz evində öz əlləri ilə vermişdir. Cavid həmin pulu sayması üçün oğluna vermiş, oğlu saydıqdan sonra 25000 manat olduğunu təsdiqləyib atasına vermişdir. Həmin pullar qızı Ülviyyəyə məxsus olsa da, Bakı şəhərindən onlar üçün ev alınması məqsədilə onun tərəfindən Cavidə verilmişdir. Ümumiyyətlə birinci 25000 manat məbləğində pul verilən zaman və sonrakı dövrlərdə ölkədə yayılan koronavirus səbəbindən Cavid ailəsi ilə birlikdə rayonda onların evində qalırdı. Birinci dəfə verilən 25000 manat pulu şəxsən əlbə-əl Cavidə versə də, sonradan 2 il ərzində hər ay 1000 manat pulu qızı Gülmirəyə vermişdir ki, Cavidə çatdırsın. Gülmirə də, həmin pulları Cavidə vermişdir. Səs yazılarından başqa sübutları yoxdur. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin əsassız olmasından dolayı təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, həqiqətən ölkədə yayılan koronavirus səbəbindən 2020-ci ilin yazından başlayaraq xeyli müddət əri Cavabdeh və övladları ilə birlikdə anasının yanında rayonda yaşamışlar. Hazırda Cavabdehlə ailə münasibətləri yoxdur, nikahları məhkəmə qaydasında pozulmuşdur. 2020-ci ilin mart ayının 27-də anası olan İddiaçı Bakı şəhərindən onlar üçün ev alması məqsədilə 25000 manat pulu şəxsən əri Cavabdeh vermişdir. Düzdür sonrakı dövrlərdə anası hər ay 1000 manat pulu ona verirdi, o isə öz növbəsində Cavidə verirdi. Hətta Caviddə bununla bağlı dəftər vardı ki, orada verilən pulların qeydiyyatını aparırdı. Sonrakı dövrlərdə anası tərəfindən hər-ay ona verilən 1000 manat məbləğində pulları Cavidə verməsini təsdiq edə biləcək başqa sübutları yoxdur. Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin əsassız olmasından dolayı təmin olunmamasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə1 tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin əsassız olmasından dolayı təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunaraq iddianın tam təmin olunmasını, cavabdeh isə iddianın təmin olunan hissəsində ləğv olunaraq tam rədd olunmasını xahiş edirlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının sübut kimi birinci instansiya məhkəməsində təqdim etmiş olduğu səs yazıları apellyasiya baxışı zamanı tədqiq edilmişdir. Tərəflər səs yazılarının mübahisə tərəflərinə aid olduğunu əvvəlcədən təsdiq etmişlər. Səs yazısı kimi təqdim olunan İddiaçı ilə Cavabdeh arasında baş tutmuş telefon danışığında sonuncu Ruxsarənin 27 mart 2020-ci il tarixində ona verdiyi 25000 manat pulun onda olduğunu və qaytaracağını bildirir. Səs yazısının 30-cu saniyəsində İddiaçı 2020-ci ilin aprel ayından başlayaraq 2 il ərzində hər ay 1000 manat olmaqla Cavidə əlavə 25000 manat pul verdiyini və bununla Cavidə verilən pulun miqdarının 50000 manat təşkil etdiyini bildirir, Cavid isə bununla razılaşmayaraq bəlkə 100000 vermisən deyir. İş materiallarıda olan şəkillər köçürülmüş disk görüntülənən zaman müəyyən olunur ki, iddiaçının qızı Nümayəndə2 ilə Cavabdeh arasında telefon yazışmaları olmuşdur. Həmin yazışmalarda göstərilir ki, Cavabdeh Nümayəndə2 pulu qaytarmaq üçün kart hesabı tələb etmişdir, Nümayəndə2 isə kart hesabının olmadığını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. "N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İddiaçı cavabdehə qarşı irəli sürdüyü 50000 manat məbləğində pul tələbinə dair iddiası üzrə birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu yeganə sübut aralarında baş tutmuş telefon danışığının səs yazısıdır. Səs yazısında cavabdeh iddiaçının onlar üçün Bakı şəhərindən ev alınması məqsədilə 27 mart 2020-ci ildə vermiş olduğu 25000 manat məbləğində pulun onda olduğunu etiraf edir və qaytaracağını bildirir. Səs yazısında 2020-ci ilin aprel ayından başlayaraq iddiaçı tərəfindən 2 il ərzində hər ay 1000 manat olmaqla cavabdehə əlavə 25000 manat məbləğində pulun verilməsi təsdiqini tapmır. İddiaçının özü də, məhkəmə baxışlarında həmin pulları bilavasitə cavabdehin özünə deyil, arvadı Gülmirəyə verdiyini bildirir. Gülmirə tərəfindən isə həmin pulların cavabdehə verilməsi iş materialları ilə təsdiqini tapmır, buna dair hər hansı bir mötəbər sübut təqdim edilmişdir. Odur ki, kollegiya sübutlar və sübutemtə yükünün bölüşdürülməsi baxımından iddia olunan 50000 manat pul məbləğindən 25000 manatın cavabdehə verilməsinin sübuta yetməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin mübahisəsiz müəyyən olunan faktiki hallarına əsasən tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələ münasibətlər formalaşmışdır. Belə ki, İddiaçı vəkalət verən olaraq cavabdeh vəkalət alan Cavabdeh (keçmiş kürəkəni) Bakı şəhərindən onlar üçün ev alması məqsədilə 27 mart 2020-ci il tarixdə 25000 manat məbləğində pul vermişdir. Qeyd edilən hal tərəflər arasında baş tutmuş telefon danışığının mətni ilə təsdiqini tapmışdır. Lakin vəkalət alan cavabdeh tapşırığı vicdanla icra etməli, vəkalət verənin haqlı mənafelərini müdafiə etməli olduğu halda vəzifəsini icra etməmiş, tapşırığın icrası ilə bağlı vəkalət verəndən aldığı pul vəsaitini qaytarmaqdan imtina edərək, əsassız varlanan şəxsə çevrilmişdir. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vəkalət alan olaraq varlanmaya haqq qazandıran qanuni əsas olmadan məhrum olan vəkalət verənin hesabına əmlak əldə etmişdir ki, əldə etdiklərini sonuncunun tələbi ilə qaytarmalıdır. İddiaçının pul vəsaitinin tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında baş tutmuş telefon danışığının mətninə əsasən cavabdehə verilən pulların İddiaçı deyil, onun qızı Nümayəndə2 məxsus olması müəyyən edilsə də, həmin pulların tapşırığın icrası ilə bağlı bilavasitə iddiaçı tərəfindən cavabdehə verilməsi, iddiaçının vəkalət verən kimi çıxış etməsi işin mübahisəsiz halıdır. Odur ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olması şübhə doğura bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, tərəflərin apellyasiya şikayətlərində gətirdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının vəkili, eyni zamanda nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar