Məhkəmə qərarları › İş №2(106)-486/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-486/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-486/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 39000 manat və 11531 manat nəzərdə tutulan itirilmiş mükafatın, 10000 manat lizinq şirkətinə dəymiş maddi və mənəvi ziyanın, cəmi 60531 manatın və ödənilmiş 272,41 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan İddiaçı MMC şikayət vermiş, şikayətində Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərardadı qüvvəsini itirmiş hesab edilməli, mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Cəbrayıl Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, İddiaçı MMC Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadından şikayət verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməmiş, dövlət rüsumunun ödənilməsinə dair hər hansı qəbz təqdim etməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırda iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verdiyi şikayətdə rüsumdan azad olunduğunu qeyd etmiş, rüsumdan azad olunma əsası kimi isə “Bu ödəniş rüsumdan azaddır - iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər” bəndi seçilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.17-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, iddiaçının öz şikayətində həmin bəndi seçməsi əsaslı olmamışdır. Belə ki, qeyd edilən normadan da göründüyü kimi, iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardaddan verilən şikayət üzrə işdə iştirak edən şəxslərin dövlət rüsumu ödəməkdən azad olunması qanunla istisna edilmiş, bununla yanaşı, “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsində birbaşa göstəriş olaraq bu cür qərardadlardan verilən şikayət üzrə 50 manat məbləğində dövlət rüsumunun ödənilməli olduğu təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə əsasən, qərardaddan verilən şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılmalı, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi isə iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumunun ödənilməli olmasına diqqət yetirməmiş, şikayəti qaytarmalı olduğu halda, ona baxaraq həll etmişdir. Hazırkı iş materialları ilə iddiaçının hər hansı başqa əsasla dövlət rüsumu ödəməkdən azad olunması da müəyyən edilmir. Odur ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərardadı qüvvəsini itirmiş hesab edilməli, mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Cəbrayıl Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-269, 397 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-48/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərardadı qüvvəsini itirmiş hesab edilsin. Mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Cəbrayıl Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar