Məhkəmə qərarları › İş №2(106)-498/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-498/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-498/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-498/2025 Açar sözlər: vurulmuş ziyanın ödənilməsi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2(064)-1524/2024 saylı qətnaməsindən (hakim S.Məmmədli) iddiaçı "OBA MARKET” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı – "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3508,57 manat pulun və 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixliəmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 192 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 121 saylıəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin – OBA NZS 8 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4094,54 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara razılığını bildirməklə şirkətə vurduğu ziyanı etiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3508,57 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3508,57 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2(064)-1524/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "OBA MARKET” MMC-nin nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin 2(064)-1524/2024 saylı 04 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, Cavabdeh tərəfindən ödənilməmiş 3508 (üç min beş yüz səkkiz) manat 57 (əlli yeddi) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 30 (otuz) manatın dövlət rüsumu kimi cavabdehdən alınaraq İddiaçıMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “X6 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “Cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində xx.xx.2023-cü il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4094 (dörd min doxsan dörd) manat 54 (əlli dörd) qəpik məbləğində zərər vurması məlum olmuş, çatışmamazlıqdan müvafiq güzəştlər tətbiq edildikdən sonra yekun olaraq cavabdehin şirkət qarşısında 3508 (üç min beş yüz səkkiz) manat 57 (əlli yeddi) qəpik borcu qalmışdır. Cavabdeh yekun yoxlama aktına, üzləşmənin nəticələrinə və iltizamnaməyə şəxsən öz imzasını atmaqla yaranmış borcu və şirkət vurmuş olduğu ziyanı tam etiraf etmişdir. Bundan başqa Füzuli Rayon Məhkəməsi iddia müddəti ilə bağlı normanı düzgün tətbiq etməmiş, belə ki, mediasiya prosesi mərhələsində müddəti nəzərə almamaqla pozuntuya yol vermiş və qanunsuz və əsassız qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və şikayətlərinin təmin edilməsin i xahiş etmişdir. Göstərmişdir ki, cavabdehlə aralarında olan mübahisə əmək mübahisəsi olduğundan ilk öncə mediasiyaya müraciət etmiş və mediasiyada 2 aya yaxın müddət keçmişdir. Məhkəmə mediasiyada olan müddəti ümumi müddətdən çıxmamışdır. Hesab edirlər ki, mediasiyaya müraciətlə bağlı iddia müddətinin axımı dayanır. Kollegiyanın iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız saymış və onu təmin etmədən, qətnaməni isə dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini nəzərə alaraq, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e- 2(064)-1524/2024 saylı qətnaməsi iddiaçı "OBA MARKET” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki: -İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. -xx.xx.2022-ci il tarixli, 192 saylı əmrlə Cavabdeh adminstrator vəzifəsinə keçirilmiş və onunla İddiaçı MMC arasında “X6” haqqında müqavilə imzalanmışdır. -xx.xx.2023-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. -xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin sabiq administratoru, Cavabdehnun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 4094,54 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 3508,57 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 3508,57 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, mağazanın maddi-məsul şəxsi Cavabdeh olan Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi ünvanında yerləşən OBA-NZS 8 (1265) mağazada malların inventarizasiyası həyata keçirilmiş və nəticədə 4094,54 manat məbləğində əskikgəlmə müəyyən edilmişdir. -mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, cavabdeh mediasiya sesiyasında iştirak etməməsi səbəbindən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. -İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddəti tədbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı 3508,57 manat pul tələbi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. İddiaçı qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili mediasiyaya müraciətlə bağlı itirilmiş müddətin ümumi iddia müddətindən çıxılmaması ilə bağlıdır. İddiaçı hesab etmişdir ki, mediasiyaya müraciətlə bağlı iddia müddətinin axımı dayanır və bu hal məhkəmə tərəfindən ümumi iddia müddətindən çıxılmalı idi. Lakin məhkəmə bunu nəzərə almamışdır. Kollegiya hesab edir ki, mediasiya təşkilatına müraciət edilməsi iddia müddətinin axımının dayandırılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Kollegiya göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı ona maddi ziyan vurulması ilə əlaqədar hüququnun ona məlum olduğu vaxtdan bir il ərzində məhkəməyə müraciət etmək hüququ olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023cü ildən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Göründüyü kimi, iddiaçı ona maddi ziyanın vurulmasını xx.xx.2023-cü il (inventarizasiya aktı ilə) tarixdə artıq bilirdi, yəni iddiaçı hüqununun pozulmasını xx.xx.2023-cü ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Buna görə də müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə 1 ay 10 gün iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab etmişdir ki, Füzuli Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2(064)-1524/2024 saylı qətnaməsi barədə gəldiyi nəticəni işin faktiki və hüquqi hallarına uyğun olduğundan qanuni və əsaslı, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış hesab edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddia tələbində iddiaçı tərəfindən cavabdehdən cəmi 3508 (üç min beş yüz səkkiz) manat 57 (əlli yeddi) qəpik pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə iddianın qiyməti beş min manatdan çox olmayan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "OBA MARKET” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2(064)-1524/2024 saylı qətnaməsi iddiaçı "OBA MARKET” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar