Məhkəmə qərarları › İş №2(106)-464/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-464/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-464/2025 04.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Laçın Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə İddiaçı xx.xx.2007-ci ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan üç uşaq- xx.xx.2010-cu il təvəllüdlü Bahar, xx.xx.2012-ci il təvəllüdlü Nuray və xx.xx.2015-ci il təvəllüdlü Miryusif doğulmuşdur. Əvvəllər nikahın pozulması və alimentə dair işə baxılmış, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqların ananın yanında saxlanması müəyyən edilmiş, uşaqların hər birinə 100 manat, cəmi 300 manat müəyyən edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin artırılmasına dair işə baxılmış, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X4, xx.xx.2012-ci il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazlrda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarının artırılaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X4, xx.xx.2012-ci il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan olan uşaqları hazırda onun himayəsindədirlər. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən sabit pul məbləğində hər ay hər hər uşağa 120 manat cəmi 360 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdehlə birgə yaşadığı vaxtdan bilir ki, onun uşaqlara baxmaq üçün kifayət qədər iş imkanları və qazancı vardır. Amma hazırda aldığı alimentin miqdarı 360 manat təşkil edir. Ailə problemlərinin və uşaqların diqqətəlayiq ehtiyaclarının artması ona çətinlik yaradır. Uşaqların tələbatını həmin alimentlə təmin edə bilmir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X11 Mərkəzinin Bərdə rayon ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və aldığı əmək haqqı 345 manat təşkil edir. Onun başqa iş yeri və gəliri də yoxdur. Bundan başqa ondan tutulan 360 manat alimenti də ödəməkdə çətinlik çəkir və onun maddi vəziyyəti də çox ağırdır. Laçın Rayon Məhkəməsinin (hakim C.İbrahimov) 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X4, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, xx.xx.2010-cu il tarixdə anadan olmuş Həsənzadə Baharın, xx.xx.2012-ci il tarixdə anadan olmuş Həsənzadə Nurayın və xx.xx.2015-ci il tarixdə anadan olmuş Həsənzadə Miryusifin yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Ailə Məcəlləsinin 76.1.3-cü maddəsi nəzərə alınmaqla alimentin onun qazancının (başqa gəlirlərin) yarısı həddində tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, onun real gəliri rəsmi əmək haqqıdır. Birinci instansiya məhkəməsi onu gəlirlərinin xaricində əlavə maddi məsuliyyətlə yükləməklə, onun gələcəkdə vəziyyətini pisləşdirən qərar qəbul etmiş olmuşdur. Faktiki olaraq birinci instansiya məhkəməsi onun üçün aliment öhdəliyini real qazancı müqabilində ödəyə bilməyəcəyi qarşılığında onu qanunla üzbəüz qoymuş olur ki, bu da məhkəmənin yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqində doğru olmayan nəticəyə rəvac verən mövqe tutmasının ifadəsidir. İddiaçı onun maddi vəziyyətində hansı artımlı dəyişikliklərin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı daxil olmamışdır. Prosessualməsələlər Cavabdeh məhkəməyə teleqram göndərərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına maddi vəziyyəti ilə bağlı gələ bilmədiyini bildirmiş, alimentin miqdarının Azərbaycan Respublikası Ali X3 uyğun olaraq hesablanmasını, apellyasiya şikayətinə onun iştirak olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdehin birgə nikahından üç uşaqxx.xx.2010-cu il təvəllüdlü Bahar, xx.xx.2012-ci il təvəllüdlü Nuray və xx.xx.2015-ci il təvəllüdlü Miryusif doğulmuşdur. Müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqların ananın yanında saxlanması müəyyən edilmiş, uşaqların saxlanılması üçün onların hər birinə 100 manat olmaqla, cəmi 300 manat miqdarında aliment təyin edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin artırılmasına dair işə baxılmış, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı hazırki tələbində əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 705 manat miqdarında aliment müəyyən edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək qismən təmin etmiş, hər uşağa 135 manat olmaqla sabit məbləğdə müəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Kollegiya məhkəməmnin mövqeyini əsaslı sayır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almışdır. Apellyasiya şikayətində cavabdeh gəlirinin az olduğunu qeyd etmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X12 Mərkəzinin Bərdə rayon ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və onun əmək haqqı 345 manat təşkil edir. Bununla yanaşı, cavabdeh məhkəməyə göndərdiyi teleqramında alimentin miqdarının Azərbaycan Respublikası Ali Məhkləmənin Plenumunun müvafiq Qərarına uyğun olaraq hesablanmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə almışdır. Bununla yanaşı, Kollegiya hesab edir ki, alimentin tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkləmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarınında (20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarla edilmiş dəyişiklliklərlə) olan göstərişlərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkləmənin Plenumunun həmin Qərarınında göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (8.4-1-ci bənd). Birinci instansiya məhkəməsi uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 135 manat, cəmi 405 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsini təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və cavabdehdən tutulmalı olan aliment həm cavabdehin apellyasiya şikayəti, həm də Azərbaycan Respublikası Ali Məhkləmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarındakı (sonrakı dəyişikliklərlə) göstərişləri nəzərə alınmaqla müəyyən edilmiş alimentin indeksləşdirilməsi məqsədilə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli miqdarında sabit məbləğdə müəyyən edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3558/2023 saylı qətnaməsi əsasında Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilməli, 04 mart 2025-ci ildən başlayaraq, yetkinlik yaşına çatmayan uşaqlar- xx.xx.2010cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdülü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün, onlar yetkinlik yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli miqdarında sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(047)-968/2024 saylı qətnaməsi dəyişdirilsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3558/2023 saylı qətnaməsi əsasında Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin. 04 mart 2025-ci ildən başlayaraq, yetkinlik yaşına çatmayan uşaqlar- xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdülü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün, onlar yetkinlik yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli miqdarında sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar