Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-477/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-3063/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin işçilərinin ona maddi zərər kimi vurduqları 2612 manat və dövlət rüsumuna görə ödənilmiş 46 manat, cəmi 2658 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, baş beynin travmatik xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişkənliyi, tez-tez dekompensasiyalarla psixopatabənzər davranış pozuntuları, intellektula-mnestik funksiyaların enməsi diaqnozu ilə uzun müddətdir, müalicə olunmaqla ona xx.xx.2016-cı il tarixində İİ qrup əlillik təyin edilmişdir. İddiaçı növbəti həkim müayinəsindən 2021-ci ilin oktyabr ayında keçsə də, sənədləri hansısa səbəbdən TSEK-ə göndərilməmişdir. Dəfələrlə tələb etdikdən sonra, nəhayət 2022-ci ilin iyun ayının 28-də sənədləri TSEK-ə göndərilmiş və 2 gün sonra ona yenidən əlillik təyin edilmişdir. Nəticədə isə iddiaçı 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyul ayınadək olan 9 ay ərzində, hər ay 268 manat olmaqla, cəmi 2412 manat pensiyasından və hər 3 aydan bir verilən cəmi 200 manat müavinətdən məhrum olmuşdur. Qanunvericiliyin tələbinə əsasən iddiaçının 9 ay ərzində almadığı pensiya və ona əlavə 2612 manat təşkil edir. Qeyd olunan vəsaiti ala bilməməsi tibbi müayinəyə dair sənədlərin TSEK-ə gec göndərilməsi ilə bağlı olmuşdur. Halbuki, iddiaçı lazımi sənədləri vaxtında cavabdehə təqdim etmişdir. Sözügedən göndərişlərin vaxtında göndərilməsi isə Masallı rayon Mərkəzi Xəstəxanasında çalışan müvafiq səlahiyyətli şəxslərin vəzifəsidir. Qeyd olunan şəxslərin öz vəzifələrini düzgün icra etməməsi nəticəsində iddiaçı 2612 manat puldan məhrum olmuşdur. Bu isə iddiaçıya vurulmuş maddi ziyandır. Qanunvericiliyin tələbinə əsasən iddiaçı ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş göndərişləri vaxtında göndərməyən şəxslər cavabdehin işçiləri olduqlarından onların iddiaçıya vurduqları ziyanı cavabdeh ödəməlidir. Masallı Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(050)-3063/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) iddia qismən təmin edilmiş, cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən maddi ziyana görə 2338,02 manat və 46 manat dövlət rüsumu, cəmi 2384,02 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(050)-3063/2022 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işin faktiki halları tam araşdırılmamış, təqdim edilən sübutlara tam, məcmu halında qiymət verilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, onun təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 15 mart 2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(050)-3063/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Hazırkı iş üzrə iddiaçı ona xx.xx.2016-cı il tarixində İİ qrup əlillik təyin edildiyini, növbəti həkim müayinəsindən 2021-ci ilin oktyabr ayında keçdiyini, lakin sənədlərinin hansısa səbəbdən TSEK-ə 2022-ci ilin iyun ayının 28-də göndərildiyini, 30 iyun 2022-ci il tarixində isə ona yenidən İİ qrup əlillik təyin edildiyini bildirmiş, ona 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyul ayınadək olan dövr ərzində ödənilməli olan pensiya və müavinətlərin cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin işçilərinin təqsiri ucbatından ödənilmədiyini, bununla da, ona maddi ziyan dəydiyini və bu maddi ziyanın cavabdeh tərəfindən kompensasiya edilməli olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, iddiaçının hazırkı tələbi cavabdehin işçilərinin hərəkətsizliyi səbəbindən ona ödənilməmiş pensiya və müavinətlərin kompensasiya edilməsi ilə əlaqəlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsinə məhkəmə aidiyyəti qaydaları ilə bağlı prosessual qanunvericilik baxımından düzgün qiymət verməmiş, həmin ərizəni səhvən mülki icraat qaydasında baxılmasından ötrü icraata götürmüşdür. Məhkəmə kollegiyası aşağıdakılara əsasən bildirir ki, iddiaçının hazırkı iddiası inzibati hüquq xarakterlidir və birinci instansiya məhkəməsi hazırkı halda iddianı icraata qəbul edərkən məhkəmə aidiyyəti məsələsini düzgün müəyyən etməmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən, ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 7.1-ci bəndinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan sayılır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Hazırkı iş üzrə cavabdeh öz təşkilati formasına görə publik hüquqi şəxsdir və “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.12ci bəndi ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək müəssisənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin hazırkı iş üzrə fəaliyyətinin xarakteri təhlil edilərkən müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi məqsədilə göndərişlərin TSEK-ə vaxtında göndərilməsi cavabdehin inzibati (publik) hüquq sahəsindəki faktiki xarakterli hərəkətləridir. Cavabdeh tərəfindən bu cür göndərişin vaxtında göndərilməsi ilə bağlı hərəkətlər isə publik hüquq sahəsindən irəli gəldiyinə görə, hazırkı mübahisənin yaranma əsası publik hüquqi xarakterli olmuşdur. Həmçinin hazırkı işin inzibati hüquq xarakterli və ümumi (publik) hüquq sahəsinə aid olması onunla bağlıdır ki, ümumi hüquq normaları cəmiyyət və dövlət mənafeyi ilə bağlı münasibətləri nizama saldığından onlar ayrı-ayrı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyən və fərdlərin maraqlarına xidmət edən xüsusi hüquq normalarından fərqli olaraq dispozitiv deyil, imperativ xarakter daşıyır. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilmiş 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndində də qeyd edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Eləcə də, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 12ci bəndində qeyd edilir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göründüyü kimi, hazırkı mübahisə öz mahiyyətinə görə inzibati mübahisədir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə qaydasında baxılır. Ali Məhkəmə Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini mülki məhkəmə icraatı qaydasında baxılması üçün icraata qəbul edərkən, qeyd edilmiş halları nəzərə almamışdır. Halbuki, hazırkı mübahisənin mahiyyətindən də göründüyü kimi, cavabdeh hakimiyyət səlahiyyətinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirərkən iddiaçının iddia etdiyi şəkildə gecikmə formasında hərəkətsizliyə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Sadalananlar onu göstərir ki, iddiaçının hazırkı tələbi üzrə mübahisə cavabdeh olan inzibati orqanın hərəkətsizliyi ilə bağlı olaraq, ona vurulmuş maddi ziyanın kompensasiya edilməsinə yönəlmişdir. Burada əsas məsələ, mübahisənin inzibati hüquq xarakterli və ümumi (publik) hüquq sahəsinə aid olmasıdır. Lakin birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaya məhkəmə aidiyyəti qaydaları ilə bağlı prosessual qanunvericilik baxımından düzgün qiymət verməmiş, həmin ərizəni səhvən mülki icraat qaydasında baxılmasından ötrü icraata götürmüşdür. Halbuki sözügedən iddia inzibati mübahisə ilə əlaqədar olduğundan onun mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. MPM-in 387.2.9-cu maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Ali Məhkəmə Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd edilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı iddiaya baxarkən prosessual hüquq normalarını pozmuşdur. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə uyğun olaraq, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, onun hazırkı tələblə əvvəlcə cavabdeh orqana müraciət etmək, cavabdeh orqan tələbi qəbul etmədikdə və onun icrasından imtina etdikdə isə həmin imtinanı inzibati məhkəmə icraatı qaydasında səlahiyyətli inzibati məhkəmədə mübahisələndirmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 261.0.1, 262, 382, 384.0.5, 387.2.9, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3063/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-477/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-477/2023
26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver