Məhkəmə qərarları › İş №2(106)-500/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-500/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-500/2023 06.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1555/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinin ləğv edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin nümayəndəsi-sədri X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, hazırda Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinə əsasən Ağcabədi rayonunun Təzəkənd kənd sakini Cavabdeh Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin mülkiyyətində olan 2,0 hektar torpaq sahəsi 49 il müddətə icarəyə verilmişdir. Cavabdeh həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da alımışdır. İcarəçi Cavabdeh həmin torpaq sahəsindən istifadə etməmiş, torpağın icarəsi yalnız sənəd üzərində formal olmuş və həmçinin də Təzəkənd Bələdiyyəsinin mülkiyyətinə icarə haqqı ödəməmişdir. İcarə haqqının ödənilməsi ilə əlaqədar Cavabdeh müraciət olunsa da, o icarə haqqını ödəməkdən yayınmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsi başqa bir kənd sakininə də icarəyə verilmişdir. Bu məsələlər bələdiyyənin iclasında müzakirə olunmuş, Cavabdeh 600 manat icarə haqqı olması müəyyən edilmiş və Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət olunması qərara alınmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Ağcabədi rayon Təzəkənd kəndində yerləşən, Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı (əkin) 2,0 hektar torpaq sahəsi 30 iyul 2019cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinə əsasən illik 150 manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətə ona icarəyə verilmişdir. Həmin icarə müqaviləsi Qobustan rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və həmçinin də 19 dekabr 2019ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarış da verilmişdir. Həmin torpaq sahəsi X8 tərəfindən qanunsuz olaraq zəbt edildiyi üçün cavabdeh X6 qarşı ona icarəyə verilmiş 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə cavabdeh X8 tərəfindən istifadəyə edilən müdaxilələrin qadağan edilməsi və həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələr aradan qaldırılması barədə Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmış və iddiası Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin iş üzrə cavabdeh X2 Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(106)-3118/2021 saylı qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra, Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsi əsasında çıxarılmış icra vərəqəsi 18 aprel 2022-ci il tarixdə icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra vərəqəsi 05 avqust 2022-ci il tarixdə icra olunaraq onun icarəsinə verilmiş torpaq sahəsi ona təhvil verilmişdir. Göründüyü kimi, Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı (əkin) 2,0 hektar torpaq sahəsi 30 iyul 2019-cu il tarixdə ona icarəyə verilməsinə baxmayaraq, həmin torpaq sahəsi yalnız 05 avqust 2022-ci il tarixdə ona təhvil verilmişdir, yəni bu müddət ərzində həmin torpaq sahəsindən istifadə etməmişdir. Lakin buna baxmayaraq icarısində olan 2,0 hektar torpaq sahəsinin icarə haqqına görə Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin büdcəsinə olan 600 manat bələdiyyə torpaq vergisini 22 oktyabr 2022-ci il tarixdə tam olaraq Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinə ödəmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1555/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: R.Nuriyev), iddianın təmin edilməməsi, iddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin Cavabdeh qarşı “Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 389.1, 389.2, 421.1, 421.2, 700.1, 700.2, 706.1, və 719.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1555/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin nümayəndəsi X3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1555/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iİştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Ağcabədi Rayon Məhkəməsinin 2(017)1555/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsini iddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 11.3-cü maddəsinəəsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1555/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş Qobustan rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, bu müqavilə Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında Ağcabədi rayon Təzəkənd kəndində yerləşən, Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı (əkin) 2,0 hektar torpaq sahəsinin Ağcabədi rayon Təzəkənd kənd sakini Cavabdeh illik 150 manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətə icarəyə verilməsi barədə bağlanmışdır İş materiallarına əlavə olunmuş 19 dekabr 2019-ci il tarixdə qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Təzəkənd Bələdiyyəsinin mülkiyyətində olan və Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,0 hektar kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2068-ci il tarixədək Cavabdeh icarəyə verilmiş və icarə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərərk cavabdeh X2 rayon Kürdlər (Təzəkənd) Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ərazisindən Cavabdeh icarəsinə verilmiş 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, Cavabdeh icarəsində olan torpaq sahəsinə cavabdeh X8 tərəfindən istifadəyə edilən müdaxilələrin qadağan edilməsi və həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələr aradan qaldırılması qət edilmişdir.. İş materiallına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(106)-3118/2021 saylı qətnaməsinin surətində görünür ki, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi və Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, həmin icra vərəqəsi 18 aprel 2022-ci il tarixdə verilmişdir. İş materiallına əlavə edilmiş Ağcabədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş 05 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi 05 avqust 2022-ci il tarixdə icra edilmişdir. İş materiallına əlavə edilmiş Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin arayışından görünür ki, Ağcabədi rayon Təzəkənd kənd sakini Cavabdeh icarısində olan 2,0 hektar torpaq sahəsinin icarə haqqına görə Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin büdcəsinə 600 manat borcu vardır. İş materiallına əlavə edilmiş 22 oktyabr 2022-ci il tarixli mədaxil qəbzinin surətində görünür ki, Cavabdeh 600 manat bələdiyyə torpaq vergisini 22 oktyabr 2022-ci il tarixdə Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinə ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı Ağcabədi Rayonu Təzəkənd Bələdiyəsi Cavabdeh qarşı iddiasında cavabdehin icarə müqaviləsi üzrə öhdəliyi yerinə yetirilməməsi və icarə haqqının ödənilməməsi səbəbi ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə qaytarılmasını tələb edir. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 389.1, 389.2, 421.1, 421.2, 700.1, 700.2, 706.1, və 719.1-ci maddələrini əsas gətirir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinə əsasən Ağcabədi rayonunun Təzəkənd kənd sakini Cavabdeh Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin mülkiyyətində olan 2,0 hektar torpaq sahəsi 49 il müddətə icarəyə verilmişdir. Cavabdeh həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da alımışdır. İcarəçi Cavabdeh həmin torpaq sahəsindən istifadə etməmiş, torpağın icarəsi yalnız sənəd üzərində formal olmuş və həmçinin də Təzəkənd Bələdiyyəsinin mülkiyyətinə icarə haqqı ödəməmişdir. İcarə haqqının ödənilməsi ilə əlaqədar Cavabdeh müraciət olunsa da, o icarə haqqını ödəməkdən yayınmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsi başqa bir kənd sakininə də icarəyə verilmişdir. Bu məsələlər bələdiyyənin iclasında müzakirə olunmuş, Cavabdeh 600 manat icarə haqqı olması müəyyən edilmiş və Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət olunması qərara alınmışdır. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 11.3-cü maddəsinəəsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin Qanunun 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Birinci instansiya məhkəməsi icraatı zamanı iddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin nümayəndəsi-sədri X4 məhkəmə baxışı zamanı vermiş olduğu izahatında Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinə əsasən Ağcabədi rayonunun Təzəkənd kənd sakini Cavabdeh icarəsinə verilmiş Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin mülkiyyətində olan 2,0 hektar torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə edilməməsini, torpağın icarəsi yalnız sənəd üzərində formal olmasını və cavabdeh 600 manat icarə haqqını bələdiyyə büdcəsinə ödəməməsini göstərsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ağcabədi rayon Təzəkənd kəndində yerləşən, Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı (əkin) 2,0 hektar torpaq sahəsi 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinə əsasən illik 150 manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətə Cavabdeh icarəyə verilmiş, həmin icarə müqaviləsi Qobustan rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və həmçinin də 19 dekabr 2019-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Cavabdeh çıxarış da verilmişdir. Lakin, həmin torpaq sahəsi başqa şəxs tərəfindən, yəni X8 tərəfindən qanunsuz olaraq zəbt edildiyi üçün Cavabdeh icarəyə götürdüyü torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmiş və X6 qarşı icarəyə verilmiş 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə cavabdeh X8 tərəfindən istifadəyə edilən müdaxilələrin qadağan edilməsi və həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələr aradan qaldırılması barədə Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmış, iddia Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsi ilə təmin edilmişdir (həmin iş üzrə Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi İİİ şəxs qismində cəlb edilsə də, Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir). X8 həmin qətnamədən apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(106)-3118/2021 saylı qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra, Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi 18 aprel 2022-ci il tarixdə icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra vərəqəsi yalnız 05 avqust 2022-ci il tarixdə icra olunaraq həmin torpaq sahəsi Cavabdeh təhvil verilmişdir. Göründüyü kimi, Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı (əkin) 2,0 hektar torpaq sahəsi 30 iyul 2019-cu il tarixdə Cavabdeh icarəyə verilməsinə baxmayaraq həmin torpaq sahəsi yalnız 05 avqust 2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir, yəni göstərilən müddət ərzində Cavabdeh ondan aslı olmayan səbəblərə görə həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh icarəsində olan 2,0 hektar torpaq sahəsinin icarə haqqına görə Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin büdcəsinə olan 600 manat bələdiyyə torpaq vergisini 22 oktyabr 2022-ci il tarixdə tam olaraq ödəmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin həqiqi hallarının müəyyən edilməsində, həm də qanunun düzgün tətbiq edilməsində səhvə yol verərək qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edirlərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qətnamə qəbul edərkən tərəflərin təqdim etdiyi sübutları düzgün qiymətləndirmiş və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə qarşı icarəyə götürdüyü torpaq sahəsindən istifadə etməməsi və torpağa görə ödənilməli olan icarə haqqını ödəməməsi və bu səbəbdən də, onunla bağlanmış icarə müqaviləsinin ləğv edilməsi tələbi əsassız olmuş, bu hal tərəflərin izahatları və işdə olan sübutlarla da, təsdiqini tapmışdır. İcarəyə verilmiş torpaq sahəsi Ağcabədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(017)-115/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi 18 aprel 2022-ci il tarixdə icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra vərəqəsi yalnız 05 avqust 2022-ci il tarixdə icra olunaraq həmin torpaq sahəsi Cavabdeh təhvil verilmişdir. Halbuki iddiaçının vəzifəsi idi ki, icarəyə verdiyi torpaq sahəsini icarəyə götürənə təhvil versin. Yalnız bundan sonra tərəflər müqavilə üzrə üzərilərinə düşən öhdəliyi yerinə yetirmədiyi halda öhdəliyin yerinə yetirilməsi və ya müqavilədən imtina, icarə haqqının ödənilməsi barədə hüququnun müdafiəsi ilə bağlı tədbirlər görə, həmçinin məhkəmədə iddia qaldıra bilərdi. Göründüyü kimi, cavabdehin həmin illərdə qeyd olunan torpaq sahəsindən istifadə etməsi torpağın müqavilə bağlandıqdan sonra ona təhvil verilməməsi, həmçinin başqa şəxs tərəfindən zəbt edilməsi olmuşdur. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsi əsasında cavabdehin icarəsinə verilmiş 2,0 hektar torpaq sahəsi üzərində icarə hüququ Cavabdeh mülkiyyət hüququnu təşkil edir və Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 3M-85 nömrəli icarə müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)1555/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1555/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi iddiaçı Ağcabədi rayon Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar