Məhkəmə qərarları › İş №2(106)-475/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-475/2024

17.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-475/2024 17.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “suötürücü kanalın qarşısının açılması, həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-312/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və onun direktoru Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən doldurulmuş Lənkəran rayonunun Separadi kəndində yerləşən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısının cavabdehin öz hesabına açılması, həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneənin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvləri olan X6, X3, X1 və X4 mülkiyyətinə Lənkəran rayonunun Separadi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,5456 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin onların mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmaqla hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətçi kimi iddiaçı tərəfindən təyinatı üzrə əkin sahəsi kimi istifadə edilir. Həmin torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanal çəkilmiş və həmin kanalın bir hissəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən, çox hissəsi isə iş üzrə Cavabdeh1 MMC tərəfindən salınmış meyvə bağlarından keçir. Həmin suötürücü kanalın axar hissəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini keçməklə cavabdehin istifadəsində olan hissədən suların axıdılması üçün nəzərdə tutulmuşdur. Lakin iş üzrə Cavabdeh1 MMC həmin ərazini alıb meyvə bağı saldıqdan sonra su kanalının onun ərazisində qalan hissəsini dolduraraq yağış və qrunt sularının axıdılmasının qarşısını kəsmiş və bunun nəticəsində də iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməyə, orada kənd təsərrüfatı məhsullarının becərilməsinə və torpağın qrunt sularından təmizlənməsinə maneə yaradır. Cavabdehin bu qanunsuz hərəkətləri ilə bağlı olaraq əvvəl onlar ilə profilaktiki söhbətlər aparılmış və həmin su kanalının qarşısının açılması xahiş edilsə də, cavabdeh buna məhəl qoymadığından, həmin kanalın məxsus olduğu Lənkəran X2 İstismarı İdarəsinə müraciət etmişdir. Həmin İdarənin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmiş, kəndin və onların əlində olan xəritələrdə həmin su kanalının mövcudluğu öz təsdiqini tapmış, cavabdeh tərəfindən həmin kanalın qarşısının torpaqla doldurulması müəyyən edilmişdir. Həmin İdarənin əməkdaşları tərəfindən cavabdehə kanalın əvvəlki vəziyyətə gətirilməsindən ötrü tövsiyələr verilsə də, cavabdeh həmin kanalın qarşısını açmamışdır. Hazırkı halda cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində yağış və qrunt suları axa bilmədiyi üçün iddiaçı istifadəsində olan və eyni zamanda mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə kənd təsərrüfatında istifadə edə bilmir, yağış suları həmin kanaldan axa bilmədiyindən kanal su ilə dolaraq iddiaçının əkin sahəsinə tökülərək təsərrüfatına ziyan vurur. Cavabdeh isə bu qanunsuz hərəkətlərindən əl çəkmədiyindən onun qanunsuz hərəkətləri barədə Lənkəran ŞRPŞ-yə şikayət etmiş və polis şöbəsi tərəfindən ona işin mülki xarakterli olması və buna görə də məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olmasının izah edilməsi barədə yazılı məktub verilmişdir. Həmin məktubu alandan sonra yenə də cavabdehlə danışıb aralarındakı mübahisəni məhkəmədən kənar öz aralarında həll etməyə çalışsa da, cavabdeh öz qanunsuz hərəkətlərindən əl çəkmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-312/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Muradağa Qasımov) iddianın təmin edilməsi, direktoru Cavabdeh2 olan Cavabdeh1 MMC tərəfindən doldurulmuş Lənkəran rayonunun Separadi kəndində yerləşən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısının cavabdehin öz vəsaiti hesabına açılması, həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneənin aradan qaldırılması, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən bu cür qanunsuz hərəkətlərə son qoyulması, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat xidmət haqqının və iddia ərizəsinə məhkəmədə baxılmasına görə ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 195 manatın Cavabdeh1 MMC-yə aid edilməsi və ondan tutularaq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh1 MMC-yə aid edilməsi və ondan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-312/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Mülki Məcəllənin 169.1-ci, 170.2-ci, 170.3-cü və 170.4-cü maddələrinin tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, həmin ərazidə hər hansı su kanalı, hidrotexniki qurğu mövcud olmamışdır. Cavabdeh firma ərazidəki bağları salan zaman şəxsi vəsaiti hesabına sözügedən kanalı çəkərək Xanbulan kanaldan motor vasitəsilə ağacların suvarılmasını təmin etmək fikrində olmuşdur. Lakin Xanbulan kanalın suyunun qeyri-sabit olması və firmaya məxsus ərazinin bir hissəsində su hövzəsi olması Cavabdeh1 MMC tərəfindən qazdırılmış kanalın aktuallığını itirmişdir. Cavabdeh1 MMC də öz növbəsində qazdığı suvarma kanalını doldurtmuş, bu zaman iddiaçı onun sahəsi ilə həmsərhəd olan hissədə kanalın doldurulmamasını xahiş etmiş, ondan təsərrüfatındakı malların suvarılmaları üçün istifadə edəcəyini bildirmişdir. MMC-nin rəhbərliyi isə humanist davranaraq öz qazdırdığı kanalı yalnız özünə aid hissədə doldurmuşdur. Bunu qeyd etməkdə məqsədi ərazidə su kanalı, qrunt sularının axıdılması üçün hidrotexniki qurğu və s. kadastr məlumatlarına əsasən nəzərdə tutulmadığını bildirməkdir. MMC tərəfindən verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İstismarı İdarəsinin və Separadi kənd bələdiyyəsinin məktubları ilə həmin dövlət qurumları tərəfindən belə bir kanalın inşa edilmədiyi, onların balansında qeyd edilən ərazidə belə bir qurğunun mövcud olmadığı bildirilmişdir. Belə olan halda cavabdeh MMC tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulmasından söhbət gedə bilməz. Mülki iş üzrə icraat mütəxəssis rəyinin alınması üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə dayandırılmış, mütəxəssisin xx.xx.2023-cü il tarixli rəyi məhkəməyə təqdim edilmişdir. İlk olaraq onu qeyd etmək istəyir ki, qərardad və rəylə tanış olarkən MMC tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron formada verilmiş ərizədə qeyd edilən sualların qərardadda əks olunmadığını və nəticə olaraq mütəxəssis rəyi ilə də əhatə olunmadığını görmüşlər. Mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq işdə iştirak edən tərəflərin ekspertlərə və mütəxəssislərə suallar vermək hüququ vardır. Cavabdeh MMC də həmin hüquqlarını həyata keçirmək üçün yazılı ərizə ilə müraciət edərək suallar təqdim etmişdir. Sualların siyahısı aşağıdakı kimi idi: 1. İddiaçının iddia ərizəsində suötürücü kanal kimi göstərdiyi hissə elektron kadastr xəritə (baza) məlumatlarına əsasən hidrotexniki qurğu olaraq nəzərdə tutulmuş sahədirmi? Nəzərdə tutulmuş sahədirsə, eni, uzunu, mühafizə zonası və s. sxemdə göstərilməli. 2. İddiaçının iddia ərizəsində suötürücü kanal kimi göstərdiyi hissə Aqrar İslahat Komissiyasının sənədlərinə əsasən hər hansı fiziki şəxsə ayrılmışdırmı? Ayrılmışdırsa, hal-hazırkı mülkiyyətçiləri kimdir? 3. İddiaçının iddia ərizəsində suötürücü kanal kimi göstərdiyi sahənin mübahisələndirilməyən əks istiqaməti ilə bağlı ətraflı məlumat verilməli (kanalın əvvəli hardan başlayır, hansı əraziləri əhatə edir, mənbəyini haradan götürür)? Qərardadı oxuyarkən həmin sualların məhkəmə tərəfindən mütəxəssisə verilmədiyi açıq-aydın görülür. Mütəxəssis rəyinə gəldikdə isə rəy verən mütəxəssis məhkəmənin qoyduğu suallara cavab deyil, öz “lazım bildiyi” məlumatları rəydə əks etdirmişdir. Belə ki, elə birinci suala nəzər yetirdikdə sualın “iddiaçıya məxsus torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulan suötürən kanal (hidrotexniki qurğu) elektron kadastr xəritə (baza) məlumatlarında, kəndin baş planında nəzərdə tutulmuşdurmu?” olduğu görünür. Mütəxəssisin bu suala cavabı isə “torpaq sahəsinin şimal sərhədi boyu suötürücü kanalın olması müəyyən olunmuşdur”. Kanalın planda nəzərdə tutulması və yerində faktiki mövcud olması tam başqa mənalar verir. Mütəxəssis eyni zamanda kanalın kordinatlarını göstərməməklə yanaşı, sualı ya ümumiyyətlə başa düşməmiş, ya da qərəzli şəkildə özü lazım bildiyi kimi cavablandırmışdır. Məhkəmə tərəfindən qərardadda qoyulmuş ikinci sual yenə də kadastr xəritə məlumatlarında nəzərdə tutulmuş (əgər nəzərdə tutulmuşdursa) qurğunun parametrləri ilə bağlı olsa da, mütəxəssis yenə də kanalın mövcud vəziyyətdə olan ölçüləri ilə bağlı məlumat vermişdir. Bununla belə o, kanalın mənbəyini hardan götürməsi, harda bitməsi (hara tökülməsi), koordinatları barədə heç bir məlumat verməmişdir. Üçüncü suala cavab olaraq mütəxəssis “suötürücü kanalın suların nəql edilməsi, paylanması, əkin sahələrinin suvarılması, əkin sahələrində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının axıdılması və s. üçün nəzərdə tutulduğunu” göstərmişdir. Yenə də mütəxəssis kanalın suyu haradan nəql etməsi, hara paylaması barədə heç bir məlumat verməmişdir. Ərazidə ümumiyyətlə əkin sahəsi mövcud deyildir. Bütün bu sadalanan hallar rəyi tərtib edən mütəxəssisin son dərəcə qeyri-peşəkar və qərəzli mövqedə olmasının göstəricisidir. Hesab edir ki, iş üzrə təkrar ekspertizanın keçirilməsi zərurəti olduğu halda, məhkəmə bunu etməmişdir. İş üzrə sübutlarla mübahisəli ərazidə su kanalının heç bir zaman mövcud olmadığı ortaya çıxmışdır. Kanalın mövcudluğu sübut edilməsə də, məhkəmə sübut edilməmiş bu hala istinad etmişdir. Cavabdeh1 MMC tərəfindən verilən apellyasiya şikayətinə qarşı İddiaçı yazılı qaydada etiraz vermiş, etirazında apellyasiya şikayətinin təmin edilməməsini və Lənkəran Rayon Məhkəməsinin 2(049)-312/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, mütəxəssis və ekspert rəylərində göstərilən suötürücü kanal hazırda mübahisə predmeti olan kanal deyil. Belə ki, hazırda mübahisə predmeti olan kanal cavabdeh MMC tərəfindən qazdırılmış, bir müddət istifadə edildikdən sonra isə doldurulmuşdur. Eyni zamanda, iş materiallarına əlavə edilmiş fotoşəkillər də hazırda mübahisə predmeti olan kanala aid deyil. O, iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 06 mart 2024-cü il tarixli iclasında video-konfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşulan İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırda mübahisə predmeti olan kanal ümumi istifadə üçün nəzərdə tutulmuş olsa da, cavabdeh MMC tərəfindən doldurulmuşdur. Bunu mütəxəssis və ekspert rəyləri də təsdiq edir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdehlərdən yalnız Cavabdeh1 MMC-nin adından apellyasiya şikayəti verilmişdir. Cavabdeh1 MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehlərdən yalnız Cavabdeh1 MMC-nin adından apellyasiya şikayəti verildiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin dəlilləri əsasında ona aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 MMC-nin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Separadi kəndində yerləşən 0,5456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 23 iyun 2021-ci il tarixində ümumi birgə mülkiyyət hüququ əsasında X6, X3, X1, X4 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 23 iyun 2021-ci ildə AA 631652 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(049)-312/2023 saylı qərardadından görünür ki, həmin qərardadla mütəxəssis rəyinin alınması üçün ekspertiza təyin olunmuş, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmaqla Hüququqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Separadi kəndi ərzisində yerləşən 0,5456 ha torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulan suötürən kanal (hidrotexniki qurğu) elektron kadastr xəritə (baza) məlumatlarında, kəndin Baş Planında nəzərdə tutulmuşdurmu?

2. Nəzərdə tutulmuşdursa, həmin qurğunun uzunluğu, eni, mühafizə zonası və s. sxemdə göstərilsin.

3. Nəzərdə tutulmuşdursa, həmin qurğu hansı funksiyanın həyata keçirilməsi üçün çəkilmişdir?

4. Elekrton kadastr xəritə (baza) məlumatlarına və kəndin Baş Planına əsasən həmin qurğunun (suötürücü kanalın) başlanğıc nöqtəsindən bitmə nöqtəsi arasında məsafə nə qədər nəzərdə tutulmuşdur?

5. Faktiki olaraq yerində isə həmin məsafə nə qədərdir?

6. Həmin qurğunun hər hansı bir hissəsinin qarşısı doldurulmaqla və s. üsulla alınmışdırmı?

7. Alınmışdırsa, hansı üsulla, hansı ölçüdə, hansı istiqamətdə, hansı hissədə (uzunluğu, eni, yerləşdiyi yer göstərilməklə) həyata keçirilmişdir?

8. Qeyd olunan qurğu ümumi istifadə üçün nəzərdə tutulmuşdur, yoxsa hansısa şəxsin mülkiyyətidir?

9. Separadi kəndi ərzisində yerləşən 0,5456 ha torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün alternativ suötürən kanal mövcuddurmu?

10. Mövcuddursa, əsas suötürən kanal doldurulmuş vəziyyətdə olduğu halda iddiaçının torpaq sahəsində yığılan qrunt suların həmin alternativ kanaldan ötürülməsi mümkündürmü?

11. Yağış və qrunt sularının iddiaçının əkin sahəsinə dolub onun axmaması nəticəsində təsərrüfatına ziyan vurulmaması üçün nə etmək lazımdır? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 iyun 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində suallar üzrə aşağıdakılar müəyyən edilmişdir:

1. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsinin şimal sərhədi boyu (məhkəmə predmeti olan sözügedən ərazidə) suötürücü kanalın olması müəyyən olunmuşdur.

2. Mövcud baza məlumatlarına əsasən sözügedən ərazidə həmin suötürücü kanalın uzunluğunun orta hesabla 940 m, eninin (kanalın mühafizə zolağı ilə birlikdə) isə 14-15 m olması müəyyən olunmuşdur.

3. Həmin suötürücü kanal suların nəql edilməsi, paylanması, əkin sahələrinin suvarılması, əkin sahələrində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının axıdılması və s. üçün nəzərdə tutulmuşdur.

4. 2-ci sualın cavabında qeyd edildiyi kimi, mövcud baza məlumatlarına əsasən həmin suötürücü kanalın uzunluğunun, yəni başlanğıc nöqtəsi ilə bitmə nöqtəsi arasındakı məsafənin orta hesabla 940 m olması müəyyən olunmuşdur.

5. Yerində isə həmin kanalın faktiki mövcud olan hissəsinin orta hesabla 225 m olması müəyyən olunmuşdur (kanalın naturada mövcud olan həmin 225 m hissəsi İddiaçı və onun ailə üzvlərinin istifadələrində olan torpaq sahəsi ilə həmsərhəddir). Sözügedən kanalın qalan orta hesabla 715 m hissəsinin isə Cavabdeh1 MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi müəyyən olunmuşdur. 6-7. Həmin suötürücü kanalın Cavabdeh1 MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən (uzunluğu 715 m, eni 14-15 m) hissəsinin isə faktiki olaraq Cavabdeh1 MMC tərəfindən torpaqla doldurulması müəyyən olunmuşdur.

8. Mövcud baza məlumatlarına əsasən həmin suötürücü kanalın su obyektlərinə aid ümumi istifadə üçün nəzərdə tutulması müəyyən olunmuşdur. 9-10. Separadi kəndinin ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün iddia edilən yerdə alternativ suötürücü kanalın olması müəyyən edilməmişdir.

11. Bu sualı cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. İş materiallarında olan 31 may 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə 95 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(049)-312/2023 saylı qərardadından görünür ki, həmin qərardadla məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmaqla Hüququqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Separadi kəndi ərzisində yerləşən 0,5456 ha torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulan suötürən kanal (hidrotexniki qurğu) elektron kadastr xəritə (baza) məlumatlarında, kəndin Baş Planında nəzərdə tutulmuşdurmu?

2. Nəzərdə tutulmuşdursa, həmin qurğunun uzunluğu, eni, mühafizə zonası və s. sxemdə göstərilsin.

3. Nəzərdə tutulmuşdursa, həmin qurğu hansı funksiyanın həyata keçirilməsi üçün çəkilmişdir?

4. Elektron kadastr xəritə (baza) məlumatlarına və kəndin Baş Planına əsasən həmin qurğunun (suötürücü kanalın) başlanğıc nöqtəsindən bitmə nöqtəsi arasında məsafə nə qədər nəzərdə tutulmuşdur?

5. Faktiki olaraq yerində isə həmin məsafə nə qədərdir?

6. Həmin qurğunun hər hansı bir hissəsinin qarşısı doldurulmaqla və s. üsulla alınmışdırmı?

7. Alınmışdırsa, hansı üsulla, hansı ölçüdə, hansı istiqamətdə, hansı hissədə (uzunluğu, eni, yerləşdiyi yer göstərilməklə) həyata keçirilmişdir?

8. Qeyd olunan qurğu ümumi istifadə üçün nəzərdə tutulmuşdur, yoxsa hansısa fiziki və ya hüquqi şəxsin mülkiyyətidir?

9. Separadi kəndi ərzisində yerləşən 0,5456 ha torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün alternativ suötürən kanal mövcuddurmu?

10. Mövcuddursa, əsas suötürən kanal doldurulmuş vəziyyətdə olduğu halda iddiaçının torpaq sahəsində yığılan qrunt suların həmin alternativ kanaldan ötürülməsi mümkündürmü və həmin kanal bunun üçün nəzərdə tutulmuşdurmu?

11. Yağış və qrunt sularının iddiaçının əkin sahəsinə dolub onun axmaması nəticəsində təsərrüfatına ziyan vurulmaması üçün nə etmək lazımdır? 12.Qeyd olunan kanal 2018-ci ildə çəkilmiş, yoxsa ondan əvvəl də mövcud olmuşdur ? İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6455 saylı, 27 sentyabr 2023-cü il tarixli ekspert rəyində suallar üzrə aşağıdakılar müəyyən edilmişdir: 1) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsinin şimal sərhədi boyu (məhkəmə predmeti olan sözügedən ərazidə) suötürücü kanalın olması müəyyən olunmuşdur. 2) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, mövcud baza məlumatlarında sözügedən ərazidə həmin suötürücü kanalın uzunluğunun orta hesabla 940 m, eninin (kanalın mühafizə zolağı ilə birlikdə) isə 14-15 m olması müəyyən olunmuşdur. 3) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, suötürücü kanal suların nəql edilməsi, paylanması əkin sahələrinin suvarılması, əkin sahələrində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının axıdılması və s. üçün nəzərdə tutulmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, həmin qurğunun (kanalın) hansı funksiyanın həyata keçirilməsi üçün çəkilməsinin müəyyən edilməsi məsələsi tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. 4-7) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, mövcud baza məlumatlarında həmin suötürücü kanalın uzunluğunun, yəni başlanğıc nöqtəsi ilə bitmə nöqtəsi arasındakı məsafənin orta hesabla 940 m olması müəyyən olunmuşdur. Yerində isə həmin kanalın faktiki mövcud olan hissəsinin orta hesabla 225 m olması müəyyən olunmuşdur (kanalın naturada mövcud olan həmin 225 m hissəsi İddiaçı və onun ailə üzvlərinin istifadələrində olan torpaq sahəsi ilə həmsərhəddir). Sözügedən kanalın qalan orta hesabla 715 m hissəsinin isə Cavabdeh1 MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi müəyyən olunmuşdur. Kanalın Cavabdeh1 MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən (uzunluğu 715 m, eni 14-15 m) hissəsinin isə faktiki olaraq torpaqla doldurulması müəyyən olunmuşdur. 8) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, baza məlumatlarına əsasən həmin suötürücü kanalın su obyektlərinə aid ümumi istifadə üçün nəzərdə tutulması müəyyən olunmuşdur. 9-10) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Separadi kəndinin ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün iddia edilən yerdə alternativ suötürücü kanalın olması müəyyən edilməmişdir. 11-12) Yağış və qrunt sularının iddiaçının əkin sahəsinə dolub onun axmaması nəticəsində təsərrüfatına ziyan vurulmaması üçün nə etmək lazım olduğunun müəyyən edilməsi və qeyd olunan kanalın nə zaman çəkilməsinin müəyyən edilməsi məsələsi tikintitexniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdəki Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin Lənkəran X2 İstismarı İdarəsinin 20 aprel 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən kanal İdarənin balansında deyil. Həmin ərazidə balanslarında olan heç bir kanal, kollektor və hidrotexniki qurğu mövcud deyildir. İşdəki Lənkəran rayon Separadi bələdiyyəsinin 21 aprel 2023-cü il tarixli, 27 nömrəli arayışında qeyd edilmişdir ki, sözügedən kanal bələdiyyənin balansında deyildir. Həmin ərazidə bələdiyyənin balansında olan heç bir kanal, kollektor və hidrotexniki qurğu mövcud deyildir. İşdəki 11 noyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı öz tələbində Cavabdeh1 MMC tərəfindən doldurulmuş Lənkəran rayonunun Separadi kəndində yerləşən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısının cavabdehin öz hesabına açılmasını, həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneənin aradan qaldırılmasını, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-312/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə isə iddia təmin edilmiş, direktoru Cavabdeh2 olan Cavabdeh1 MMC tərəfindən doldurulmuş Lənkəran rayonunun Separadi kəndində yerləşən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısının cavabdehin öz vəsaiti hesabına açılması, həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneənin aradan qaldırılması, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən bu cür qanunsuz hərəkətlərə son qoyulması qət edilmişdir. Cavabdehlərdən yalnız Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini mübahisə predmeti olan kanalın cavabdeh MMC-nin özü tərəfindən qazılaraq çəkilməsi, sonradan ona ehtiyac aradan qalxdığına görə cavabdeh MMC tərəfindən yalnız özünə aid olan hissədə doldurulması, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İstismarı İdarəsi və Lənkəran rayon Separadi bələdiyyəsi tərəfindən belə bir kanalın inşa edilməməsi, onların balansında qeyd edilən ərazidə belə bir qurğunun mövcud olmaması, iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruri olması ilə əsaslandırmışdır. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, baza məlumatlarına əsasən mübahisəli suötürücü kanal su obyektlərinə aid ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Mövcud baza məlumatlarında həmin suötürücü kanalın uzunluğunun, yəni başlanğıc nöqtəsi ilə bitmə nöqtəsi arasındakı məsafənin orta hesabla 940 m olması, yerində isə həmin kanalın faktiki mövcud olan hissəsinin orta hesabla 225 m olması müəyyən olunmuşdur (kanalın naturada mövcud olan həmin 225 m hissəsi iddiaçının və onun ailə üzvlərinin istifadələrində olan torpaq sahəsi ilə həmsərhəddir). Sözügedən kanalın qalan orta hesabla 715 m hissəsinin isə Cavabdeh1 MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi, kanalın Cavabdeh1 MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən (uzunluğu 715 m, eni 14-15 m) hissəsinin faktiki olaraq torpaqla doldurulması müəyyən olunmuşdur. Həmçinin, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsinin şimal sərhədi boyu (məhkəmə predmeti olan sözügedən ərazidə) suötürücü kanalın olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası mütəxəssis və ekspert rəylərini vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərə malik olmalarını nəzərə alaraq həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun hesab edir və onları mötəbər sübut olaraq qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki Məcəllənin 171.1-ci və 171.2-ci maddələrinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Məhkəmə kollegiyası bildirir ki, Lənkəran rayonunun Separadi kəndində iddiaçıya və ailə üzvlərinə məxsus 0,5456 ha torpaq sahəsi ilə cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsi qonşu torpaq sahələri olduğundan tərəflərin hər ikisinin qonşu təsirinə dözmək vəzifəsi yaransa da, hazırda müəyyən edilir ki, ümumi istifadə üçün nəzərdə tutulduğu müəyyən edilən suötürücü kanal məhz cavabdeh MMC-nin özünün də etiraf etdiyi kimi onun tərəfindən doldurulmuşdur. Cavabdeh MMC bununla da iddiaçının mənafeyinə toxunmuşdur. Belə ki, mübahisə predmeti olan suötürücü kanal ümumi istifadə üçün nəzərdə tutulmuş olduğundan iddiaçının həmin kanaldan istifadə etməyə dair müdafiə olunan mənafeyi mövcuddur və hazırkı tələblə çıxış etməsi əsaslıdır. Azərbaycan Respublikası Su Məcəlləsinin 36-cı maddəsinə əsasən, ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Ümumi istifadədə olan su obyektlərində sudan istifadənin məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilə bilər. Su Məcəlləsinin 37-ci maddəsinin 4-cü abzasına əsasən, su obyektləri ayrıca istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarılır. Həmin Məcəllənin 64-cü maddəsinin 1-ci abzasına əsasən, Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir. İş materiallarından göründüyü kimi, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin şimal hissəsindən keçən və bir hissəsi də cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsindən keçən suötürücü kanal ümumi istifadə üçün nəzərdə tutulmuş su obyektidir. Cavabdeh MMC tərəfindən sözügedən kanalın Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İstismarı İdarəsi və Lənkəran rayon Separadi bələdiyyəsi tərəfindən inşa edilməməsi və onların balansında olmaması barədə sənədlərin təqdim edilməsinə baxmayaraq, həmin sənədlərdə qeyd edilənlər mübahisəli suötürücü kanalın ümumi istifadə üçün nəzərdə tutulmamış olması nəticəsinə gəlməyə əsas vermir. Bundan əlavə, cavabdeh MMC-nin nümayəndəsi apellyasiya məhkəməsinin iclasında mütəxəssis və ekspert rəylərində qeyd edilən kanalın hazırda mübahisə predmeti olan kanal olmadığını, eləcə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərin hazırda mübahisə predmeti olan kanala aid olmadığını bildirmiş olsa da, həmin halları təsdiq edən hər hansı sübut təqdim etmədən formal mülahizələrlə kifayətlənmişdir. Bundan başqa, cavabdeh MMC birinci instansiya məhkəməsində aparılan icraat zamanı təyin edilmiş ekspertiza ilə bağlı qərardadda onun tərəfindən təqdim edilmiş sualların hamısının əks olunmadığını və mütəxəssis və ekspert rəylərində suallara natamam cavablar verildiyini qeyd edərək, iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruri olmasını bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh MMC-nin apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır və bildirir ki, mütəxəssis və ekspert rəylərində qeyd edilənlər iş üzrə düzgün və əsaslı nəticəyə gəlməyə imkan verdiyindən, təkrar məhkəmə ekspertizasının keçirilməsinə hər hansı zərurət yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası baxılan hissədə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 MMC tərəfindən doldurulmuş Lənkəran rayonunun Separadi kəndində yerləşən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısının cavabdehin öz vəsaiti hesabına açılması və həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneənin aradan qaldırılması ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən bildirir ki, iddia tələbi Cavabdeh1 MMC-yə aid hissədə təmin edildiyindən, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat xidmət haqqının və iddia ərizəsinə məhkəmədə baxılmasına görə ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 195 manatın Cavabdeh1 MMC-yə aid edilməsi və ondan tutularaq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh1 MMC-yə aid edilməsi və ondan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissələrində də düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-312/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar