Məhkəmə qərarları › İş №2(106)-494/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-494/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-494/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: xx.xx.2022-ci il tarixli RGTK6557554A167 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 59 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 14033.72 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13347.07 manat əsas borc, 1383.54 manat faiz borcu olmaqla cəmi 14730.61 manat və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 134.19 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK6557554A167 saylı kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 13347.07 (on üç min üç yüz qırx yeddi manat yeddi qəpik) manat əsas borc, 1383.54 (bir min üç yüz səksən üç manat əlli dörd qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 134.19 (bir yüz otuz dörd manat on doqquz qəpik) manat pulun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdeh sözü qətnamə ilə razı deyildir. Belə ki, məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh göstərmişdir ki, onun "xxxx" ASC-yə iddia ərizəsində qeyd edilən qədər borcu yoxdur. O, ödəniş qrafikinə əsasən hər ay ödənişlərini etmişdir, bu barədə əlində sübutları vardır, lakin iddiaçı özündən şişirdilmiş borc məbləği və faiz müəyyən edərək əsassız iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı iş üzrə isə məhkəmə onun prosesdə iştirakını təmin etmədiyi üçün o, sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri obyektiv qətnamə qəbul etmişdir. İşin halları yenidən araşdırılmalıdır. Məhkəmə heç bir ekspertiza təyin etmədən həmçinin heç bir araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qeyri qanuni qətnamə qəbul etmişdir. İzahatlar Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərək, onun iştirakı olmadan mülki işə baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh müəyyən edilmiş qaydada məlumat verilməsinə (həm elektron qaydada, həm də ümumi poçt vasitəsi ilə bildiriş göndərilmişdir) baxmayaraq, o apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK6557554A167 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 59 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 14033.72 manat məbləğində kredit verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, borcun ödənilməsində pozuntular olduğuna, borclu tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank əvvəlcə yazılı surətdə borcludan (cavabdehdən) borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı mahiyyətcə müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində borcunu vaxtında ödədiyini, bu barədə əlində müvafiq sübutları olduğunu bildirsə də məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Cavabdeh borcunun düzgün hesablanması üçün məhkəmənin ekspertiza təyin etmədiyini qeyd etsə də ekspertiza keçirilməsinin zəruriliyini, ekspertiza keçirilməsi ilə bağlı dəlillərini əsaslandırmamış, arqument irəli sürməmiş, müvafiq ödənişləri ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində onun məhkəmədə iştirakının təmin edilmədiyini də bildirmişdir. Lakin müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında imkanı olduğu halda borcun vaxtında ödənilməsi ilə bağlı hər-hansı sənəd təqdim etməmiş, müvafiq ekspertiza keçirilməsi bağlı əsaslandırılmış vəsatət verməmiş, yaxud sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmamasını da göstərməmişdir. Halbuki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(036)-2537/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar