Məhkəmə qərarları › İş №2(106)-464/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-464/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-464/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, iddiaçı Məcidova Südabə Yusif qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh tərəfindən Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)- 1624/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası cavabdeh Quliyeva Elnarə Haqverdi qızı tərəfindən Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti verilərkən MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxs tərəfindən istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Ancaq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərkən MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinə dair tələbinə əməl etməmişdir. MPM-in 364-cü maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bununla yanaşı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Həmin qanunun 8.6-cı maddəsinə görə isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə həmin Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi dövlət rüsumu tutulur. İşdən göründüyü kimi, iddiaçı Məcidova Südabə Yusif qızı iddia tələbində 1400 manat məbləğdə pul vəsaitinin tutulmasını xahiş etdiyi üçün 34 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Ancaq Cavabdeh tərəfindən Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” qanunun 8.6-cı maddəsinə uyğun olaraq 17 manat məbləğdə deyil, cəmi 15 manat dövlət rüsumu ödənilmişdir. MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Beləliklə də, iş materiallarına əsaəsn məhkəməyə daxil olmuş apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh apellyasiya şikayətinin MPM-in tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 363.1.1-1 və 363.1.2-ci maddələrinə görə isə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, hakim apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(032)-1624/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar