Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-452/2023 25.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat, Cavabdeh3 2000 manat, Cavabdeh4 8450 manat maddi ziyan və ödənilmiş 128 manat dövlət rüsumu tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində olan payıbəli torpaq sahəsində təsərüffatla məşğul olmaqla ailəsini dolandırır. Ötən il qeyd olunan sahədə, eləcə də qohumlarına məxsus sahədə arpa əkmişdir. Lakin cavabdehlərə məxsus mal-qara nəzarətsiz qalaraq ötən ilin noyabr-dekabr aylarında arpa əkilmiş həmin sahəyə girib əkini tamamilə məhv etmişdir. Noyabr ayının 21-də Cavabdeh3 həmin sahədən nəzarətsiz qaydada götürüb gətirdiyi heyvanlarını ondan təhvil almışdır. Həmçinin Cavabdeh1 da həmin sahədə nəzarətsiz olan malını sonradan ona təhvil vermişdir. Bununla bağlı polisdə olan araşdırma zamanı Uğur Tamarov da ona məxsus malların əkin sahəsində olmasını etiraf etmişdir. Həmçinin cari ilin fevral ayının 24- də Cavabdeh4 çobanının ona məxsus əkin sahəsində xırda buynuzlu heyvanlarını otarmasını aşkar edib, bununla bağlı polisə şikayət etmişdir. Masallı Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı ona məxsus əkin sahəsində məhz cavabdehlərə məxsus mal-qaranın girməsi təsdiq olunmuşdur. Statiskanın məktubundan aydın olur ki, cari ildə 1 ha torpaq sahəsindən 21 sentiner arpa istehsal olunmuşdur. Masallı Bazar ASC-nin arayışından isə görünür ki, arpanın 1 kq-ı 50 qəpikdir. Bu isə onu göstərir ki, normal vəziyyətdə əkin əkdiyi 15 ha torpaq sahəsindən 31500 kq arpa məhsulu əldə edəcəkdi ki, onun da dəyəri 15750 manat təşkil edir. Lakin ərazidən cəmi hər hektara 440 kq olmaqla 6600 kq arpa məhsulu əldə etmişdir ki, onun da dəyəri 3300 manat təşkil edir. Bu isə əldə etdiyi məhsulla normal şəraitdə əldə etməli olduğu məhsulun arasında 24900 manat fərqin olmasını, başqa sözlə cavabdehlərin onu 12450 manat maddi ziyan vurmasını göstərir. Dəymiş ziyanı ödəməsi barədə cavabdehlərə dəfələrlə müraciət etsə də, onlar hazırkı vaxtadək ona dəymiş ziyanı könüllü ödəməmişlər. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdehlərin ona vurduqları maddi zərərə görə Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat, Cavabdeh3 2000 manat, Cavabdeh4 8450 manat pulun və ödənilmiş 128 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsi tələb olunur. İddiaçı iddianı müdafiə edərək bildirdi ki, özünün mülkiyyətində olan, eləcə də başqa şəxslərdən icarə əsasında istifadə etdiyi 15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər il taxıl məhsulu əkir. 2021/2022 mövsüm ilində də həmin sahəyə arpa toxumu əkmişdir. Taxıl sahəsini mütəmadi olaraq nəzarətdə saxlasa da, cavabdehlərin hərəkətlərinin qarşısı ala bilməmişdir. Hər dəfə sahəni yoxlamağa gələndə onların mal və qiyunlarının sahədə otlamasını görmüşdür. Bu hal bir neçə dəfə baş vermiş, ona görə də onların heyvanlarını tövləyə salmış, bu barədə polis şöbəsinə müraciət etmişdir. Belə ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 heyvanlarının sahəyə girməsi barədə polis şöbəsində izahatları alınmış, hətta Cavabdeh3 15 baş iribuynuzlu heyvanının təhvil verilməsi barədə akt tərtib edilmişdir. Cavabdehlərdən bəzilərini heyvanları sahəyə daha çox zərər vurmuşdur, ona görə də onlardan müxtəlif məbləğlərdə ziyan tələb edir. Cavabdeh1la Cavabdeh2 bir neçə baş olmuş, Cavabdeh3 isə 15 baş iribuynuzlu heyvanları olmuşdur. Cavabdeh4 isə 100 başdan çox qoyunu olmuşdur. Ona ən çox ziyan vuran da İlham olmuşdur. Cavabdeh4 çobanı qadın olmuş, həmin qadına dəfələrlə qoyunları sahəyə salmamasını bildirsə də, qadın onu təhqir etmiş, onu şərlədiyini bildirmiş, ona görə də qoyunları tövləyə sala bilməmişdir. Bütün bunlarla əlaqədar kənd ərazi nümayəndəliyinə, bələdiyyəyə, X16 məlumat vermiş, mütəxəssislər sahəyə baxış keçirmiş və nəticəsi barədə akt tərtib edilmişdir ki, taxıl sahəsində iribuynuzlu və xırdabuynuzlu heyvanlar otarılmışdır, bu da gələcəkdə məhsul yığımına təsir edəcəkdir. Məhsul yığımı vaxtı bələdiyyə sədri iştirak etmiş, hər hektardan orta hesabla 440 kq məhsul yığılmışdır. Onun sahəsinə başqa şəxslərin də heyvanları girmiş, lakin onlar sonradan heyvanlarına nəzarət etmişlər. Lakin adlarını qeyd etdiyi cavabdehlər onun sözlərinə əhəmiyyət verməmişlər, dəfələrlə heyvanlarını nəzarətsiz buraxmışlar, bu səbəblə də ona dəymiş maddi ziyanı həmin şəxslərdən tələb edir. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirimişdir ki, onun təsərrüfatında 180 baş qoyunu və qoyunları otarmaq üçün də özünün torpaq sahəsi vardır. İddiaçı əkin sahəsinə onun heyvanları girməmişdir. Bu barədə onunla dəfələrlə söhbətləri olmuşdur. Sakitin onunla ədavəti olduğundan ona şər və böhtan atır. Sakit onun heyvan sürüsünün arpa sahəsinə girməsini heç vaxt görməmişdir, ehtimalla deyir ki, qonşu ərazidə qoyun otarıldığına görə, onun da sahəsi otarılır. Ona dəymiş ziyanda özünü təqsirli bilmir, odur ki, özünə münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab edir. Cavabdeh3 məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək, sərhəd xidmətində xidmət etdiyini, ona görə məhkəmə iclasında iştirak edə bilmədiyini, təsərrüfatında olan heyvanları ailə üzvləri və qardaşı Sadiq Fətullayev saxlayır. xx.xx.2021-ci il tarixdə qardaşı Sadiqin ona zəng vuraraq İddiaçı ona məxsus mal-qaranı əkin sahəsinə girməsi əsası ilə tövləyə salmasını, 500 manat müqabilində buraxacağını bildirməsini, bununa əlaqədar DİN-nin 102 çağrı mərkəzinə zəng vurmasını, bundan sonra heyvanlarını almasını, İddiaçı ondan pul almaq istəməsini, heyvanlarının Sakitin əkin sahəsinə girmədiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim:H.Bəhmənov), iddianın qismən təmin edilməsi, Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat, Cavabdeh3 2000 manat pul və dövlət rüsumuna görə isə 60 manat onlardan müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddianın Cavabdeh4 8450 manat pul tələbinə münasibətdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ayrı ayrılıqda apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Cavabdehlər ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətində qeyd etmişdirlər ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarına riayət etməmiş nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edərək, iddianın Cavabdeh4 münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsi ondan ziyana görə pul tələbini təmin edərkən, həqiqətən də onun heyvanlarının iddiaçıya məxsus əkin sahəsinə girib-girməməsi nəzərə almamışdır. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ona münasibətdə ləğv edilməsi və iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsi ondan ziyana görə pul tələbini təmin edərkən nəzərə almamışdır ki, iddiaçı tərəfindən cavabdehə məxsus heyvanların iddiaçının əkin sahəsinə girməsi sübuta yetirilməmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ona münasibətdə ləğv edilməsi və iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Cavabdehlər ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətində qeyd etmişdirlər ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarına riayət etməmiş nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ona münasibətdə ləğv edilməsi və iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Mülki iş üzrə apellyasiya şikayətiləri ilə əlaqədar etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edərək, iddianın Cavabdeh4 münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 apellyasiya icraatı zamanı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsini ona münasibətdə təmin edilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya icraatı zamanı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsini ona münasibətdə təmin edilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsini ona münasibətdə təmin edilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh4 apellyasiya icraatı zamanı məhkəmə kollegiyasından ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsini İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının vurmuş olduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edərkən, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 münasibətdə işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq etsə də, lakin Cavabdeh3 münasibətdə isə işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmiş, bununla da qətnamənin həmin hissədə apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir Belə ki, Masallı RİHB-nin Viləş kənd İnzibati Ərazi Dairəsi X19 Ələmov, Masallı RİHB-nin Viləş kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin müavini Fəxrəddin Rüstəmov, Viləş kənd sakini İddiaçı və Qədirli kənd sakini Cavabdeh3 tərəfindən təsdiq olunmuş 21 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Viləş kənd sakini İddiaçı bildirdiyinə görə ona məxsus taxıl sahəsindən, Qədirli kənd sakini Cavabdeh3 məxsus 15 baş mal-qaranı tutub aparmışdır. Halhazırda həmin 15 baş mal-qara İddiaçı tövləsindədir. 15 baş mal-qara onların iştirakı ilə sayılıb Qədirli kənd sakini Cavabdeh3 təhvil verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Viləş kənd bələdiyyəsinin sədri X15 göstərmişdir ki, İddiaçı həmkəndlisidir, ohər il özünün və digər şəxslərdən icarəyə götürdüyü torpaq sahəsində taxıl məhsulu əkir. 2021-2022-ci mövsüm ili üçün arpa əkmişdir. 2021-ci ilin payız aylarından etibarən İddiaçı ona dəfələrlə bildirmişdir ki, əkin sahəsi otarılır, tədbir görülməsini xahiş etmişdir. Hətta Cavabdeh3 adlı şəxsin 15 baş iribuynuzlu heyvanını tövləyə salmış, həmin heyvanların sahibinə təhvil verilməsində iştirak etmiş və bu barədə akt tərtib edilmişdir. 2022-ci ilin iyun ayında məhsul yığımı vaxtı İddiaçı xahişi ilə 1hektar ərazinin biçilməsi zamanı orada olmuş, həmin ərazidən biçilən arpa çəkilmiş və 440 kq olması müəyyən edilmişdir. Qalan sahədə eyni vəziyyətdə olduğuna görə, digər sahənin biçimində iştirak etməmişdir. Təsdiq edir ki, Cavabdeh1, Cavabdeh2 da heyvanlarını Sakit tövləyə salmış, lakin onlar özləri heyvanları Sakitdən təhvil almışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Masallı DAİM-nin bitkiçilik sektorunun müdiri X11 və həmin idarənin bitkiçilik sektorunun baş məsləhətçisi X1 göstərmişdir ki, - Viləş kənd sakini İddiaçı onun əkin sahəsinin həmkəndlilərinin heyvanları tərəfindən məhv edilməsi barədə məlumat vermiş və bu səbəblə 15 hektar sahəsininhamısına baxış keçirilmişdir. Sahə dar və uzun olduğuna görə baxış keçirmək asan olmuşdur. Baxış zamanı əkinin heyvanlar tərəfindən əzilərək yararsız vəziyyətə salınması aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Onlar sahəyə baxış keçirərkən həmin sahədə iri və xırdabuynuzlu heyvanların sahəyə girməsi müəyyən edilmişdir. Bir mütəxəssis kimi deyə bilərlər ki, baxdıqları vəziyyətdə məhsuldarlığın 30-40 faiz aşağı düşməsi gözlənilən idi. Lakin onlar həmin vaxt 20 faiz yazmışlar. Ona görə də həmin vəziyyətdə hər hektardan orta hesabla 440- 450 kq məhsul görürülməsi mümkündür. İş materiallarına əlavə olunmuş Masallı RPŞ-nin 27 dekabr 2021-ci il tarixli məktubundan və arayışından görünür ki, İddiaçı ona məxsus 15 ha torpaq sahəsində əkdiyi arpa bitkisinin Masallı rayon Qədirli kənd sakini Cavabdeh2 məxsus 5 baş iribuynuzlu heyvanların daxil olması səbəbindən ziyan dəyməsi ilə müraciəti ilə əlaqədar olaraq, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə olunmuş Masallı RPŞ-nin 14 yanvar 2022-ci il tarixli məktubundan və arayışından görünür ki, İddiaçı ona məxsus 15 ha torpaq sahəsində əkdiyi arpa bitkisinin Masallı rayon Qədirli kənd sakinləri Sadiq Fətullayev, Zaur Tomarov, Elman Eynalov və Cavabdeh1 təsərrüfatlarında saxladıqları heyvanların daxil olması səbəbindən ziyan dəyməsi ilə müraciəti ilə əlaqədar olaraq, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə olunmuş Masallı RPŞ-nin 07 mart 2022-ci il tarixli məktubundan və arayışından görünür ki, İddiaçı ona məxsus 15 ha torpaq sahəsində əkdiyi arpa bitkisinin Masallı rayon Qədirli kənd sakinləri Cavabdeh2 və Cavabdeh4 təsərrüfatlarında saxladıqları heyvanların daxil olması səbəbindən ziyan dəyməsi ilə müraciəti ilə əlaqədar olaraq, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə olunmuş 07 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Masallı rayon Qədirli kənd sakini Cavabdeh1 bir neçə gün əvvəl itirdiyi ona məxsus 4 baş camış balasının Masallı rayon Viləş kənd sakini İddiaçı tərəfindən tutularaq saxlanılması və Sakitin ona heyvanları qaytarması müqabilində pul tələb etməsi barədə şikayəti üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin heyvanlar İddiaçı əkin sahəsinə girərək onun əkininə ziyan vurması səbəbindən Sakit heyvanları tutmuş və Cavabdeh1 ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. İş materiallarında olan Cavabdeh1 Masallı rayon polis şöbəsində vermiş olduğu izahatından görünür ki, o, Sakit adlı şəxsin 2 baş inəyini əkin sahəsinə girməsinə görə saxladığını, mallarının bir daha sahəyə girməməsinə söz verməsini bildirmişdir. İş materiallarında olan Cavabdeh2 Masallı rayon polis şöbəsində vermiş olduğu izahatından görünür ki, uzun müddət əvvəl onun mal-qarasının Sakit adlı şəxsin əkin sahəsinə girməsinə görə saxladığını, mallarının bir daha sahəyə girməməsinə söz verməsini bildirmişdir. İş materiallarında olan Masallı DAİM Bitkiçilik sektorunun müdiri Nazim Şahbazov, Masallı DAİM bitkiçilik sektorunun baş məsləhətçisi Məhərrəm İbrahimli, Masallı RİHB-nin Viləş kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin müavini Fəxrəddin Rüstəmov və Viləş kənd sakini İddiaçı tərəfindən təsdiq olunmuş 24 fevral 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Masallı RPŞ-nə müraciət edərək icarəyə götürüb əkdiyi 15 ha arpa sahəsinin heyvanlar tərəfindən ziyan dəyməsini bildirmiş və ziyanın müəyyən edilməsi köməklik edilməsini xahiş etmişdir. sahəyə baxış keçirilmiş, 15 ha sahə başdan-başa gəzilərək baxılmıdır. Məlim olmuşdur ki, sahə iri və xırda buynuzlu heyvanlar tərəfindən otarılmış, yeyilmiş və tapdalanaraq yararsız hala salınmışdır. Sahədə qoyun və mal peyinlərinə rast gəlinmişdir. Heyvanlar tərəfindən vurulan ziyan gələcəkdə (məhsul yığımı vaxtı) məhsuldarlığı 20 faiz aşağı salınacaqdır. İş materiallarında olan "xxxx" ASC-nin 04 avqust 2022-ci il tarixli arayışından görünür ki, hazırda buğdanın qiyməti keyfiyyətindən asılı olaraq dəyişir. Orta bazar qiyməti isə 1 kq buğda üçün 50 qəpik təşkil edir. İş materiallarında olan Dövlət Statistika Komitəsi Masallı Rayon Statistika İdarəsinin 02 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Masallı rayonu Viləş kəndi ərazisində 2022-ci ildə 1.0 hektardan orta hesabla 21 sentner arpa məhsulu istehsal olunmuşdur. İş materiallarında olan Masallı DAİM-nin 07 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, 2022-ci il məhsul mövsümündə arpa bitkisinin orta məhsuldarlığı hektara 22.1 sentner olmuşdur. İş materiallarında olan Viləş Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, 08 iyun 2022-ci il tarixində İddiaçı 15 ha əkdiyi arpa sahəsində 1 hektarına 440 kq arpa məhsulu götürülmüşdür. Aktın doğruluğu Elmar Məmmədov, Fəxrəddin Rüstəmov, İddiaçı, Hüseyn Xankişiyev, Həsrət Ağayev və Xanbacı Eyvazov tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan JN-0092 Kod 80511018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında İddiaçı ailə üzvləri ilə birlikdə 1.95 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0095 Kod 80511018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında X2 ailə üzvləri ilə birlikdə 2.38 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0086 Kod 80511018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında X7 ailə üzvləri ilə birlikdə 3.35 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-291 Kod 80511018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında X8 ailə üzvləri ilə birlikdə 1.37 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0091 Kod 80511018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında X6 ailə üzvləri ilə birlikdə 2.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0096 Kod 80511018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında X3 ailə üzvləri ilə birlikdə 2.40 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-292 Kod 80511018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında X4 ailə üzvləri ilə birlikdə 3.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0094 Kod 80511018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında X10 ailə üzvləri ilə birlikdə 2.32 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 15 ha səhədən əldə ediləcək arpa məhsulu 2022-ci il (mövsüm üçün) tarixə 6600 kq olduğu halda- 2640.00 manat, 31500 kq olduğu halda- 12600.00 manat, 47250 kq olduğu halda – 18900 manat təşkil edər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı 2021/2022 mövsüm ili üçün 15 hektar sahəyə arpa toxumu əkmiş, həmin sahəyə müxtəlif şəxslərin iribuynuzlu və xırdabuynuzlu heyvanları daxil olmuş, əkinə ciddi ziyan vurmuş və bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur. Mübahisəli hal iddiaçıya dəyən ziyanın məhz cavabdehlərin qanuna zidd hərəkəti nəticəsində əmələ gəlməsinin müəyyən olunması və tələb olunan ziyan məbləğlərinin təqsirin dərəcəsinə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya qeyd edir ki, göstərilən maddələrin dispozisiyasına əsasən mülki hüquq pozuntusunun tərkibinin olması üçün, mülki-hüquqi məsuliyyətin törədilmiş əməlin hüquqa zidd olması, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər vurulması, zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması və hüquq pozanın təqsirinin olması ümumi şərtləri mövcud olmalıdır. Məhkəmə kollegiyası göstərilən maddələrin ümumi şərtlərini hazırkı mülki mübahisə ilə müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, cavabdehlərdən Anar Ağayev, Cavabdeh2 və Şahsufar Fətullayevin təqsirli hərəkətləri ilə dəymiş ziyan arasında səbəbləri əlaqə mövcuddur. Prosessual tələblər baxımından iddiaçı onların təqsirli hüquqa zidd dərəcəsinə uyğun maddi ziyan vurmalarını sübut etməldir. Məhkəmə kollegiyası aşağıdakılara görə iddianı cavabdehlər Anar Ağayev, Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslı hesab edir: Anar Ağayev və Cavabdeh2 hər birinin bir neçə baş, Cavabdeh3 isə 15 baş iribuynuzlu heyvanları olmuşdur. Həmin heyvanların İddiaçı tərəfindən tövləyə salınması və sonradan buraxılması sübuta yetmişdir. Məhkəmə bu barədə polis şöbəsində ilkin araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 verdiklər izahatlarını, həmçinin heyvanların Cavabdeh3 təhvil verilməsi barədə aktı mötəbər sübut kimi qəbul etmişdir. İddiaçı heyvanların bir neçə dəfə sahəyə girməsini qeyd edir və məhkəmə bu halı inandırıcı hesab edir. Çünki iddiaçı başqa şəxslərin də heyvanlarının sahəsinə girməsini bildirmiş, lakin onlar sonradan heyvanlarını nəzarətsiz saxlamamışlar. Ona görə də, məhz heyvanların dəfələrlə nəzarətsiz qalması nəticəsində sahəyə ziyan vurmaları ilə bağlı cavabdehlərə qarşı iddia irəli sürülmüşdür. Həmçinin şahid ifadələrindən və tərtib edilmiş aktlardan, eləcə də məhsul yığımı ilə bağlı Masallı rayon Statistika İdarəsinin məktublarından göründüyü kimi, normal halda 15 hektar sahədən İddiaçı ən azı 31,5 ton arpa məhsulu götürməli idi. Həmin məhsulun da orta bazar qiyməti 0,50 qəpikdən 16750 manat təşkil edir. Faktiki olaraq isə hər hektara 440 kq, cəmi 6,6 ton məhsul götürülmüşdür ki, bunun da dəyəri 3300 manat təşkil edir. Göründüyü kimi iddiaçının əldə etdiyi məhsul onun gözlədiyindən 4,7 dəfə azdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Anar Ağayev və Cavabdeh2 bir neçə baş Cavabdeh3 isə 15 baş iribuynuzlu heyvanların sayına görə iddiaçının Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq hər birindən 1000 manat, Cavabdeh3 isə 2000 manat tələb etməkdə haqlı olmuşdur. X25 və Cavabdeh2 özlərinin polis idarəsində verdiyi izahatlarında bu faktı etiraf edərək, izahatlarında onlara məxsus mal-qaranın nəzarətsiz qalması səbəbindən İddiaçı məxsus arpa sahəsinə girmiş, bir daha heyvanlarını nəzərətsiz buraxmayacaqlarına söz vermişlər. O, ki, qaldı digər Cavabdeh3 15 baş iribuynuzlu heyvanlarının iddiaçıya məxsus arpa sahəsinin otarılması nəticəsində ziyan vurmaya, bu fakt iddiaçının şikayəti əsasında bələdiyyə sədrinin iştirakı ilə Şahsuvara məxsus iribuynuzlu heyvanların arpa sahəsində olması səbəbindən həmin mallar iddiaçıya məxsus tövləyə salınmış və bu bələdiyyə sədrinin iştirakı ilə baş vermiş, bu barədə müvafiq akt tərtib olunmuş, sonradan isə heyvan sahiblərinə polisin iştirakı ilə təhvil verilmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə qismən razılaşır və hesab edir ki, məhkəmə Anar Ağayev və Cavabdeh2 münasibətdə düzgün nəticəyə gəlsə də Cavabdeh3 münasibətdə düzgün nəticəyə gəlməmişdir. Bununla da qətnaməni Cavabdeh3 aid hissəsində dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, 15 ha səhədən əldə ediləcək arpa məhsulu 2022-ci il (mövsüm üçün) tarixə 6600 kq olduğu halda- 2640.00 manat, 31500 kq olduğu halda- 12600.00 manat, 47250 kq olduğu halda – 18900 manat təşkil edər. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat, Cavabdeh3 2000 manat, Cavabdeh4 8450 manat maddi ziyan tələb etmişdir. İddiaçı tərəfindən məhz tələb olunan maddi ziyan ekspert rəyində göstərilən məbləğlə uyğun olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh4 qarşı 8450 manat ziyan tələbinə münasibətdə qeyd edir ki, onun maddi ziyan vurması sübuta yetmir. Belə ki, digər cavabdehlərin heyvanların sahəyə zərər vurması özlərinin polis şəbəsində olan izahatları, tərtib edilmiş aktla müəyyən olunsa da, Cavabdeh4 etirafedici izahatı olmamış, həmçinin onun heyvanlarından saxlanılmamışdır. Bundan başqa Cavabdeh4 heyvanlarına nəzarət üçün çobanının olması göstərir ki, qoyun sürüsünün nəzarətsiz qalması ehtimalı da, azdır. Ona görə də ona qarşı tələb əsassız hesab olunmalıdır. Birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə iddia tələbini təmin edərkən onun 15 baş iribuynuzlu heyvanlarının iddiaçıya məxsus arpa sahəsinin otarılması nəticəsində ziyan vurmaya, bu fakt iddiaçının şikayəti əsasında bələdiyyə sədrinin iştirakı ilə Şahsuvara məxsus iribuynuzlu heyvanların arpa sahəsində olması səbəbindən həmin mallar iddiaçıya məxsus tövləyə salınmış və bu bələdiyyə sədrinin iştirakı ilə baş vermiş, bu barədə müvafiq akt tərtib olunmuş, sonradan isə heyvan sahiblərinə polisin iştirakı ilə təhvil verilməsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsində yəni Cavabdeh4 münasibətdə iddiaçıya maddi ziyan vurması sübuta yetirilmir. Bu hissədə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi mövqeyi qanuni və əsaslı olmuşdur. Cavabdehlər Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat tələb etməkdə iddiaçı haqlı olmuş və həqiqətən də sonuncuların İddiaçı maddi zərər vurması sübuta yetirilməsini kollegiya nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Digər Cavabdeh3 münasibətdə isə qeyd edilməlidir ki, cavabdehin 15 baş iribuynuzlu heyvanının olması heç də, onun tərəfindən iddiaçıya 2000 manat ziyan vurmasının sübutu kimi qəbul edilə bilməz. Belə ki, işin mübahisəsiz halıdır ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçı maddi ziyana məruz qalmış, lakin məruz qaldığı maddi ziyanın məbləğinin cavabdehlər arasında bölüşdürülməsini öz istəyi ilə müəyyən etmiş, nəticədə Cavabdeh4 8450 manat, Cavabdeh2 1000 manat, Cavabdeh1 1000 manat, Cavabdeh3 isə 2000 manat tələb etmiş, bu cür bölüşdürülmənin əsaslarını tələbində göstərməmiş, birinci instansiya məhkəməsi də, bu hal üzrə aydınlaşdırma aparmamışdır. Lakin apellyasiya icraatı zamanı iddiaçıdan cavabdehlər Anar və Uğurdan hər birindən 1000 manat tələb etdiyi halda, Cavabdeh3 2000 manat tələb etməsinin səbəbləri soruşulduqda o, bunu cavablandıra bilməmişdir. Halbuki iddiaçı iddia tələbinin əsaslarını məhkəməyə bildirməyə borcludur. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələblərinin bölünən olması, o, anlama gəlmir ki, iddiaçı cavabdehlər tərəfindən eyni üsulla vurulmuş zərəri müxtəlif məbləğlə tələb etsin, düzdür iddiaçı cavabdehlərdən vurulmuş ziyanın məbləği həddində tələb irəli sürə bilər, lakin bu halda iddiaçı sübut etməlidir ki, həqiqətən cavabdeh məhz iddia olunan məbləğdə ona ziyan vurmuşdur, iş materiallarında bu barədə hər hansı bir sübut mövcud deyil. Cavabdeh3 haqlı olaraq apellyasiya şikayətinin dəlillərində iddiaçıya vurulmuş ziyanın aradan qaldırılması üçün tələbin məhz ona digər cavabdehlərdən fərqli məbləğ tələb etməsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirmə aparmamaqla gəlinən nəticəni qanunsuz hesab edir. Kollegiya Cavabdeh3 bu dəlili ilə razılaşır və hesab edir ki, Cavabdeh3 tutulan 2000 manat, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. Odur ki, kollegiya tərəflərin hüquqlarına xələl gətirmədən ədalətlik baxımından Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətini qismən əsaslı hesab edir və Cavabdeh3 münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilən hissədə dəyişdirilərək vurulmuş ziyanın məbləği kimi 1000 (min manat) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermiş olduqları apellyasiya şikayətinin dəlillərində qeyd edirlər ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarına riayət etməmiş nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə məcmu halında qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Prosessual hüquq normalarının pozuntusu dedikdə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində nəzərdə tutulan pozuntular nəzərdə tutular. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hal-hazırkı mülki işdə yuxarıda sadalanan pozuntular müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, digər Cavabdeh4 qanuna zidd hərəkətləri olsada bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və ona münasibətdə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin nə birinci instansiya məhkəməsi icraatı zamanı nə də apellyasiya icraatı zamanı iddiaçı tərəfindən Cavabdeh4 qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya ziyan vurmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 2000 manat pul alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək həmin hissədə iddia qismən təmin edilməli yəni Cavabdeh3 1000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Qətnamə qalan hissədə dəyişdirilməməli, İddiaçı və Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat, Cavabdeh3 1000 manat pul olmaqla iddiaçıya verilməsi qət edilmişdir. Göründüyü kimi, iddia tələbi bölünən tələb olduğundan və cavabdehlərə münasibətdə qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğundan cavabdehlər kassasiya şikayəti verə bilməzlər. İddiaçı tərəfdən qətnamənin təmin olunan hissəsində yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verə bilməz. İddiaçı qətnamənin təmin olunmayan hissəsindən yəni Cavabdeh4 8450 manat alınıb ona verilməsi hissəsində qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan çox olduğundan həmin hissədən kassasiya şikayəti verə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh3 2000 manat pul alınaraq İddiaçı ödənilməsi hissəsində dəyildirilsin. Cavabdeh3 1000 (bir min manat) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-452/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-452/2023
25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver