Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-493/2025 12.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(049)-3907/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əsas qapıdan girəndə gün batan tərəfdə yerləşən və atasının tikdiyi 1 otağını, həmçinin həmin fərdi yaşayış evinin əsas və yardımçı sahələrindən, evin, həyətin ümumi girişindən, həyətdə yerləşən sanitar qovşağdan və sanuzeldən maneəsiz istifadə etməsi barədə istifadə qaydalarının müəyyən edilməsi, Cavabdeh 60 manat ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş mediasiya xərcinin və 40 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilə köcrülməyi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi vardır. Sözügedən qətnamə üzrə həmin mənzilə köcrülsə də cavabdeh ona evin arxa hissəsində 1 otaq ayırıb və həmin otağın qapısı artıq qonşunun həyətinə acılır. Əvvəllər həmin hissə qardaşına aid olsa da, o, öz payını satmışdır və onun otağa giriş hissəsi artıq qonşunun həyətindəndir. Həmçinin onun köcrüldüyü hissəyə günəş şüaları düşmür, qışda yaşadığı otağın altı su olur və rütübətdən həmin hissədə yaşamaq mümkün deyildir. Yaşadığı ev 2 mərtəbəli birinci mərtəbədə 3 otaqdan və bir yardımçı sahədən, ikinci mərtəbədə isə dörd otaq və bir yardımçı sahədən ibraət olmasına baxmayaraq Cavabdeh onun həmin evdə yaşamağına dolayı yolla mane olur və onu pis durumda saxlamaqla evdən çıxmağına nail olmaq istəyir. O, 1958-ci ildən həmin ünvanda yaşamış və qeydiyyatda olmuşdur. Qeyd olunan ünvan 1 ünvanında yerləşən, atasının tikdiyi fərdi yaşayış evinin gün batan tərəfdən 1 otaq, həmçinin əsas və köməkçi sahələrdən, evin və həyətin ümumi girişdən eyni zamanda həyətdə olan sanitar qovşaqdan maneəsiz istifadə etməlidir. Lənkəran Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(049)-3907/2024 saylı qərardadı ilə iddia ərizəsinin icraatı mümkün hesab edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(049)-3907/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Anar Pənahov) İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(049)-3907/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən səthi araşdırmaaparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək, icra qaydası müəyyən olunmayan qətnamədən cavabdehin sui-istifadə etməsi ilə bağlı hazırki işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Göründüyü kimi, məhkəmə tərəfindən preyudisial əhəmiyyət daşıdığı bildirilən 11 fevral 2020-ci il tarixli, 2(049)- 467/2020 saylı qətnamədə İddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməsi təmin edilsə də, bunun qaydası və həmin evin hansı hissəsinə bu hüququn tanınması müəyyən olunmamışdır. Bu isə cavabdeh tərəfindən qətnamənin icrasına maneçilik törədilməklə sui-istifadəyə səbəb olur. Yəni, mübahisənin həlli üçün birbaşa əhəmiyyətli olan məsələ ünvan 3 ünvanında yerləşən, fərdi yaşayış evinin əsas qapıdan girişdə, günbatan tərəfdə yerləşən və atamın tikdiyi 1 otağını, həmcinin həmin fərdi yaşayış evinin əsas və yardımcı sahələrindən,evin, həyətin ümumi girişindən, həyətdə yerləşən sanitar qovşağdan və sanuzeldən istifadə qaydaları müəyyən edilməmiş, nəticədə bu məsələlər araşdırılmamış qalmış və məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında qeyd olunur ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Hesab edir ki, məhkəmə tərəfindən məsələnin mahiyyətinə varmadan və Konstitusiya Məhkəməsinin bir neçə qərarında formalaşdırdığı hüquqi mövqe, eləcə də Ali Məhkəmə tərəfindən formalaşdırılan məhkəmə təcrübəsi nəzərə alınmadan sadəcə məhkəmə qətnaməsinin olmasıəsası ilə iş üzrə icraata xitam verilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin hal, yəni onun köçürülməsi qət olunan qətnamdə həmin evin hansı hissəsindən və sahələrdən istifadə edə bilməsi məhkəmə qaydasında araşdırılmamış və qiymət verilməmiş olmaqla açıq qalmışdır. Bu isə həmin qətnamənin preyudisial əhəmiyyətə malik olmasını aradan qaldırmaqla mübahisənin yenidən araşdırılmasını tələb edir. Odur ki, iddiaçının hazırki faktın məhkəmə qaydasında sübut edilməsini tələb edə bilməsi hüququnu nəzərə alaraq qərardadı əsassız hesab edir və ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(049)-3907/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Anar Pənahov) şikayət təmin edilməmiş, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(049)-3907/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(049)-467/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X1 qarşı “evə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(049)-467/2020 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə istinad etməklə xitam vermişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-467/2020 saylı 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı evə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə qətnaməsi qəbul edildiyi tarixdə mübahisəli ev Cavabdeh mülkiyyətində olmuşdur. Hazırda da həmin fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Hazırki mülki iş üzrə də İddiaçı iddia tələbi Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-467/2020 saylı mülki iş üzrə tərəf (cavabdeh) olan eyni şəxs X2 qarşı yönəlmişdir. Eyni zamanda iddia predmeti də 2(049)-467/2020 saylı mülki iş üzrə eynilik təşkil edir. Hər iki iddia tələbi üzrə iddia predmetini ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi təşkil edir. Eyni zamanda hər iki iddia tələbi üzrə iddianın mahiyyəti “fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi”dir. MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn konkret hüquqi tələbi başa düşülür. Bu, iddiaçının məhkəmədən tələb etdiyi konkret hüquqi nəticəni əks etdirir. İddianın predmeti məhkəmənin qətnamə ilə həll edəcəyi əsas məsələdir. İddianın əsası isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitamının bağlı olduğu faktiki və hüquqi səbəblərdir. Bu, iddiaçının tələbinin arxasında duran hüquqi və faktiki əsasları əhatə edir. Mübahisə predmeti tərəflər arasında mövcud olan və məhkəmənin həll etməli olduğu hüquqi mübahisədir. Bu, predmetlə bağlı tərəflərin razılaşmadığı və məhkəmənin həll etməli olduğu məsələləri əhatə edir. Mübahisə predmeti iddia predmetindən daha geniş anlayışdır və məhkəmə tərəfindən araşdırılan əsas məsələləri əhatə edir. Bu anlayışlar bir-birindən fərqlənməklə məhkəmə prosesində və mülki işin həlli baxımdan mühüm rol oynayırlar. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(049)-467/2020 saylı qətnaməsindən görünür ki, 2020-ci ildə verilmiş iddia qismən təmin olunub və mənzildən istifadə qaydalarının müəyyən edilməsi hissəsində iddiaçının tələbin konkretləşdirilməməsi, yəni mücərrəd olması səbəbindən rədd edilib (iş materialları səh. 5). Belə ki, iddiaçı mənzildə istifadə qaydalarının müəyyən edilməsini tələb kimi ümumi qaydada qeyd etmiş, mənzildə istifadə qaydasının hansı formada müəyyən edilməsi ilə bağlı tələbini konkret olaraq göstərməmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının hal-hazırki tələbi daha konkret formada, əvvəlki iddia ərizəsində qeyd edilməyən tələb olaraq- “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əsas qapıdan girəndə gün batan tərəfdə yerləşən və atasının tikdiyi 1 otağını, həmçinin həmin fərdi yaşayış evinin əsas və yardımçı sahələrindən, evin, həyətin ümumi girişindən, həyətdə yerləşən sanitar qovşağdan və sanuzeldən maneəsiz istifadə etməsi”dir. Dolayısı ilə, hal-hazırki iddia predmeti əvvəlki predmetdən ayrı olaraq yeni predmetdir. Odur ki, bu hal yeni tələb üzrə iddiaçının iddia qaldırmaq hüququnu məhdudlaşdırmamalıdır. Prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: - cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər; - hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; - iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. (Azərbaycan Respublikası Konstutisiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 may 2020-ci il tarixli Qərarı”). Kollegiya bir daha qeyd edir ki, iddia predmeti dedikdə, iddiaçının məhkəmədən barəsində qərar qəbul olunmasını istədiyi subyektiv hüquq başa düşülür. Mübahisə predmeti isə həmin hüquqla bağlı tərəflər arasında yaranmış mübahisənin konkret məzmunudur. İddiaçının hal-hazırki tələbində “mənzildən istifadə qaydalarının müəyyən edilməsi” ifadəsinin olması, birbaşa olaraq həmin hüququn mövcud olması və ya iddia predmetinə aid olduğu mənasına gəlmir. Bu məsələ məhkəmə tərəfindən hüquqi qiymətləndirmə tələb edən mübahisə predmetidir və icraata xitam vermək əvəzinə, mahiyyəti üzrə araşdırılmalıdır. Belə ki, iddiaçının iddia tələbində konkret göstərdiyi yaşayış və qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehin hansı formada müdaxilə etməsi, bu müdaxilə olduğu halda, onun qanuni olubolmaması mahiyyəti üzrə baxılaraq həll olunmalı məhkəmə mübahisəsidir. Beləliklə, işin hallarından və şikayətin dəlillərindən göründüyü kimi, iddiaçının mənzildən istifadə qaydalarının müəyyən edilməsi hüququ ilə bağlı mübahisə mövcuddur və eyni zamanda bu məsələ Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsindən göründüyü kimi həmin hissədə iddia tələbinin mücərrəd olması əsası ilə həll olunmamış qalmışdır. Məhkəmə müdafiəsi hüququ ədalətli məhkəmə araşdırmasının əsasını təşkil edir. Bu hüququn effektiv təmin edilməsi və ya məhdudlaşdırılması fərdlərin və cəmiyyətin hüquqi sistemə inamına birbaşa təsir göstərir. Məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması bir sıra mənfi nəticələrə: hüquqi nihilizmin güclənməsinə, cəmiyyətdə sosial gərginliyin artmasına, eləcə də məhkəmə müdafiəsi hüququna inamsızlığa gətirib çıxara bilər. Bu hüquq demokratik cəmiyyətin əsas sütunlarından biridir. Onun təmin edilməsi hüquqi dövləti gücləndirir, məhdudlaşdırılması isə hüquqi xaos və inamsızlıq yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” işində qeyd etmişdir ki, məhkəməyə müraciət hüququ ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz hissəsidir və bu hüququn məhdudlaşdırılması Konvensiyanın 6-cı maddəsinin pozulması deməkdir. Kollegiya qeyd edir ki, hal-hazırki tələb mahiyyəti üzrə araşdırılmadan icrata xitam verildiyi halda, iddiaçının mülki hüquqlarının məhkəmə müdafiəsinə çıxış hüququ pozular. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(049)-3907/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(049)-3907/2024 saylı qərardadı ləğv edilsin. Мülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-493/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-493/2025
12.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver