Məhkəmə qərarları › İş №2(106)-453/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-453/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-453/2024 06.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-817/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 07 iyun 2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aralarında bağlanmaqla imzalanmış kredit müqavilələri üzrə 18 iyul 2019-cu ildə verdiyi 3000 manat, 16 fevral 2020-ci ildə verdiyi 2200 manat və 20 dekabr 2022-ci ildə verdiyi 5000 manat, cəmi 10200 manat məbləğində pulun, eləcə də, ondan almış olduğu 10200 manat borc pulu hazırkı vaxta kimi qaytarmadığından həmin pula dair əldən çıxmış mənfəətə görə 5000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 136 manatın, cəmi 15336 manat pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə əvvəllər hər hansı bir dostluq və sair münasibətləri olmamışdır. O, cavabdehi digər şəxslərin vasitəsilə tanımışdır. Belə ki, cavabdeh Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissədə işlədiyindən o, iddiaçının yaşadığı qonşu kənd olan Qoruqbağı kəndində kirayədə yaşayırdı. Cavabdeh bu tanışlıqdan istifadə edərək 3 dəfə ayrı-ayrı vaxtlarda iddiaçıya müraciət edərək, xəstəsi olduğunu, torpaq sahəsi aldığını və müəyyən miqdarda pul borcu olduğunu bildirmişdir. Belə ki, o, 2019-cu ilin iyul ayının əvvəllərində iddiaçıya müraciət edərək, 3000 manat pula ehtiyacı olduğunu bildirmiş və buna görə də ona köməklik etməsini iddiaçıdan xahiş etmiş, iddiaçıdan alacağı 3000 manat pulu vaxtında və tam olaraq qaytaracağını bildirmişdir. Cavabdehin Ağcabədi rayonunda yerləşən hərbi hissədə işlədiyini, aldığı pulu tam şəkildə qaytaracağına əminliklə verdiyi sözə inandıqdan sonra 18 iyul 2019-cu il tarixdə Qobustan rayon dövlət notariat kontorunda 3000 manat məbləğində nağd şəkildə olan pulun cavabdehə verilməsi və həmin pulun 30 yanvar 2020-ci il tarixdə tam şəkildə geri qaytarılması ilə bağlı aralarında kredit müqaviləsi imzalanmış və dövlət notariusu tərəfindən 3M-40 nömrəsi ilə reyestrdə qeydə alınmaqla təsdiqlənmişdir. Bundan başqa, cavabdeh 2020-ci ilin fevral ayının əvvəllərində yenə iddiaçıya yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirmiş, ona köməklik etməsini iddiaçıdan xahiş etmiş və bu dəfə iddiaçıdan 2200 manat pul istəmişdir. İddiaçı da cavabdehə 18 iyul 2019-cu ildə ondan almış olduğu 3000 manat pulu qaytarmadığını, ona görə də ona pul verə bilməyəcəyini bildirsə də, cavabdeh aldığı pulların hamısını problemlərini yoluna qoyduqdan sonra tam olaraq ödəyəcəyinə dair söz vermişdir. İddiaçı cavabdehə inanaraq təkrar olaraq ona 2020-ci ilin fevral ayının 16-da 2200 manat pul vermişdir. 16 fevral 2020-ci ildə Bərdə Regional “ASAN Xidmət” Mərkəzində 2200 manat məbləğində nağd şəkildə olan pulun Cavabdeh verilməsi və həmin pulun 30 sentyabr 2020-ci il tarixdə tam şəkildə geri qaytarılması ilə bağlı aralarında kredit müqaviləsi imzalanmış və notariat ofisinin xüsusi notariusu X5 tərəfindən həmin müqavilə təsdiqlənməklə 3M-291 nömrəsi ilə reyestrdə qeydə alınmışdır. Aradan xeyli müddət keçsə də, cavabdeh iki dəfə olmaq şərti ilə ümumilikdə iddiaçıdan almış olduğu 5200 manat pulu söz verdiyi tarixlərdə geri qaytarmamışdır. Lakin buna baxmayaraq, cavabdeh 2022-ci ilin dekabr ayının əvvəllərində yenə də iddiaçıya müraciət edərək pulla bağlı ciddi problemlərinin yarandığını bildirməklə pula ehtiyacı olduğunu qeyd etmiş və təcili olaraq 5000 manat pul lazım olduğunu demişdir. Cavabdeh bu dəfə də yalan dolu vədlər verərək aldığı pulların hamısını yaxın vaxtlarda ödəyəcəyinə tam əminliklə söz vermişdir. İddiaçı yenə də cavabdehin bu sözlərinə inanaraq təkrarən 2022-ci ilin dekabr ayının 20-də ona 5000 manat pul vermişdir. 20 dekabr 2022-ci ildə Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzində 5000 manat məbləğində nağd şəkildə olan pulun Cavabdeh verilməsi və həmin pulun 28 fevral 2023cü ildə tam şəkildə geri qaytarılması ilə bağlı aralarında kredit müqaviləsi imzalanmış və notariat ofisinin xüsusi notariusu Səlim-zadə Rzabəy Elşən oğlu tərəfindən həmin müqavilə təsdiqlənməklə 3M-583 nömrəsi ilə reyestrdə qeydə alınmışdır. Lakin cavabdeh nə verdiyi sözlərə, nə də ki imzaladığı müqavilələrin şərtlərinə əməl etməyərək, hazırkı vaxta kimi 18 iyul 2019-cu ildə verdiyi 3000 manat, 16 fevral 2020-ci ildə verdiyi 2200 manat və 20 dekabr 2022-ci ildə verdiyi 5000 manat, cəmi 10200 manat məbləğində pulu iddiaçıya geri qaytarmamışdır. Verilən müddətdən artıq xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh hər dəfə bir bəhanə gətirməklə iddiaçıdan borc olaraq almış olduğu pulu qaytarmır. Keçən müddət ərzində cavabdehin ondan aldığı xeyli məbləğ təşkil edən pulla iddiaçı özü üçün hər hansısa bir iş qura və ya hansısa bir əmlaka yatırmaqla müəyyən məbləğdə mənfəət əldə etmiş olardı. Lakin cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı 5000 manat məbləğində əldə olunacaq mənfəətdən də məhrum edilmişdir. Ona görə də cavabdeh ondan almış olduğu 10200 manat borc pulu qaytarmaqla bərabər, eyni zamanda, iddiaçıya əldən çıxmış mənfəətə görə 5000 manat pul ödəməlidir. Artıq cavabdehin borclu olduğu pulu qaytaracağı ilə bağlı verdiyi vədlər yalan olduğundan onunla bağlı aralarında borc pulla bağlı mülki mübahisə yaranmışdır. Cavabdeh qeyd edilən pul məbləğlərini könüllü olaraq qaytarmaq fikrində deyil və cavabdehdə olan borcun yalnız məhkəmə qaydasında alınması məqsədəmüvafiqdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 739.1-ci, 739.2-ci, 740.1-ci və 740.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək, İddiaçı ona qarşı pul tələbi üzrə iddia tələbinin 18 iyul 2019-cu il tarixli 3000 manat məbləğində borc müqaviləsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın həmin hissədə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh 7200 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiasına 03 avqust 2023-cü il tarixdə məhkəmədə baxılmış və məhkəmənin həmin tarixli qətnaməsinə əsasən iddiası qismən təmin olunmaqla Cavabdeh 7200 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmənin qəbul etdiyi həmin qətnaməni əsassız hesab edir. Ona görə ki, məhkəmə tərəfindən vurulmuş zərərin həcmi ilə bağlı kifayət qədər sübutların olub-olmamasına dair ətraflı araşdırma aparılmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Belə ki, məhkəmə 18 iyul 2019-cu il tarixdə verdiyi 3000 manat pulla bağlı, eləcə də əldən çıxmış fayda ilə bağlı qaldırılmış iddianı əsassız hesab etməklə təmin etməmişdir. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2020-ci tarixdə qaytarmaq şərti ilə 3000 manat borc pul vermişdir. Borcun qaytarılması müddətinin xx.xx.2023-cü il tarixdə başa çatmasına baxmayaraq iddiaçı həmin müqavilə üzrə pul tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə, yəni borc müqaviləsi üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə, qərarda qeyd olunmuşdur ki, iddiaçı borc müqavilələri üzrə cavabdehin borcun vaxtında qaytarılması öhdəliyini yerinə yetirməməsi səbəbindən əldən çıxmış fayda olaraq 5000 manat zərərə məruz qalıdığını göstərsə də, bununla bağlı məhkəməyə heç sübut təqdim etməmişdir. İddiaçı iddiasında dəfələrlə qeyd etmişdir ki, Cavabdeh ondan hər dəfə pul alarkən iddiaçı xx.xx.2019-cu il tarixdə ona vermiş olduğu 3000 manat pulu qaytarmadığını, ona görə də ona yenidən pul verə bilməyəcəyini demiş və cavabdeh isə hər dəfə yalan vədlər verməklə aldığı pulların hamısını birlikdə qaytaracağına söz versə də, lakin o, verdiyi vədinə əməl etməmişdir. İddiaçı hər dəfə cavabdehdən pul tələb etdikdə o, xəstəsinin, pulla bağlı problemlərinin olduğunu və kirayədə yaşadığı üçün kirayə haqqını ödəməkdə çətinlik çəkdiyini və sair bu kimi problemlərinin olduğunu, problemləri yoluna qoyaraq ondan almış olduğu pulların hamısını birlikdə qaytaracağına söz verdiyindən cavabdehlə aralarında 2019-cu il tarixdə bağlanmış müqavilənin vaxtı bitmişdir. Göründüyü kimi, bu halın yaranmasına da birbaşa cavabdeh səbəb olmuşdur, çünki o, yalan dolu vədlər verməklə bilərəkdən vaxtı uzatmış, iddiaçının isə tam olaraq hüquqi işlərdən anlayışı olmadığından bunu bilməmişdir. İkinci bir hal isə cavabdehə vermiş olduğu pulların vaxtında və tam olaraq qaytarılmaması səbəbindən əldən çıxmış fayda ilə bağlı məsələdir ki, məhkəmə qərarında qeyd etmişdir ki, “iddiaçı zərərə məruz qaldığını göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin əvəzinin ödənilməsi qaydası müəyyən olunmuşdur. Zərərin əvəzinin sübutunu o halda təqdim etmək mümkündür ki, əldə vəsait olsun və həmin vəsait əkinə, iri və ya xırda buynuzlu mal-qaraya və sair bu kimi işlərə yönəldilsin. Göründüyü kimi, iddiaçının bu kimi işlərə yönəldə biləcəyi vəsait cavabdeh tərəfindən borc kimi alınmış və hazırkı vaxta kimi ödənilməmiş olaraq qalmışdır. Əgər cavabdeh iddiaçıya aid pulu vaxtında versəydi, iddiaçı həmin pulun müqabilində xeyli sayda mal-qaraya və ya torpaq sahəsində müəyyən kənd təsərrüfatı təyinatlı məhsulların əkin-biçin işlərinə və ya sair bu kimi işlərə sərf etməklə 5000 manat və ya ondan da bir qədər yüksək məbləğdə fayda əldə etmiş olardı. İddiaçının sübutu isə cavabdehə 18 iyul 2019-cu il tarixdə verdiyi 3000 manat, 16 fevral 2020-ci il tarixdə verdiyi 2200 manat və 20 dekabr 2022-ci il tarixdə verdiyim 5000 manat, cəmi 10200 manat məbləğində pulla bağlı bağlanmış müqavilələrdir ki, cavabdeh 10200 manat məbləğində pulu geri qaytarmamışdır və nəticə olaraq isə hazırkı vaxtda həmin pulun dəyəri əvvəlki illərə nisbətdə azalmışdır. Ona görə də Cavabdeh aralarında bağlanmış kredit müqavilələrinin şərtlərinə əməl etməyərək 18 iyul 2019-cu il tarixdə verdiyi 3000 manat, 16 fevral 2020-ci il tarixdə verdiyi 2200 manat və 20 dekabr 2022-ci il tarixdə verdiyi 5000 manat, cəmi 10200 manat məbləğində pulun, eləcə iddiaçıdan almış olduğu 10200 manat borc pulu hazırkı vaxta kimi qaytarmadığından həmin pula dair əldən çıxmış faydaya görə 5000 manat pulla bağlı vermiş olduğu iddia üzrə Biləsuvar Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnamə qanunsuz və əsassız olduğundan, həmin qətnamə ləğv edilməli, iş üzrə qanuni və əsaslı qərar qəbul olunmalıdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsa da, məhkəmə qətnaməsi qəbul edilən zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Biləsuvar Rayon Məhkəməsi işə baxan zaman iddiaçının iddianı tam sübut etdiyini müəyyən etsə də, nədənsə iddianı tam şəkildə təmin etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, apellyasiya şikayətinə onun iştirakı olmadan baxılaraq şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabeh də teleqram ilə məhkəməyə müraciət edərək, hərbçi olduğuna görə işi ilə bağlı təlimdə olduğunu bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin təmin edilməmiş hissələrində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki Qobustan rayonu notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilərək reyestrdə 3M-40 nömrəsi ilə qeyd edilmiş və borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 18 iyul 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 3000 manat məbləğində pul borc verir, borc alan krediti 30 yanvar 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. X7 “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilərək reyestrdə 3M-291 nömrəsi ilə qeyd edilmiş və borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 16 fevral 2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 2200 manat məbləğində pul borc verir, borc alan krediti 30 sentyabr 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. X6 “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Səlim-zadə Rzabəy Elşən oğlu tərəfindən təsdiq edilərək reyestrdə 3M-583 nömrəsi ilə qeyd edilmiş və borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 5000 manat məbləğində pul borc verir və borc məbləğini borc alana notariusun depozit hesabı vasitəsilə verir, borc alan krediti 28 fevral 2023-cü il tarixədək borc verənə notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. İşdəki 24 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının apellyasiya şikayətindən də göründüyü kimi, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməmiş hissələrində mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3000 manat məbləğində pulun, borc verilmiş pulun qaytarılmamasına görə 5000 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun 56 manat hissəsinin cavabdehdən tutulması hissələrində təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci maddəsinin tərəflər arasında 18 iyul 2019-cu il tarixli kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3000 manat məbləğində pulun tutulması ilə bağlı hissədə iddianı rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş və həmin müqavilə üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. İş materiallarında olan 18 iyul 2019-cu il tarixli kredit müqaviləsindən də göründüyü kimi, həmin müqavilə üzrə borc alan Cavabdeh aldığı 3000 manat məbləğində krediti 30 yanvar 2020-ci il tarixədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, 18 iyul 2019-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlik üzrə icra müddətinin 30 yanvar 2020-ci il tarixində bitməsi razılaşdırılmışdır. 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin ötürülübötürülməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası bildirir ki, 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı həmin kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin bitdiyi 30 yanvar 2020-ci ildən etibarən başlamışdır. Həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 30 yanvar 2023-cü il tarixində başa çatmışdır. Hazırkı iş üzrə iddia ərizəsindən isə göründüyü kimi, iddiaçı iddia ərizəsini 07 iyun 2023-cü il tarixində vermişdir. Bununla da, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. İddiaçı apellyasiya şikayətində 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinin cavabdehin ona yalan vədlər verməsi ucbatından baş verdiyini, iddia müddətinin ötürülməsində cavabdehin təqsirli olduğunu qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu baxımdan iddiaçının apellyasiya şikayətində iddia müddətinin ötürülməsində cavabdehin təqsirli olması barədə bildirdikləri iddia müddətinin ötürülməsini istisna edən hal kimi çıxış edə bilməz və hüquq münasibətinin iştirakçısı olan iddiaçı öz hüquqlarının məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətlərə riayət etməli idi. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yanaşmalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə bağlı hissədə iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi faktı təsdiq olunduğundan birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddia rədd edilməklə maddi hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. İddia tələbinin təmin edilməmiş digər hissəsi borc verilmiş pulun qaytarılmamasına görə 5000 manat məbləğində əldən çıxmış faydanın tutulması ilə bağlıdır. Həmin hissədə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı borc müqavilələri üzrə cavabdehin borcun vaxtında qaytarılması öhdəliyini yerinə yetirməməsi səbəbindən əldən çıxmış fayda olaraq 5000 manat zərərə məruz qaldığını göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası 5000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçı həmin hissədə öz tələbi ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, əldən çıxmış fayda kimi müəyyən edilmiş 5000 manat məbləğinin hansı gəlirlərdən ibarət olmasını, həmin gəlirin hansı qaydada hesablandığını, əgər hüququ pozulmasaydı, həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən hansı sübutlarının olduğunu göstərməmişdir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi həmin hissədə də iddianı təmin etməməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı öz tələbində ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 80 manat məbləğində dövlət rüsumunun tutulmasını qət etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq dövlət rüsumunun 80 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(022)-817/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar