Məhkəmə qərarları › İş №2(106)-479/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-479/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-479/2023 03.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(050)-3393/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(050)-3393/2022 saylı qətnaməsi ilə (hakim Firdovsi Əliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Əliyev X1 Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(050)-118/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 21500 (iyirmi bir min beş yüz) manat məbləğdə pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri X4 ilə X2 nikahlarından onunla yanaşı Cahid və Vurğun adlı qardaşları anadan olmuşdur. X10 01 mart 2011-ci il tarixdə, atası Cahangir Əliyev isə 24 may 2021-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat edənədək Masallı rayonu Yeddioymaq kəndində yaşamaqla həmin kənddə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-285B saylı Şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha həyətyanı torpağının 2/5 hissəsi, həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX nömrəli ******* saylı Çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha payıbəlli torpaq sahəsinin 2/5 hissəsi onlara məxsus olmuşdur. Daha sonra qardaşı Vurğun vəfat etsə də, onun arvadı Cavabdeh iki azyaşlı uşağı ilə valideynlərindən qalan evdə yaşayırlar. Atasının ölümündən sonra Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 5 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı 62 nömrəli mənzilini alqı-satqı yolu ilə almış, bundan ötrü müqavilədə nəzərdə tutulan 18000 manatı və əlavə olaraq evin əvvəlki alıcısına ödənilmək də daxil olmaqla ümumilikdə 21500 manat pulu ödəmişdir. Həmin vaxt razılığları belə olmuşdur ki, qeyd olunan mənzili cavabdehin adına sənədləşdirilir ki, o, da valideynlərindən qalan miras əmlakın aralarında bölünməsinə və paylarına uyğun adlarına sənədləşdirilməsinə etiraz etməyəcəkdir. Lakin, sonradan cavabdeh onların ümumiyyətlə valideynlərindən qalan miras torpağa girməklərinə imkan verməmişdir. Halbuki, qeyd olunan mənzili valideynlərindən qalan mirasdan mərhum qardaşlarına çatan payın əvəzi olaraq almağa razılaşmışlar. Cavabdeh sonradan razılığı pozmuş, nə valideynlərindən qalan miras əmlakın aralarında bölünməsinə razılıq verməmiş, nə də mənzilə görə ödədiyi vəsaiti ona qaytarmamışdır. Mənzil alınarkən sərf olunmuş vəsaitin əvvəlcə mərhum ərindən, sonra isə mərhum atasından qalmasını iddia edərək, həmin mənzilin alınmasına sərf olunmuş vəsaitlə yanaşı, mərhum atasında olmuş, ona məxsus pullara sahib olmağa çalışmışdır. Nəticədə cavabdeh onun hesabına əsassız varlanmış, o, isə qeyd olunan vəsaitindən məhrum olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, valideynləri X4 ilə X2 nikahlarından Cahid və Vurğun adlı qardaşları da anadan olmuşdur. X10 01 mart 2011-ci il tarixdə, atası Cahangir Əliyev isə 24 may 2021-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat edənədək Masallı rayonu Yeddioymaq kəndində yaşamaqla həmin kənddə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-285B saylı Şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha həyətyanı torpağının 2/5-i, həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********57 reyestr nömrəli seriya RX №0890480 saylı Çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha payıbəlli torpaq sahəsinin 2/5-i onlara məxsus olmuşdur. Qardaşı Vurğun vəfat etsə də, onun arvadı Cavabdeh ikiazyaşlı uşağı ilə valideynlərindən qalan evdə yaşayırlar. Atasının ölümündən sonra Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 5 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı 62 nömrəli mənzilini alqısatqı yolu ilə almışdır. Bundan ötrü müqavilədə nəzərdə tutulan 18000 manatı və əlavə olaraq evin əvvəlki alıcısına ödənilmək də daxil olmaqla, ümumilikdə 21500 manat pulu özü ödəmişdir. Həmin vaxt razılıqları belə olmuşdur ki, qeyd olunan mənzili cavabdehin adına sənədləşdirsinlər, o, da valideynlərindən qalan miras əmlakın aralarında bölünməsinə və paylarına uyğun adlarına sənədləşdirilməsinə etiraz etməyəcəkdir. Lakin sonradan cavabdeh ümumiyyətlə valideynlərindən qalan miras torpağa girməyinə imkan verməmiş, halbuki qeyd olunan mənzili valideynlərindən qalan mirasdan mərhum qardaşına çatan payın əvəzi olaraq almağa razılaşmışdılar. Lakin cavabdeh sonradan razılığı pozmuş, nə valideynlərindən qalan miras əmlakın aralarında bölünməsinə razılıq vermiş, nə də mənzilə görə ödədiyi vəsaiti qaytarmışdır. Hətta mənzil alınarkən sərf olunmuş vəsaitin əvvəlcə mərhum ərindən, sonra isə mərhum atasından qalmasını iddia edərək, həmin mənzilin alınmasına sərf olunmuş vəsaitlə yanaşı, mərhum atasında olmuş, ona məxsus pullara sahib olmağa çalışmışdır. Nəticədə isə cavabdeh hesabına əsassız varlanmış, o, isə qeyd olunan vəsaitindən məhrum olmuşdur. Mübahisəli mənzilin alınması ilə bağlı sərf edilmiş pulun kimə aid olmasını, mərhum valideynlərindən qalan miras əmlakdan mərhum qardaşına çatası payın cavabdehin uşaqlarının adına sənədləşdirilməsinə razı olmadığı təqdirdə, hansı səbəbdən mübahisəli mənzilin dəyərini ödəməyini araşdırmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin əsassız varlanaraq ona ziyan vurmasının sübut edilməməsi qənaətinə gəlmişdir. Halbuki, mübahisəli mənzilin dəyərini onun ödəməyi işin mübahisəsiz halıdır. Həmin pulun özünə aid olması yuxarıda göstərdiyi arqumentlərlə təsdiq olunur. Eyni zamanda, cavabdehin mərhum valideynlərindən qalmış miras əmlakdan onun mərhum ərinə çatası payın adlarına sənədləşdirilməsinə razı olmadığını da özü etiraf etmişdir. Belə vəziyyətdə isə mübahisəli mənzili almağına baxmayaraq, cavadehin sonradan miras əmlakı da mənimsəməsi vəsaiti hesabına əsassız olaraq mənzil əldə etməsini, başqa sözlə həmin xüsusat üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin hallarına uyğun olmamasını göstərir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı mübahisəli mənzilin alınması üçün digər xərclərlə birlikdə 21500 manat məbləğdə pul vəsaiti vermişdir. İddiaçı bunun müqabilində cavabdehlə onun valideynlərindən qalan bütün miras əmlakdan imtina edəcəyi barədə razılaşmışlar. Cavabdeh belə bir razılaşmanın mövcud olmadığını bildirsə də, onlar birlikdə yaşadığı müddətdə evlərində bu barədə söhbətlər olmuşdur. Cavabdeh ev alınarkən pulun ona iddiaçı tərəfindən verilməsini etiraf edir. Adıçəkilən mənzil qaynatası öləndə onun otağından tapılan pulun bir hissəsi ilə alınmışdır. Hazırda cavabdeh qaynatası öləndə otağından tapılan pulla bağlı məhkəməyə müraciət etmiş, vədinə əməl etməmiş, iddiaçı ilə əmlak mübahisəsi açmışdır. İddiaçı da apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, həmin mənzili 35000 ABŞ dollarından qalan pulla alıblar. Həmin pul vəsaiti Rusiya Federasiyası Arxangelsk şəhərində olan evini dəyişməsi və Sumqayıt şəhərində başqa evini kirayəsi nəticəsində əldə etdiyi və atasına saxlamaq üçün ölməmişdən 4-5 il əvvəldən verdiyi pullar olmuşdur. Cavabdeh hazırda atasından qalan miras əmlaklardan imtina etmir. Buna görə də, atasına aid olan və mənzilin alınması zamanı cavabdehə verilən pulun geri qaytarılmasını tələb edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 5 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı 62 nömrəli mənzil ona qaynatası ölərkən otağından tapılmış pulla alınmışdır. Mənzil alınarkən iddiaçı ilə aralarında hər hansı şifahi və ya yazılı razılaşma olmayıb, həmin mənzil sadəcə qaynatasından qalmış puldan ona və uşaqlarına yaşamaq üçün alınmışdır. Həmin vaxt pulu ona iddiaçı versə də, indi geri almağına heç bir əsas yoxdur. Çünki o zaman mənzilin alınmasının qarşılığında öz üzərinə hər hansı öhdəlik götürməmişdir. Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 5 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı 62 nömrəli mənzil ona qaytnatası ölərkən otağından tapılmış pulla alınıb. İddiaçı və Cavabdeh arasında həmin mənzil alınan zaman hər hansı şifahi və ya yazılı razılaşma olmamışdır. Mənzil Cavabdeh qaynatasından qalmış pulla alınmışdır. Başqa məhkəmə prosesində İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 mənzilin o pula aidiyyəti olmadığını, qardaşları Cahid isə mənzilin malqara sataraq alındığını bildirmişdir. Beləcə, mənzilin alınması zamanı pulun əldə edilmə mənbəyi, kimə məxsus olması və s. barədə ziddiyyətli izahatlar verilmişdir. Habelə, hər hansı razılaşma barədə digər məhkəmə prosesində də hər hansı məlumat və ya sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Masallı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(050)-3393/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Nahid onun qardaşı, Çinarə isə digər mərhum qardaşı Vurğunun arvadı olmuşdur. O, Nahidlə birlikdə Rusiya Federasiyasıyasında işləməklə orada yaşamışlar. Həmçinin, Nahid orada işləyərək qazandığı pulu ataları Cahangirə göndərmişlər. Ataları isə Nahid tərəfindən göndərilən pulları yığmışdır. Daha sonra qardaşı Vurğun vəfat etmişdir. O və qardaşı dəfn mərasimi üçün Azərbaycan Respublikasına gəlmişlər və burada olduqları zaman - qardaşları Vurğun öldükdən 4 ay sonra ataları da vəfat etmişdir. Ataları öldükdən sonra Nahidin ona göndərdikləri pulla Bakı şəhərində 3 ədəd ev alınmışdır. Həmçinin evlərdən biri Çinarə üçün alınmışdır ki, Çinarə atasından qalan digər miras əmlaklardan imtina edəcəkdir. Çinarə bununla ilk öncə razılaşsa da, sonradan razılaşmanı pozaraq atalarından qalan mirasdan pay istəmişdir. Həmçinin, bir evin alınması üçün pul çatışmadığından o, özünə məxsus mal-qaranı sataraq qardaşı Nahidə vermişdir. Hazırda da həmin pulu Nahiddən tələb edir. İşdə olan 15 iyun 2021-ci il tarixli M-6987 nömrəli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5 mərtəbə 8 ümumi sahəsi 36.3 kv.m olan 1 otaqlı 62 nömrəli mənzili 18000 manata şəxsi vəsaiti hesabına almışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Bu baxımdan, tərəflər arasında qanuni əsas və ya müqavilə əsasından kənar hüquq münasibətinin yaranması və yaxud iddiaçıya cavabdehin qanuna zidd hərəkəti ilə maddi ziyan dəyməsi halı işin halları ilə təsdiq olunmur, həmçinin iddiaçı bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu barədə şahid X3 ifadəsində qeyd etsə də, onun qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Bundan əlavə o, iddiaçının qardaşıdır və qohumluq əlaqəsinə görə məhkəmə şahidin ifadəsini möhtəbər sübut kimi qəbul etmir. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehin onun hesabına əsassız varlandığını sübut etməlidir. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Kollegiya hesab edir ki, hazırkı iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. Kollegiya hesab edir ki, MM-in 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Buna nümunə kimi şəxsə səhvən əmlak (pul və s.) göndərmək, mala (işə, xidmətə) görə təkrar ödəniş həyata keçirmək, başqasının əmlakından istifadə etmək və s. kimi hallar göstərilə bilər. Beləliklə, MM-in 1091-ci maddəsində həyata keçirilməmiş əsas dedikdə, həmin əsas ya ümumiyyətlə nəzərdə tutulmur, yaxud nəzərdə tutulmasına baxmayaraq, heç bir hüquqi nəticə doğurmur. Habelə, sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq, daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən İddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, kollegiya İddiaçı apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda Cavabdeh həyata keçirilməmiş yaxud sonralar aradan qalxmış əsasa söykənən varlanması halı müəyyən edilmir. Belə ki, iddiaçı mübahisəli mənzilin alınması üçün verilmiş 18000 manat və digər xərclərlə birlikdə 21500 manat məbləğdə pul vəsaitini tələb etməsinin müqabilində iddiaçının valideynlərindən qalan miras əmlakın aralarında bölünməsinə və paylarına uyğun adlarına sənədləşdirilməsinə etiraz etməyəcəkdir. Lakin tərəflərin bu barədə hər hansı şifahi və ya yazılı razılaşmalarının mövcudluğu sübut edilmir. Habelə, iddiaçı tərəf məhkəmədə izahatında onların evində əvvəllər bu barədə söhbətlərin olmasının istisna olunmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 5 saylı binanın 8-ci mərtəbəsində 1 otaqlı 62 nömrəli mənzilinin Cavabdeh alınması zamanı pulun müqavilədə Cavabdeh şəxsi vəsaiti hesabına ödənilməsi göstərilmişdir (səh. 5). Cavabdeh tərəf də pulun ona iddiaçı tərəfindən verilməsini inkar etmir. Habelə cavabdehin izahatına əsasən adıçəkilən mənzil qaynatası öləndə onun otağından tapılan pulla iddiaçının mərhum qardaşı Vurğunun ailəsi olduğundan onun və uşaqlarının saxlanılması üçün razılıqları əsasında alınmışdır. Əslində ona iki ədəd başqa mənzilin də alınaraq kirayə verilməsi barədə aralarında danışıq olmuşdu. Ancaq qaynatası öləndə otağından tapılan pulla bağlı məhkəməyə müraciət etdikdən sonra iddiaçı tərəf sözünə əməl etmədi, hətta hazırkı iddianı irəli sürdü. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə, MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(050)-3393/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(050)-3393/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar