Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-462/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Bəşirzadə Turac Fəyyaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-544/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «pul» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 04 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 10000 manat pul borc vermişdir. Cavabdeh ona pulu 27 dekabr 2021-ci il tarixdək qaytaracağını bildirmişdir. Lakin cavabdeh verdiyi vədi yerinə yetirməmişdir. O, cavabdehdən bir neçə dəfə pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan yayınmışdır. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-544/2023 saylı qətnaməsi (hakim Z.Zeynalov) ilə iddia təmin edilmiş, Cavabdeh 10000 (on min) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, Cavabdeh 126 manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT-CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, hesab: AZ34CTRE********************) xeyrinə tutulması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.İşin hallarından da göründüyü kimi Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 10000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 126 manat məbləğində pul vəsaiti Cavabdeh X2 (kod: 210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFTCTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, hesab: AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respubliası Mülki Məcəlləsinin 739.1, 739.2, 740.1, 740.2, 385.1, 442-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7, 107, 119.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya Məhkəməsindəki birinci icraat Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-544/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-372/2024 saylı qətnaməsi ilə (hakim P.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-544/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-372/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-3832/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-372/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı gəlini Dilarə Hüseynova onu evlərinə çağıraraq işlənmiş mebel əşyalarını ucuz qiymətə nisyə ona verilməsini təklif etmişdir. O da həmin əşyalara baxıb 1 ədəd taxt, 1 ədəd şfaner və 1 ədəd uşaq kravatı ümumilikdə qiyməti 1.100 manat hesablamışdır. Əşyaları da İddiaçı oğlu İlkin Hüseynov öz maşınında usta Bəşirlə evə gətirib, quraşdırmasını da özü həll etmişdir. Bundan sonra İddiaçı qiymətləri artıraraq 2.000 manat məbləği tələb etmişdir. Sonra da Dilarə Hüseynova yenə onu evinə çağırıb bildirmişdir ki, “problem yoxdur. Onun qayınatası faizə pul verir. Əşyaların pulunu qayınatasından götürüb, yavaş-yavaş faizin verər” Həmin vaxt karantin vaxtı idi. Mərhum yoldaşı Zamiqlə məsləhətləşib 2.000 manat puldan əlavə 3.000 manat da özlərinə götürməyi fikirləşmişdirlər. Beləliklə, mərhum həyat yoldaşı Zamiqlə Bəxtiyarın evinə gedib, gəlini Dilarədən 03 avqust 2021-ci il tarixdə 3.000 manat, sonradan da 07 avqust 2021-ci il tarixdə də 2.000 manat pul almışdır. Lakin iddiaçının qeyd etdiyi 04 avqust 2021-ci il tarixli kredit müqaviləsinə 10.000 manat almağını təsdiq edən imzasıyla sənəd tərtib etmişdir. Bundan sonra, İddiaçı onu və ailəsini şantaj edərək əlavə pullar almağa vadar etmişdir. Məcburiyyət qarşında qalıb 2 xəstə uşağının və xəstə ərinin pensiya kartını İddiaçı vermişdirlər. Bu pensiyalar Bəxtiyarın verdiyi pulun faizini ödəmirdi deyə aylıq da ona verilən pulu oğlu X3 hesab kartına pul ödəyirdilər. Hazırda həmin qəbzlərdən 6.079 manatı təsdiq edən bank qəbzi vardır. Mərhum yoldaşı Zamiqin əl ilə verdiyi də ümumilikdə 39.000 manat təşkil edir. Beləliklə də, İddiaçı ailəsinə etdiyi zülm mərhum həyat yoldaşı X9 31 dekabr 2022-ci il tarixdə dünyasını dəyişməklə nəticələnmişdir. Hüzür vaxtı Bəxtiyar hüzür mərasimində məscidin axundu Hacı Mirzə və mərasim iştirakçılarının qarşısında bildirmişdir ki, ona qarşı heç bir borcları yoxdur. Sonradan iddia ərizəsi ilə ondan 10.000 manat pul tələb etmişdir. Ona görə də Masallı Rayon Məhkəməsinin 2(050)-544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edilməli və İddiaçı ona qarşı olan pul tələbinə dair idddiasnın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıdan aldıqları pul ona artıqlaması ilə qaytarılmışdır. Kürəkəni, qızının yoldaşı ona məhz həmin borcun bir qismini əlbəəl vermişdir. Kürəkəninin iddiaçıya heç bir borcu olmamışdır. Borcumuzun digər hissəsi iddiaçının oğlu İlkinin kartına köçürülmüşdür. Həmin məbləğ də məhz iddiaçıya olan borcla bağlıdır. Onun İlkinə də heç bir borcum olmamışdır. İddiaçıya borclu olduqları yerdə qalan məbləği də ödəmişdirlər, lakin bunu təsdiq edəcək sübutu yoxdur. Qeyd edir ki, iddiaçıdan 5000-6000 manat borc almış, lakin həmin aldıqları məbləği faizləri birlikdə, yəni 39000 manat pul vəsaitini şantaj edildikləri üçün iddiaçıya ödəmişdirlər. Borcları ödənildikdən sonra mərhum həyat yoldaşı Zamiq iddiaçıdan yazılı sənədi tələb etdikdə, sonuncu yazılı sənədi cırıb atdığını bildirmişdir. Mərhum yoldaşı Zamiqin yas mərasimində iddiaçı özü kənd camaatının yanında onların ona borclarının olmadığını bildirmişdir. Qeyd edir ki,onda iddiaçının oğlu İlkinin video-görüntüləri var. Həmin görüntülərdə İlkin atasının rayonda başqa-başqa şəxslərə qarşı oxşar əməllər törədərək onlardan yüksək məbləğdə pul tələb etməsini etiraf etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri İddiaçı apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 2(050)- 544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edilməli və iddian rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin 2(050)-544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılmasını məqsədəuyğun hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Yüksək instansiya məhkəməsinin hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-544/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş 4247 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci İnstansiya Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayan, apellyasiya şikayətininin dəlilləri ilə qismən razılaşan məhkəmə tərkibi qeyd edir ki, iddia tələbi və apellyasiya şikayəti qismən əsaslıdır.. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənləşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada tam icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı yanlış qənaətə gələrək tam təmin etmişdir. Şikayətin dəlililəri ondan ibarətdir ki, X3 hesab kartına pul ödəmişdir. Hazırda həmin qəbzlərdən 6.079 manatı təsdiq edən bank qəbzi vardır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirərək qeyd edir, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki Yüksək instansiya məhkəməsinin hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə tərkibi iş materiallarında olan qəbzlərə baxış keçirmiş və müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının borcu ilə bağlı iddiaçının oğlu X1 hesab kartına 1747 manat pul köçürülmüşdür. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və həmin pulun iddiaçının ona deyil, onun oğluna borcu olduğuna dair hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçının oğlunun hesab kartına ödənilmiş həmin məbləğ cavabdehin iddiaçıya olan borcu ilə bağlı ödənilmişdir. X5 Məhkəməsinin iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş Şahid1 (Cavabdeh yeznəsi) ifadəsində göstərmişdir ki, Almazın iddiaçıdan aldığı pulu özü şəxsən İddiaçı qaytarmışdır. Həmin gün maşınla İddiaçı yanına gedərək maşının müşahidə kamerasını aktiv etmiş və Bəxtiyara 2500 manat məbləğində pulu vermişdir. Ali Məhkəmənin göstərişlərini nəzərə alan məhkəmə tərkibi iş materiallarında olan video-diskə baxış keçirmiş və həqiqətəndə cavabdehin yeznəsi Şahid1 İddiaçı pul ödəməsi müəyyən edilir. Məhkəmə tərkibinin qənaətinə görə, cavabdehin yeznəsi Şahid1 ödədiyi həmin məbləğ özünün də birinci instansiya məhkəməsində şahid kimi verdiyi ifadəsində qeyd etdiyi 2500 manat pul təşkil edir. Həmçinin İddiaçı həmin pulun cavabdehin yeznəsi Şahid1 öz borcu olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, həmin pul Şahid1 qaynanası hazırkı iş üzrə Cavabdeh əvəzindən İddiaçı ödədiyi puldur. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayəti digər hissələrə münasibətdə əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 4/527 saylı ekspert rəyindən görünür ki, cavabdeh Alışova X6 Huseynovdan 10000 manat borc pul aldığını və 2021 ci il dekabr ayının 30-na kimi qaytaracağını öz imzası ilə təsdiq etmişdir. X3 hesab kartına 6.079 manatı təsdiq edən bank qəbzlərinin olduğunu iddia etsə də, həmin qəbzləri bütövlükdə hamısını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Şahid2 Qəhraman oğlu izahat verərək bildirmişdir ki, cavabdeh onun mərhum əmisi oğlu Zamiqin həyat yoldaşıdır. Zamiq bu hadisələrdən sonra dərin sarsıntı keçirmiş və xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Zamiqin vəfat etdiyi gündən 2 gün sonra iddiaçı onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq kəndə çıxa bilmədiyini, kənd camaatının Zamiqin ölümündə onu günahlandırdığını bildirmiş və kənd camaatının yanında həmin ailənin ona borcunun olmadığını bildirməsi üçün ona şərait yaratmağını xahiş etmişdir. Zamiqin yas mərasimi zamanı iddiaçı həmin məclisdə iştirak edən şəxslərin yanında Zamiqin və ailəsinin ona borcu olmadığını bildirmişdir. Lakin bundan bir müddət sonra cavabdeh ona məlumat vermişdir ki, iddiaçı ona qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərkibi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Şahid2 Qəhraman oğlunun ifadəsi ilə bağlı onu qeyd edir ki, Şahid2 Qəhraman oğlunun ifadəsində qeyd etdiyi hallar iddianın tam rədd edilməsi üçün əsas ola bilməz. Çünki Şahid2 Qəhraman oğlu cavabdehin yaxın qohumu olmaqla onun qaynıdır. Onun da cavabdehin mənafeyi üçün izahat verməsi qaçılmazdır. Digər tərəfdən qanunvericiliyin tələbinə görə şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Cavabdeh tərəf isə borcunu tam olaraq ödəməsinə dair məhkəmələrə başqa sübutlar təqdim etməmişdir. Ona görə də şikayət digər hissələrdə əsassız olduğundan təmin edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın tamamilə rədd edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(050)-544/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş 4247 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Qətnamə Cavabdeh apelyasiya şikayətində münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən iddiaçının kassasiya şikayəti vermək hüququ yoxdur. Qətnaməni yalnız cavabdeh kassasiya qaydasında mübahisələndirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-544/2023 saylı qətnaməsi iddianın təmin edilmiş 4247 manata aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə Cavabdeh apelyasiya şikayətində münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-462/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-462/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver