Məhkəmə qərarları › İş №2(106)-485/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-485/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-485/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(038)-463/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əsas borca görə 23083 manat məbləğində əsas borcun, 3192.8 manat məbləğində faiz borcunun, cəmi 26275.8 manat borcun və 170 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə illik 23% olmaqla 23083 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh2 və Cavabdeh1 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh3 aid bütün öhdəlikləri icra etməlidir. Yardımlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(038)-463/2023 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia təmin edilərək Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 23083 manat əsas borcun, 3192.8 manat faiz borcunun, cəmi 26275.8 manat və ödənilmiş 170 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu borcu o götürmüş, vaxtında ödəmiş, lakin müvəqqəti çətinlik yaranmış və bunun üzrlü səbəbləri olmuşdur. Məhkəmə faizlərin hesablanmasında düzgün qərara gəlməmişdir. İddiaçının izahatını əsas götürərək heç bir araşdırma aparmamışdır. Bu zaman onun zaminlərininin də heç bir təqsiri olmamışdır. Məhkəmə onun və zaminlərin münasibətini öyrənmədən, iş üzrə bu maddi hüquq normasının tələblərinə əsasən düzgün olmayan qərar qəbul etmişdr. İş materiallarına yalnız iddiaçının izahatı əlavə olunmuş, onların mövqeyi öyrənilməmiş, çəkişmə prinsipinin tələblərinə uyğun olaraq məhkəmə araşdırması aparılmamışdır. Məhkəmə gəldiyi nəticə üçün borcun götürülməsi və faizlərin hesablanması ilə bağlı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Araşdırma birtərəfli aparılmış, izahatları alınmadan və ekspertiza təyin olunmadan əsassız olaraq onların üzərinə artıq faizlər qoyulmuşdur. İddiaçı ASC apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, cavabdeh kreditin əsas məbləğindən heç bir ödəniş etməməyinə baxmayaraq, apellyasiya şikayəti vermişdir. Halbuki, bank onlara cərimə pulu belə hesablamamışdır. Cavabdeh3 kredit vəsaitini götürdükdən sonra kreditin əsas məbləğindən heç bir ödəniş etməmişdir. Baxmayaraq ki, kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikində aylıq ödəniş 893,54 manat nəzərdə tutulmuşdur. Cavabdehin apellyasiya şikayəti verməkdə məqsədi işin İcra və Probasiya Şöbəsinin icraatına daxil olmasına mane olur. Cavabdeh3 bilir ki, zaminlərindən biri dənizçi, digəri isə hərbçidir və yüksək əmək haqqı alırlar. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onların əmək haqlarına yönəldiləcəkdir. Cavabeh ona qarşı qətnamənin qərəzli olmasını bildirir, lakin heç nə ilə əsaslandırmır. Belə ki, borc məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun hesablanmışdır. Cavabdeh3 və zaminlər üzərinə düşən öhdəliyi qərəzli etməmişlər. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında ekspert rəyi ilə razı olduğunu bildirmiş və əlavə etmişdir ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. Həmin ödəniş maliyyə arayışı tərtib edildiyi tarixdən əvvəl həyata keçirilmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(038)- 463/2023 saylı qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli RM/62927/88/10 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış, müqaviləyə əsasən ona 36 ay müddətinə illik 23% dərəcəsi ilə 23083 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 zamin qismində Cavabdeh3 ilə birgə öhdəlik götürmüşdür. İşdə olan Kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh3 23083 manat məbləğində pul vermişdir. İşdə olan Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 170 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan Borcun ödənilməsi və kredit müqaviləsinin ləğvi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən kredit müqaviləsi birtərəfli qaydada ləğv edilir və banka olan kredit borcunun ödənilməsi tələb edilir. İşdə olan Maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixə əsas borca görə 23083 manat, faiz borcuna görə 3192,8 manat borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3559 saylı rəyindən görünür ki, tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli RM/62927/88/10 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas borc 23071,83 manat, faiz borcu isə 2159,63 manat təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan MM-in həmin dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, işdə olan sübutlardan, habelə işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 9/3559 saylı rəyindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə, yəni borcun ödənilməsi və kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsinə xəbərdarlıq tarixinə banka olan əsas borc 23071,83 manat, faiz borcu isə 2159,63 manat məbləğdə borcu vardır. Kollegiya həmçinin zaminlərin məsuliyyətinə dair borclu Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri üzrə diqqətə çatdırır ki, cavabdeh olan zaminlər apellyasiya şikayəti verməmiş və hazırkı qətnamə tərəflərindən mübahisələndirilməmişdir. Əlavə olaraq, qeyd edilməlidir ki, MM-in 477.0.4-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(038)- 463/2023 saylı qətnaməsi tutulması qət edilmiş əsas borc və faiz borcu hissədə dəyişdirilərək əsas borc 23071 (iyirmi üç min yetmiş bir) manat 83 (səksən üç) qəpik, faiz borcu 2159 (iki min yüz əlli doqquz) manat 63 (altmış üç) qəpik məbləğində müəyyən edilməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3559 saylı rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 200 manat məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(038)-463/2023 saylı qətnaməsi əsas borc və faiz borcunun məbləği hissədə dəyişdirilsin, əsas borc 23071 (iyirmi üç min yetmiş bir) manat 83 (səksən üç) qəpik, faiz borcu isə 2159 (iki min yüz əlli doqquz) manat 63 (altmış üç) qəpik məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar