Məhkəmə qərarları › İş №2(106)-462/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-462/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-462/2024 17.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1598/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 6000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 80 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonunun Sabirabad kəndində yaşayır. O, kartof əkini ilə məşğul olub ailəsini dolandırır. 2023-cü ilin yanvar ayında Cavabdeh kənd əhalisi ilə bərabər o da 3000 manatlıq toxumluq kartof alıb əkmiş, buna da 3000 manat əlavə xərc çəkib yetişdirmişdir. Lakin bu kartof keyfiyyətsiz olduğu üçün iddiaçıya 6000 manat maddi ziyan dəymişdir. Bu barədə cavabdehə iradını bildirdikdə iddiaçını hədələyərək dəymiş ziyanı qaytarmayacağını bildirmişdir. Cəlilabad RPŞ-nin 13 iyun 2023-cü il tarixli məktubu ilə araşdırma aparılaraq iddiaçıya və şikayət edən digər şəxslərə bildirmişlər ki, bu barədə məhkəməyə müraciət etmək hüquqları var. Bundan əlavə, toxumluq kartofun keyfiyyətsiz olması barədə müvafiq orqanlara da məlumat vermişlər. Cəlilabad DAİM-nin Bitkiçilik sektorunun verdiyi arayış da onların aldığı toxumluq kartofun yararsız olduğunu və buna görə onlara xeyli ziyan dəydiyini göstərir. Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(073)-1598/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 5014 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manatın alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(073)-1598/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək, 6000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cəlilabad Rayon Məhkəməsi iddia tələbini vurulmuş ziyanla bağlı 5014 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 80 manat hissəsində qismən təmin etmişdir. İddiaçının iddia tələbinin əsasını cavabdehdən aldığı 1 kiloqramı 1,30 manat olmaqla 3000 manat məbləğində kartofu əkməsi nəticəsində 6000 manat ziyan çəkməsi təşkil edir. İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında 1 kiloqramı 1,30 manat olmaqla 3000 manat borc edərək, cavabdehdən “Arizona” kartof sortu adı ilə toxumluq kartof alıb əkmiş və kartofun becərilməsinə də əlavə olaraq 3000 manat xərc çəkmişdir. Lakin həmin toxumluq kartof keyfiyyətsiz olduğundan ona 6000 manat maddi ziyan dəymişdir. Belə ki, 600 manat icarə haqqı, məhsulun əkilməsi, becərilməsi və yetişdirilməsi üçün 3 dəfə şumlanmasına görə 120 manat, əkin sahəsinin 3 dəfə at kotanı ilə dırmıxlanmasına görə 120 manat, 1 kisəsi 70 manat olmaqla 10 kisə azot gübrəsi verməsinə görə 700 manat, su motoru ilə suvarma üçün yanacağa görə 100 manat, 10 nəfər fəhlənin bir günü 18 manat olmaqla 1-ci dəfə 4 gün və 2-ci dəfə də 4 gün işləməklə 144 manat, xəstəliyə qarşı 3 dəfə olmaqla dərmanlanma üçün 170 manat dərman pulu və dərmanlanmanın həyata keçirilməsi üçün zəhmət haqqına görə 60 manat, cəmi 230 manat xərc çəkmişdir. İddiaçının bildirdiyinə görə, o kartof aldığı zaman cavabdehin satdığı kartofun keyfiyyətsiz olması barədə ona irad bildirmiş, cavabdeh isə guya ona kartofun keyfiyyətli olmasını, yaxşı məhsul verəcəyini bildirmiş və ona vəd vermişdir ki, əgər iddiaçı kartofu keyfiyyətinə görə sata bilməyəcəyi təqdirdə bütün məhsulu ondan alacaq. İddiaçı onu da bildirmişdir ki, əkdiyi kartof sahəsində məhsuldarlıq olmamış və kartofların böyüklüyü qoz boyda olmuşdur ki, həmin kartofu çıxarmaq özü də əlavə xərc tələb etdiyindən, o, daha çox ziyana düşməmək üçün məhsulu yerdən çıxarmamışdır. Mülki Məcəllənin 588.1-ci maddəsinin tələbinə görə, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməsindən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Bu normanın tətbiqi işin hallarına uyğun gəlmir. Belə ki, hazırkı mübahisədə cavabdeh nə alıcını aldatmamış, nə də ona keyfiyyətsiz və yaxud da qüsurlu məhsul satmamışdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan qüvvəsi yoxdur. Cəlilabad Dövlət X7 və X11 Sertifikatlaşdırma Mərkəzinin verdiyi arayışlar birbaşa cavabdehin təqsirliliyini sübut etmir. Belə ki, X10 İnkişaf Mərkəzi iddiaçının verdiyi həmin ildə əkin üçün subsidiyanın alınması ilə bağlı hesabatda göstərilmiş yerdə və ərazidə baxış keçirməli idi. X11 Sertifikatlaşdırma Mərkəzinə tədqiqat üçün təqdim edilmiş kartofun məhz həmin sahədən götürülməsinə dair dəlillər də olmalıdır ki, iddiaçının qəsdən özünə uyğun rəyi almaq riski mövcud olmasın. Göründüyü kimi, belə bir dəlil mövcud deyil. Mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulması, cavabdehin təqsirliliyi və ziyanın məbləği ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin ona keyfiyyətsiz kartof satmasını və əkin sahəsində iddia ərizəsində göstərilən miqdarda və həcmdə işlərin görülməsi və həmin işlərin görülməsinə çəkilmiş xərclərlə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən, yəni 5014 manat məbləğində təmin etmişdir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında mövcud olmuş alğı-satqı nəticəsində iddiaçıya ziyan vurulmasını iddia tələbinin həmin məbləğdə təmin edilməsinin əsası kimi qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə: 1) iddiaçıya 5014 manat ziyan vurulmuşdur və dəymiş ziyan adi kartof sortunun “Arizona” sortu adı altında satılması ilə və becərilməyə çəkilən xərclə bağlı yaranmışdır; 2) bu ziyanın vurulmasında cavabdeh təqsirlidir, belə ki, o, iddiaçıya keyfiyyətsiz kartofu “Arizona” sortu adı altında satmışdır; 3) vurulmuş ziyan cavabdehin iddiaçıya satdığı kartofu “Arizona” sortu adı altında satması ilə əlaqədar baş vermişdir. İddiaçı məhkəməyə ona 5014 manat məbləğində ziyan dəyməsinə dair dəlillər təqdim etməmiş və məhkəmə qətnaməsində də 5014 manat məbləğində ziyanın dəyməsini təsdiq edəcək mötəbər sübut mövcud deyildir. Bu məbləğ yalnız iddia ərizəsində səsləndirilmişdir. İş üzrə şahid (iddiaçının əri) X1 və (iddiaçının ərinin qardaşı oğlu) X9 öz ifadələrində iddiaçının cavabdehdən 3000 manat dəyərində kartof aldığını və alınmış kartofun “Arizona” sortu olmaması səbəbindən iddiaçıya ziyan dəydiyini bildirmişlər. Beləliklə, ziyanın məbləği ilə bağlı mötəbər dəlillər mövcud deyil. İddiaçının konkret olaraq hansı ərazidə kartof əkməsinin müəyyən edilməsi həm də icarə haqqının məbləği baxımından da əhəmiyyətlidir. İddiaçı toxumluq “Arizona” kartof sortunun bazar qiymətinə dair sübutu da məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçının ərazini icarəyə götürməsi, hər hektara nə qədər icarə haqqı ödəməsi, görülmüş işlərin məhz iddia ərizəsində göstərilmiş miqdada yerinə yetirilməsi və həmin işlərə göstərilən miqdarda vəsaitin xərclənməsi sübutlarla öz təsdiqini tapmır. Məhkəmə iddiaçının öz ərizəsində və izahatında göstərdiyi ziyanın məbləğini həmin ziyanın məbləğini təsdiq edən dəlillər olmadan mötəbər sübut kimi qəbul etmişdir. Cavabdeh hesab edir ki, iddiaçı icarə müqaviləsini, DAİM-ə konkret ərazidə kartof əkinini həyata keçirməsinə dair hesabatı, elektrik enerjisinə ödədiyi məbləğlərə dair qəbzləri və sair sübutları məhkəməyə təqdim etməli idi. Axı MPM-in tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh iddiaçıya satdığı kartofu “Arizona” sortu adı ilə satmış və iddiaçı həmin kartofdan yüksək gəlir əldə edəcəyinə ümid etmiş, lakin onun ümidləri doğrulmamışdır. Halbuki bu belə deyil. Cavabdeh heç kimə keyfiyyətsiz məhsul satmamışdır, iddiaçı aldığı kartofa baxış keçirərək bəyənmiş və öz arzusu ilə həmin kartofu cavabdehdən almışdır. Cavabdeh kartofun məhsuldarlığı barədə alıcıya heç bir vəd də verməmişdir, bunu verə də bilməzdi. Bəllidir ki, “Arizona” sortu Azərbaycana xaricdən gətirilir və cavabdehin satdığı kartof xaricdən gətirilərək, burda satılmış və cavabdeh də həmin məhsulu X8 adlı bir sahibkardan almışdır. Həmin toxumluğun sərhəddən keçirilməsi zamanı AQTA tərəfindən və Rusiya Federasiyasının fitosanitar xidməti tərəfindən yoxlanılmasına dair sənəd də vardır. Həmin sənədi də şikayətinə əlavə edir. İddiaçının laboratoriyadan aldığı mütəxəssis rəyi barədə onu qeyd etmək istəyir ki, bu rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Hesab edir ki, iddiaçının laboratoriyaya təqdim etdiyi nümunə kartofun məhz həmin əkin sahəsindən götürülməsinə dair dəlillər yoxdur. Təbii ki, cavabdehə qarşı qərəzli olan biri laboratoriyaya istədiyi nəticəni, yəni kartofun sortunun “Arizona” sortu olmamasını sübut etmək üçün başqa sort kartof nümuməsini təqdim edə bilərdi. Məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçının aldığı kartof toxumu “Arizona” sortu kartof toxumu deyil, keyfiyyətsiz toxum olduğundan böyüməmiş, xırda qalmış və bu səbəbdən də alıcısı olmamışdır. Nəticədə iddiaçıya 8298 manat məbləğində ziyan dəymişdir. Məhkəmə Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad Dövlət X7 verdiyi 07.07.23-cü il tarixli arayışa istinad edərək, toxumun “Arizona” sortu deyil, keyfiyyətsiz toxum olması qənaətinə gəlmişdir. Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad Dövlət X7 verdiyi 07.07.23-cü il tarixli arayış o vaxt mötəbər dəlil hesab edilə bilərdi ki, iddiaçının həmin əraziyə kartof əkməsi ilə bağlı DAİM-ə verdiyi hesabata dair məlumat arayışda öz əksini tapsın. Bu halda DAİM əməkdaşlarının baxış keçirdikləri ərazinin məhz iddiaçıya məxsus olmasına dair şübhələr olmazdı. İddiaçının subsidiya ilə bağlı hesabatında konkret kimə məxsus torpaq sahəsini əkməsi və həmin torpaq sahəsinin fərdi məlumatları olmalıdır. Arayışda həmin məlumatlar da qeyd edilməli idi. Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, Cavabdeh İddiaçı keyfiyyətsiz və “Arizona” kartof növünə aid olmayan kartof toxumu satdığından iddiaçıya ziyan vurmuş və həmin ziyanın vurulmasında cavabdehin təqsirli olması məhkəmə iclasında tərəflərin və şahidlərin izahatları və iş materialları ilə sübuta yetirilir. İş üzrə sübutlar iddiaçının, cavabdehin və şahidin izahatları, Cəlilabad Dövlət X7 verdiyi 07.07.23cü il tarixli arayış, X11 Sertifikatlaşdırma Mərkəzinin verdiyi mütəxəssis rəyindən ibarətdir. Hesab edir ki, həmin sübutlardan yalnız verilmiş izahatların cavabdehə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsinə aidiyyəti vardır. Digər sübutlar ziyanın məbləğinə deyil, təqsirlilik məsələsinə aid olan dəlillərdir. Ziyanın məbləğinin sadəcə izahatla müəyyən edilməsi isə yolverilməzdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Əgər vurulmuş ziyanın hesablanması şahid ifadələri ilə təsdiq edilirsə, onda belə çıxır ki, iddiaçı həmin əkin sahəsinin suvarılmasına sərf edilən yanacağa görə 3000 manat, sahənin şumlanmasına 4000 manat, icarə haqqına görə 5000 manat, zəhər səpilməsinə 2000 manat və digər işlərə görə daha yüksək məbləğlər tələb etsəydi və məhkəmədə uyğun izahat versəydi, onda məhkəmə həmin məbləği təmin edəcəkdi. Hesab edir ki, iddiaçı həmin xərclərlə bağlı sübutlar təqdim etməli idi. Hesab edir ki, bu hal, yəni ziyanın məbləğinin bu şəkildə müəyyən edilməsi iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi deməkdir. Cavabdehə qarşı bu iddia qaldırıldığı zaman iddiaçının qohumu tərəfindən də ona qarşı eyni əsaslarla iddia qaldırılmışdır. İddia tələbləri standart olsa da, ziyanın hesablanması zamanı bəzi ziddiyyətlər ortaya çıxır. Belə ki, İddiaçı 3000 manatlıq kartof aldığını, X9 isə 5000 manatlıq kartof aldığını bildirmişdir. Məntiqlə A.Əmənovun əkin sahəsi İddiaçı əkin sahəsindən çox olmalıdır. Əks halda əkin üçün alınan kartofun dəyəri çox olmazdı. İndi tərəflərin ziyanla bağlı izahatlarına diqqət edək. Hər iki şəxs ərazilərinin 3 dəfə şumlanması üçün 120 manat xərclədiklərini, ərazinin 3 dəfə at kotanı ilə dırmıxlanması üçün 120 manat xərclədiyini bildirib. Əgər əkin sahələrinin sahəsi fərqlidirsə, bu işlərə çəkilən xərclərin bərabər olması nəyin göstəricisi ola bilər? Həmin şəxslərin sahəni suvarmasına xərclədikləri məbləğdə, fəhlələrə ödədiyi məbləğlərdə, dərmana və dərmanlamaya ödənilən məbləğlərdə olan nəzərə çarpacaq fərq nəyin göstəricisidir? Bütün bunlar onu göstərir ki, iddiaçı ziyanın məbləği ilə bağlı arzuladığı məbləğləri tələb etmişdir. Birinci instansiya məhkəməsinin qərarında cavabdehin iddiaçıya keyfiyyətsiz kartof toxumunu “Arizona” toxumu adı ilə satması nəticəsində ona 5014 manat məbləğində ziyan dəyməsinə dair gəlinmiş nəticə işin hallarına uyğun gəlmir. Həmin hallar aşağıdakılardır: cavabdeh həmin toxumu X8 adlı bir sahibkardan almışdır. Həmin toxumluğun uyğunluq sertifikatı, sərhəddən keçirilməsi zamanı AQTA tərəfindən və Rusiya Federasiyasının fitosanitar xidməti tərəfindən yoxlanılmasına dair sənəd də vardır. Həmin sənədləri də şikayətinə əlavə edir. Cavabdeh birinci instansiya məhkəməsində nümayəndəsi ilə təmsil edilmiş və ona toxumluğun sərhəddən keçirilməsi zamanı AQTA tərəfindən və Rusiya Federasiyasının fitosanitar xidməti tərəfindən yoxlanılmasına dair sənədləri də təqdim etmişdir. Məhkəmə qətnaməsindən görünür ki, o müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, xaricdən ölkə ərazisinə məhz “Arizona” sortu kartof toxumu gətirmişdir. Həmin toxumun uyğunluq sertifikatı, sərhəddən keçirilməsi zamanı AQTA tərəfindən və Rusiya Federasiyasının fitosanitar xidməti tərəfindən yoxlanılmasına dair sənədlər də mövcuddur. Gömrükdə sənədləşmə X3 adına olmuşdur, belə ki, ölkəyə gətirilən bütün kartof toxumları həmin şəxsin adına sənədləşdirilir. Əhliman Məcidov bu cür kartof toxumlarının sənədləşdirilməsi işləri ilə məşğul olduğuna görə, o da məhz onun adına sənədləşdirməklə kartof toxumunu ölkəyə gətirmişdir. O, iddiaçıya 2600 manat dəyərində kartof toxumu satmış, iddiaçı isə həmin pulun 300 manatını verməmişdir. Gətirdiyi kartof toxumundan öz sahəsində də əkmiş və normal məhsul əldə etmişdir. Lakin həmin il ölkədən məhsul ixrac edilməsi ilə bağlı problemlər olduğuna görə kartofun satılmasında çətinliklər yaranmışdır. Həmin vaxt iddiaçı onun kartofunu satmasını da cavabdehdən istəmiş, müştərisi isə yalnız cavabdehin öz kartofunu almışdır. O, iddiaçıya kartofunun satılmasında köməklik göstərmədiyinə görə hazırda iddiaçı bu iddianı qaldırmışdır. Onun iddiaçıya satdığı kartof toxumu “Arizona” sortu olmaqla, keyfiyyətli olmuş və normal məhsuldarlığı olmuşdur. Lakin qiymətlər aşağı olduğuna görə iddiaçı kartofun satılmasını ondan tələb etmiş, o, iddiaçının kartofunu sata bilmədiyinə görə iddiaçı ondan şikayətlər etməyə başlamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh tərəfindən ona 3000 manat məbləğində “Arizona” sortu adı ilə kartof toxumu satılmışdır. O, həmin kartofun becərilməsi üçün görülən tədbirlərə görə 3000 manat da əlavə xərc çəkmişdir. Lakin cavabdehin satdığı toxum “Arizona” sortu toxum olmadığına görə o, gözlənilən məhsulu əldə edə bilməmiş, toxum keyfiyyətsiz olduğuna görə ziyana uğramışdır. Bununla bağlı, X10 İnkişaf Mərkəzi tərəfindən ona arayış verilmiş, həmin arayışda qeyd olunmuşdur ki, sahədən götürülən kartof nümunələrinə baxış nəticəsində əkilmiş toxumun əlamətlərinin “Arizona” sortu ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunur. Onun hazırda qeyd edilən arayışdan başqa digər sənədi olmasa da, cavabdehin məhz onun tərəfindən ölkəyə “Arizona” sortu kartof toxumu gətirilməsinə dair ümumiyyətlə sənədi yoxdur. Həmçinin qeyd etdi ki, cavabdeh təkcə ona deyil, digər kənd sakinlərinə də “Arizona” sortu adı ilə kartof toxumu satmış, bunun nəticəsində digər kənd sakinləri də ziyana məruz qalmışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı cavabdehdən dəymiş ziyana görə 6000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 80 manatın alınıb ona verilməsini tələb edir. İddiaçı tələbini əsaslandırarkən cavabdehdən aldığı 3000 manatlıq toxumluq kartofu əkdiyini, onun əkilib-becərilməsi üçün əlavə olaraq da 3000 manat xərc çəkdiyini, lakin həmin kartof keyfiyyətsiz olduğuna görə ona 6000 manat maddi ziyan dəydiyini, Cəlilabad Dövlət X7 verdiyi arayışın əkilmiş toxumun əlamətlərinin “Arizona” sortu ilə uyğunsuzluq təşkil etməsini göstərdiyini bildirmişdir. Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən kartofun alınması üçün ödənilmiş 3000 manatın və onun becərilməsi üçün çəkilmiş 2014 manatın, cəmi 5014 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manatın alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamədə gəldiyi nəticəni əsaslandırarkən bildirmişdir ki, məhkəmə iclasında tərəflərin və şahidlərin izahatları və iş materialları ilə sübut olunmuşdur ki, Cavabdeh İddiaçı keyfiyyətsiz və “Arizona” kartof növünə aid olmayan kartof toxumu satdığından iddiaçıya məhsulun alınması və becərilməsi prosesində ziyan dəymişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halların sübut edilməməsi, iddiaçıya keyfiyyətli “Arizona” sortu toxumluq kartof satması və iddiaçıya keyfiyyətsiz məhsul satmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə iddiaçı öz tələbində Mülki Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə istinad etməklə, cavabdehin delikt öhdəliyinin yarandığını bildirərək, onun vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki hüquqi məsuliyyət daşıdığını qeyd etmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - Ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyinə istinad edərək bildirir ki, cavabdehin mülki hüquqi məsuliyyətinin yaranması üçün qeyd edilən əsasların müəyyən edilməməsi ilə yanaşı, hazırkı iş materialları ilə cavabdehin iddiaçıya qarşı delikt törətməsi və ona “Arizona” sortu olmayan keyfiyyətsiz toxumluq kartof satması faktı da öz təsdiqini tapmır. Belə olan halda isə iddiaçıya vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyətinin yaranmasından danışmaq olmaz. İşin mübahisəsiz halı ondan ibarətdir ki, şifahi alğı-satqı əsasında cavabdeh tərəfindən iddiaçıya toxumluq kartof satılmışdır. Lakin iddiaçının iddia etdiyinə görə, ona razılaşdıqları qaydada “Arizona” sortu toxumluq kartof deyil, keyfiyyətsiz kartof verilmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 579.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. İşin hallarının qeyd edilən maddələr üzrə təhlili əsasında müəyyən edilir ki, iddiaçının vurulmuş ziyanın ödənilməsinə dair tələbi əslində ona alğı-satqı müqaviləsində razılaşdırılan çeşiddə əşyanın (toxumluq kartofun) verilməməsi ilə əlaqəlidir. MM-in 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Lakin hazırkı iş materialları ilə iddiaçının cavabdehə bu cür bildiriş verməsi halı öz təsdiqini tapmır. X14 07 iyun 2023-cü ildə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək, Cavabdeh ona satdığı keyfiyyətsiz kartofa görə maddi zərərə uğradığını bildirmiş, verdiyi pulun ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı ona “Arizona” sortu deyil, başqa çeşiddə toxumluq kartof verilməsi halının təsdiqi üçün X10 İnkişaf Mərkəzi tərəfindən verilmiş və Cəlilabad DAİM-in Bitkiçilik sektorunun müdiri X2 tərəfindən hazırlanaraq təsdiq edilmiş 09 nömrəli, 07 iyul 2023-cü il tarixli arayışa istinad etmişdir. İş materiallarının 5-ci vərəqinə əlavə edilən X10 İnkişaf Mərkəzi tərəfindən verilmiş və Cəlilabad DAİM-in Bitkiçilik sektorunun müdiri X2 tərəfindən hazırlanaraq təsdiq edilmiş 09 nömrəli, 07 iyul 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Sabirabad kənd sakinləri İddiaçı və X5 müraciətləri əsasında onların kartof əkin sahələrinə baxış keçirilmişdir. Baxış zamanı hər iki sahədə aqrotexniki tədbirlərin tələb olunan qaydalara uyğun aparıldığı müşahidə olunsa da, sahələrdə məhsuldarlığın çox aşağı olduğu və gözlənilən kartof məhsulunun kondisiyaya uyğun olmadığı müəyyənləşdirilmişdir. Cənub bölgəsində fəaliyyət göstərən X11 Sertifikatlaşdırma Mərkəzində tərəvəz toxumlarının analizi aparılmadığı üçün həmin sahələrdən götürülən kartof nümunələrinə baxılmış və mütəxəssislər tərəfindən belə qənaətə gəlinmişdir ki, əkilmiş toxumun əlamətləri “Arizona” sortu ilə uyğunsuzluq təşkil edir. MPM-in 88-ci maddəsi çərçivəsində qeyd edilən arayışın mötəbərliyinin yoxlanılması məqsədilə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 06 mart 2024-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlanmış, sorğuda X10 İnkişaf Mərkəzində bu cür arayış verə biləcək xüsusi biliyə malik olan mütəxəssisin olub-olmaması barədə məlumat verilməsi, X10 İnkişaf Mərkəzi tərəfindən verilmiş və Cəlilabad DAİM-in Bitkiçilik sektorunun müdiri X2 tərəfindən hazırlanaraq təsdiq edilmiş 09 nömrəli, 07 iyul 2023-cü il tarixli arayışın mötəbərliyi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İşdəki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sorğunun cavablandırılması haqqında 05 aprel 2024-cü il tarixli, 3-22/2-1146/2024 saylı məktubundan görünür ki, Cəlilabad rayonu ərazisində əkilmiş kartof toxumunun “Arizona” sortu ilə uyğunluq təşkil edib-etməməsinə dair Cəlilabad Dövlət X7 nümayəndəsi tərəfindən təqdim edilən arayışın mötəbərliyinə münasibət bildirilməsi barədə sorğuya Kənd Təsərrüfatı Nazirliyində baxılmışdır. Bildirilir ki, “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin iyirminci və iyirmi birinci abzaslarına uyğun olaraq xüsusi sahələrdə toxum səpməklə bitkilərin sortluq təmizliyinin müqayisəli təyin edilməsi yolu ilə bitkilərin və onların toxumlarının konkret sorta mənsub olmasını, eləcə də laboratoriya müayinələrinin aparılması vasitəsilə toxumun sortluq təmizliyinin və onun müəyyən sorta mənsub olmasını müəyyən etmək olar. Həmin maddənin müvafiq müddəalarına uyğun olaraq sözügedən toxum üzərində qrunt nəzarəti və ya laboratoriya üsulu ilə sortluq nəzarəti aparılmadığı üçün məsələ ilə bağlı təqdim edilmiş arayış mötəbər hesab edilə bilməz. Göründüyü kimi, iddiaçının cavabdeh tərəfindən ona keyfiyyətsiz və “Arizona” sortu olmayan kartof satılması ilə bağlı istinad etdiyi yeganə sübut olan həmin arayış “Toxumçuluq haqqında” Qanunun müddəalarına uyğun olaraq toxum üzərində qrunt nəzarəti və ya laboratoriya üsulu ilə sortluq nəzarəti aparılmadığına görə mötəbər hesab oluna bilməz. Birinci instansiya məhkəməsi isə öz qətnaməsini qəbul edərkən məhz həmin arayışa mötəbər sübut olaraq qiymət vermiş və onun əsasında cavabdehin delikt törətməsi qənaətinə gəlmişdir. MPM-in 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. MPM-in 385.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin təmin edilmiş hissəsində məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, cavabdehin ona “Arizona” sortu olmayan başqa çeşid kartof satdığına dair iddiaçının təqdim etdiyi yeganə sübut mötəbər olmamaqla yanaşı, iddiaçı həmin halı təsdiq edən hər hansı digər mötəbər sübut da təqdim etməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində aparılan icraat zamanı iki nəfər şahid dəvət olunaraq dinlənilmişdir. Belə ki, işdəki Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, iddiaçı onun arvadıdır və onlar Cəlilabad rayonu, Sabirabad kəndində yaşayırlar. Kənd əhalisi kimi onlar da kartof məhsulunun əkilib becərilməsi ilə məşğul olurlar. İddiaçı 2023-cü ilin yanvar ayında 600 manat məbləğində icarə haqqı ödəməklə icarəyə götürdüyü torpaq sahəsinə cavabdehdən 3000 manat dəyərində “Arizona” sortu adı ilə toxumluq kartof alıb əkmiş və becərilməsi üçün 3 dəfə şumlanılmasına görə 120 manat, at kotanı ilə 3 dəfə dırmıxlanmasına görə 120 manat, 1 kisəsi 70 manat olmaqla, 10 kisə azot verilməsinə görə 700 manat, su motoru ilə suvarılması üçün yanacağa görə 100 manat, 10 nəfər fəhlə günü 18 manata 1-ci dəfə 4 gün və 2-ci dəfə də 4 gün işləməklə 144 manat, xəstəliyə qarşı 3 dəfə olmaqla, dərmanlanması üçün 170 manat dərman pulu və 60 manat dərmanlanmasına görə zəhmət haqqı olmaqla, cəmi 230 manat xərc çəkmişdir. Lakin iddiaçının cavabdehdən aldığı kartof toxumu “Arizona” sortu yox, keyfiyyətsiz toxum olduğundan böyüməmiş, xırda qalmış və bu səbəbdən alıcısı olmadığından sata bilməmişdir. O təsdiq edir ki, cavabdeh iddiaçıya toxumluq “Arizona” kartof sortu əvəzinə keyfiyyətsiz kartof toxumu satmışdır. İşdəki Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, iddiaçı onun əmisi arvadıdır və onlar Cəlilabad rayonu, Sabirabad kəndində yaşayırlar. Kənd əhalisi kimi onlar da kartof məhsulunun əkilib becərilməsi ilə məşğul olurlar. İddiaçı 2023-cü ilin yanvar ayında cavabdehdən “Arizona” sortu adı ilə toxumluq kartof alıb əkmişdir. Lakin iddiaçının cavabdehdən aldığı kartof toxumu “Arizona” sortu yox, keyfiyyətsiz toxum olduğundan böyüməmiş, xırda qalmış, məhsul verməmiş və bu səbəbdən kartofu sahədən yığmaq belə əlavə zərər yaratdığı üçün yığmamışdır. Həmin vaxt kəndin çox adamı cavabdehdən “Arizona” kartof sortu adı ilə toxumluq kartof alıb əkmiş, lakin məhsul xarab çıxmışdır. Məhkəmə kollegiyası şahidlər Allahverdi Əmənovun (iddiaçının əri) və Azər Əmənovun (iddiaçının ərinin qardaşı oğlu) ifadələrini hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün mötəbər sübut olaraq qəbul etmir və bildirir ki, həmin şəxslər iddiaçının qohumu olmaqla yanaşı, iddiaçıya satılmış kartof toxumunun “Arizona” sortuna aid olubolmaması və həmin toxumun keyfiyyətsiz olub-olmaması barədə rəy verə bilmək üçün xüsusi biliyə malik olan şəxslər də deyillər. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı tərəfindən cavabdehdən 3000 manat məbləğində aldığı kartof toxumunun “Arizona” sortu deyil, başqa çeşid kartof toxumu olması, ümumiyyətlə, həmin kartof toxumunun keyfiyyətsiz olması faktı sübuta yetirilə bilməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətinə xaricdən kartof toxumunu tədarük etdiyi şəxsin adına olan sənədləri təqdim edərək, iddiaçıya satdığı kartof toxumunun “Arizona” sortu toxum olduğunu sübut etməyə çalışmışdır. Bundan başqa, iddiaçı aldığı kartof toxumunun əkilib-becərilməsi üçün xərcə düşdüyünü qeyd etmiş, birinci instansiya məhkəməsi isə yalnız iddiaçının və onun ərinin izahatlarına əsaslanaraq kartofun becərilməsi üçün çəkilmiş xərclərin məbləğini 2014 manat müəyyən etmiş, lakin bu zaman həmin məbləğləri təsdiq edən hər hansı mötəbər sübutun təqdim edilməməsinə diqqət etməmişdir. Belə ki, iddiaçı aldığı kartofun əkilib becərilməsi üçün həqiqətən də 3 dəfə şumlanılmasına görə 120 manat, at kotanı ilə 3 dəfə dırmıxlanmasına görə 120 manat, 1 kisəsi 70 manat olmaqla, 10 kisə azot verilməsinə görə 700 manat, su motoru ilə suvarılması üçün yanacağa görə 100 manat, 10 nəfər fəhlə günü 18 manata 1-ci dəfə 4 gün və 2-ci dəfə də 4 gün işləməklə 144 manat, xəstəliyə qarşı 3 dəfə olmaqla, dərmanlanması üçün 170 manat dərman pulu və 60 manat dərmanlanmasına görə zəhmət haqqı xərcləməsinə dair hər hansı təsdiqedici sənəd təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Bundan əlavə, çəkilmiş xərclərlə əlaqədar vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair hissədə iddia tələbinin hüquqi taleyi cavabdeh tərəfindən iddiaçıya satılmış kartof toxumunun “Arizona” sortu olub-olmaması ilə birbaşa bağlıdır. Hazırda isə cavabdeh tərəfindən iddiaçıya satılmış kartof toxumunun “Arizona” sortuna deyil, başqa növə aid olması halı iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən, kartofun becərilməsi üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilmiş hissəsində də birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona zərərin vurulmasını və zərərin məhz cavabdeh tərəfindən onun qanunazidd hərəkətləri ilə vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsaslılığına və iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutların təqdim edilibedilməməsinə düzgün qiymət verməmiş, iddia tələbini qismən təmin etməklə təmin edilmiş hissədə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş hissədə də rədd edilməlidir. Belə ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar mübahisələndirilən hissədə sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri mübahisələndirilən hissədə işin hallarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş materialları ilə cavabdeh tərəfindən iddiaçıya “Arizona” sortu olmayan kartof toxumunun satılması və ya keyfiyyətsiz kartof toxumunun satılması faktı öz təsdiqini tapmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 07 iyul 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, əsas hissədə iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 manat məbləğində dövlət rüsumuna dair hissədə də iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(073)-1598/2023 saylı qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar