Məhkəmə qərarları › İş №2(106)-452/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-452/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-452/2025 04.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X13, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh "xxxx" ASC-nin X6 İstismarı İdarəsinə qarşı zəbt olunmuş daşınmaz əmlakdan çıxarılma, həmin əmlakın geri qaytarılıb təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X6 İstismarı İdarəsinin İmişli rayonu, Qaradonlu kəndində yerləşən ona məxsus eni 12 metr, uzunluğu 22 metr və ümumi sahəsi 100 x 88 metr olan 8 otaqdan ibarət daşınmaz əmlakdan çıxarılmasını, həmin əmlakın geri qaytarılaraq ona təhvil veilməsini, 12000 manat pulun, ödənilmiş 126 manat dövlət rüsumunun və hüquqi xidmət haqqı olaraq köçürülmüş 320 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: "xxxx" Kommersiya Bankı ASC ilə İmişli rayonu, “Qaradonlu” İstehlak Cəmiyyəti arasında 1995-ci ildə bağlanmış, kredit məbləğinin vaxtında geri qaytarılmaması səbəbindən "xxxx" Kommersiya Bankı ASC məhkəməyə müraciət etmiş və xx.xx.1998-ci il tarixində Azərbaycan Respublikası İqtisad Məhkəməsi tərəfindən 80.284.203 manat borcun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmışdır. Lakin cavabdehin hesabında kifayət qədər vəsait olmadığından icra üsulu dəyişdirilmiş, İmişli Rayon Ədliyyə Polisi “Qaradonlu” İstehlak Cəmiyyətinin əmlakına həbs qoyulması və hərrac yolu ilə satılaraq borcun ödənilməsi barədə əmr verilmişdir. xx.xx.1999-cu il tarixli akta əsasən “Qaradonlu” İstehlak Cəmiyyətinə məxsus həyətyanı sahəsi 100 x 88 metr olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş bina tələbkar tərəf olaraq "xxxx" Kommersiya Bankı ASC-yə təqdim edilmiş və borcun əvəzinə onun mülkiyyətinə verilmişdir. "xxxx" Kommersiya Bankı ASC ləğv olunan zaman ondan başqa digər təsisçilər nizamnamə kapitalında onlara məxsus olan paylarını geri aldıqlarından ASC ləğv olunarkən yeganə hüquqi varisi kimi tanınmışdır. "xxxx" Kommersiya Bankı ASC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2009-cu il tarixli qərarına əsasən Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 metr olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş bina onun mülkiyyətinə verilmişdir. X6 İstismarı İdarəsi 2015-ci ildən İmişli rayonu, Qaradonlu kəndində yerləşən və ona məxsus olan həmin daşınmaz əmlakı zəbt etmiş və hazırda faktiki olaraq ondan istifadə edir. Nəticədə onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı tərəfindən dəfələrlə X6 İstismarı İdarəsinə yazılı müraciətlər olunsa da bu günə qədər heç bir nəticəsi olmamışdır. Onun tərəfindən icarə müqaviləsi bağlanması da təklif olunmuş, lakin qarşı tərəf bununla da razılaşmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsi Cəlilağa Hüseynov vasitəsilə ona hər ay 200-300 manat aralığında icarə haqqı ödənilmişdir. Bu ödəniş 2020-ci ilin may ayına qədər davam etmiş, lakin sonradan dayandırılmışdır. Həmin əmlakın zəbt olunması nəticəsində 4 il ərzində həmin əmlakı icarəyə verərək 12000 manat gəlir əldə etmək hüququndan məhrum olunmuşdur. Sonra iddiaçı tələbini dəqiqləşdirmiş, cavabdehin eni 12 metr, uzunluğu 22 metr və ümumi sahəsi 100 x 88 metr olan 8 otaqdan ibarət daşınmaz əmlakdan çıxarılmasını, həmin əmlakın geri qaytarılaraq ona təhvil veilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində yazılı etirazında cavabdeh iddianı əsassız hesab edərək onun rədd edilməsini xahiş etmiş və etirazını aşağıdakı kimi əsaslandırmışdır: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin “Təsərrüfatlararası kollektorların və onların üzərindəki meliorativ nasos stansiyalarının istismarının daha da təkmilləşdirilməsi tədbirləri haqqında” 11 aprel 1995-ci il tarixli 29 nömrəli əmrinə əsasən keçmiş Suvarma Sistemləri İdarəsinin Qaradonlu bazasında X6 İstismarı İdarəsi yaradılmışdır. İdarə yaradıldığı gündən Qaradonlu kəndində yerləşən inzibati binada fəaliyyət göstərir. Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kadastr şöbəsi tərəfindən tərtib edilmiş keçmiş X19 İdarəsi üzrə suvarma sistemlərinin pasportlaşdırılması barədə sənədlərdə 1990-cı ildən idarənin 1949-cu ildə inşa edilmiş binada fəaliyyət göstərməsi qeyd olunmuşdur. Bundan başqa, İmişli rayonu Qaradonlu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışında Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən 1995-ci ildə yaradılmış X6 İstismarı İdarəsinin 1995-ci ildən Suvarma Sistemləri İdarəsinin Qaradonlu kəndində yerləşən keçmiş idarə binasında yerləşdiyi və fəaliyyət göstərdiyi təsdiq edilmişdir. 1995-ci ildən X6 İstismarı İdarəsinində işləyən X32, X14, X15, X16, X22, X33, X21, X23, X3, X2, X10. X1, eləcə də sonrakı illərdə həmin idarədə işləyən X28, X7 və qeyriləri tərəfindən notarial qaydada təsdiq olunmuş ərizə-izahatlarında idarənin Qaradonlu kəndində keçmiş Suvarma Sistemləri İdarəsinin yerləşən binada fəaliyyət göstərdiyini və həmin binada başqa təşkilatların yerləşmədiyini bildirmişlər. Qeyd edilir ki, sözügedən inzibati bina Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Komitəsinin X19 İdarəsinin balansında olmuşdur və dövlət əmlakıdır. Dövlətə məxsus olan bu əmlakın istər Meliorasiya və Su Təsərrüfatı Komitəsi, istərsə də Azərbaycan Meliorasiya və X39 Səhmdar Cəmiyyəti, nə də Suvarma Sistemləri İdarəsi tərəfindən hər hansı bir təşkilata, o cümlədən “Qaradonlu” İstehlak Cəmiyyətinə satılması və ya icarəyə verilməsi barədə sənəd mövcud deyildir. 1995-ci ildən sonrakı illər ərzində sözügedən binanın kommunal xərcləri, o cümlədən elektrik enerjisinin istifadəsinə görə ödənişlər X6 İstismarı İdarəsi tərəfindən edilmişdir. Yuxarıda qey olunanlar X6 İstismarı İdarəsininin yerləşərək fəaliyyət göstərdiyi bina və torpaq sahəsinin “Qaradonlu” İstehlak Cəmiyyətinə heç bir aidiyyətinin olmadığını əyani şəkildə əks etdirir. İddiaçının məhkəmələrə təqdim etdiyi müraciətlərində, eləcə də məhkəmə araşdırmaları zamanı sözügedən bina və torpaq sahəsi üzərində “Qaradonlu” İstehlak Cəmiyyətinin mülkiyyət hüququnun olmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Belə bir sənəd iddiaçının hazırkı iddia ərizəsinə də əlavə edilməmişdir, çünki belə bir sənəd heç vaxt mövcud olmamışdır. İddiada sözügedən daşınmaz əmlakın ölçüləri- həyətyanı sahə 100X88 metr, yəni 0.88 ha. inzibati bina isə 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş bina kimi göstərilmişdir. Hazırda İmişli rayonunun Qaradonlu kəndi ərazisində fəaliyyət göstərən dövlətə məxsus olan X6 İstismarı İdarəsinin yerləşdiyi inzibati binanın və həyətyanı torpaq sahəsinin ölçüləri 0.4187 ha. binanın eni 10,20 metr, uzunluğu 15,40 metr təşkil edir, bina daşdan deyil, çiy torpaq kərpicindən 1949-cu ildə inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********14 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X6 İstismarı İdarəsininin yerləşdiyi torpaq sahəsi və üzərində yerləşən tikililər daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmamışdır. X6 İstismarı İdarəsini tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilərək idarənin yerləşdiyi və fəaliyyət göstərdiyi inzibati binanın və həyətyanı torpaq sahəsinin dövlət əmlakının Registrində qeydiyyata alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, nə “'Qaradonlu” İstehlak Cəmiyyətinin nə də “Həbib" Kommersiya Bankı ASC-nin təsisçisi İddiaçı sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən heç bir rəsmi sənəd mövcud deyil. Ona görə də İddiaçı tələbinin heç bir hüquqi əsası olmadığına görə onun iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən “Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İmişli Rayon Məhkəməsinin (hakim T.Quliyev) 09 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin X6 İdarəsi İddiaçı məxsus olan İmişli rayonu, Qaradonlu kəndində yerləşən eni 12 metr, uzunluğu 22 metr və ümumi sahəsi 100x88 metr olan 8 otaqdan ibarət daşınmaz əmlakdan çıxarılması və həmin əmlakın geri qaytarılaraq İddiaçı təhvil verilməsi, hüquqi xidmət haqqı olaraq ödənilmiş 320 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-nin X6 İdarəsindən tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126 manat dövlət rüsumunun 100 manat hissəsi cavabdeh X6 İdarəsindən alınıb İddiaçı verilməsi və qalan hissəsi iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC-nin X6 İstismarı İdarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" ASC-nin X6 İstismarı İdarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə tərəfindən “müəyyən olunmuş” hallar mötəbər sübutlara deyil, iş üzrə aid olmayan “sübutlarla” təsdiq edilmişdir. Məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırmamış, bununla bağlı ondan hər hansı sübut tələb etməmişdir. Məhkəmə mübahisə predmetinə dair əmlak barədə işin hallarına ümumiyyətlə qiymət verməmiş və qəbul etdiyi qanunsuz qətnaməsinə don geyindirmək məqsədilə belə nəticəyə gəlmişdir ki, guya xx.xx.1999-cu il tarixli akta əsasən “Qaradonlu” İstehlak Cəmiyyətinə məxsus həyətyanı sahəsi 100x88 metr olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş bina tələbkar tərəf olaraq "xxxx" Kommersiya Bankı ASC-yə təqdim edilmiş və borcun əvəzinə iddiaçının mülkiyyətinə verilmişdir. Lakin məhkəmənin gəldiyi nəticə heç bir mötəbər sübuta söykənmir və məhkəmənin subyektiv mülahizəsindən ibarətdir. İzahatlar Apellyasiya baxışında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının əmlakla bağlı subyektiv hüququ yoxdur. İddiaçının nümayəndədi və vəkili X13 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdehin həmin əmlaka dair heç bir hüquqi sənədi yoxdur. Qaradonlu kəndində yerləşən tikilinin heç bir hüquqi sənədi yoxdur. Əmlak aktla borc kimi iddiaçıya verilmişdir. Dəfələrlə reyestr xidmətinə müraciət edilmiş, sonradan Əmlak Komitəsi məhkəməyə müraciət etmişdir. Əvvəllər Qaradonlu orada yerləşirdi və fəaliyyət göstərmirdi. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 910/8-89 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə İmişli rayon “Qaradonlu” İstehlak Cəmiyyətindən "xxxx" X12 xeyrinə 23890000 manat əsas borc və 56394203 ssuda faizi olmaqla, cəmi 80284203 manat məbləğində pul vəsaiti tutulmuşdur. Azərbyacan Respublikası İqtisad Məhkəməsinin 910/8-89 saylı, xx.xx.1998-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 910/8-89 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilmiş, İmişli rayon “Qaradonlu” İstehlak Cəmiyyətinin "xxxx" X5 80284203 manat məbləğində borcuna görə borclunun əmlakına həbs qoyulmuş və hərracı yolu ilə satılaraq tələbkara olan borcun ödənilməsi qərara alınmışdır. Azərbyacan Respublikası İqtisad Məhkəməsinin 910/8-89 saylı, xx.xx.1998-ci il tarixli qərarının icrası barədə Azərbyacan Respublikası İqtisad Məhkəməsi tərəfindən 910/8-89 saylı, xx.xx.1998-ci il tarixdə İmişli rayon Ədliyyə Polisinə əmr verilmişdir. "xxxx" ASC-nin Təsisçilərinin ümumi yığıncağının xx.xx.2009-cu il tarixli qərarı ilə müəyyən olur ki, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hüquqi varisi hesab edilmiş və Cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o, cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 metr, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş bina həyətyanı sahəsi ilə birlikdə "xxxx" Kommersiya Bankı ASC-nin hüquqi varisi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı hazırki tələbində "xxxx" ASC-nin X6 İstismarı İdarəsinin İmişli rayonu, Qaradonlu kəndində yerləşən ona məxsus eni 12 metr, uzunluğu 22 metr və ümumi sahəsi 100 x 88 metr olan 8 otaqdan ibarət daşınmaz əmlakdan çıxarılmasını, həmin əmlakın geri qaytarılaraq ona təhvil veilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İddiaçının tələbinin təmin edilməsi üçün, o, iddia etdiyi daşınmaz əmlakın mülkiyyətçisi olmalı, iddia edilən əmlak cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçının iddia etdiyi əmlak məhz cavabdehin sahibliyində (balansında) olan ərazidə yerləşdiyi sübut edilməlidir. Bu şərtlərdən hər-hansı birinin ödənilmədiyi halda iddia tələbi təmin edilə bilməz. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 910/8-89 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilməsi ilə bağlı Azərbyacan Respublikası İqtisad Məhkəməsinin 910/8-89 saylı, xx.xx.1998-ci il tarixli qərarına, "xxxx" ASC-nin Təsisçilərinin ümumi yığıncağının xx.xx.2009-cu il tarixli qərarına əsaslanmışdır ki, həmin qərara görə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hüquqi varisi hesab edilmiş və Cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o, cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100x88 metr, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşdan tikilmiş bina həyətyanı sahəsi ilə birlikdə "xxxx" Kommersiya Bankı ASC-nin hüquqi varisi İddiaçı mülkiyyətinə verilmişdir. Kollegiya hesab edir ki, bu hallar iddianın təmin edilməsi üçün əsas deyil. Çünki göstərilənlər iddiaçının mülkiyyətçi olmasını təsdiq edən sənədlər hesab edilə bilməz. İddiaçı həm də sözügedən əmlaka sahiblik, istifadə etmək və sərəncam vermək faktının müəyyən edilməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsini təqdim etmişdir. Lakin həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının tələb etdiyi daşınmaz əmlakın mülkiyyətçisi olduğuna dair hər-hansı sənəd təqdim edilmədiyi halda həmin əmlakı onun sahibliyinə vermişdir. Kollegiya məhkəmənin gəldiyi nəticəni əsassız sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar həmin Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçının iddia etdiyi daşınmaz əmlak onun adına dövlət qeydiyyatından keçməmişdir. Daşınmaz əmlakın iddiaçının adına qeydiyyatdan keçməsi ilə bağlı əsaslar da müəyyən edilməmişdir. İddiaçının sözügedən daşınmaz əmlakın mülkiyyətçisi olması barədə müvafiq sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər, onun mülkiyyət hüququnu təsdiq edən sənədlər deyil. Bununla yanaşı iddiaçı hazırki tələblə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya hesab edir ki, iddiaçı iddia etdiyi tikilidən cavabdehin çıxarılması barədə iddia verərkən, belə bir tələblə çıxış etmək barədə subyektiv hüquqa malik olduğunu əsaslandırmamış, birinci instansiya məhkəməsi də iddiaçının belə hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması və həmin əmlakın iddiaçının sahibliyinə verilməsi üçün, iddia edilən əmlaka dair hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən, eləcə də iddia subyektiv hüquq olmayan şəxs tərəfindən verildiyindən iddia təmin edilə bilməz. Bu baxımdan, bu hissədə iddianı təmin edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Ona görə Kollegiyanın qənaətinə görə bu hissədə qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Bundan başqa, Qanunun tələbinə görə, hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. MPM-in 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. MPM-in 54.2-ci madəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli Qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Məhkəməyə təqdim edilmiş X6 İstismarı İdarəsinin Əsasnaməsindən bəlli olur ki, “Azərbaycan X34 Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan X34 Agentliyinin tabeliyində X27 Xidməti publik hüquqi şəxsi yaradılmış onun nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmişdir. X6 İstismarı İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan X34 Agentliyinin sədrinin 27 may 2024-cü il tarixli 001/f nömrəli əmri ilə Xidmətin strukturu təsdiq edilmiş, hüquqi şəxs olmayan X6 İstismarı İdarəsi həmin struktura daxil edilmişdir. Beləliklə, hazırki iş üzrə cavabdeh qismində göstərilmiş X6 İstismarı İdarəsi Azərbaycan X34 Agentliyinin tabeliyində olan struktur vahididir və həmin idarə hüquqi şəxs deyil. Sözügedən Əsasnamədə, eləcə də hər hansı əlavə əmr və ya sərəncamla İdarəyə məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində iştirak etmək səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Kollegiya qeyd edir ki, iddia əsl cavabdehə qarşı verilməmişdir. Qanunun tələbinə görə iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində yol verilir. Apellyasiya baxışında tərəfin əvəz edilməsinə yol verilmir. Bu baxımdan, Kollegiya hesab edir ki, iddia əsl cavabdehə qarşı yönəlmədiyi halda, məhkəmə mülki prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2-ci maddəsinin tələbinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, bu, məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır (MPM 387.2.4). Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi yuxarıdakı tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməlidir. Beləliklə, Kollegiya beıə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-nin X6 İstismarı İdarəsinə qarşı zəbt olunmuş daşınmaz əmlakdan çıxarılma, həmin əmlakın geri qaytarılıb təhvil verilməsi tələbinə dair iddiası iddiaçı subyektiv hüquqa malik olmadığından və əsl cavabdehə qarşı yönəlmədiyindən rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: "xxxx" ASC-nin X6 İstismarı İdarəsinin apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(036)-1326/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-nin X6 İdarəsinə qarşı zəbt olunmuş daşınmaz əmlakdan çıxarılma, həmin əmlakın geri qaytarilıb təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar