Məhkəmə qərarları › İş №2(106)-466/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-466/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-466/2023 10.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(050)-2161/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərəflər doğulduqları kənddə qonşu olmaqla yaxın münasibətdə olmuşlar. İddiaçı 2015ci ildə cavabdehə 15.000 və 10.000 ABŞ dolları olmaqla ümumilikdə 25.000 ABŞ dolları pul vermiş, həmin pula görə cavabdeh ona qazanc verməli və iddiaçı pulunu istəyəndə verdiyi pulu qaytarmalı idi. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus 25000 ABŞ dollar pul vəsaitinin, yəni Azərbaycan manatı ekvivalenti olan 42500 manat pul vəsatinin və ödənilmiş 218 manat dövlət rüsumunun, cəmi 42718 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin təxminən payız aylarında Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül” Taxta Bazarında Cavabdeh 15000 ABŞ dolları, 2016-cı ilin dekabr ayında isə 10000 ABŞ dolları, cəmi 25000 ABŞ dolları məbləğində pul vermişdir. Dəfələrlə ona məxsus olan 25000 ABŞ dolları pul vəsaitini istəsə də, cavabdeh müxtəlif bəhanələrlə həmin vəsaiti qaytarmaqdan imtina etmişdir. Cavabdeh ona məxsus olan 25000 ABŞ dolları pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir və məqsədi həmin pul vəsaitini mənimsəməkdən ibarətdir. Bunula bağlı hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə cavabı belə olmuşdur ki, “--Gedib hara istəyirsən şikayət edə bilərsən və ona qaytarmağa pulu yoxdur”. Bundan sonra Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Nərimanov RPİ-nin 17-ci PB-də material üzrə araşdırma aparılmışdır və sonra isə Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Samir Ağayev tərəfindən material üzrə araşdırma aparılaraq xx.xx.2022-ci il tarixdə HK-1 408 nömrə ilə qeyd olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh həmin araşdırma zamanı izahat verərkən ondan 25000 ABŞ dollarını borc aldığını etiraf etmiş və uğursuz kommersiya fəaliyyətinə görə borcu bu günə qədər qaytara bilmədiyini qeyd etmişdir. Bundan başqa, cavabdeh Nərimanov RPİ-nin 17-ci PB-də və Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində izahat verərkən ondan aldığı pulu Şahid1 verdiyini etiraf etmişdir. Bu xüsusatın dəqiqləşdirilməsi üçün Şahid1 da izahatı alınmışdır. Şahid1 da səmimi formada ondan alınmış pul vəsatini Qaimdən götürdüyünü bildirmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 3853.2, 442 və 448.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, tələb əsassızdır və aşağıdakı dəlillərə görə rədd olunmalıdır. İddia tələbi üzrə o, cavabdeh şəxs deyil. Belə ki, İddiaçı 2013-cü ildə ona yaxınlaşaraq xahiş etmişdir ki, yaxın dostu Şahid1 onun üçün taxta gətirməsini istəsin. O, da Şahid1 xahiş etmişdir və o, bunu qəbul etmişdir. İddiaçı 19550 manat pulu (iki dəfəyə) ona vermişdir ki, Şahid1 çatdırsın və o, da pulu Şahid1 çatdırmışdır. Şahid1 da öhdəlik götürmüşdür ki, hər ay 800- 900 manat Bilala pul verəcək. 2015-ci ilin dekabr ayına kimi Kamran tərəfindən İddiaçı hər ay fasiləsiz 850-900 manat, cəmi 21600 manat pul verilmişdir. 2015-ci ilin dekabr ayında baş vermiş məlum devalivasiyadan sonra Kamranın işləri dayanmışdır. Həmin vaxt Bilal Kamrandan yenə pulu tələb etmiş, hətta bir neçə dəfə görüşmüşlər və o, da onları tanıdığı üçün həmin görüşlərin bəzisində iştirak etmişdir. Kamran ona demişdir ki, artıqlaması ilə pul verib və borcu yoxdur. Lakin Bilal razılaşmamış və pulunu ondan tələb etmişdir. Göründüyü kimi Bilal pulu ona yox, Kamrana vermişdir və iddia ərizəsinə sübut olaraq təqdim edilmiş Nərimanov Rayon Polis İdarəsinin qərarında da bu xüsusatlar öz təsdiqini tapmışdır. Şahid1 məhkəməyə yazdığı ərizə də dediklərini tam formada təsdiq edir. Öhdəlik iki tərəf Bilal və Kamran arasında olmuşdur. O, sadəcə olaraq Bilalın pulunu Kamrana çatdırmış və Bilal da iddia ərizəsində qeyd etmişdir ki, pul Qaim vasitəsi ilə Kamrana çatdırılmışdır. Belə olan halda o, başqasının öhdəliyinə görə cavabdehlik daşıya bilməz. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizədə göstərilmişdir ki, iddia tələbi üzrə cavabdeh şəxs deyil. O, İddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Mübahisəyə mülki qanunvericiliyin iddia müddətinə dair normaları tətbiq edilməklə də iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına sübut olaraq əlavə olunmuş Nərimanov Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından da görünür ki, İddiaçı 19550 manat pulu 2013-cü ildə Şahid1 onun vasitəsi ilə ödəmiş, 2015-ci ilin dekabr ayına kimi Kamran tərəfindən hər ay Bilala ödənişlər olmuş və 2015-ci ilin dekabr ayında ödənişlər yekunlaşmışdır. İddiaçı öhdəliyin icra edilməməsinə görə hüquqlarının pozulduğunu düşünürdüsə, bu zaman 2016-cı ildən 2022-ci ilə qədər nə üçün məhkəmədə bu barədə iddia qaldırmamış və tələb irəli sürməmişdir? Halbuki, şərti olaraq İddiaçı məntiqi ilə yanaşılsa, o, artıq 2016-cı ildə növbəti ödənişləri ala bilmədiyinə görə məhkəmədə iddia qaldırmalı idi. Lakin o, 2016- cı ildən 2022-ci ilə kimi 6 il ərzində heç bir iddia tələbi irəli sürməmiş və qanunvericilikdə nəzərədə tutulan iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin müvafiq maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (maddə 377.1). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır (maddə 377.3). Göründüyü kimi İddiaçı hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2016-cı il tarixdən başlayaraq 2022-ci il tarixə kimi borcla bağlı heç bir tələb irəli sürməmiş və qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sonda Cavabdeh iddia müddəti buraxıldığı üçün iddianın rədd edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, 2010-ci ildən “Dərnəgül” Taxta Bazarında taxta satmışdır. Şahid1 xarici ölkədən Azərbaycan Respublikasına taxta gətirib satmaq ilə məşğul olmuşdur. Bilal da Kamranı tanımış, lakin tam səmimi münasibəti olmamışdır. Onun isə Kamran ilə münasibəti daha yaxın olmuşdur. Bilal ona demişdir ki, Kamrana pul versin taxta gətirsin və həmin qazancdan ona pul verilsin. O, 1-ci dəfə 2013-cü ilin axırlarında 11785 manat, 2- ci dəfə 7850 manat, cəmi 19635 mant İddiaçı pul almış və pulu Bilalın yanında Şahid1 vermiş, pulun verilməsində vasitəçi olmuşdur. Pulun qaytarılması üçün konkret vaxt müəyyən edilməmiş, bu 15 ildə, 20 ildə ola bilərdi. 2014-cü ilin yanvar ayından 2016-cı ilin yanvar ayına kimi 24 ay hər ay Kamran 850-900 manat vermiş, oda həmin pulu Bilala vermişdir. Devalvasiya olmasa idi pulu tam şəkildə Kamrandan alıb qaytaracaqdır. Devalvasiya olması səbəbindən Bilala verdiyi pulları alınmış pula hesablamış və beləcə alınmış pul bağlanmışdır. Bilal ondan pulu istəyəndə hər dəfə bildirmişdir ki, pul Kamrandadır, gözlə Kamran tapılsın pulu alıb verəcək. Kamrandan pulu istəyəndə o, bildirmişdir ki, müflis olduğundan pulu batırıb. Qaytarılmış pulu dollarının həmin dövrdə manata uyğun 0,78 manat məzənnəsi ilə hesablamışlar. Telefon danışığı 2021-ci ilin danışığıdır. Telefondakı səs İddiaçı və onun səsidir. Bilal ondan pulu istəyəndə daha sonra bildirmişdir ki, Kamranın Nərimanov Rayon Məhkəməsində məhkəmə işi var. Kamran həmin işi udsa idi ona pul verəcəkdi, o, da həmin pulu Bilala verəcəkdir. Bilala heç bir borcu yoxdur. Pulu Kamran ona vermiş, o da Bilala vermişdir. Bilal onun səsini icazəsiz qeydə alıb və bu qanunaziddir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 Yunus oğlu ifadəsində göstərmişdir ki, xarici ölkədən Azərbaycan Respublikasına taxta idxal edərək satışı ilə məşğul olmuşdur. 2011-2013-cü ilə kimi Cavabdeh ilə birlikdə işləmişdir. 2013-cü ildə Qaim ona zəng vuraraq bildirmişdir ki, Bilalın pulu var xarici ölkədən taxta gətirmək olarmı? O, da bildirmişdir ki, işə gələndə söhbət edərik. İşə gələndə Bilal və Qaimə izah etmişdir ki, 1 vaqonun maya dəyəri təqribi 12000-13000 ABŞ dollarıdır. Qaim demişdir ki, Bilalın pulunu verək 1 vaqon taxta vur. O, da bildirmişdir ki, birinci pulu göndərirlər, sonra taxta gəlir. Vaqon bəzən gec gəlirdi. Razılaşmadılar bu şərtə. Bilal dedi ki, ayda 500 mant pul verə bilərsən? Bilal maşın ilə Qaimin obyektinə mal daşıyırdı. Pulu Qaim gətirdi və ona verdi. Bilal ilə çox yaxın münasibəti yox idi, onu Qaimə görə tanıyırdı. 1-ci dəfə 2013-cü ilin axırlarında təxminən 12000-12500 manat pul verildi. Bu pulu Qaim gətirib ona vermişdir. Bilal pulu nə vaxt istəsəydi qaytaracqdır. Hər ay 500- 600 manat pul verilib. 2-ci dəfə 2014cü illərin əvvəllərində təxminən 7000-8000 manat Qaim pul vermişdir. Qaim demişdir ki, pul Bilalındır. 2015-ci ilin dekabr ayına kimi hər ay 900 manat Qaimə vermişdir. 2014-cü ilin ortalarında vaqonun maya dəyəri qalxmış, o, Qaimin obyektinə gələrək Qaimə və Bilala bildirmişdir ki, əsas məbləğin hamsını qaytarır, Bilal bildirmişdir ki, imkan varsa qalsın, hər ay qazanc verərsən. O, da razılaşmışdır. 2015-ci ilin fevral ayında dolların məzənnəsi dəyişmiş, nəticədə müflis olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cavabdeh dayısıdır. Bilal isə onun əmisinin nəvəsidir. Onun Bilalın faizə borc verməsi ilə bağlı məlumatı yoxdur. Kamran ona bildirmişdir ki, Bilala borcu yoxdur. Kamran ilə Qaim ona bildirmişlər ki, onlar Bilala pul vermişlər, lakin Bilal həmin pulu götürməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(050)-2161/2022 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 17045 (on yeddi min qırx beş) manat 40 (qırx) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87 (səksən yeddi) manat 43 (qırx üç) qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə tərəflərin hər ikisi fərdi sahibkar statusuna malik olan fiziki şəxslər olsalar da onlardan İddiaçı vergi ödəyicisi kimi xx.xx.2007-ci il tarixdə, Cavabdeh isə vergi ödəyicisi kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşin mübahisələndirilməyən halı mübahisənin cavabdehin vergi ödəyicisi olmadığı dövrdə tərəflər arasında baş vermiş münasibətə görə yaranmasıdır. Hüquq münasibətinin yarandığı vaxt vergi ödəyicisi olmayan şəxsin fəaliyyəti rəsmi şəkildə sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilməz. Onlar arasındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 10 və 11-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Göstərilənlərə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti kimi ümumi məhkəməyə aid olmasını müəyyən etmişdir. Məhkəmə cavabdehin və şahidin - pulun ona, yəni Şahid1 Yunus oğluna verilməsi və pulun qaytarılması üçün onun cavabdehlik daşıması barədə mövqelərinə münasibətdə bildirir ki, həmin mövqe aşağıda göstərilən hallar ilə təkzib edilir.

1. Tərəflər arasında mübahisə edilməyən hal ondan ibarətdir ki, pulu İddiaçı şəxsən Cavabdeh vermişdir.

2. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, Bilal da Kamranı tanımış, lakin tam səmimi münasibəti olmamışdır. Onun isə Kamran ilə münasibəti daha yaxın olmuşdur. Belə bir vəziyyətdə sürücü işləyən şəxsin pulu Şahid1 Yunus oğluna verməsi inandırıcı görünmür. Əgər həqiqətən də Bilalın Kamran ilə yaxın münasibəti olmuş olsa və pulu ona vermiş olsa idi bu zaman bunu heç Qaim vasitəsi ilə etməyə zərurət də olmaz idi.

3. Əgər həqiqətən də Cavabdeh pulun verilməsində yalnız vasitəçi kimi iştirak etmiş olsaydı və pulun qaytarılması üçün onun məsuliyyəti olmasaydı onda məntiqi baxımından Bilal hər dəfə ondan pul istəyəndə o, bildirməli idi ki, mənə pul vermisən? Kimə vermisən ondan da tələb et.

4. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə. Mülki Mücəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əgər Cavabdeh iş üzrə özünü əsl cavabdeh kimi qəbul etməsəydi, o halda o, iddia müddətinin tətbiqi barədə ərizə verməz, iddia tələbinə qarşı əsl cavabdeh olmaması əsası ilə çıxış edərdi. Qanunvericiliyə görə belə bir ərizənin verilməsi yalnız mübahisə tərəfinə aiddir. Bundan başqa, o, həmin ərizə ilə dolayı yolla olsa da İddiaçı borcu olmasını təsdiq etmişdir. Axı olmayan borca iddia müddətinin tətbiqindən söhbət gedə bilməz.

5. Bu məsələyə tərəflər arasında olan telefon danışığı ilə açıq şəkildə aydınlıq gətirilmişdir. Belə ki, məhkəməyə İddiaçı tərəfindən təqdim edilmiş CD-yə köçürülmüş telofon danışığına məhkəmə iclasında qulaq asılmış və həmin danışıqdan görünür ki, “Cavabdeh İddiaçı dəfələrlə bildirir ki, pulu mənə vermisən pul mənlikdir. Pul mənim boynumdadır. Pulu ala bilmirəm, alsam sənə artıqlaması ilə verərəm. Bir az səbr et. Mən atama da demişəm Kamranın mənə verəcəyi var, mənim də Bilala verəcəyim. Tutaq ki, sabah mən öldüm sən gedib Kamrandan da yapışa bilməzsən.” Bundan başqa, həmin telofon danışığından pulun alınmasının təşəbbüskarı Qaim olduğu, Bilalın Qaimə pulu ona verdiyini və ondan alacağını bildirməsi, Qaimin isə bunu təsdiqləməsi məlum olur. Daha sonra Qaim bildirmişdir ki, mən onsuz da o pulu verənəm, geci-tezi var. Atama da demişəm Allah mənə yetirsin Bilalın pulunu yavaş-yavaş verəcəm.” Tərəflərin mübahisələndirmədikləri (məhkəmə iclasında bildirmələrinə görə) hallar telefon danışığının 2021-ci ildə olan danışıq olması, danışan şəxslərin İddiaçı və Cavabdeh və səslərin onlara məxsus olmasıdır. Məhkəmə, Cavabdeh - Bilalın onun səsini icazəsiz qeydə alması, bunun qanunazidd olması və sübut kimi qəbul edilə bilməməsi barədə mövqeyinə münasibətdə bildirir ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə oluna sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Göstərilən səbəbdən iş üzrə əhəmiyyət kəsb etdiyi üçün tərəflər arasında olan telefon danışığı sübut kimi işə əlavə edilmişdir. Məhkəmə tələb üzrə isə bildirir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında şərtləri şifahi şəkildə razılşadırılmış münasibətlərin olması müəyyən edilmişdir. Belə ki, işin hallarından məlum olur ki, onlar razılaşmışlar ki, iddiaçı pul versin, vermiş olduğu pula görə ona qazanc verilsin və pul istəniləndə verilmiş pul qaytarılsın. Bu isə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin olmasını və mübahisəli pul tələbinin də həmin münasibətdən qaynaqlandığını göstərir. Verilmiş pul ilə bağlı yazılı sübut yoxdur, iddiaçı konkret olaraq nə qədər pul verməsi, vermiş olduğu pulun ABŞ dolları və ya manat şəklində verməsi, qazanc olub-olmaması, ona verilmiş pulun qazancdan və ya ümumi puldan olması ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, sadəcə olaraq məhkəmə iclasında verdiyi izahatında, həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, “2015-ci ildə 5000 ABŞ dolları və 10500 manat, 2016-cı ildə 10000 ABŞ dolları Orucov Qaimə vermişəm. Həmin məbləğdən 5 dəfəyə 2500 ABŞ dolları, 1 dəfə isə 820 ABŞ dolları qaytarmışdır. Cəmi həmin puldan Qaim mənə 3320 ABŞ dolları qaytarıb.” Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında, həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, “1-ci dəfə 11785 AZN 2013 axırları, 2-ci dəfə 7850 AZN 2014 əvvəlləri məbləğində pul almışam. Hər ay 2015 dekabrın 21-ə qədər 850-900 manat ödəmişəm. Heç bir borcum yoxdur.” MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından cavabdehə hansı məbləğdə pulun və hansı valyuta (dollar və ya manat şəkilində) ilə verilməsini, həmçinin ona verilmiş pulun borcdan deyil, qazanc şəkilində verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərindədir. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında, həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində 2 dəfəyə olmaqla 19635 manat məbləğində pul almasını etiraf etmiş və borcunun olmadığını göstərmişdir. Yuxarıda göstərilmiş normaya əsasən aldığı pulun qaytarılmasını da sübut etmək vəzifəsi cavabdehin üzərindədir. Bununla bağlı isə onun tərəfindən məhkəməyə hər hasnı bir sübut təqdim edilməmişdir. Lakin iddaçının məhkəmə iclasında verdiyi izahatı, həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsi ilə sübut olunur ki, alınmış pula görə ona 3320 ABŞ dolları qaytarılmışdır. Həmçinin, tərəflərin məhkəmə iclasında bildirmələrinə görə qarşılqlı razılığa görə qaytarılmış pulu dolların həmin dövrdə manata uyğun 0,78 manat məzənnəsi ilə hesablamışlar. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu pulun məbləği 17045,40 manat təşkil edir. İddiaçının almasını etiraf etdiyi 19635-2589,60 (qaytarılmış 3320 ABŞ dolları tərəflərin məhkəmə iclasında bildirmələrinə görə qarşılqlı razılığa görə qaytarılmış pulun dolların həmin dövrdə manata uyğun 0,78 manat məzənnəsi) = 17045,40 manat. Məhkəmə cavabdehin - iddia müddətinin (3 illik) tətbiqi barədə ərizəsinə münasibətdə isə bildirir ki, iddiaçı tələb etdiyi pulu 2015-2016-cı illərdə verdiyini, 2016-cı ilin mart ayında tələb etməsini, cavabdeh isə pulu 1-ci dəfə 2013-cü ilin axırları, 2-ci dəfə isə 2014-cü ilin əvvəllərində aldığını bildirir. Mülki Məcəlləyə müvafiq olaraq ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 373.1, 373.2, 3801, 380.2). “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilir ki, “...Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göstərilənlərə əsasən məhkəmə iddia müddəti ilə bağlı bildirir ki, cavabdehin məhkəmə iclasında bildirməsinə görə borcun qaytarılması üçün konkret vaxt müəyyən edilməmiş, bu 15 ildə, 20 ildə ola bilər. Bundan başqa, onun tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər edilmişdir. Məsələn, məhkəmə iclasında onun verdiyi izahata görə hər dəfə Bilal ondan pulu istəyərkən Kamranın tapılması, həmçinin onun məhkəmə işi ilə bağlı möhlət istənməsi, tərəflər arasında 2021-ci ildə baş vermiş telefon danışığı zamanı da cavabdehin iddiaçıdan borcun qaytarılması üçün möhlət istənməsi ilə onun tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər edilmiş və iddia müddətinin axımı kəsilmişdir. İşdə olan sübutlara əsasən sonuncu dəfə öhdəliyin icrası üçün möhlət istənməsi 2021-ci ildə baş vermiş telefon danışığı zamanı olmuşdur. Belə olan halda iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Bu isə onu deməyə əsas verir ki, tələb üzrə iddia müddəti keçməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 324.4- 324.5, 329.2-329.3, 385.1-385.2, 425.1, 442, 443.1, 448.1-448.2, 373.1-373.2, 380.1- 380.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3 və 217.4-cü maddələri işə baxan məhkəmə tərəfindən pozulmuşdur. Cavabdeh irəli sürdüyü dəlillərə heç bir əhəmiyyət verilməmiş, məhkəmə onun izahatında göstərdiyi halları və məhkəməyə təqdim etdiyi sübutları, şahid ifadələrini obyektiv araşdırmamışdır. Halbuki həmin hallara məhkəmə tərəfindən obyektiv qiymət verilsəydi, birmənalı şəkildə İddiaçı iddia tələbinin qanunsuz olması sübut olunacaqdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər: İddiaçı pulu Cavabdeh deyil, Şahid1 Yunus oğluna vermiş və pul öhdəliyi Şahid1 Yunus oğlu tərəfindən götürülmüşdür. Məhkəmə isə bu aşkar dəlili 5 əsasla təkzib etmişdir və məhkəmənin mövqeyi tamamilə əsassızdır. Pul Cavabdeh verilmişdir, lakin Şahid1 çatdırmaq məqsədi ilə və bu iş materialı ilə, habelə iddiaçının özünün izahatı ilə təsdiq olunmuşdur. Məhkəmə isə pulun Qaimə verilməsini mübahisəsiz hal kimi qeyd etmiş, lakin Qaim tərəfindən Kamrana çatdırılmasını mübahisəsiz hal kimi qeyd etməmişdir. Bu məhkəmənin qərəzli mövqeyini göstərir. Məhkəmə ikinci dəlil kimi buna istinad etmişdir ki, əgər Bilalın Kamranla yaxın münasibəti olsaydı və pulu Kamrana versəydi, bu zaman bunu heç Qaim vasitəsi ilə etməyə zərurət də olmazdı. Kamran məhkəmədə ifadə verərkən təsdiq etmişdir ki, Qaim ondan Bilalın xahişini etmiş və o da Bilal üçün taxta gətirmişdir. Məhkəmənin bu xüsusatı dəlil kimi qeyd etməsi qəbuledilməzdir və heç bir məntiqə söykənmir. Növbəti dəlil göstərilmişdir ki, əgər həqiqətən də Cavabdeh pulun verilməsində yalnız vasitəçi kimi iştirak etmiş olsaydı və pulun qaytarılması üçün onun məsuliyyəti olmasaydı onda məntiqi baxımından Bilal hər dəfə ondan pul istəyəndə o, bildirməli idi ki, mənə pul vermisən? Kimə vermisən ondan da tələb et. Bu dəlil də öhdəliyə cavabdeh şəxsin Kamran deyil, Qaim olmasına əsas vermir. Birincisi Kamran özü məhkəmədə bildirmişdir ki, Bilal dəfələrlə ondan borcunu tələb etmiş və Qaimin ofisində Bilalla dəfələrlə borcun müzakirəsini etmişdir. İkincisi Qaim məhkəmədə vəsatət vermişdir ki, Bilalın telefonundan Kamranın telefonuna gedən zənglərin siyahısı çıxarılsın, lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Məhkəmə tərəflər arasında olan telefon danışığına da istinad etmişdir. Bu halla bağlı qeyd olunmalıdır ki, Qaimlə Bilal arasında sözsüz ki, telefon danışığı olub, necə ki Bilalla Kamran arasında telefon danışığı olub, lakin Bilal məhkəməyə telefon danışıqlarını natamam şəkildə təqdim etmişdir. Belə olan halda bu yarımçıq səs yazısına sübut kimi istinad olunması əsassızdır və obyektiv həqiqəti əks etdirmir. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqi haqqında ərizə verməsinə də belə yanaşmışdır ki, bu dolayı yolla sübut edir ki, Qaimin Bilala borcu var, çünki olmayan borca iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Bu yanaşma tamamilə qanunsuzdur. Qaim iş üzrə cavabdeh qoyulduğu üçün iddia müddətinin tətbiqi haqqında ərizə vermişdir. Belə bir ərizənin verilməsini dolayısı ilə də Qaimin borclu olmağına bağlamaq ədalətsizlikdir və formal mülahizədir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Kamran məhkəmə iclasında pulu Bilaldan aldığını bildirmiş və bu pulun Qaimə heç bir aidiyyəti olmadığını, Qaimin pulu Bilaldan alıb ona çatdırdığını göstərmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(050)-2161/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh iştirak etmir və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan İddiaçı tərəfindən imzalanmış ərizədə göstərilr ki, “Cavabdeh birinci dəfə 2015-ci ildə 15000 ABŞ dolları, 2-ci dəfə 2016-cı ildə 10000 ABŞ dolları pul vermişəm. 2016-cı ilin mart ayında pulumu tələb etmişəm.” İş materialında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədə göstərilir ki, “1-ci dəfə 11785 AZN 2013 axırları, 2-ci dəfə 7850 AZN 2014 əvvəlləri məbləğində pul almışam. Hər ay 2015 dekabrın 21-ə qədər 850-900 manat ödəmişəm. Heç bir borcum yoxdur.” İş materialında olan İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədə göstərilir ki, “2015-ci ildə 5000 ABŞ dolları və 10500 manat, 2016-cı ildə 10000 ABŞ dolları Orucov Qaimə vermişəm. Həmin məbləğdən 5 dəfəyə 2500 ABŞ dolları, 1 dəfə isə 820 ABŞ dolları qaytarmışdır. Cəmi həmin puldan Qaim mənə 3320 ABŞ dolları qaytarıb.” İş materialında olan Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsindən İddiaçı müraciəti əsasında aparılmış araşdırma materialından görünür ki, həmin araşdırma zamanı təhqiqatçı Vəzirə Şamilova tərəfindən izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, “İddiaçı ilə bir kənddə yaşamışlar, qonşu olmuşlar. Daim münasibətləri olub. Onlarla eyni kənddən olan Şahid1la yaxın münasibəti olub. Onun daim Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Keşlə yük stansiyasında işlədiyi barədə məlumatı olmuşdur. 2015-ci ilin dekabr aylarında o, Bilala zəng vuraraq Rusiya Federasiyasından taxta gətirilməsi üçün 15000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Rusiyada Şahid1 tanışları olduğunu və oradan ona taxta materiallarını göndərəcəklərini bildirmişdir. Bilal da 15000 ABŞ dolları dəyərində hesablanaraq 11785 AZN manat pulu ona vermişdir. Pulu Bilaldan götürən zaman Şahid1 vermişdir. Pulu ondan götürən gündən hesablanaraq hər ayda ona 850- 900 manat pul vermişdir. Sonradan təxminən 2016-cı ilin yaz aylarında yenidən o, Bilalla görüşən zaman 10000 ABŞ dolları da istəmiş və o, etiraz etmədən 10000 ABŞ dolları dəyərində hesablanaraq 7850 manat pulu ona vermişdir. Eyni qaydada olaraq hər ayda ona 300 ABŞ dolları vermişdir. Sonradan müəyyən vaxt keçdikdən sonra Şahid1 Rusiyadan taxta materiallarının gətirilməsi problemləri yarandığından Bilaldan nağd şəkildə alınmış 19635 manat pulun qaytarılmasında problem yaranmışdır.” Şahid1 izahatında göstərmişdir ki, “...İddiaçı ilə bir kənddə yaşamışlar, qonşu olmu.lar. Bilalla onun arasında Cavabdeh vasitəsi ilə yaxın münasibəti olmuşdur. O, Bakı şəhərində yerləşən “Dərnəgül” Bazarında taxta satışı ilə məşğul olmuşdur. Cavabdeh ona onunla birlikdə taxta satışı ilə məşğul olmasını təklif edərək 11785 manat pul vermişdir. O, da onun pulu müqabilində Qaim üçün Rusiya Federasiyasından taxta gətizdirirmiş və hər ayda gələn gəlirdən ona 800-900 manat pul qaytarmışdır. Təxminən 2015-ci ilin yaz aylarında yenidən Qaim ona 10500 manat pul verərək həmin pul müqabilində də ona taxta materiallarının gətizdirilməsini xahiş etmişdir. Yenə də o, əvvəlki 11785 manat və sonradan aldığım 10500 manat pula gətizdirdiyi taxta maerialları müqabilində ona hər ayda 800-900 manatdan əlavə olaraq 300 ABŞ dollarıda vermişdir. Beləliklə, o, 2013-cü ilin sonlarından etibarən 2016-ci ilin yay aylarına kimi mütəmadi olaraq 11785 manat pulun müqabilində 800-900 manat və 10500 manat pulun müqabilində isə 300 ABŞ dolları vermişdir.” İş materialında olan Şahid1 Yunus oğlu tərəfindən imzalanmış 13 sentyabr 2022-ci il tarixli ərizədə göstərilmişdir ki, “...Mən fərdi sahibkar olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına taxta idxal edərək satışı ilə məşğul olurdum. 2013-cü ildə yaxın dostum Cavabdeh Şivan oğlunun vasitəsi ilə tanıdığım İddiaçı onun üçün də taxta gətirməyimi məndən xahiş etdi. Bunun üçün İddiaçı tərəfindən mənə iki dəfəyə 11700 manat və 7850 manat, cəmi 19550 manat pul ödənilmişdir. İddiaçı həmin pulları Cavabdeh vasitəsilə mənə çatdırmışdır. 2015-ci ilin dekabr ayına kimi İddiaçı hər ay fasiləsiz 850-900 manat pul ödəmişəm, cəmi 21600 manat. Lakin 2015-ci ilin dekabr ayında baş vermiş məlum devalvasiyadan sonra bütün biznesim məhv oldu və külli miqdarda ziyana düşdüm. İddiaçı dəfələrlə məndən pulunu tələb etmiş, onunla dəfələrlə görüşlərimiz olmuş və bu görüşlərdə Cavabdeh də iştirak etmişdir. Ona borclu olmadığımı bildirsəm də, İddiaçı bununla razılaşmamış, aldığı pulları faizə hesablamış və mənə verdiyi pulları tələb etmişdir. İddiaçı 19550 manat pulu Cavabdeh deyil, mənə vermişdir, pulun qaytarılmasına cavabdeh şəxs mən olmuşam, Cavabdeh sadəcə onu mənimlə tanış etmiş və pulu ondan götürərək mənə çatdırmışdır. İddiaçı pulu mənə Cavabdeh vasitəsi ilə verildiyini Nərimanov Rayon Polis İdarəsində özü də göstərmişdir. Cavabdeh bu pul alış-verişində yalnız hər ikimizin ortaq tanışı olaraq çıxış etmişdir.” İş materialında olan Şahid1 Yunus oğlu tərəfindən məhkəmyə ünvanlanmış teleqramda göstərilmişdir ki, “...İddiaçı ilə bir yerdə biznes qurulmasına mən onunla razılaşmışam. Razılığımız Cavabdeh ofisində olmuşdur. Razılaşma əsasında hər ay Bilala pul vermişəm. Cavabdeh mənim Bilal ilə aramızdakı biznesə heç bir aydiyyəti yoxdur. Onun heç bir marağı olmamış və ona hər hansı qazanc verilməmişdir. Cavabdeh pulu Bilaldan alıb mənə çatdırmışdır. Çünki, onun işçisi olmuşdur və mən Bilalı Qaim vasitəsi ilə tanımışam. Mən Bilalın pulunu artıqlaması ilə qaytarmışam və ona heç bir borcum yoxdur. İddiaçı 19550 manat pulu Cavabdeh deyil, mənə vermişdr. Pulun qaytarılmasına cavabdeh şəxs mən olmuşam və qaytarmışam.” İş materialında olan İddiaçı tərəfindən təqdim edilmiş CD-yə köçürülmüş telefon danışığından görünür ki, “Cavabdeh İddiaçı dəfələrlə bildirir ki, pulu mənə vermisən pul mənlikdir. Pul mənim boynumdadır. Pulu ala bilmirəm, alsam sənə artıqlaması ilə verərəm. Bir az səbr et. Mən atama da demişəm Kamranın mənə verəcəyi var, mənim də Bilala verəcəyim. Tutaq ki, sabah mən öldüm sən gedib Kamrandan da yapışa bilməzsən.” Bundan başqa, həmin telofon danışığından pulun alınmasının təşəbbüskarı Qaim olduğu, Bilalın Qaimə pulu ona verdiyini və ondan alacağını bildirməsi, Qaimin isə bunu təsdiqləməsi məlum olur. Daha sonra Qaim bildirmişdir ki, mən onsuz da o pulu verənəm, geci-tezi var. Atama da demişəm Allah mənə yetirsin Bilalın pulunu yavaş-yavaş verəcəm.” Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh apellyasiya şikayətində maddi hüquq normalarının deyil, yalnız prosessual hüquq normalarının - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3 və 217.4-cü maddələrinin tələblərinin pozulmasını qeyd edərək bunu məhkəmənin onun irəli sürdüyü dəlillərə heç bir əhəmiyyət verilməməsi, izahatında göstərdiyi halları və məhkəməyə təqdim etdiyi sübutları, şahid ifadələrini obyektiv araşdırmaması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmamasına dair dəlili isə iddiaçının pulu Şahid1 verməsi, onun yalnız vasitəçi olması ilə əsaslandırmışdır. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, iddiaçının müraciəti əsasında toplanmış rədd materialı üzrə cavabdehin və Şahid1 izahatlarına əsasən onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(050)- 2161/2022 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384-392,402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(050)-2161/2022 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar