Məhkəmə qərarları › İş №2(106)-458/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-458/2025

13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-458/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin artırılması, alimentin indeksasiyası) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi , İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1077/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2010cu il təvəllüdlü X1 üçün hər ay 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(071)-984/2016 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 27 saylı nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 iddiaçının himayəsində saxlanılmış və xx.xx.2016-cı ildən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(071)-984/2016 saylı qətnaməsi ilə qət edilmiş alimentin məbləği uşağın maddi ehtiyaclarinin ödənilməsi üçün kifayət etmir. Belə ki, cavabdeh uşağın saxlanılmasında və digər ehtiyaclarının qarşılanmasında qətnamə ilə müyyən edilmiş alimentdən savayı heç bir köməklik göstərmir. Bu səbəbdən də Hacıqabul rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artırılmasını xahiş edir. İddiaçı Cavabdeh ilə hazırkı mübahisənin məhkəmədən kənar mediasiya yolu ilə həll edilməsinə nail olmağa çalışsa da, bu mükün olmamışdır. Bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X4 artıq 14 yaşı var və onun aylıq xərcləri, o cümlədən təhsil, geyim və.s maddi xərcləri kifayət qədər artmışdır. Cavabdeh isə alimentdən başqa bu xərclərin ödənməsində heç bir halda iştirak etmir. Birinci instansiya məhkəməsində icraat; Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1077/2024 saylı qətnaməsi ilə (hakim G.Əkbərli) iddia qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-984/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2010-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2010-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə müəyyən etmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(071)-984/2016 saylı qətnaməsinə əsasən, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsində katibə-makinaçı vəzifəsində işləyir və 374 manat əmək haqqı alır. “Elektron Məhkəmə İnformasiya Sistemi”dən çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2 növ – Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün, Müstəqilliyinin və X3 ilə əlaqədar 2-ci qrup (400 manat) və əlilliyə görə 2-ci qrup (710 manat 48 qəpik), ümumilikdə 1110,48 (bir min yüz on manat qırx səkkiz qəpik) manat pensiya alır. “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun Cavabdeh Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmiş Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi tez-tez dekompensasiyalar, özünə xəsarətlərlə (F 62.0) diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, bu kateqoriya işlərə baxılarkən istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafeləri gözlənilməlidir. Belə ki, gələcəkdə yerinə yetirilməsi real olaraq mümkün olmayan aliment miqdarının müəyyən edilməsi həm də qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir. Odur ki, məhkəmə cavabdehin əlillik vəziyyəti və müharibə nəticəsində yaranmış davamlı psixoloji və fiziki problemləri, onun əmək qabiliyyətinin ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olmuşdur. Həkim rəyinə əsasən, cavabdeh mütəmadi dekompensasiyalar və şəxsi xəsarətlərin nəticələri ilə üzləşməkdədir. Bu baxımdan, alimentin artırılması ilə bağlı verilən qərarda cavabdehin mövcud sağlamlıq və maliyyə vəziyyəti də nəzərə alınmalıdır. Cavabdehin 1110 manat 48 qəpik məbləğində pensiya aldığı məhkəməyə məlumdur. Beləliklə, məhkəmə, uşağın saxlanılmasını hər iki valideynin borcu olmasını da nəzərə alaraq hesab etmişdir ki, alimentin məbləği qismən artırılaraq 180 manat məbləğində müəyyən edilməlidir. Ona görə də iddia qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-984/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2010-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1, 76.1 maddələri, Hazırda “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndi, Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində kifayət qədər əsaslandırılmış hallar mövcuddur, əlavə sübutlarda təqdim etmişdir. Bu qeyd olunanlar nəzərə alınmamış və məhkəmə tərəfindən yüksək aliment təyin edilmişdir. O, müharibə veteranıdır. Müharibədə iştirak etdiyi üçün əlilliyi yaranmışdır. Müaciləsinə çətinlik çəkir. Maddi cəhətdən çatdıra bilmir. Banklara borcları vardır. Uzun müddətdir ki, xəstədir. 4 ildir ki, xəstəxanalarda qalır. Xəstəliyinin müalicəsi üçün kifayət qədər pulu çıxır. Hazırda 6000 manatdan çox borcu vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin Həkim Psixiatr Komissiyasının 30sentyabr 2024-cü il tarixli 230 nömrəli rəyinə əsasən vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun o, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi tez-tez dekompensasiyalar, özünə xəsarətlərlə (F 62.0) diaqnozu qoyulmuşdur. Əvvəl kəsilən alimenti anası ödəyirdi. Təyin edilmiş alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşağın hüquq və mənafeləri ilə barəbər onun da mənafeyi gözlənilməlidir. Onun valideyn olaraq hüquq və mənafelərimi zərbə altında qoyulmamalıdır. Təyin olunmuş alimentin miqdarı çoxdur və bu alimentin bu həddə təyin edilməsi üçün heç bir əsas göstərilməmişdir. Əvvəl kəsilən alimentin qüvvədə qalmasını istəyir. Ona görə də Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1077/2024 saylı 05 noyabr 2024-cüil tarixli qətnaməsinin ləğv edilməli, əvvəl kəsilmiş 117 manat sabit pul məbləğində alimentin qüvvədə qalması barədə qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə tərkibinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1077/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1077/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin bir uşağa görə 180 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)- 1077/2024 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəmə müraciət edildiyi vaxtdan yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(071)-984/2016 saylı qətnaməsinə əsasən, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsində katibəmakinaçı vəzifəsində işləyir və 374 manat əmək haqqı alır. “Elektron Məhkəmə İnformasiya Sistemi”dən çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2 növ – Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün, Müstəqilliyinin və X3 ilə əlaqədar 2-ci qrup (400 manat) və əlilliyə görə 2-ci qrup (710 manat 48 qəpik), ümumilikdə 1110,48 (bir min yüz on manat qırx səkkiz qəpik) manat pensiya alır. “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun Cavabdeh Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmiş Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi teztez dekompensasiyalar, özünə xəsarətlərlə (F 62.0) diaqnozu qoyulmuşdur. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq bildirir ki, həqiqətən də, hazırkı işin müəyyən edilmiş halları birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını zəruri edir. Bununla yanaşı, məhkəmə tərkibi təyin edilmiş alimentin məbləğinin müəyyən edilməsi zamanı işin hallarının, tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların tam nəzərə alınmadığını bildirir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli yuxarıda göstərilən Qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Bundan başqa “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarına əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Buna görə də xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli (345 x 0,45= 155,25 manat) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını, uşaqların ananın himayəsində qalmasını və onun üzərinə uşağın saxlanması ilə bağlı daha çox yük düşdüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, aliment məbləğinə aid hissədə dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Eyni zamanda Alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəmə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1077/2024 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçına verilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1077/2024 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəmə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar