Məhkəmə qərarları › İş №2(106)-456/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-456/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-456/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: alimentin artırılması tələbi X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(050)-1908/2023 saylı (hakim Ceyhun Quliyev) qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Masallı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(050)-1703/2018 saylı qətnaməsi ilə tutulan 154 manat alimentin miqdarının artırılaraq hər ay 300 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında ailə həyatı qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 30 may 2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Münasibətləri pozulduğundan ayrılmışlar və məhkəmənin qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Həmin məbləğlə uşağın tələbatlarını ödəyə bilmir. Uşaq məktəbə gedir, əlavə müəllim yanına hazırlığa gedir, hər ay 72 manat uşağın oxumasına görə kursa pul köçürür. İşləmir. Ona görə də məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsində iddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, uşaq böyüdükcə onun xərcləri artır. Cavabdeh son 3 ay istisna olmaqla, digər aylar üzrə alimenti ödəmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(050)-1908/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Masallı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(050)-1703/2018 saylı qətnaməsi ilə 26 avqust 2011 -ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğin Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub uşaq yetkinlik yaşına çatanadək İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat. a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə uşağın 12 yaşının olmasını, məktəbli olmasını və gəlirlərinin artmasına qiymət verməmişdir. Uşağın saxlanması üçün aliment onun həyat şəraitinə uyğun olmalıdır. Cavabdeh biznesmendir və maddi vəziyyəti çox yaxşıdır. Bununla bağlı məhkəmənin də məlumatı vardır. Lakin məhkəmə heç birini nəzərə almamışdır. Uşaq üçün yaşayış minimumu 220 manatdır və 12 yaşında uşağın 170 manatla paltar, məktəb və yemək xərclərini ödəməsi mümkün deyildir. Bazarda bir kurtka və bir ayaqqabının qiyməti 170 manatdan çoxdur, ümumiyyətlə hazırkı vəziyyətdə bazar qiymətləri kəskin artmışdır. Buna uyğun olaraq yaşayış minimumu artmaqdadır. Lakin məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə tərəfindən alimentin məbləğinin artırılması müəyyən edilsə də, cavabdehin maddi vəziyyətinin 220 manat alimenti qarşılamaq üçün kifayət etdiyi sübuta yetirilməmişdir. Qətnamənin nəticəsi işin hallarına uyğun deyildir, cavabdehin maddi vəziyyəti olduqca yaxşıdır, biznesmendir, gəliri yaxşıdır və aylıq 1000 manat alimenti ödəmək iqtidarındadır. Lakin məhkəmə həmin halları nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Qanunla müəyyən edilmiş qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehin hərbi qulluqçu kimi aylıq sabit qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilməlidir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin olunduğundan, iddiaçının mübahisələndirdiyi hissə iddianın təmin olunmayan hissəsidir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini, mübahisələndirilən hissədə, iddiaçının şikayətinin dəlilləri üzrə yoxlanılmasını qanunamüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin təmin edilməsi və alimentin tutulması məbləğinin dəyişdirilməsi qismən üçün əsaslıdır. İşin faktiki hallarına əsasən iddiaçı və cavabdeh faktiki nikahından 26 avqust 2011-ci il tarixdə X4 doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə 136 manat alimentin tutulması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(050)-1703/2018 saylı qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)- 436/2017 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 136 manat alimentin miqdarı artırılaraq 154 manat müəyyən edilmiş və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi aliment miqdarının artırılmasını qət edərək, alimenti hər ay 170 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsi yaşayış minimumunu, uşaqların tələbatlarını nəzərə alaraq, iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının artırılması hissədə dəyişdirilməli, uşağın saxlanılması üçün 220 manat aliment hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, hazırda alimentin artırılmasından 5 ildən çox müddət keçmiş, uşaqlar üçün yaşayış minimumun məbləği artıq 235 manat müəyyən edilmişdir. Uşaqların xərcləri, onların geyim, qida, həmçinin təhsil xərcləri də, artmışdır. İddiaçının apellyasiya şikayətində göstərdikləri də, qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən cavabdehin hər ay qazancının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Buna əsasən də, qətnamə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(050)-1908/2023 saylı qətnaməsi qismən- Cavabdeh Masallı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(050)-1703/2018 saylı qətnaməsi ilə 26 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. Masallı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(050)-1703/2018 saylı qətnaməsi ilə 26 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar