Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-46/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Laçın Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(047)839/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2023-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla iş üzrə Cavabdeh arasında vurulmuş zərərin əvəzinin ödənilməsi barədə xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh ona vurulmuş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixdən başlayarq xx.xx.2020-ci il tarixədək hissələrlə 246000 (iki yüz qırx altı min) manat ödəməyi öhdəsinə götürmüş və əfsuslar olsun ki, bu günə qədər borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Müəyyən edilmiş vəsaitin artıq hissələrlə ödənilməsini gözləməyin heç bir mənası olmadığından onun tərəfindən Cavabdeh öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıq edilmiş, axırıncı dəfə borcluya öhdəliyin yerinə yetirilməsi ilə bağlı xx.xx.2021ci il tarixdə pretenziya qaydasında məktub göndərilərək 10 avqust 2021-ci il tarixədək ödənişin edilməsi üçün müddət verilmiş, lakin indiyənə qədər cavabdeh tərəfindən pretenziyaya əməl edilməmiş, öhdəlik isə yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən də belə hesab edir ki, Cavabdeh 246000 (iki yüz qırx altı min) manat və həmin pulun gecikdirilməsi üçün illik beş faiz miqdarında 24600 (iyirmi dörd min altı yüz) manat olmaqla cəmi 270600 manat pul vəsaiti tutulub ona ödənilməlidir. Ona görə də Cavabdeh 246000 (iki yüz qırx altı min) manat və həmin pulun gecikdirilməsi üçün illik 5 faiz miqdarında 24600 manat olmaqla, ümumilikdə 270600 (iki yüz yetmiş min altı yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili X2 məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X1 onların iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə İddiaçı və iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Laçın Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(047)839/2021 saylı qətnaməsi (Hakim: C.İbrahimov) ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 246000 (iki yüz qırx altı min) manat pul alınıb İddiaçı verilməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının hesabına aid edilməsi, iddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya bu qənaətə gələrkən Mülki Məcəllənin 21.1, 152.1, 153.1, 153.4, 154.1, 157.4, 385.1, 386.1, 442, 445.1, 448.1, 449.1, 1096.1, 1097.1 və 1097.3-ci madddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Laçın Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(047)839/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı M.Əliyev qəbul edilmiş qətnamədən iddianın təmin olunmayan hissəsini mübahsiələndirməmiş, cavabdeh N.Ağayev isə iddianın təmin olunan hissəsində apellyasiya qaydasında mübahisə açmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Laçın Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(047)839/2021 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Laçın Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(047)839/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BQPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Laçın şəhəri, H. Aslanov küçəsi ev 25 mənzil 19-da qeydiyyatdadır. İş materiallarına əlavə edilən Bakı şəhəri 59 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilən və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli dəymiş zərərin əvəzinin ödənilməsi barədə sazişdən görünür ki, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq İddiaçı xx.xx.2020-ci il tarixədək hissələrlə 246000 (iki yüz qırx altı min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilən pretenziyadan və həmin pretenziyanın Cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən 000256 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh məktub ünvanlayaraq ona dəymiş zərərin əvəzi olaraq 246000 (iki yüz qırx altı min) manat məbləğində pul vəsaitinin xx.xx.2021-ci il tarixədək ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir Məhkəmə kollegiyası iş materialları araşdıraraq müəyyən edir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə dəymiş zərərin əvəzinin ödənilməsi barədə saziş bağlanmış və həmin sazişin şərtlərinə əsasən Cavabdeh vurulmuş zərərin əvəzi olaraq İddiaçı xx.xx.2020-ci il tarixədək hissələrlə 246000 (iki yüz qırx altı min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh qeyd edilən dəymiş zərəri iddiaçıya sazişlə nəzərdə tutulmuş müddətdə ödəmədiyindən iddiaçı tərəfindən cavabdehə müvafiq pretenziya göndərilərək ona dəymiş zərərin əvəzi olaraq 246000 (iki yüz qırx altı min) manat məbləğində pul vəsaitinin xx.xx.2021-ci il tarixədək ödənilməsini cavabdehdən xahiş etmiş, lakin bundan sonra da cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğ ödənilməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Həmin Konstitusiyanın 29 maddəsinin 2-ci hissəsinə əsasən «Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur». Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qəararına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Kollegoya qeyd edir ki, iş üzrə İddiaçı Cavabdeh müqavilə üzrə 246000 (iki yüz qırx altı min) manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz pul vəsaitinin, yəni 24600 (iyirmi dörd min altı yüz) manat pulun cavabdehdən alınıb ona ödənilməsini tələb etsə də öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, yəni iddiaçı vəsaitdən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut edə bilmədiyindən məhkəmə həmin hissədə iddia tələbinin rədd edilməli olduğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iddiaçının dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iddiası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)498-2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə hazırkı iş üzrə iddiaçıya dəymiş zərərin əvəzi ödənildiyindən mülki icraata xitam verilmişdir. Həmçinin qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında e-2(007)4813/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə, xx.xx.2019-cu il tarixli etibarsız hesab edilməsinə dair mülki iş icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)498-2019 saylı, xx.xx.2019cu il tarixli hökmündən görünür ki, Cavabdeh vurmuş olduğu ziyanı könüllü olaraq zərərçəkmişlərə tam həcmdə ödəmiş və təqsirləndirilən şəxs Cavabdehlə zərərçəkmiş şəxslər barışmış və Cavabdeh zərərçəkmiş şəxslərin heç bir tələbinin olmaması iş materiallarında qeyd olunmuşdur. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır, çünki tərəflər dəymiş ziyanın ödənilməsi ilə bağlı saziş bağlamış və həmin sazişi təsdiq etmişlər. Bundan əlavə cavabdeh tərəflər arasında bağlanmış dəymiş zərərin əvəzinin ödənilməsi barədə xx.xx.2019-cu il tarixli sazişinin (əqdin) etibarsız hesab edilməsini mübahisələndirmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Qətnamədən iddiaçı yəni Cavabdeh apellyasiya şikayəti daha sonra kassasiya şikayəti vermişdir. Yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-382/2023 saylı, xx.xx.2023-tarixli qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Birinci apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən yekun nəticəyə gələrkən hesab edilmişdir ki, iddiaçı barışıq sazişinin etibarsız edilməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Həmçinin ona qarşı zor işlədilərək barışıq ərizəsinin bağlanmasını bildirsə də, həmin müqavilənin hədə-qorxu təsiri altında bağlamağa məcbur edilməsi haqqında məhkəməyə tutarlı sübut təqdim etmədiyinə görə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 23 fevral 2016-cı il Qərarında Kontitusiya Məhkəməsi Plenumu belə qənaətə gəlmişdir ki, məhkəmə qərarının preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktlarının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsini, yəni subyektiv tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə Cavabdeh məhkəmədə barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi həm müqavilənin hədə-qorxu təsiri altında bağlamağa məcbur edilməsi haqqında məhkəməyə tutarlı sübut təqdim etmədiyinə, həm də Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti buraxdığına görə iddia tələbi təmin etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən yuxarı instansiya məhkəmələrinə şikayət versədə onun şikayəti təmin edilməmiş və hal-hazırda qətnamə qanuni qüvvəsini almışdır. Əvvəlki məhkəmə aktları ilə işdə iştirak edən şəxslər tərəfindən müəyyən edilmiş faktların hazırkı iddia üzrə mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu isə onu göstərir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsin 2(007)-525/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən olunan faktiki hallar hazırki tələb üzrə baxılan dəymiş zərərin əvəzinin ödənilməsi barədə xx.xx.2019-cu il tarixli sazişin (əqdin) etibarlı əqd olması üçün preyudisiyallığı mövcud olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi qismən təmin edilərək Cavabdeh 246000 (iki yüz qırx altı min) manat pulun alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır.” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Laçın Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(047)839/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(047)839/2021 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-46/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-46/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver