Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-496/2024 16.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(036)-1490/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia qaldıraraq xam pambığın alqı-satqısına dair tərəflər arasında bağlanmış “2022-ci ilin mövsüm dövrü üzrə xam pambığın alqısatqısına dair” 06 yanvar 2022-ci il tarixli 03 nömrəli müqavilədən irəli gələn öhdəliyi qarşı tərəfin lazımi qaydada icra etməməsi səbəbindən cəmiyyətə 17453 manat məbləğində maddi zərər dəydiyini göstərərək həmin məbləğin və ödənilmiş 142,6 manat dövlət rüsumunun tutulub cəmiyyətin xeyrinə ödənilməsi, tutmanın girov qoyulmuş İmişli rayon Muradxanlı kəndində yerləşən 173,7 kv.m fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (İstehsalçı) ilə "xxxx" ASC (Tədarükçü) arasında bağlanmış “2022-ci ilin mövsüm dövrü üzrə xam pambığın alqısatqısına dair” 06 yanvar 2022-ci il tarixli 03 nömrəli müqaviləyə əsasən istehsalçı 2022-ci ilin mövsüm dövründə 20 ha torpaq sahəsində Tədarükçüdən borc aldığı vəsait hesabına pambıq məhsulu becərməyi və becərilən xam pambığı yığıb Tədarükçüyə təhvil verməklə borcunu ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Girov müqaviləsinə əsasən Cavabdeh məxsus olan İmişli rayon Muradxanlı kəndində yerləşən 173,7 kv.m fərdi yaşayış evi istehsalçının öhdəliklərinin icrasından ötrü girov qoyulmuşdur. Həmin müqavilə üzrə İstehsalçı - Cavabdeh bank hesabına 26112 manat məbləğində nağd pul ödənilmiş, 6250 manat dəyərində toxumluq çiyid, 9451 manat dəyərində dərman və gübrələr verilmiş, 953 manat dəyərində çiyid səpmə, 5728 manat deyərində kultivasiya və şırım, 3066 manat dəyərində dərmanlama və gübrələmə, 2220 manat dəyərində kombayınla pambıq yığım işləri görülmüşdür. 06 yanvar 2022-ci il tarixli 03 nömrəli müqavilə çərçivəsində "xxxx" MMC tərəfindən ümumilikdə 53780 manat dəyərində vəsait xərclənmiş, Cavabdeh (istehsalçı) cəmi 36327 manat dəyərində pambıq təhvil verərək 17453 manat borclu qalmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-1490/2023 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin edilərək Cavabdeh 17453 manat və ödənilmiş dövlət rüsumuna görə 142 manat 36 qəpik məbləğin də pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesababına keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası AZEMİS-dən (Elektron Məhkəmə İnformasiya Sistemi) iddiaçı "xxxx" ASC-nin vergi məlumatlarının Çıxarışından müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC vergi ödəyici olan hüquqi şəxsdir (VÖEN: **********). Həmçinin AZEMİS-dən (Elektron Məhkəmə İnformasiya Sistemi) Cavabdeh vergi məlumatlarının Çıxarışından da görünür ki, cavabdeh də vergi ödəyici olan fiziki şəxsdir (VÖEN: **********). Beləcə, hazırkı iş üzrə mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılması üçün iş materialları məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(036)-1490/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-496/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-496/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver