Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-465/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı X1 Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli e-2(056)-2865/2024 saylı qətnaməsindən (hakim S.Allahverdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) tərəflərin iştirakı olmadan, işdə olan sənədlər əsasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X1 Bank Kredit Təşkilatı (bundan sonra mətndə İddiaçı MM QBKT) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, əsas borc üzrə 1234 manat, faiz borcuna görə 110.36 manat, 128.37 manat cərimə olmaqla, cəmi 1472.73 manat məbləğində borcun və 34.73 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1338 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 194 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1234 manat, faiz borcuna görə 110.36 manat, 128.37 manat cərimə, cəmi 1472.73 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Mülki Prosessual Məcəllənin 284.5-ci maddəsinin tələblərinə müvafiq olaraq cavabdehə rəsmi bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. Sabirabad Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli e-2(056)-2865/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, “Finca Azerbaijan»”MM QBKT ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli **********1338 saylı kredit müqaviləsindən yaranmış 1234 manat əsas borc, 110.36 manat faiz borcu, 100 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 1474.36 (bir min dörd yüz yetmiş dörd manat otuz altı qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MM QBKT-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-2865/2024 saylı qətnaməsi qanunun pozulması ilə qəbul edilmişdir. Belə ki, ödəyəcəyi kredit borcu məbləğinin faiz dərəcəsi şişirdilmişdir. Nə iddiaçının təqdim etdiyi maliyyə arayışında, nədə işin digər materiallarında iddiaçının tələb etdiyi faiz borcun məbləğinin hansı qaydada hesablanması və bu zaman əsas götürülmüş müddət (günə-gün hesabı ilə) konkret göstərilməmişdir. Ona görə də hazırda tələb olunan faiz məbləğinin dəqiq miqdarı barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Bununla əlaqədar yeni apellyasiya baxışında Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına uyğun olaraq hesablanmış faiz borcun məbləği dəqiq müəyyən edilməlidir. Ona görə də bunun üçün xüsusi bilik tələb edildiyindən müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası MPM-in 394-1.4-cü maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan, işdə olan sənədlər əsasında yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etsə də, məzmun etibarı ilə qətnaməni yalnız müəyyən olunan faiz borcunun məbləği hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Kreditor İddiaçı MM QBKT ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1338 saylı kredit müqaviləsinə əsasən, sonuncuya ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% faiz dərəcəsi ilə olmaqla 12 ay müddətinə qaytarılması şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kreditr İddiaçı MM QBKT-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2023cü il tarixli **********1338 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024- cü il tarixə 1234 manat əsas, 110.36 manat faiz və 128.37 manat cərimə borcu olmaqla, cəmi 1472.73 manat məbləğində borcu vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində kredit borcu üzrə faiz məbləğinin şişirdildiyini bildirsə də, bunun konkret olaraq nədə ifadə olunduğunu açıqlamamış, hesablanan faiz məbləğini şübhə altına ala biləcək əsaslandırma gətirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda iddianın təmin olunan hissədə qiyməti 1474.36 manat təşkil etməklə, 5000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli e-2(056)-2865/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(106)-465/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-465/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver