Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-469/2023 07.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “Finca Azerbaijan” X2 Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(056)-1885/2022 saylı qətnaməsindən (hakim S.Allahverdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “Finca Azerbaijan” X2 Bank Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə kiçik iddia ilə sadələşdirilmiş icraat qaydasında Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1510.56 manat məbləğində əsas borcun və 35.15 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 10 mart 2016-ci il tarixli **********5253 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.05% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 106 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 30 sentyabr 2022-ci il tarixinə olan maliyyə arayışına əsasən əsas borc üzrə 1510.56 (bir min beş yüz on manat əlli altı qəpik) manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin surəti, hüquq və vəzifələrinin izahı barədə rəsmi bildiriş 18 oktyabr 2022-ci il tarixdə cavabdehə göndərilmiş və iş materiallarına əlavə olunan xəbərnaməyə əsasən 27 oktyabr 2022-ci ildə cavabdehə rəsmən təqdim edilmişdir. Cavabdeh tərəfindən qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. Sabirabad Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(056)-1885/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 1510.56 manat əsas borc və 31.15 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı “Finca Azerbaijan” X2 Bank Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, müqavilə üzrə iddia müddəti keçmiş tələblərin irəli sürülməsi ilə bağlı maddi hüquq normaları, şəxsin öz hüququnu qanunvericiliyə uyğun formada müdafiə etmək imkanı pozulmuş, işdə olan sübutlar tam olaraq düzgün qiymətləndirilməmişdir. Cavabdeh apellyasiya şikayətinə qoşma olaraq vəsatət əlavə etməklə işə onun iştirakı ilə məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə qoşma olaraq əlavə etdiyi digər vəsatətində mübahisə üzrə Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunan iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddətini tətbiq etməklə qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(106)-469/2023 saylı qərardadı ilə Mülki Prosessual Məcəllənin 394-1.4-cü maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həqiqətən iddiaçı olan kredit təşkilatından müqavilədə qeyd olunan məbləğdə kredit götürmüşdür, ilk vaxtlar vaxtında ödəniş etsə də, sonradan maddi durumu pisləşdiyindən ödənişlərini edə bilməmişdir. Kredit təşkilatı ona qarşı məhkəmədə iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür, bu əsasla mübahisə predmeti üzrə iddia müddətinin tətbiq olunmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə apellyasiya şikayətinin dəlilləri üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 10 mart 2016-cı il tarixli **********5253 saylı kredit müqaviləsindən görünür ki, borcluya həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 23.05% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olan kredit ödəniş cədvəlindən görünür ki, borc alan 2000 manat məbləğində almış olduğu krediti 20 aprel 2016-cı il tarixindən başlayaraq hər ay 106 manat məbləğində ödənişlər etməklə 20 mart 2018-ci il tarixinədək qaytarmalı idi. İş materiallarında olan «FİNCA Azerbaijan» MM QBKT-nin təqdim etdiyi arayışdan görünür ki, 10 mart 2016-cı il tarixli **********5253 saylı kredit müqaviləsi üzrə cavabdehin 12 sentyabr 2022-ci il tarixə 1510.56 manat məbləğində əsas borcu vardır. İş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, nəticədə əsas borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə məbləğinin tutulması hissədə ləğvi üçün əsaslar yoxdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli südüyü müqavilə müddəti ərzində hesablanan əsas borc tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəmədə iddia qaldırılmasından, bu əsasla iddia müddəti tətbiq edilməli olmasından ibarət dəlillərinə qiymət verən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və kredit ödəniş cədvəlindən müəyyən olunur ki, kredit üzrə öhdəliklərin icrası üçün son müddət 20 mart 2018-ci il tarixinə təsadüf edir. İddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsi 07 oktyabr 2022-ci il tarixli olmaqla, birinci instansiya məhkəməsində 18 oktyabr 2022-ci ildə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətləri üç ildir; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Sadalanan hüquq normaları məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan kredit müqaviləsinin müddəti 20 mart 2018-ci ildə bitdiyi halda, cavabdehin öhdəliklərini lazımınca icra etmədiyini görərək, müqavilə müddəti bitdiyi vaxtdan üç il ərzində, yəni 20 mart 2021-ci il tarixinədək məhkəmədə iddia qaldırmalı olduğu halda, iddiaçı 17 oktyabr 2022-ci il tarixində poçta təqdim etməklə iddia qaldırmışdır ki, bununla qanunla müəyyən olunan iddia müddətinin tətbiqi üçün əsas yaratmışdır. Bununla belə mülki işin apellyasiya baxışı zamanı "xxxx" MMC-yə verilən sorğu nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə göndərilmiş SS**********AZ kodlu xəbərnaməli bildiriş 27 oktyabr 2022-ci il tarixdə şəxsən Cavabdeh Sabirabad poçt filialının Qəzli poçt şöbəsinin əməliyyatçısı Rahim Əliyev tərəfindən təqdim edilmişdir. Göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində aparılan icraat barədə məlumatlı olmuş, lakin tərəfindən nə iddiaya qarşı yazılı etiraz verilmiş, nədəki, iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir. Odur ki, Konstitusiya Məhkəməsi Plenmunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından hazırki mübahisə üzrə iddia müddətinin tətbiqinə dair ərizə apellyasiya mərhələsində təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(056)-1885/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-469/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-469/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver