Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-479/2024 31.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-719/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 07 iyul 2020-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada iddiaçının xeyrinə 020R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 27890,61 manat məbləğində kredit borcu, 12697,47 manat məbləğində faiz borcu və 11989,96 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 52578,04 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(022)-719/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Pərviz Əhmədov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 29 mart 2017-ci il tarixli, 020R********** saylı kredit razılaşması üzrə əsas borc qismində 27890,61 manat, faiz borcu qismində 12697,47 manat və cərimə borcu qismində 500 manat və ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 20 manat, cəmi 41108,08 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 20 dekabr 2023-cü il tarixində Cavabdeh1 ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, 2019-cu ildə ona qarşı iddiaya baxılmış və qətnamə çıxmışdır. Lakin məhkəmənin qətnaməsi ona göndərilməmişdir. Ərizədə qətnamənin surətinin ona verilməsinə köməklik edilməsi xahiş olunmuşdur. Bundan sonra 30 dekabr 2023-cü il tarixində Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(022)-719/2020 saylı qətnaməsinin ləğv edilməsi, ekspertiza keçirilməklə borcun yenidən hesablanaraq müəyyən olunması və zamin olaraq ona münasibətdə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş materialları Biləsuvar Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli göndəriş məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 26 yanvar 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-719/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarının 105-ci vərəqində olan Biləsuvar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli göndəriş məktubunda Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(022)-719/2020 saylı qətnaməsinin tərəflərə göndərildiyi qeyd olunmuş, həmin məktubun ön hissəsində Cavabdeh2 qətnamənin surətini 15 oktyabr 2020-ci ildə qəbul etməsinə dair qeyd yazmaqla imza çəkmişdir. Həmin məktubun arxa hissəsində isə Cavabdeh2 tərəfindən imzalanmaqla qeyd edilmişdir ki, qətnamənin surətini Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8 və Cavabdeh9 təqdim etmək üçün almışdır. Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(022)-719/2020 saylı qətnaməsi əsasında 25 noyabr 2020-ci il tarixində icra vərəqəsi verilmiş, icra vərəqəsi müvafiq hissələrdə icra olunması üçün Biləsuvar rayon İcra və Probasiya şöbəsinə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Biləsuvar rayon İcra və Probasiya şöbəsinin 15 dekabr 2020-ci il tarixli qərarı ilə Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(022)-719/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən icra sənədi üzrə icraata başlanılmasından 3 ildən artıq müddət keçdikdən sonra isə Cavabdeh1 20 dekabr 2023-cü ildə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ona təqdim edilmədiyini bildirmiş, qətnamənin ona təqdim edilməsini xahiş etmiş və 30 dekabr 2023-cü ildə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh1 apellyasiya şikayətində onun verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmədiyini qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi iş materiallarının 105-ci vərəqində olan Biləsuvar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli göndəriş məktubunun arxa hissəsindəki qeydin icra edilib-edilməməsini, yəni qətnamənin surətinin Cavabdeh2 tərəfindən Cavabdeh1 təqdim edilib-edilməməsi məsələsini araşdırmamış, apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş prosessual müddət ərzində verilib-verilməməsi, prosessual müddətin ötürülüb-ötürülməməsi, qətnamə icraya yönəldikdən 3 ildən artıq müddət keçdikdən sonra Cavabdeh1 apellyasiya şikayəti verməsi məsələlərini müzakirə etməmiş və bunlara hüquqi qiymət verməmiş, eyni zamanda, qətnamənin icrasına başlanıldıqdan sonra 3 il ərzində Cavabdeh1 barəsində hər hansı icra tədbirinin görülüb-görülməməsi və onun qəbul edilmiş qətnamədən xəbərdar olub-olmaması məsələsinin araşdırılması üçün icra işini öyrənməmiş, sadəcə apellyasiya şikayətini mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan başqa, apellyator Cavabdeh1 özünün işdəki prosessual vəziyyətini düzgün göstərməmiş, o, hazırkı işdə cavabdeh qismində iştirak etsə də, özünün işdəki prosessual vəziyyətini yanlış olaraq iddiaçı kimi göstərmişdir. Mülki Prosessual Məcəllənin 361.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Bundan əlavə, məhkəmə kollegiyası Cavabdeh1 nəzərinə çatdırır ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. Ona görə də, Cavabdeh1 yenidən apellyasiya şikayəti ilə müraciət edəcəyi təqdirdə, qeyd edilən tələblərə uyğun apellyasiya şikayəti verməlidir. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-719/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-479/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-479/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver