Məhkəmə qərarları › İş №2(106)-460/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-460/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-460/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X14 qarşı “dəyəri 800 manat olan iribuynuzlu mal-qaranın və yaxud dəyərinin, həmçinin ödənilmiş dövlət rüsumunun alınması” tələbi ilə bağlı mülki iş üzrə Açar sözlər: dəyəri 800 manat olan iribuynuzlu mal-qaranın və yaxud dəyərinin tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X23, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X7 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun X2nun, cavabdeh X13 iştirakları ilə, İddiaçı cavabdeh X14 qarşı “dəyəri 800 manat olan iribuynuzlu mal-qaranın və yaxud dəyərinin, həmçinin ödənilmiş dövlət rüsumunun alınması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(018)-1391/2022 saylı qətnaməsindən (hakim M.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X14 qarşı “dəyəri 800 manat olan iribuynuzlu mal-qaranın və yaxud dəyərinin, həmçinin ödənilmiş dövlət rüsumunun alınması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X9 dəyəri 800 (səkkiz yüz) manat olan iribuynuzlu mal-qaranın və yaxud dəyərinin, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ailə ehtiyaclarını təmin etmək üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara saxlayır. Belə ki, təsərrüfatında üç baş iribuynuzlu və yeddi baş xırdabuynuzlu mal-qara olduğunu, iribuynuzlu mal-qaranın birinin bir il altı ay bundan əvvəl Astara rayonu, Ojakəran kəndində yaşayan X10 aldığını, həmin inəyin dörd yaşda olduğunu və bir balası olduğunu bildirmişdir. Qeyd edilmiş inək bir neçə ay bundan əvvəl sahədə olarkən cavabdeh tərəfindən Astara rayonu, Maşxan kəndinə aparılmışdır. Bundan sonra Astara RPŞ-nə bu barədə şikayət edilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, cavabdeh X14 ailə biznesini təşkil etmək üçün dövlət tərəfindən iribuynuzlu mal-qara verilmişdir. Lakin, bir müddət sonra cavabdeh inəyinin itməsi barədə polis şöbəsinə ərizə vermiş və iki həftədən sonra inəyin tapıldığı barədə xəbər vermişdir. Cavabdehdə olan inəyin ona məxsus olmaqla, həmin inəyin balasının onun həyətində yaşadığını cavabdehə bildirsə də, cavabdeh inəyi könüllü olaraq qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh X19 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus olan inək onun tərəfindən aparılmamışdır. Onun həyətində olan inəyin dövlət tərəfindən ona verildiyini, verildikdən bir müddət sonra inəyin itdiyini, bununla əlaqədar onun tərəfindən polis şöbəsinə müraciət edildiyini və müəyyən vaxt keçdikdən sonra ona məxsus olan inəyin tapıldığını bildirmişdir. İddia edilən inəkdən onun xəbəri olmadığını qeyd etmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X11 ifadəsində göstərmişdir ki, o, İddiaçı qonşusudur. İddiaçının bir neçə mal-qarası olduğunu bildirmişdir. İddiaçıya məxsus olan inəyin tapıldığını, lakin sonradan yenidən itdiyini, həmin inəyin hazırda cavabdehdə olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X20 ifadəsində göstərmişdir ki, iddiaçının inəyi hazırda cavabdehdədir. Belə ki, həmin inək onun tərəfindən iddiaçıya satılmış, lakin sonradan cavabdeh X1 həmin inəyi tutub özü ilə aparmışdır. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X12 ifadəsində göstərmişdir ki, dövlət tərəfindən cavabdeh X14 inək verilmişdir. Həmin inək itmiş, lakin müəyyən müddətdən sonra tapılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X4 və X15 digər şahid X12 ilə eyni məzmunlu ifadə verərək X3 göstərdiyi xüsusatları bir daha da təsdiq etdilər. Astara Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(018)-1391/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına uyğun deyildir. Belə ki, məhkəmə tərəfindən mübahisə edilən inəyin onda olan buzovun inəyin balası olması müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatət versə də, vəsatət təmin edilməmişdir. Bununla da, məhkəmə tərəfindən iş üzrə bütün faktiki hallar aydınlaşdırılmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa oxşar məzmunda izahat verdi və onun təmin edilməsini xahiş etdi. X2 (atası) da yuxarıda göstərilənlərlə eyni məzmunlu zahat vermişdir. Məhkəmədə cavabdeh X19 apellyasiya şikayətini əsassız hesab edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam olaraq apellyasiya qaydasında mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx xxxxxxxx 1992-ci il tarixdə Astara rayonu, Ojakəran kəndində anadan olmaqla, orada yaşayır və Ojakəran kəndində fərdi təsərrüfatla məşğul olur. Fərdi təsərrüfatında üç baş iribuynuzlu mal-qarası, yeddi baş xırdabuynuzlu mal-qarası vardır. İş materiallarına əlavə edilmiş Pensər bazarının direktoru tərəfindən verilmiş arayışdan görünür ki, Pensər bazarında dörd yaşında inəyin satış qiyməti 800 (səkkiz yüz) manatdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir, ona görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Mülki işin müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan 1 baş iri buynuzlu inəyin ona məxsus olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(018)-1391/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar