Məhkəmə qərarları › İş №2(106)-470/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-470/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-470/2024 11.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi ilə, İddiaçı Neftçala rayonu, X2 Cavabdeh qarşı “1.800 manat miqdarında ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)611/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Neftçala rayonu, X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Neftçala rayonu, X3 vurduğu 1.800 manat miqdarında maddi ziyanın əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Neftçala rayonu, X2 sədri X8 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh 2021-ci ilin noyabr ayında Neftçala rayonu, X2 balansında olan Ehtiyat Fonduna aid kənd təsərrüfat təyinatlı 4 hektar torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib, qulluq edib becərməklə torpaq sahəsini özbaşına zəbt etmişdir. Cavabdeh 4 hektar kənd təsərrüfatlı torpaq sahəsini zəbt edib, qanunsuz əkdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirlərək işin baxılması məhkəməyə göndərilmiş, Neftçala Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(053)- 64/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunan 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Cavabdeh 4.0 ha. torpaq sahəsinə əkmiş olduğu arpanı biçmişdir. 25 may 2022-ci il tarixdə Neftçala rayonu, X2 müraciəti əsasında Neftçala rayon X14 Mərəkəzindən mütəxəssis dəvət olunmuş, mütəxəssisin, bələdiyyə üzvülərinin və kənd sakini Məlikov Elçin Abasǝt oğlunun iştarkı ilə Xol Qarabucaq kənd bələdiyyəsinin balansında olan reystr nömrǝsi **********83, qeydiyyat nömrəsi ********** olan torpağın boz çəmən, mexaniki tərkibi gill, keyyfiyyət qrupu 3-cü olan 4.0 ha arpa əkilmiş sahəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin əkilmiş arpa sahəsi 15 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığı aşağıdakı kimi hesablanır. 4.0 ha 15 sentner = 6000 kq; 6000 kq 0.30 man = 1.800 manat. Sahənin məhsuldarlığının qiyməti 1.800 manat təşkil edir. Neftçala rayonu, Xolqarabucaq Bələdiyyəsi 05 yanvar 2023- cü il tarixdə iclas keçirmiş, Neftçla rayonu, Dördlər kənd sakini Cavabdeh 2021-ci il tarixdə qanunsuz istifadə etdiyi bələdiyyə əkin təyinatlı torpaqlardan 4.0 ha torpaq sahəsinə görə bələdiyyə büdcəsinə dəymiş maddi ziyanın ödənilməsi barədə məsələ müzakirə edilmişdir. Dəymiş maddi ziyanın ödənilməsi barəsində məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Bələdiyyə sədri həmçinin bildirir ki, cavabdehdən bələdiyyəyə vurduğu zərərin əvəzini könüllü ödəməsi tələb olunmuş, lakin o, imtina edərək, bununla bağlı hətta ərizə yazaraq, ondan tələb olunan pulun bir manatını belə ödəməyəcəyini bildirmişdir. Ona görə də X7 məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bələdiyyə sədri məhkəməyə ərizə tədim edərək həmçinin onu da qeyd etmişdir ki, 01 sentyabr 2023- cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehdən iddia tələbində göstərdiyi 1800 manat pul məbləğindən 800 manat güzəşt edilərək 1000 manat pulun Neftçala rayonu, X2 xeyrinə tutulması barədə ərizə təqdim etsə sonradan cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyinə görə əvvəlki iddia tələbində qeyd olunan 1800 manat məbləğində dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və iclasın vaxtını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 01 sentyabr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında cavabdeh dəfələrlə iddiaçının nümayəndəsi tərəfindən aldadıldığını, həmin 4.0 ha torpaq sahəsinə toxum əkmək istədiyini, lakin iddiaçının nümayəndəsinin buna imkan vermədiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, o, həmin torpaq sahəsindən məhsul yığsa da iddiaçının hesabladığı məbləğdə məhsul götürməmişdir. Həmin torpaqlarda suvarma şəraiti yoxdur. Yağış yağdığı halda məhsul götürmək olur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 2(053)611/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Samir Quliyev), iddianın qismən təmin edilməsi, Cavabdeh 1.000 (bir min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Neftçala rayonu, X3 ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3 və 157.5-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Neftçala rayon Məhkəməsinin 2(053)-611/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, aidiyyət qaydaları pozularaq icraata götürüldüyündən və qeyd olunan normalara uyğun olmadığı üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə müəyyən olunmuş qaydada tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Neftçala Rayon Məhkəməsinin 2(053)611/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apelyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Neftçala Rayon Məhkəməsinin 2(053)611/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi). Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə iddia tələbinin qismən təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apelyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının aşağıdakı gəldiyi hüquqi nəticələrərə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinin aydın başa düşülməsi üçün məhkəmə kollegiyası hüquqi nəticələrin aşağıdakı katiqoriyalar üzrə araşdırılmasını məqsədəmüvafiq hesab edir: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə iş materiallarını araşdıraraq aşağıdakıları sübutları müəyyən etmişdir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 1(053)-64/2023 nömrəli cinayət işi üzrə 06 iyul 2022-ci il tarixli hökmünün surətindən görünür ki, “Cavabdeh 2021-ci ilin noyabr ayında günü istintaqa məlum olmayan tarixdən Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fonduna aid kənd təsərrüfat təyinatlı 4 hektar torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib qulluq edib becərməklə torpaq sahəsini özbaşına tutmuşdur”. Cavabdeh göstərilən əməlinə görə yuxarıda qeyd olunan hökmlə Azərbaycan Respublikası CMnin 188.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu cəza eyni Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 01 il sınaq müddəti ilə şərti tətbiq olunmuşdur. İş materiallarında olan Neftçala rayonu, X2 05 yanvar 2023-cü il tarixli, 01 saylı iclas protokolundan görünür ki, rotokolda gündəlikdə duran məsələlərdən 6-cı bəndi Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh 2021-ci il tarixdən qanunsuz istifadə etdiyi bələdiyyənin əkin təyinatlı torpaqlarından 4.0 ha torpaq sahəsinə görə bələdiyyə büdcəsinə dəymiş maddi ziyanın ödənilməsi, 7-ci bəndi isə Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh ilə bələdiyyə arasında bələdiyyənin əkin təyinatlı torpaqlarından ümumilikdə 4.0 ha torpaq sahəsinə görə bağlanmış 10 noyabr 2022-ci il tarixli, 3M-69 nömrəli icarə müqaviləsinin ləğvi və icarəçi tərəfindən ödənilməyən icarə haqqı borcunun ödənilməsidir. Protokol üzrə qeyd olunan gündəlikdə duran 6-cı məsələ üzrə aşağıdakılar qərara alınmışdır. “1.Dördlər kənd sakini Cavabdeh 2021-ci il tarixdə zəbt etdiyi bələdiyyənin əkin təyinatlı torpaqlarından 4 ha torpaq sahəsinə görə təqsirləndirilən şəxs kimi Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü nəzərə alınsın. 2.Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh Adişirin oğlunun 2021-ci il tarixdə qanunsuz istifadə etdiyi bələdiyyənin əkin təyinatlı torpaqlarından 4 ha torpaq sahəsinə görə bələdiyyə büdcəsinə dəymiş maddi ziyanın ödənilməsi barəsində aidiyyatı məhkəmədə iddia qaldırılsın. 3.Qərarın 1 (bir) nüsxəsi aidiyyatı məhkəməyə təqdim edilsin.

4. Qərarla kənd əhalisinin tanış olması üçün elan şəklində dərc edilərək çatdırılması təmin edilsin. 5.Qərarın icrasına nəzarət bələdiyyənin sədri X4 həvalə edilsin”. Protokol üzrə qeyd olunan gündəlikdə duran 7-ci məsələ üzrə aşağıdakılar qərara alınmışdır: “1.Dördlər kənd sakini Cavabdeh ilə Neftçala Rayon Məhkəməsinin 15 oktyab 2021-ci il tarixli, 2(053)-593/2021 nömrəli qətnaməsinə əsasən X7 arasında 35 il müddətinə bələdiyyənin əkin təyinatlı torpaqlarından 4 ha torpaq sahəsi üçün ümumilikdə 2000 manat illik icarə haqqı olmaqla 10 noyabr 2022-ci il tarixli, 3M-69 nomrəli "Torpaq icarə müqavilələri" nəzərə alınsın.

2. 10 noyabr 2022-ci il tarixli, 3M-69 nömrəli “İcarə müqaviləsi”nin 5-ci bəndinə əsasən Cavabdeh 4 ha torpaq sahəsinə görə ümumilikdə 2000 manat illik icarə haqqını hər ilin noyabr ayının 18-nə kimi ödəməsi nəzərə alınsın.

3. X7 tərəfindən Cavabdeh ünvanına göndərilmiş “İcarə müqaviləsi”nin 5-ci bəndinə 2000 manat illik icarə haqqını ödəməsi barəsində 19 noyabr 2022-ci il tarixli, 277 nömrəli rəsmi bildiriş nəzərə alınsın.

4. Cavabdeh Adişirin oğlu “İcarə müqaviləsi”nin şərlərini pozduğuna və icarə haqqın odəmədiyinə görə, bələdiyyənin əkin təyinatlı torpaqlarından ümumilikdə 4 ha torpaq sahəsinə görə bağlanmış 10 noyabr 2022-ci il tarixli, 3M-69 nömrəli icarə müqaviləsinin ləğv olunmas barədə Torpaq haqqında qanunvericiliyinə əsasən aidiyyəti məhkəmədə iddia qaldırılsın.

5. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən icarə haqlarının ödənilməsini əsas tutaraq Cavabdeh torpaq üzərində istifadə hüququna xitam verilməsinə və 10 noyabr 2022-ci il tarixli, 3M-69 nömrəli icarə müqavilələrinə əsasən ümumilikdə 2000 manat odənilməmiş illik icarə haqqlarının müqavilə şərtlərinə əsasən bələdiyyə büdcəsinə geri gaytarmadığı halda Torpaq haqqında qanunvericiliyinə əsasən aidiyyəti məhkəmədə iddia qaldırılsın.

6. Qərarın 1 (bir) nüsxəsi aidiyyatı məhkəməyə təqdim edilsin. 7 Qərarla kənd əhalisinin tanış olması üçün elan şəklində dərc edilərək çatdırılması təmin edilsin

8. Qərarın icrasına nəzarət bələdiyyənin sədri X5 həvalə edilsin”. İş üzrə birinci instansiya məhkəməsi, X12 X1 sektorunun müdiri X9, Neftçala rayonu, X2 sədri X8, Neftçala rayonu, X2 üzvü X6 və Xol Qarabucaq kənd sakini X10 tərəfindən 25 may 2022-ci il tarixdə tərtib edilmiş aktı əsas götürərək, Cavabdeh X2 balansında olan 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2021-ci ilin noyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq orada arpa bitkisi əkibbecərməsi, həmin fəaliyyəti nəticəsində 2022-ci ilin müvafiq dövründə orta hesabla təxminən 3.350 kq. arpa məhsulu əldə etməsinin sübuta yetirilmiş sayılması qənaətinə gəlmişdir. Qeyd edilən aktın məzmunundan görünür ki, həmin şəxslər tərəfindən X2 balansında olan, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan 4 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpağın boz çəmən, mexaniki tərkibi gilli, keyfiyyət qrupu 3-cü olması və orada arpa əkildiyi müəyyən olunmuşdur. Baxış zamanı həmçinin «Müəyyən olundu ki, həmin əkilmiş arpa sahəsi 15 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığı aşağıdakı kimi hesablanır. 4.0 ha x 15 sentner = 6.000 kq. 6.000 kq x 0.30 man = 1.800 man. Sahənin məhsuldarlığının qiyməti 1.800 man. təşkil edir. Aktın doğru olduğunu imzamızla təsdiq edirik» Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi məhrum olduğu gəlirin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21 və 1091-ci maddələri təşkil edir. İddiaçının iddiasının məzmunundan göründüyü kimi, Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh 2021-ci ilin noyabr ayında Neftçala rayonu, X2 balansında olan Ehtiyat Fonduna aid kənd təsərrüfat təyinatlı 4 hektar torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib, qulluq edib becərməklə torpaq sahəsini özbaşına zəbt etmişdir. Cavabdeh 4 hektar kənd təsərrüfatlı torpaq sahəsini zəbt edib, qanunsuz əkdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilərək işin baxılması məhkəməyə göndərilmiş, Neftçala Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(053)- 64/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunan 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Cavabdeh 4.0 ha. torpaq sahəsinə əkmiş olduğu arpanı biçmişdir. 25 may 2022-ci il tarixdə Neftçala rayonu, X2 müraciəti əsasında Neftçala rayon X14 Mərəkəzindən mütəxəssis dəvət olunmuş, mütəxəssisin, bələdiyyə üzvlərinin və kənd sakini Məlikov Elçin Abasǝt oğlunun iştirakı ilə Xol Qarabucaq kənd bələdiyyəsinin balansında olan reyestr nömrǝsi **********83, qeydiyyat nömrəsi ********** olan torpağın boz çəmən, mexaniki tərkibi gil, keyfiyyət qrupu 3-cü olan 4.0 ha arpa əkilmiş sahəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin əkilmiş arpa sahəsi 15 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığı aşağıdakı kimi hesablanır. 4.0 ha 15 sentner = 6000 kq; 6000 kq 0.30 man = 1.800 manat. Sahənin məhsuldarlığının qiyməti 1.800 manat təşkil edir. Cavabdehin iddia tələbinə etirazından (apellyasiya şikayətinin dəlillərində etirazını qeyd edir) müəyyən edilir ki, bələdiyyə sahibkarlı və ya kənd təsərrüfatı sahəsi ilə məşğul olmaqla gəlir əldə edir. Bələdiyyə yalnız öz səlahiyyətləri daxilində onun əldən çıxmış gəlirini tələb edə bilər. Torpaq bələdiyyənin mülkiyyətində ola bilər. Bələdiyyə onu qanunsuz sahiblikdən geri tələb edə bilər və bundan sonra həmin torpaq sahəsini icarəyə verə bilər. Ola bilər həmin torpaq sahəsini hansı Şəhid ailəsi və ya müharibə Qazisi və Veteranı pulsuz istifadə edə bilər. Belə olan halda hansı gəliri bələdiyələr edə bilər bunu məhkəmə aydınlaşdırmamışdır. Bu iş üzrə mütləq şəkildə ekspert rəyi olmalı idi və bunu da iddiaçı Neftçala rayon Məhkəməsində tələb etməli idi. Hazırki halda zəruri texniki, digər bilik və düşüncəyə ehtiyac yoxdur ki mütəxəssis rəyi alınsın. Bu rəy tamamilə əsassızıdır və sübut kimi nəzərə alına bilməz. Neftçala rayonu, Xolqarabucaq Bələdiyyəsi 05 yanvar 2023-cü il tarixdə iclas keçirmiş, Neftçala rayonu, Dördlər kənd sakini Cavabdeh 2021-ci il tarixdə qanunsuz istifadə etdiyi bələdiyyə əkin təyinatlı torpaqlardan 4.0 ha torpaq sahəsinə görə bələdiyyə büdcəsinə dəymiş maddi ziyanın ödənilməsi barədə məsələ müzakirə edilmişdir. Dəymiş maddi ziyanın ödənilməsi barəsində məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Bələdiyyə sədri həmçinin bildirir ki, cavabdehdən bələdiyyəyə vurduğu zərərin əvəzini könüllü ödəməsi tələb olunmuş, lakin o, imtina edərək, bununla bağlı hətta ərizə yazaraq, ondan tələb olunan pulun bir manatını belə ödəməyəcəyini bildirmişdir. Ona görə də X7 məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bələdiyyə sədri məhkəməyə ərizə təqdim edərək həmçinin onu da qeyd etmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehdən iddia tələbində göstərdiyi 1800 manat pul məbləğindən 800 manat güzəşt edilərək 1000 manat pulun Neftçala rayonu, X2 xeyrinə tutulması barədə ərizə təqdim etsə də sonradan cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyinə görə əvvəlki iddia tələbində qeyd olunan 1800 manat məbləğində dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi sübutları tədqiq edərək qənaətə gəlir ki, cavabdehin qanunsuz hərəkəti (4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı Neftçala rayonu, X2 mülkiyyətində olması, həmin sahənin Cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında özbaşına tutularaq, orada kənd təsərrüfatı bitkiləri əkib, qulluq edib, becərməsi işin mübahisəsiz halıdır.) nəticəsində əldən çıxmış fayda kimi gəlirdən məhrum olmuşdur. Əsas kimi isə cavabdehin iddiaçının mülkiyyətində olan 4 ha torpaq sahəsindən 6000 kq məhsul əldə etməsini, bunun isə iddiaçının qənaətinə görə əldən çıxmış fayda kimi onun zərərə məruz qalmasını göstərir və hesab edir ki, cavabdehin qazanc kimi götürdüyü 6000 kq məhsulun dəyəri olan 1800 manat ödənildiyi halda, zərər bərpa oluna bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, mülki hüquqda maddi ziyan ümumi anlayış olmaqla zərər kimi başa düşülür və zərər 3 formada özünü göstərir. Hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə olan halda iddiaçının iddia tələbinin hüququ əsası heç də iddiaçının iddia etdiyi və birinci instansiya məhkəməsinin gəldiyi nəticə olaraq əldən çıxmış fayda kimi deyil, nə müqavilə nədə ki, qanuni əsas olmadan əmlakdan məhrum olması və ya zədələnməsi halında zərərə məruz qalmasında özünü (Məsələn həmin mübahisəli torpaq sahəsinin icarə müqaviləsi əsasında icarə hüququndan məhrum olma və yaxud Bələdiyyə tərəfindən hüquqi şəxs yaradılmaqla qeyd olunan 4ha torpaq sahəsi ölçüsündə sahibkarlıq fəaliyyəti ilə məşğul olma.) biruzə verə bilər. Bu halda iddiaçı mülkiyyətçi kimi özgəsinin qanunsuz sahibliyində olan 4 ha torpaq sahəsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu və əsassız olaraq varlandığı həddə tələb hüququna malikdir. Bütün bunlara aydınlıq gətirilməsi üçün isə məhkəmə ilk növbədə müəyyən etməlidir ki, iddiaçının məhrum olduğu gəlirin dəyəri nədə ifadə olunur, yəni cavabdehin qanunsuz olaraq zəbt etdiyi və istifadə etdiyi Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi eyni ərazidə eyni ölçüdə sahə olaraq icarə müqaviləsi əsasında hansı məbləğdə icarəyə verilə bilər və ya hüquqi şəxs yaratmaqla qeyd olunan 4ha torpaq sahəsi ölçüsündə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hansı məbləğdə gəlir əldə edilə bilər. Yalnız bu halda iddiaçının iddia tələbi uğurlu ola və təmin oluna bilər. Baxmayaraq ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatları araşdırmaq və onlara hüquqi qiymət vermək yəni həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək kimi prinsiplərə əməl etmək əvəzinə, iddiaçının iddia tələbində göstərilənləri əsas götürərək iddia tələbini təmin etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kollegiya həmçinin qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Hazırki işin faktiki hallarından da görünür ki, iddiaçı iddia etdiyi kimi cavabdeh tərəfindən 4.0 ha torpaq sahəsinin əkilib becərilərək 1800 manat məbləğində gəlir əldə etməsini lazımı qaydada sübut edə bilmir. Kollegiya bir daha qeyd edir ki, 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı Neftçala rayonu, X2 mülkiyyətində olması, həmin sahənin Cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında özbaşına tutularaq, orada kənd təsərrüfatı bitkiləri əkib, qulluq edib, becərməsi işin mübahisəsiz halı olsa da, həmin fəaliyyət nəticəsində cavabdehin hansı miqdarda və ya hansı qaydada gəlir əldə etməsi iddiaçı tərəfindən sübuta yetirilə bilmir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının iddia tələbi üzrə məhkəmə araşdırması tələbin öz təsdiqini tapmaması əsası ilə başa çatmalı və iddia rədd edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)611/2023 saylı, 31 oktyabr 2023cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Adişirin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)611/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin İddiaçı Neftçala rayonu, X2 Cavabdeh qarşı “1.800 manat miqdarında ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar