Məhkəmə qərarları › İş №2(106)-482/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-482/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-482/2024 18.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və ləğvetmə prosesində olan "Zaminbank” ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi, zərərin əvəzinin ödənilməsi, sübut edilmir. X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və ləğvetmə prosesində olan (LPO) "Zaminbank” Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı pul tələbinə mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(036)-2597/2023 saylı qətnaməsindən (hakim Telman Quliyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh2 və LPO "Zaminbank” ASC-dən müştərək qaydada 866 manat pulun və ödənilən dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 və X1 ilə birlikdə xx.xx.2015-ci ildə LPO "Zaminbank” ASC-nin İmişli Filialından 5000 manat məbləğində kredit götürmüşlər. X1 və Cavabdeh2 zamin kimi yazılsalar da, pulu bərabər sayda bölmüşlər. İmişli Rayon Məhkəməsinin 2(036)-3799/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə onlardan müştərək qaydada 3411 manat 98 qəpik borc və 20 manat dövlət rüsumunun tutulub LPO "Zaminbank” ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Götürülən məbləği tərəflər banka ödəmiş və xx.xx.2023-cü il tarixdə bununla bağlı məktub almışlar. Həmin proses zamanı Cavabdeh2 təqsirindən ondan banka 866 manat artıq pul ödənilmişdir. Belə ki, Cavabdeh2 əvvəl banka kredit borcu olmuş və o da bunu gizlədib. Ona görə də 866 manat artıq tutulan məbləğ Cavabdeh2 köhnə borcuna tutulub. Cavabdehlər isə həmin məbləği qaytarmaqdan imtina edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdehlər Cavabdeh2 və LPO "Zaminbank” ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdirlər. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(036)-2597/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və LPO "Zaminbank” ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21-ci və 1096.1-ci maddəsini tətbiq etsəydi, mülki hüquq pozuntusunda iddiaçının təqsirinin olmadığını, cavabdehin bilavasitə təqsirli olmasını nəzərə alıb, düzgün nəticəyə gələrdi. İddiaçı tərəf kimi sübutlar irəli sürmüşdür. Məhkəmə bunu rədd etmək əvəzinə xüsusi bilik tələb edən mühasibatlıq ekspertizası keçirilməli idi. O, bu barədə vəsatət versə də, məhkəmə bunu müzakirə etməmiş və nəticə etibarı ilə onun hüquqlarını pozan qətnamə çıxarmışdır. İmişli Rayon Məhkəməsinin gəldiyi nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar- onun cavabdehlərə artıq pul ödəməsi aydınlaşdırılmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa oxşar izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etmiş və buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh LPO "Zaminbank” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə müəyyən olur ki, LPO "Zaminbank” ASC-nin İmişli filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8457 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı LPO "Zaminbank” ASC-dən mənzil təmiri üçün xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit götürmüşdür. Həmin vaxt LPO "Zaminbank” ASC-nin İmişli filialı ilə Cavabdeh2 və X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6513 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər bank qarşısında borclu İddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə dair öhdəlik götürmüşlər. İmişli Rayon Məhkəməsinin 2(036)-3799/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə onlardan müştərək qaydada 3411 manat 98 qəpik borc və 20 manat dövlət rüsumunun tutulub LPO "Zaminbank” ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Məhkəmə akı ilə müəyyən edilmiş məbləği tərəflər banka ödəmişlər. Hazırda iddiaçı cavabdehlər Cavabdeh2 və LPO "Zaminbank” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müştərək qaydada 866 manat pulun və ödənilən dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılır ki, Cavabdeh2lə birlikdə digər cavabdeh olan Bankdan kredit götürüb, birgə bölmüşlər. Banka borc tam olaraq ödənilmişdir. Lakin digər cavabdehin başqa borcuna görə Bank tərəfindən ondan əlavə pul tutulmuşdur və bu pul məbləği ona geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Hesab etmişdir ki, iddiaçı öz tələbini sübuta yetirmədiyindən iddia tələbi əsassızdır. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsində işin halları düzgün araşdırılmamış, ekspertiza keçirilməmişdir. Apellyasiya baxışında ləğv prosesində olan Cavabdeh1 ASC-yə müvafiq sorğu verilmiş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, LPO Cavabdeh1 ASC-nin İmişli filialının müştərisi olmuş İddiaçı cari hesabına daxil olan 866 (səkkiz yüz altmış altı) manat məbləğində vəsait bank əməliyyat sistemində (BƏS) olan kredit borcundan silinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Mülki məhkəmə icraatına iddianı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, iddiaçı da iddiasına dair zəruri sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və İmişli Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(036)-2597/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(036)-2597/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar