Məhkəmə qərarları › İş №2(106)-463/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-463/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-463/2024 23.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, cavabdehin və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı 10000 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən lazımi keyfiyyətdə mal vermədiyinə görə 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cəlilabad rayonu Sabirabad kəndində yaşamaqla, kartof məhsulunu əkib becərərək ailəsini dolandırır. 2023-cü ilin yanvar ayında kənd əhalisi ilə bərabər o, da Cavabdeh 1 kq 1,30 manat olmaqla 5000 manat borc edib toxumluq “Arizona” kartof sortu adı ilə toxumluq kartof alıb əkmiş və becərilməsinə əlavə 5000 manat xərc çəkmişdir. Lakin həmin toxumluq kartof keyfiyyətsiz olduğundan ona 6000 manat maddi ziyan dəymişdir. Belə ki, 800 manat icarə haqqı, məhsulun əkilməsi, becərilməsi və yetişdirilməsi üçün 3 dəfə şumlanılmasına görə 120 manat, at kotanı ilə 3 dəfə dırmıxlanmasına görə 120 manat, 1 kisəsi 70 manat olmaqla 12 kisə Azot verilməsinə görə 840 manat, su motoru ilə suvarılması üçün elektrik enerjisinə görə 350 manat, 7 nəfər fəhlə günü 18 manata 3 gün işləməklə 378 manat, xəstəliyə qarşı 3 dəfə olmaqla dərmanlanması üçün 510 manat dərman pulu və 60 manatdan dərman vurulmasına görə zəhmət haqqı üçün 180 manat xərc çəkmişdir. O, cavabdehə ona keyfiyyətsiz toxum verməsi barədə iradını bildirdikdə, Cavabdeh satdığı kartof toxumunun keyfiyyətli olmasını, yaxşı məhsul verəcəyini bildirmiş və əgər məhsulu keyfiyyətinə görə sata bilmərsə bütün məhsulu özü ondan alacağını demişdir. Hətta məhsul yetişən vaxtı ona kartof torbaları da vermişdir ki, məhsulunu həmin torbalara vursun. Lakin məhsul yox səviyyəsində olmuş və kartoflar da qoz boyda, xırda-xırda olmuşdur. Həmin məhsulu yerdən çıxarmaq və torbalara yığmaq da əlavə xərc tələb edirdi ki, o da daha da çox ona ziyan vuracaqdı. Ona görə dəfələrlə Cavabdeh çağırmış və o da söz vermiş, lakin gəlib kartof sahəsinə, məhsulun heç olmamasına şahidlik etmək istəməmişdir. Həmin vaxt kəndin çox adamı Cavabdeh “Arizona” kartof sortu adı ilə toxumluq kartof alıb əkmiş, lakin məhsul xarab çıxmışdır. Bundan sonra o, aralarında yaranmış mübahisəyə görə məcbur qalıb Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, müraciəti araşdırıldıqdan sonra xx.xx.2023-cü il tarixli məktubla ona və digər şikayət vermiş şəxsə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Bundan əlavə, toxumluq kartofun keyfiyyətsiz olması barədə müvafiq orqanlara da müraciət etmişlər və Cəlilabad rayon X12 Mərkəzinin Bitkiçilik sektorunun verdiyi arayışda onun və digər şəxslərin aldığı toxumluq kartofun yararsız olduğu və bu səbəbdən onlara xeyli ziyan dəydiyi göstərilmişdir. Həmin vaxtdan Cavabdeh ona dəymiş 6000 manat məbləğində ziyanı ödəməmişdir. Cavabdehin qayınatası Hakimin kartof toxumunun Rusiya Federasiyasından gətirdiyini bildirmiş və almalarını onlara tövsiyyə etmiş, lakin indi qapı-qapı gəzərək kənd adamlarının məhkəməyə şahidlik etmək üçün getmələrinə görə hədələmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili X4 iddianı qəbul etməmiş, izahatında bildirmişdi ki, Cavabdeh iddiaçıya “Arizona” kartof sortu adı ilə kartof məhsulu satmamışdır. İddiaçı özü məhsula baxıb, bəyənib almışdır. Cavabdeh İddiaçı məhsulu keyfiyyətinə görə sata bilməzsə bütün məhsulu özü ondan alacağı barədə heç bir söz verməmişdir. Ona görə cavabdehin nümayəndəsi iddianı əsassız hesab edərək, iddianın təmin edilməməsini xahiş etdi. Cəlilabad Rayon Məhkəməsinin hakim (E.Əmirəliyev) 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8298 (səkkiz min iki yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (səksən) manat alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, məhkəmənin qənaətinə görə, Cavabdeh iddiaçıya keyfiyyətsiz və “Arizona” kartof növünə aid olmayan kartof toxumu satdığından iddiaçıya ziyan vurmuşdur və həmin ziyanın vurulmasında cavabdehin təqsirli olması məhkəmə iclasında tərəflərin və şahidlərin izahatları və iş materialları ilə sübuta yetirilir. İş üzrə sübutlar iddiaçının, cavabdehin və şahidin izahatları, X7 Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli arayışı, X11 Sertifikatlaşdırma Mərkəzinin verdiyi mütəxəssis rəyindən ibarətdir. Həmin sübutlardan yalnız verilmiş izahatların cavabdehə vurulmuş ziyanın məbləğinin (5014 manat) müəyyən edilməsinə aidiyyatı vardır. Digər sübutlar ziyanın məbləğinə deyil, təqsirlilik məsələsinə aid olan dəlillərdir. Ziyanın məbləğinin sadəcə izahatla müəyyən edilməsi isə yolverilməzdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı həmin xərclərlə bağlı sübutlar təqdim etməli idi. Bu hal, yəni ziyanın məbləğinin bu şəkildə müəyyən edilməsi iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi deməkdir. X8 3000 manatlıq kartof aldığını, İddiaçı isə 5000 manatlıq kartof aldığını bildirib. Məntiqlə İddiaçı əkin sahəsi V.Əliyevanın əkin sahəsindən çox olmalıdır. Əks halda əkin üçün alınan kartofun dəyəri çox olmazdı. İndi tərəflərin ziyanla bağlı izahatlarına diqqət edilsə, hər iki şəxs ərazilərinin 3 dəfə şumlanması üçün 120 manat xərclədiklərini, ərazinin 3 dəfə at kotanı ilə dırmıxlanması üçün 120 manat xərclədiyini bildirib. Əgər əkin sahələrinin sahəsi fərqlidirsə, bu işlərə çəkilən xərclərin bərabər olması nəyin göstəricisi ola bilər? Həmin şəxslərin sahəni suvarmasına xərclədikləri məbləğdə, fəhlələrə ödədiyi məbləğlərdə, dərmana və dərmanlamaya ödənilən məbləğlərə olan nəzərə çarpacaq fərq nəyin göstəricisidir? Bütün bunlar onu göstərir ki, iddiaçı ziyanın məbləği ilə bağlı arzuladığı məbləğləri tələb etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında iddiaçı ilə “Arizona” kartof toxumu barədə razılığa gəlmədiyini, iddiaçının özünün kartofu lazımi qaydada becərmədiyini bildirmişdir. İddiaçı apellyasiya baxışında iddiasını müdafiə etdiyini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında cavabdehin ona satdığı kartofun “Arizona” sortlu olmadığını, mütəxəssisin verdiyi arayışda onun aldığı toxumluq kartofun yararsız olduğu və bu səbəbdən onlara xeyli ziyan dəydiyi qeyd etmişdir. İddiaçı sonrakı apellyasiya baxışında iştirak etməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı cavabdehdən lazımi keyfiyyətdə mal (toxumluq kartof) vermədiyinə görə ziyan tələb etmişdir. İddiaçının tələbinə görə, o, cavabdehdən 5000 manata toxumluq kartof satın almış, lakin kartof keyfiyyətsiz və zay olduğundan ziyana düşmüşdür. İddiaçının bildirdiyinə görə cavabdeh ona razılaşdıqları qaydada “Arizona” sortu toxumluq kartof deyil, keyfiyyətsiz kartof vermişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 579.1-ci maddəsinə əsasən, əgər alğısatqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Hazırda mübahisəli hal alğı-satqı müqaviləsi üzrə tərəflərin razılaşdırdıqları keyfiyyətdə, yaxud lazımi növ və ya keyfiyyətdə əşyanın (toxumluq kartofun) verilməməsi ilə əlaqəlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllnin 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Mülki Məcəllənin 587-ci maddəsinə əsasən: 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Vurulmuş ziyanı tələb etmək üçün ilk növbədə ziyan vurulmasını, ziyanın miqdarını, ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğunu sübuta yetirmək yükü iddiaçının üzərindədir. Kollegiya hesab edir ki, iddiaçı bu halları sübuta yetirə bilməmişdir. İşin hallarından görünür ki, iddiaçı ona cavabdeh tərəfindən “Arizona” sortu deyil, başqa çeşiddə toxumluq kartof verilməsi halının təsdiqi üçün X9 İnkişaf Mərkəzi tərəfindən verilmiş və Cəlilabad DAİM-in Bitkiçilik sektorunun müdiri X1 tərəfindən hazırlanaraq təsdiq edilmiş 09 nömrəli, 07 iyul 2023-cü il tarixli arayışa istinad etmişdir. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən şahid ifadələrinə və X9 İnkişaf Mərkəzi tərəfindən verilmiş həmin arayışa istinad etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıya cavabdeh tərəfindən satılan kartofun keyfiyyəti şahid ifadələri ilə müəyyən edilə bilməz. İş materiallarının 5-ci vərəqinə əlavə edilən X9 İnkişaf Mərkəzi tərəfindən verilmiş və Cəlilabad DAİM-in Bitkiçilik sektorunun müdiri X1 tərəfindən hazırlanaraq təsdiq edilmiş 09 nömrəli, 07 iyul 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Sabirabad kənd sakinləri X8 və İddiaçı müraciətləri əsasında onların kartof əkin sahələrinə baxış keçirilmişdir. Baxış zamanı hər iki sahədə aqrotexniki tədbirlərin tələb olunan qaydalara uyğun aparıldığı müşahidə olunsa da, sahələrdə məhsuldarlığın çox aşağı olduğu və gözlənilən kartof məhsulunun kondisiyaya uyğun olmadığı müəyyənləşdirilmişdir. Cənub bölgəsində fəaliyyət göstərən X11 Sertifikatlaşdırma Mərkəzində tərəvəz toxumlarının analizi aparılmadığı üçün həmin sahələrdən götürülən kartof nümunələrinə baxılmış və mütəxəssislər tərəfindən belə qənaətə gəlinmişdir ki, əkilmiş toxumun əlamətləri “Arizona” sortu ilə uyğunsuzluq təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 05 aprel 2024-cü il tarixli, 3-22/2-1146/2024 saylı məktubunda göstərilmişdir ki, “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin iyirminci və iyirmi birinci abzaslarına uyğun olaraq xüsusi sahələrdə toxum səpməklə bitkilərin sortluq təmizliyinin müqayisəli təyin edilməsi yolu ilə bitkilərin və onların toxumlarının konkret sorta mənsub olmasını, eləcə də laboratoriya müayinələrinin aparılması vasitəsilə toxumun sortluq təmizliyinin və onun müəyyən sorta mənsub olmasını müəyyən etmək olar. Həmin maddənin müvafiq müddəalarına uyğun olaraq sözügedən toxum üzərində qrunt nəzarəti və ya laboratoriya üsulu ilə sortluq nəzarəti aparılmadığı üçün məsələ ilə bağlı təqdim edilmiş arayış mötəbər hesab edilə bilməz. Müəyyən edilir ki, sözügedən kartof toxumu laboratoriya üsulu ilə yoxlanılmamışdır. Məhkəmənin istinad etdiyi arayış isə kartofun arizona sortu olub-olmamasını təsdiq edən sübut hesab edilə bilməz. Digər tərəfdən, iddiaçı cavabdehin onu aldadaraq “Arizona” sortu əvəzinə başqa sort kartof verməli olduğunu bildirsə də cavabdeh izahatında iddiaçı ilə “Arizona” sortu barədə razılığa gəldiklərini təsdiq etməmişdir. Tərəflər arasında “Arizona” kartof sortu barədə razılığa gəlinməsi, satılan kartofun həmin sortdan olan kartof olmaması, ona görə ziyana düşməsi hallarını sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı bu halları sübuta yetirə bilməmişdir. Belə halda isə iddia təmin edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(073)-1845/2023 sаylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı lazımi keyfiyyətdə mal vermədiyinə görə pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar